Kulis.az Azər Turanın “Turanın Troyaya dəxli varmı?” yazısını təqdim edir.
Eşq və gözəllik ilahəsi və Etruriya ölkəsindəki Vulçi şəhərinin (indiki İtaliyanın Viterbo şəhərinin) hamisi olaraq tanınan Turan dünyadakı ilk Turandır.
Mifolojidəki yerləri bir-birinə çox yaxın olan ilahələr - Kramerin təbirincə, göyün şahzadəsi şumerli İnanna, etrusk Turan, romalı Venera və yunan Afrodita eyni mifik-səmavi varlıqlardır. Biri Şumer, digəri Ertusk, o biri Roma, sonuncu isə Yunan mifolojisində eşq və gözəllik ilahəsi kimi tanınıb.
Turanın Troyaya dəxli varmı? Var. Yunanların İda adlandırdığı dağ türklərə görə Qaz dağıdır. Ünlü Sarıqız məbədi də Qaz dağında yerləşir. Bir hipotezə görə troyalılar indiki İtaliyaya burdan, yəni Sarıqız məbədinin çevrəsindən gediblər. Burdan gedib, orda Roma şəhərini yaradıblar...
Fərqindəyəm. Mən yazdıqca zahirən bir-birini təkzib edən cümlələr ard-arda düzülür. Troya, ilahə Turan, qaz çobanı Sarıqız, Afrodita... Miflərin xüsusiyyəti elədir. Düşüncələrə bütün tərəflərdən sarmaşır... Rəngarəng fikir şəbəkəsi yaradır...
Bu yazıda yeri gəldikcə Əli bəy Hüseynzadəyə istinad edəcəyimdən, bəri başdan bir haşiyə çıxmaq istəyirəm. "Türkiyədə çağdaş düşüncə tarixi" kitabında Hilmi Ziya Ülken yazır ki, "Ədəbiyyatımız heç bir zaman yunan mifolojisini tanımamışdı. İslam mədəniyyəti Homeri, Vergilini tanımırdı. Bu da milli ədəbiyyatımızın zəifliklərindən biridir. Çünki Qərb ədəbiyyatı və plastik sənətinin kökü bu mifolojidir. İran mifolojisinə gəlincə, o da çox üzdən bilinirdi. Ədəbiyyatımız onu işləməmişdir. İlk dəfə hər iki qaynağa girmə ehtiyacını duyan Hüseynzadə Əli bəy olmuşdur".
Əli bəy Hüseynzadə isə ilk dəfə təkcə yunan-İran mifolojilərinə deyil, eyni zamanda, ilk dəfə yunan-türk mifoloji qaynaqlarının ortaq nöqtələrinə də nəzər yetirib: "Sarıqız məbədi daha İda dağının aid olduğu Qaz dağı silsiləsində bir çamlı təpədə bulunur. Qədim yunanlılarla türklərin bu dağa aid etiqadlarındakı bənzərlik diqqətə layiqdir!.. Hər iki tərəf burasını eşq makdəsinin təcəlligahı ədd edərlər".
Sarıqız Qaz dağında yaşayan bir qaz çobanı olduğu kimi, 3500 yaşlı etruriyalı rəssamlar da etrusk mifolojisindəki ilahə Turanı əksər təsvirlərində qazların əhatəsində rəsm edib. Antik yunan qaynaqlarında İda, türk düşüncəsinə görə, Qaz dağında aparılan arxeoloji tədqiqlər zamanı aşkar edilmiş qadın heykəlinin mütləq mənada Afrodita olduğunu iddia etmək yalnız ona görə çətinləşir ki, həmin abidədə bir qaz fiquru da mövcuddur. Sarıqızla Turanı - İda dağı ilə Etrusk ilahəsini bir-birinə bağlayan Qaz fərqli intibalar doğurur. "Türklər qazlara müqəddəs nəzərlə baxmış, onların quş şəkli almış birər ilahə olduqlarına iman etmişlər". Radlovun bu mülahizələrini xatırladan Adilə Ayda ehtimal edir ki, "Romalıların qazlara sayqısı, onlara şübhəsiz, etrusklardan keçmişdir".
"Sarıqız" əfsanəsinin içərisində əfsanələşmiş bir ömür yaşayan Səlim Turanın rəsmlərində, heykəllərində qazlarla birgə rəsm edilmiş Sarıqız ilahə Turanın və Afroditanın sələfidir. Amma Sarıqız Afrodita kimi səma mənşəli deyil, insan övladıdır və ən qədim dövrlərdən indiyə qədər taxtaçı türkmənlərin müqəddəs hesab etdikləri Sarıqızın məzarı - Əli bəy Hüseynzadənin "eşq makdəsinin təcəlligahı" adlandırdığı qutsal ərazi İda-Qaz dağının ən uca zirvəsində yerləşir və Troya müharibəsindən sonra sağ qalan troyalılar İtaliya ərazisinə köçüb gedənə qədər bu yerlərdə yaşamışdılar.
Afroditanın adını İda dağı (Qaz dağı) ilə bağlayan başqa bir ciddi səbəb də var. Bəllidir ki, dünyanın ilk gözəllik yarışması İda dağında keçirilib. Zevsin istəyi üzərinə İda dağında çobanlıq edən Paris müsabiqənin üç iştirakçısını - Afina, Hera və Afroditanı İda dağına gətirmiş və qızıl almanı qarşılığında ona dünyanın ən gözəl qadını olan spartalı Heleni vəd edən Afroditaya vermişdi.
Troyalılar barədə yazımı etrusklarla davam etdirməyim səbəbsiz deyil. Elmdə belə bir versiya da var: Anadoludan indiki İtaliyanın ərazisinə köç etmiş sakalarla qərbi Anadoludan yenə də İtaliya ərazisinə köçmüş anadolulu Troyalılar "qaynayıb-qarışaraq bizim Etrusklar dediyimiz qövmü meydana gətirmişdilər" (Ekrem Memiş).
Elmdə bu məsələ sona qədər çözülməyib. Yəni elmdə etruskların mənşəyi, onların əcdadının kimliyi ilə bağlı sabit fikir yoxdur. Amma Zəki Vəlidi Toğan "Ümumi Türk Tarixinə Giriş" əsərində yazır ki, "Hindu-Germen qövmləri arasına tarixdən öncəki dövrlərdə daxil olmuş etrusk qövmünün mifolojisində və dilində türklərlə təması göstərən nöqtələrin bulunduğu təsbit olunmuşdur. Bunu zamanımızın əski dillər bilgini V.Brandenstein də təkviyə etdi". Zəki Vəlidinin xatırlatdığı Brandenstein bu mülahizələrini 1943-cü ildə İkinci Türk Tarix Konqresində "Etrusk məsələsinin indiki durumu" adlı məruzəsində qeyd etmişdi.
Etruskların Turan qövmündən olduğunu 1914-cü ildə yazdığı "Turanizmin gələcəyi" məqaləsində macar Lajos Sassi Nagy də iddia edirdi və hətta Macarıstanda çıxan "Levente" jurnalı 1931-ci ildə Turan şəcərə ağacını dərc etmiş və etruskları Turan ailəsinin qərb qolunda yerləşən türklərlə, iskitlərlə birgə təqdim etmişdi. Etrusk dili aqlütinativ (iltisaqi) dil yapısına malik olub. Etrusklar kiçik dağa təpə deyərmişlər, oğlanı "klan", - deyə çağırarmışlar. Roma etrusk dilində Rumakdır. Rumak sözünün isə türkcədəki irmaq sözüylə bənzərliyi var və eyni mənanı ifadə edir. Uğur tanrısına etrusklar Auğur kimi tapınıblar. Etruskların inancına görə, körpələrin və anaların hamisi Aiset türk şamanizmindəki Ayzitin eynisidir. Bu sətirləri 1930-cu illər Türkiyəsində tətbiq olunan Günəş Dil Nəzəriyyəsi kontekstində deyil, miflə gerçəkliyin qovuşuğundan yola çıxıb aydınlaşmaqda olan tarixin yaşantıları kimi yazmaq da adama ayrıca qürur verir. Günəş Dil Nəzəriyyəsi Atatürkdən sonra süqut etsə də, hər halda, bu nəzəriyyə Atatürk milliyyətçiliyinin unikal tapıntılarından biri idi. "The Times" qəzetinin müxbiri ingilis David Hothamın "Türklər" əsərində yazdıqlarını oxumaq adama ayrı bir zövq yaşadır: "Atatürk dünyadakı bütün dillərin türkcədən törədiyini, şumerlərin, hititlərin, etrustkların... türk olduqlarını irəli sürmüşdür. Bu təlimlər Türklərin özlərini dünyadakı bütün millətlərin kökəni olduğunu sanmalarına yol açmışdır". Əslində, cümhuriyyət dönəmi Türkiyəsində belə bir ideologiyanın dominant olması çox vacib idi.
Yenə də etrusk mənşəli adlara nəzər yetirməyə ehtiyac yaranır. Turxan etruskların dilində Tarxun şəklində səslənirmiş. Vergilinin "Eneida"sında Tarxon-troyalıların hakimidir... Əslində, bu, Turxan deməkdir, adın kökündəki tur etrusk mifologiyasını tədqiq edən alimlərin fikrincə, Toros dağları ilə ilgilidir və bütün bunlar ilahə Turanı iskit amili ilə əlaqələndirir.
Adilə Aydaya görə, Hesiod, Hekatey, Herodot, Strabon, Homer və başqaları etrusklardan Turhen (bəzən də Tursen) milləti olaraq söhbət açırlar. Bu qövm yuxarıda qeyd ediyim kimi, Troya müharibəsindən sonra indiki İtaliya ərazisinə hicrət etmiş və orada etrusk adını almışdı. Alimlər pelasqlarla etruskların eyni millət olduqlarına inanır. Pelasklar köçəbə olmuşlar, qonşularına xoş görünməyən adətlərindən biri də başqa millətlərin qızlarını qaçırıb onlarla evlənmələriydi. Adilə Ayda belə bir ruhi yapıya malik olan millətin türklərlə eyni qövmdən olduğunu düşünür və atası Sədri Məqsudiyə istinad edərək, "etrusklar türk irqinə mənsub bir qövm olmuşdur", - deyir və fikirlərini ciddi dəlillərlə əsaslandırır.
Dünya Troya müharibəsini mif olaraq tanıyırdı. Alman arxeoloqu Henrix Şliman XIX yüzilin 70-ci illərində Troyanın qalıqlarını kəşf edərək ölkənin mif dövrünü yekunlaşdırdı. Troyanın tarix dövrü başlandı. Bəlli oldu ki, Troya Anadoludadır. Troya Çanakkaladır. Bunu "Tarixin dərki" əsərində Toynbi də yazır. Yerli Troyalılarla gəlmə yunanlar arasındakı savaş Anadoluda Dardanel və Qara Dənizə sahiblənmək uğrunda gedib. Troya böyük bir hiylənin qurbanı olub və şəhər süqut edib. Qalan əhali isə Vergilinin də, Toynbinin də dediyi kimi, Etruriyaya köç edib.
Yuxarıda Hilmi Ziyanın fikrini xatırlatmışdım: Türk ədəbiyyatında ilk dəfə yunan və fars mifoloji qaynaqlarına girmə ehtiyacını duyan Hüseynzadə Əli bəy olmuşdur. Troya təkcə mifoloji və ədəbiyyat baxımından deyil, məfkurəvi baxımdan da Hüseynzadənin hər zaman ilgiləndiyi mövzu olub. Vergilinin "Troyanın son gecəsi"ndə "Eneyin başından keçənlər"i türkcəyə çevirən Əli bəy Hüseynzadə, az qala, Vergilini türkcədə Troya təəssübkeşi kimi dilləndirirdi. Əli bəy bir az da irəli gedir, "Gözüm ilişdi Vesta məbədində mehraba" misrasındakı Vesta kəlməsini belə şərh edir: "Vesta - Atəş ilahəsi. Yunanca "Hestia" adlı ilahə ki, kəlmənin türkcə hərarət olan (ıssı, issi, isti) sözlərilə ilgisi olduğu bəllidir". Yaxud Hüseynzadə Çanakkala müharibəsi zamanı yazırdı ki, "Yunanlılar Troya şəhərini on sənəlik bir müharibədən sonra daha hərb ilə almağa müvəffəq olamadılar və nəhayət, Ulyssin namərdanə bir hiyləsinə müraciət edərək troyalılara içində əsgər saxlanan haşəbədən (ağacdan) düzəldilmiş böyük bir at heykəli hədiyyə etdilər. Troyalılar Loacoonun xəbərdarlığına rəğmən qafil davranaraq bu atı şəhər daxilinə nəql edə bilmək için bir qismini də yaxdılar. Hiyləgər Ulyss, mərdanə cəng etməyərək belə bir hiylə ilə Troyanın alovlar içində xarab olmasına bais olduğu için italyan şairi məşhur Dantenin "İlahi komediya"sındakı Cəhənnəmdə adi bir alovla yanıb duruyor. Əski Roma qeysərləri dövrünün böyük şairi Vergili, Danteyə rəhbərlik edir və cəhənnəm dairələrinin birində onun nəzəri-diqqətini hərəkət edən bir alov üzərinə cəlb edərək bunun Ulyss olduğunu anlatıyor. Dantenin bu alovla qonuşması İtalyan şahnaməsinin ən həyəcanlandırıcı parçalarından birini təşkil edər. Burada Ulyssin həm məziyyətləri, həm məsiyyətləri təsvir edilmişdir. Ulyss Dantenin cəhənnəmində hiyləsinin cəzasını bizzat görməkdə olduğu kibi nəticə etibarilə bu hiylə Yunanıstan için daha məşum olmuş; Vergilinin "Eneida"da hekayə etdiyi vəchlə Qərbə hicrət edən troyalı Eney sayəsində Troya enkazından (xarabalığından) Apenen Şebe adalarında müruri-zamanla qoca bir Roma imperatorluğu vücuda gəldi və keçmədən satvəti-qəhhar ilə Yunanıstanı bir qüruba uğratdı... Ulyssdən dörd bin sənə sonra eyni ruhun yunanı Anadoluda eyni istedadlarını istemal ediyor... Əcəba, bu günün Ulysslərini hansı dövrün, hansı əqalimin Danteləri cəhənnəminə qoyacaq! Şu mühəqqəqdir ki, Ulyssçilik yolu hər tərəfdə cəhənnəmə müntəhi olur".
Deməli, Cümhuriyyət dönəmində türk düşüncəsi üçün Troya tarixin sirri deyilmiş. Homerin "İliada"sından "Troya pərisinin hekayəsi"ni olduqca sərbəst tərcümə edən Hüseynzadə tərcümə etdiyi antik əsərin sonunu belə gözləniləməz misralarla tamamlayırdı: "Canan isə getdi iləri doğru // Və... Homerə görə uyutdu Nuru... // Onu dörd bin sənə sonra uyqudan // Oyandıran Kamal Atatürk oldu!..".
(Hüseynzadə adları dəyişərkən şərhlər də verir: "Homerdə Zevs yəni Yupiter, Rəbbül-bariq vəs-səma olub yunan qədim müşriklərincə ilahların ən böyüyüdür. "Allahi-nur"dan mülhəm olaraq "Nur" dedim" Yaxud, "Zenon, Homerdə "Hera" Yupiterin zövcəsidir. İzdivacın, ailə həyatının hamisi bir ilahədir. Tərcümədə müşahibəti-ləfziyə və mənəviyyə dolayısıyla Canan dedim" və s.).
O, Homerin mətninə Atatürkün adını nə üçün daxil edirdi? Heranı Canan, Zevsi Nur adıyla təqdim edən Hüseynzadə nə üçün Troyanı "dörd bin sənə sonra uyqudan oyandıran Kamal Atatürk oldu" - deyirdi? Əli bəy ona işarə edirdi ki, Troyaya yenidən sahiblənmək üçün troyalılarla savaşan yunan Tanrıları əbədilik yuxuya dalmalıymış və Atatürkün adını Troyaya aid etməklə, əslində, Hüseynzadə onu Olimp tanrılarından ibarət obrazlar sisteminə daxil edirdi. Və bu da çox mühüm idi. Çünki həmin günlərdə türk millətinin taleyi həll olunurdu.
Hüseynzadənin Troya məsələsinə belə həssas və ardıcıl münasibətinin kökündə hansı duyğular dayanırdı? Yaxud o, Troya hökmdarı Priamın qəhrəman oğlunu nə səbəbdən belə şövqlə öyürdü? Xatırlatdığım kimi, Vergili troyalıların böyük bir qisminin o amansız müharibədən sonra Etruriyaya (İtaliyaya) köçdüyünü yazıb. Beşir Ayvazoğlu "Tanrıdağından Hira Dağına" əsərində XIV əsrdə yaşamış venetsiyalı tarixçi Andrea Dandoloya istinadən belə bir fikir irəli sürür: "Türklərin vətəni Qafqaz dağlarının arxasındadır. Kökənləri Troya kralı Priamusun (Priamın) oğlu Turkosa (Türkə) dayanmaqdadır. Turkos, şəhərin alınmasından sonra yandaşlarının böyük bir bölümüylə bu yörələrə sığınmışdır". Çağdaş elmdə də belə bir fikir yayğındır ki, troyalıların bir qismi Etruriyaya köçdüyü kimi, bir qismi də Qafqaza köçüb… Troyalıların türk mənşəli olduğunu irəli sürən görüşə görə türklər komandan Turkosa bağlı bir millətdir. Troya - Truva - Turkos - Türk bənzərliyi də diqqətdən yayınmır və hələ üstəlik, mifoloqların görüşünə görə, Etrusk ilahəsi Turanın oğlu Turu Afroditanın oğlu Erotla eyniyyət təşkil edir.
"Fatehin Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma PUA-ları" yazımda XVI yüz il fransız mütəfəkkiri Mişel de Montenə istinadən Fateh Sultan Mehmetin fikirlərini xatırlatmışdım: "Biz də troyalıların soyundanıq." Eyni zamanda, çağdaş türk və fransız tarixçisi Stefanos Yerasimosun qeydlərini sitat vermişdim: "Fateh Sultan II Mehmet şəxsi tarixçisi Kritovulun anlatdığına görə, 1462-ci ildə Midillini almağa gedərkən Troyaya uğrayıb "İliada"da adları keçən qəhrəmanların məzarlarını aramış və yanındakılara, illərdən sonra olsa da, bu şəhərin və bu şəhərdə yaşayanların intiqamını aldığını söyləmişdir".
XIII yüzil tarixçisi Snorri Sturluson Troyanı "Türklərin vətəni" adlandırırdı və s.
Dünya tarixi Troyadan sonra Etruriyaya keçid edir. Dediyim kimi, çağdaş elm, birmənalı şəkildə etiraf edir ki, etrusklar bugünkü İtaliyanın qurucularıdır. Roma şəhərini Tursaka (etrusk) krallarından birinin nəvəsi olan Romul qurub və m.ö. 753 - m.ö. 509-cu illərdə hökm sürmüş bütün Roma imperatorları etrusk mənşəli olub.
Oğuz elini Ərgənəkondan çıxaran Qurd, Heredot "Tarix"ində olduğu kimi, həm də Etrusk mədəniyyətində izhar olunur. Zəki Vəlidi Toğan isə "Tarixdə üsul" əsərində məsələyə fərqli yanaşır: "Dişi heyvanı əmərək böyüyən çocuq-cədd əfsanəsinə gəlincə, Romanın qurucuları olan Romul və Remin bir dişi qurdu əmərək böyümüş olduqlarına dair əfsanənin etrusklardan gəldiyinə və bununla da, Avropanın şərqindən gəlmiş olacağına aid yazılara baxaraq, bizdə bu etrusk əfsanəsinin türk və moğol Boz Qurd (Börtəçinə) əfsanəsindən alınmış olduğu fikri asanlıqla irəli sürülür". Buna rəğmən, Zəki Vəlidi məsələyə elmi həsasiyyətlə yanaşmağı tərcih edir və belə mənqəbələrin (əfsanələrin) "ön tarix üçün əmin bir dəlil ola biləcək cəhəti əski qövmlər arasındakı kültür və əqidə rabitələrini göstərmələridir" - deyir. Hətta belə olmuş olsa belə, dünyadakı ən qədim Boz Qurd əfsanəsi Ərgənokonla bağlı yaddaşımızda, insan oğluna süd verən ən qədim Qurd heykəli isə İtaliyadakı Kapitoli muzeyindədir. İtaliyadakı Qurd heykəli Etrusk mədəniyyətinin yadigarıdır və İlahə Turan kimi o da təxminən 3500 illik bir tarixin nişanəsidir.
***
Bəs etrusklar tarixdən hara çəkildilər?
1. M.ö. 47-ci ildə Sezar tərəfindən yandırılmış İskəndəriyyə kitabxanasında Roma imperatoru Klavdinin "Etruskların tarixi" əsəri də məhv edilib. Adilə Ayda "Etrüsklar türk mü idi" kitabında imperator Klavdinin milliyyətcə etrusk olduğunu, hələ üstəlik, bir etrusk milliyyətçisi olduğunu qeyd edir.
2. Hz. İsanın təvəllüdündən 40 il öncə romalılar öz mövcudiyyətlərinin, varlıqlarının səbəbkarı olan etruskların son şəhərlərindən biri olan Peruqiyanı zəbt edib şəhərin 300 nəfər mötəbər adamını Romaya gətirərək Sezarın məzarı üzərində qurban kəsmişdilər.
Adilə Ayda etruskların romalılar tərəfindən yox edilişini dünya tarixindəki "ilk metodik və sistemli genosid hərəkəti" adlandırır.
***
3500 il əvvəl isə etruskların sevgi və gözəllik ilahəsi Turan idi...
"Ədəbiyyat" qəzeti