Ərim sussaydı, dalaşdığımızı Səməndərə bildirməyəcəkdim – BİRCƏNİN ROMANI

Ərim sussaydı, dalaşdığımızı Səməndərə bildirməyəcəkdim – <span style="color:red;">BİRCƏNİN ROMANI
4 avqust 2017
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Həyatdan indiyəcən aldığım zərbələr bunun yanında toya getməliydi. Hiss eləyirdim ki, hələ gözləri açılmamış övladımla mənim arama bəri başdan girmək istəyirlər, bu uşağa yiyəlik eləyə bilməyəcəyimi indidən mənə qandırmaq istəyirlər. Yəni demək istəyirlər elə bilmə sənin uşağın-zadın var, sən olsa-olsa bu uşağın qulluqçusu, dayəsi ola bilərsən; sən uzaq başı verdiyimiz məhsulu emal eləyib özümüzə qaytaran bir maşınsan... Hə, yüz faiz beləydi, yoxsa bu əmizdirmək qadağası hardan çıxmışdı ortaya? Axı məni körpəmə hələlik süd dolu döşümdən savayı heç nə bağlamırdı...

Çox düşünüb-daşındım, Emini fikrindən döndərmək üçün qaynanamı işə qoşmaq, ondan kömək istəmək qərarına gəldim. Fikirləşdim necə olmasa həm anadı, həm həkimdi, məni başa düşər, dəstəkləyər. Ancaq o dərhal yaxasını qırağa çəkdi:

- Mən onun sözünün qabağında söz deyə bilmərəm. Emin necə istəyir, elə də olacaq.

- Bəs mən bu dilsiz-ağızsız körpəni nəylə böyüdüm, acından ölsün?

- Niyə acından ölür? O biri nəvələrim də inəyimizin südüylə böyüyüblər. Qara inək dörd uşaq bəsləyib bu qapıda.

Canımın ağrıları yadımdan çıxmışdı. Evin içində havalı-havalı o baş-bu başa qaçırdım. İçimə o qədər hirs-hikkə, güc-qüvvə dolmuşdu ki, bu evin külfətini bir göz qırpımında hamılıqla qırmağa yetərdi. Burda mənim döşlərim sulu bardaq kimi dolub daşırdı, beş addım o yanda körpəm acından çığırırdı. Daldaya düşən kimi uşağı qucağıma basıb döşümün giləsini ağzına söykəyirdim. Dünyadan xəbərsiz körpə məxluq sinəmə yığılmış südü güclü çənəsiylə sorub sümürüb dərin yuxuya gedirdi.

Qaynanam gündə iki dəfə doğum evindən kiçik bankalarda süd gətirirdi. Ordakı uşaqlar hələ lap körpə olduqlarından analarının südünü əmib qurtara bilmirdilər. Analar da döşlərindəki yığıntını sağıb tibb bacılarına verirdilər. Qaynanam gətirdiyi südü bir butulkaya töküb ağzına əmzik taxırdı, sonra ana-bala birləşib körpəni yedirtməyə çalışırdılar. Çox vaxt da əməkləri boşa çıxırdı, çünki mən fürsət tapan kimi uşağımı əmizdirirdim. Bunun üstü açılanda münasibətlər bir az da gərginləşdi. Mən daha ipə-sapa yatmırdım, hamıya cavab qaytarırdım, hamıya üsyan eləyirdim:

- Siz hardan bilirsiz ki, uşağıma verdiyiniz o südü sağlam qadından alıblar? Bəlkə onun lap betər xəstəlikləri var?

Mənim bu sözüm Eminin başına batdı:

- Eybi yox, qara inəyin canı sağ olsun, sabahdan inək südü verərik.

***

O gecə təkcə bu evin adamlarına yox, qara inəyə də ölüm arzuladım. Ancaq kimdən arzuladığım yadımda deyil. Çünki həmişə başımı qovzayıb sevgiylə, şəfqətlə baxdığım göylərə indi nifrətlə, kinlə baxırdım. Mən həmişə Allahı cavan, gözəl, mərhəmətli bir oğlan kimi xəyalıma gətirmişdim, ancaq indi elə bilirdim mənim Tanrım gözləri tutulmuş, qulaqları tıxanmış kar-kor bir qocaya çevrilib. O gecə özümə söz verdim ki, bir də başımı qaldırıb göyə baxmayacam.

Səhər açılanda kürəyimdə, sinəmdə bir yüngüllük hiss elədim. Əlimi sinəmə atdım – dolu, şişman döşlərimin yerində bir cüt sallaq, büzüşmüş ət parçası vardı. Əsəbdən, hikkədən, uşağımın acından öləcəyi qorxusundan südüm bir gecədə qurumuşdu. Yenə nənəmin o sözü yadıma düşdü: “Qadın döşündən quruyar”.

Gündə yüz yol döşlərimi əllərimlə yoxlayırdım, umudumu itirmirdim, canımdakı süd arxına bir də su gələcəyini gözləyirdim. Ancaq südüm o küsən küsdü, döşlərim bir də süd görmədi...

Uşaq da ki gecə-gündüz ağlayırdı, kirimək bilmirdi. Qara inəyin südünü gah əmirdi, gah əmmirdi. Südü bir dəfə soyuq verirdim, bir dəfə qaynar verirdim; birdən qəndini çox tökürdüm, birdən də yadımdan çıxırdı, heç tökmürdüm. Burnum yenə tez-tez qanayırdı, körpəni bələyəndə hərdən qanım axıb balamın bələyinə, hərdən də üzünə-gözünə tökülürdü. İnək südü uşağı tez-tez partlamaya salırdı, əməndən sonra gah dərisi səpirdi, gah da sancıdan bütün gecəni çır-çır çığırırdı. Südüm quruyandan bəri qorxurdum ki, əsəbdən, həyəcandan başqa xəstəliklər də taparam. Onda mənim uşağım kimin umuduna qalardı? Bunu ağlıma gətirdikcə təpəmdən tüstü çıxırdı.

***

Başımız çək-çevirə o qədər qarışmışdı ki, uşağa hələ də ad qoyulmamışdı. Qaynanam hərdən körpəni öz dədəsinin, hərdən də qaynatamın atasının adıyla çağırırdı – gah Qurban deyirdi, gah Dadaş. Mən bu süd məsələsindən sonra lap həyasızlaşmışdım, o adları çəkən kimi arvadın ağzının üstündən vururdum:

- Dədələriniz-babalarınız mənlik deyil, köhnəlmiş adlardan əl çəkin. Qoyursuz bir əməlli ad qoyun, yoxsa o adların heç birini mən uşağıma yaxın qoymayacam.

Qaynanam da hər dəfəsində:

- Hihh, xaşıl da daşarmış, - deyib əlini belinə aparırdı, - sən kimsən ki, mən uşağa ad qoyandan sonra onu dəyişəsən!

- Baxarıq, mən uşağıma eybəcər ad qoymayacam!

Bir dəfə də bu cür deyişəndən sonra qaynanam evə qan saldı. Axşam Emin gələndə itilənmiş qılıncını sıyırıb çıxdı onun qabağına:

- Arvadının ipini yığ, mənim cavabımı qaytarır. Dədəmizə-babamıza pis deyir, eybəcər deyir.

Emin üstümə gəlsə də, dilimi saxlamadım:

- Lap yaxşı eləyirəm! Ad məsələsində siz deyən olmayacaq. Uşağımın adını özüm verəcəm. Qoymayacam oğluma gülünc ad yamayasız.

- Qələt eləyəcəksən! Anam hansı adı desə, o da qoyulacaq.

Mən yenə qabağımdan yemədim, sağ əlimin baş barmağını iki barmağımın arasından çıxarıb Eminə uzatdım:

- Bax bunu görərsiz!

Bu qədim işarəni göstərməyim Eminin başını çöndərdi. Heyrətinin donu açılanda üstümə yeridi, ancaq mən yerimdən qəti dəbərmədim. Daha qorxmaqdan keçmişdi, canım boğazıma yığılmışdı. Mənə çataçatda o, əlinin dalıyla üzümə bir şillə çəkdi, vurmağıyla da burnumdan qan açılıb həm ağzıma, həm də üst-başıma axdı. Yerə çökdüm, oturduğum yerdə uşağın əskilərindən birini üzümə basıb qanı kəsməyə çalışdım.

- Yaxşı oldu, odey qardaşın da gəldi. Sənin əməllərini bir-bir açıb deyəcəm ona.

Eminin səsi axan səmtə baxanda Səməndərin gəldiyini gördüm. Onun gəlişiylə üstümə gün doğdu. Ərim sussaydı, mən dalaşdığımızı Səməndərə bildirməyəcəkdim. Ancaq Emin heç ağzımı açmağa da imkan vermədi, qardaşımın üstünə yeriyib mən göstərdiyim işarəni ona göstərdi:

- Bacın tərbiyəsizlik eləyir, mənə bundan göstərir. Mən də acıqlanıb vurdum, burnu qanadı.

Lopa-lopa qar yağırdı, Səməndərin saçından, bığından su damırdı. Əlindəki ağır zənbillərlə bu soyuqda-şaxtada əziyyətlə yol gəlməyi, gəlib çıxanda da belə eybəcər mənzərəylə qarşılaşmağı məni odsuz-ocaqsız yandırırdı. Balalarının boğazından kəsib bu müftəxorlara, qədirbilməzlərə şələ daşıyırdı, üstəlik də çəkdiyi əziyyətin müqabilində belə sürprizlə qarşılanırdı. Bunlar qalsın, bir ananı körpəsindən aralayıb kəhriz kimi döşlərini qurudan zalım indi tərbiyədən, insanlıqdan danışırdı! Bəs mənim cızdağım necə çıxmayaydı? İndi də sümükləri sürmə olmuş babalarından birinin adını uşağımın üstünə qoyub mənə göz dağı vermək istəyirdilər...

Xəlvətə çəkiləndə Səməndər məni yandıran alova su səpməyə çalışdı:

- Eybi yox, hər şeyi ürəyinə salma. Nə var ki burda? Onsuz da sən bu ağır evdə uşağına çox süd verə bilməyəcəkdin. Uşaq əmizdirən anaya kimsə qulluq eləməlidi. Yaxşı yeməlidi, vaxtında yatmalıdı, qulağı dinc olmalıdı ki, döşlərinə süd yensin. Bu şəraitdə sən onsuz da tez qurudacaqdın. Yaxşı uşaq yeməkləri var, alarıq, körpəni böyüdərsən.

Onun mərhəməti, şəfqəti sinirlərimə dərman kimi yayıldı. Sakitləşdim. Ad məsələsində də mənə təmkinli davranmağı məsləhət bildi:

- Sən evin adamlarına fikrini əsaslandır de. Denən ki, mənim çoxdankı arzumuydu uşağıma bu adı qoyum. Bir də axı sən hansı adı istəyirsən?

Hüseyn Cavidi, bir də Ömər Faiq Nemanzadəni uşaqlıqdan çox sevərdim. Ona görə də bu iki böyük şəxsiyyətdən birinin şərəfinə oğluma ya Cavid, ya da Faiq adını qoymağı arzulayırdım.

- Narahat olma, inşallah bu adlardan birini qoyarsan. Çalış evdəkiləri razı sal, yoxsa ürəklərini bulandırarlar, uşaq da adının xeyrini görməz.

Gedəndə Səməndər mənim hirsimi-hikkəmi də özüylə apardı. Başımı aşağı salıb, çiynimə düşən yükü dinməz-söyləməz çəkməyə başladım. Xəstəliyimi başıma qaxmasınlar deyə çalışırdım canımın ağrılarını büruzə verməyim. Əvvəlki gücüm-hərdəmim yavaş-yavaş bərpa olunurdu.

***

Kiçik çillənin oğlan çağıydı, şaxta əlində qılınc at oynadırdı. Hər gün uşağın əskilərini yuyandan sonra həyətdən axan buzlu arxda barmaqlarım dona-dona suya çəkirdim. Soyuq iliyimə işləyəndə evə qaçıb çuğundur kimi qızarmış əllərimi isti suya qoyurdum. Günün yarısını uçuna-uçuna hərlənirdim. Uşaq da bu yandan kirimirdi, gecə-gündüz əti kəsilmiş kimi ağlayırdı. Səbəbini bilmirdim.

Ayı tamam olduğu gün səhər-səhər körpə o qədər ağladı ki, elə qucağımdaca birdən gömgöy göyərdi, əli-ayağı yığılıb qıc oldu. Siftə-siftə gördüyümdən heç nə anlamadım, qaçıb qaynatamı çağırdım. Mahmud əmi gələn kimi uşağın bələyini açdı. Qızdırmasını ölçdük, 40 dərəcəni haqlamışdı. Tez-tələsik körpəni yorğana büküb rayona həkimə qaçırtdıq. Yol boyu neçə dəfə nəfəsim getdi-gəlmədi, beynimə yerimişdi ki, uşağım əlimdən gedəcək.

Həkim körpəni diqqətlə yoxlayandan sonra nəylə qidalandığını soruşdu.

- İnək südüylə, - dedim.

- Südü necə verirsən, yarı su, yarı südmü?

- Yox, elə cılxa süd verirəm.

Həkimin gözü kəlləsinə çıxdı:

- Nə yaxşı uşağı öldürməmisən!

Məsləhət oldu ki, mən uşaqla bir həftə xəstəxanada qalım, həmin müddətdə körpəni burda süni yeməyə alışdırsınlar. Qaynanamla Emin xorla həkimin qərarının əleyhinə çıxdılar, Səməndər yalvar-yaxar bunları razı saldı. Bizi ana-bala xəstəxanaya yerləşdirdilər. Həkim uşağın adını soruşdu ki, resept yazsın. Bu zaman hamımız bir-birimizə baxdıq, heç kəs dillənmədi. Bizdən səs çıxmadığını görən həkim başını qaldırdı:

- Necə yəni, bu boyda oğlanın adı yoxdu?

Qaynanamla mən eyni anda dilləndik – o, “Qurban” dedi, mən “Cavid” dedim. Həkim qələmi yerə qoyub gözlüyünü çıxardı:

- İndi hansını yazaq?

Mən tez qabağa düşüb:

- Cavid yazın, - dedim, - həkim, uşağın adı Caviddi.

Eminin məni qanlı-qanlı süzdüyünü dərimlə duyurdum, ancaq ona sarı gözümün ucuyla da baxmırdım. Həkim ortalıqdakı gərginliyi sezib pərtliyi aradan qaldırmağa çalışdı:

- İndiki cavanlar sərbəst olmaq istəyirlər. Bilirəm ki, Qurban ya atanızdı, ya da babanız. Amma indiki zəmanəyə elə Cavid yaraşır.

Qaynanam güzəştə getməyə məcbur oldu:

- Üzü doğransın indiki cavanların, yaz Cavid!

Ciyər dolusu nəfəs aldım. Bir anda xəstəxana gözümdə cənnətə döndü. Oğrun-oğrun Səməndərə sarı baxdım. Mənim arzuma çatdığımı, daha doğrusu, dediyimi yeritdiyimi görüb o da bığının altında qımışırdı...

ardı var

# 2045 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #