Kulis.Az Azər Turanın "Modernizm dalğası" silsiləsindən” yazdığı “Sürüşür qəlbimdə soyuq bir kədər” məqaləsini təqdim edir.
...Faiq İsmayılov XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat fırtınasından, səssiz-səmirsiz baş verən poeziya zəlzələsindən keçib-dağılıb ədəbiyyatın talesizlər, yaxud tənqidin "itirilmiş nəsil" üçün ayarladığı unutqanlıq girdabında itib-getdi. Az qala, hər şeydən yazan, çox vaxt da çoxbilmiş və əllamə bir üslubda danışan ədəbi tənqid, hətta ədəbiyyata dəxli olmayan şeylərə yönəlsə də, əsl poeziya hadisəsi (və faktı) olan Faiqə yönəlmədi. Amma onun 1980-1984-cü illərdə yazdığı "İynəboyu şeirlər" silsiləsinin iştirakı olmadan çağdaş Azərbaycan poeziyasının dəqiq mənzərəsini görmək, dəyərləndirmək, elmi təsnifatını aparmaq bundan sonra da çətin olacaq. Bəlkə heç mümkün olmayacaq. Faiqin unudulmasına, ədəbi taleyinin nəhs gətirməsinə səbəb təkcə onun dünyadan nakam, izsiz və soraqsız gedişi deyil. Daha çox da poetik düşüncələrinin mənsub olduğu ruh iqlimidir. Bu iqlim Faiqin yaşadığı zaman kəsimində arzuolunan iqlim deyildi. Modernizm idi. Azərbaycanın bu unudulmuş modernist şairi bilirdi ki, ətrafında "xoşbəxtliyi əlindən salmamaq üçün qorxağa çevrilmiş xoşbəxtlər" yaşayır. Bunu bilsə də, inadından sona qədər əl çəkmədi. Çünki o, xoşbəxt olmağa tələsmirdi. Həm də belə bir xoşbəxt ortamın şairi olmağa tələsmirdi...
***
Getdikcə üfüqləri daralan dünyanın öz fərqli, muxtar ədəbiyyatı yaranır. Ədəbiyyat sanki romantizm dövrünə qədərki rahuna, halına qayıdır. Ədəbiyyata, ədəbiyyatın araçılığıyla da ictmai düşüncəyə və zehniyyətə vətən duyğusunu gətirən romantizm dövrü sanki indi bitir. Dünya ədəbiyyatı anlayışı fərqli çalar kəsb edir. Bir-birini sözdən anlayan ədəbiyyat əqrəbalarının yeni vətəni yaranır. Amma yenə də unuduruq ki, Qərb bu yeni vətəni - Dünya Evini qurmaq üçün yüz il hazırlandı. Səhər yuxusu ilə ətalət yuxusundan oyanmağın fərqi başqadır. Hipnoza yaxud heyrətə düşməyin fərqi başqa olduğu kimi... 1937-ci ildən sonra hipnoza salınıb özünü xoşbəxt sananların çoxluq təşkil etdiyi ədəbiyyat camiasında Faiq azlardan, təklərdən biriydi... Elə bu səbəbdən də dünya ədəbiyyatına uğurlaya biləcəyimiz azlardan, təklərdən biri də odur. Poetik libası sovet kirinə bulaşmamış Faiq.
***
Dostum Faiq barədə 1994-cü ildə yazdığım kitabın adı "Ölüm süvarisi" idi. 18 yaşlı Faiqin çox vaxt da sürrealist təsəvvürlərin, gerçəküstü təxəyyülün ümidinə buraxıb şeirləşdirdiyi duyğularını Salvador Dalinin sanki mistik ilğımlardan gələn süvarisinə bənzətmişdim.
Təkcə "İçmişəm günəş şirəsi" şeri istisna, qalan bütün şeirlərində qürub, hüzn, çöküş, ölüm, mistika - dekadans...
Bu barədə çox söhbət etmişdik. Dekadansı oynamırdı, yaşayırdı. Səbəbini bilmədən yaşayırdı. Və zənnim məni yanıltmırsa, yaşadığı çağın ədəbiyyatda tək dekadansı Faiq idi. Aydan arı, sudan duru, "daşa da kəpənək kimi qonmaq istəyən" Faiq.
Qaranlıq pəncərəmdə
Qara pərdə kimi -
Nə mənim o üzdən xəbərim var,
nə o üzün məndən.
Divarlar nənəmin ağ kəfəni kimi -
bilmirəm çitdəndi, ya bezdən.
Ən yaxın nöqtəyə söykənib
gözlərim dondu.
Bəlkə də ölmüşəm,
bəlkə də sondu?..
***
Faiqin şeirləri o dövrün ədəbi mətbuatını əsasən qapsayan major əhvallı şeirlər deyildi. Başdan-başa minor ovqat idi. Simvolistlərdəki axşam hüznünü və axşam rənglərini Faiqdə hala, ovqata deyil, haldan, ovqatdan adlayıb məkana dönüşən tənhalıq və ölüm hüznü əvəz edirdi.
Meşədən,
Kənddən-kəsəkdən uzaqda,
Tənhalıqda bitən ağac,
Gecələr yaman qorxar
Qaranlıqdan.
Meymun balaları kimi
Kədər sallanar budaqlarından...
Tənhalıqda bitən ağacın budaqlarından meymun balası kimi sallanan kədəri, yaxud bu kədərin obrazını ədəbiyyatımıza o gətirdi. Yeni obrazdır, deyilmi? Hətta türk simvolisti Əhməd Haşimin "bir lampa hüznüylə altun üfüqlərə qısılan axşamın günəşi" kimi misilsiz obrazdır.
Marjinallıq və sükut, bir də ki, ölüm onun üslubuydu. Bir az Kafkaya bənzəyirdi. Amma vərəm deyildi. 18-21 yaşlarında yazdığı bütün şeirlərinin üzündə sükutun və ölümün kölgəsi səyriyirdi.
Yarpaqların üzündə
ölüm kölgəsi.
Azca yel əsdi;
bəsdi!
Budaqdan torpağacan uzanacaq
yarpaqların ömrünə əl yelləməsi...
Özünə "qarabaxt" demirdi. Çünki şair idi. Qarabaxtı qarabuğdayı ilə əvəz edə biləcək qədər şair idi.
Yağma, qar!
Məni qarabuğdayı doğub anam,
çətin ağaram.
Tutaq ki, ağartdın saçlarımı,
Ağartdın dabanları yeyilmiş
42 ölçülü ayaqqabılarımı.
Ağarda bilməzsən bəxtimi.
Özünü yorma, qar,
yağma, qar!
Çətin ağaram.
Faiqin şeirlərindəki impressionistin də, sürrealistin də üzü hər zaman dekadansa tərəf olub.
Ölən ağacları tanımaq üçün
baharı gözləyək.
Dirilər göyərəcək.
Göyərməyənlərin qisməti daldadı.
Göyərməyənlərin qisməti baltadı.
Od qoxusu,
ocaq qoxusu.
Görəsən necə olur
ağacların yuxusu?
Faiq təkcə sözləri deyil, fikirləri də qafiyələndirməyi bacarırdı.
Güllüköynək kənd uşağı,
Arzuların göyqurşağı.
Yüyürərsən, çatammazsan...
Bu qədər. İşığın güllü köynəkdən göyqurşağındakı rənglərə, yaxud əksinə, təcəllası, yaxud emanasiyası. İzharı, yaxud axışı.
Günəş şirədir başdan ayağa.
Arıların qanadları yanmasa
Uçardılar düz günəşə.
Poetikası da, fəlsəfəsi də bu qədər yerli-yerində olan bir bənzətmə ilə şeirlər yazmaq yalnız əsl şairlərə nəsib olur. Deyilmi?
Hecasında sərbəstin hüdudsuz enerjisi, sərbəstində bayatı zərifliyi və lətafəti... Sərbəst şeirlərinin də nəfəsindən bayatı ətri gəlirdi:
Hələ şirinliyi
Pətək balına bənzədirlər,
İnsan dilinə yox.
Hələ təmizliyi
Dağ çiçəyinə bənzədirlər,
insan gözlərinə yox.
Hələ kövrəkliyi
Kəpənək qanadına bənzədirlər
insan ürəyinə yox.
Yaxud:
Bir ildi
bu şəhərdən getmişəm.
indi qərib-qərib gəzirəm küçələri.
Qapıları döyməyə utanıram.
Gözlərimlə döyürəm
pəncərələri.
Kimin ürəyində varamsa
Pəncərədən baxacaq.
Yaxud:
Damcı pəncərədə sürüşən kimi,
Sürüşür qəlbimdə bir soyuq kədər.
O tanış nəğməni kmdi oxuyan?
Deyin oxumasın, mümkünsə əgər.
Ya da susdurmayın, qoyun oxusun,
Onunçün şirindi bəlkə bu nəğmə.
Ürəyim titrəyir... Yoxdu qorxusu,
Yumub gözlərimi dinləyirəm mən.
Yaxud:
Aylı bir gecədə oturub yalqız,
Qəmli bir nəğməni söyləyirsənsə,-
Deməli, baş qoyub sənin köksünə
Xısınca ağlayıb nə vaxtsa bir qız.
Deməli, görmüsən səadət nədir,-
İndi bəyaz ayı gördüyün kimi -
İndi bəyaz ayı gördüyün kimi
Görürsən köksünə baş qoyub kədər.
Şeirlərindən başqa, dramları, esseləri, silsilə hekayələri, "Qarı" povesti və s. vardı. Amma yaradıcılığının təməl cizgisini, şübhəsiz ki, "İynə boyu şeirlər" təşkil edirdi:
İynə boyu şeirlər yazıram,
Misralarım quş balası kimi
Yoluq-yoluq.
Misralarım şoranlıq otu kimi
qırıq-qırıq.
Bilmirəm oxuyan tapılacaq,
Ya yox.
İynə boyu şeirlər yazıram,
Bəzən duzlusu olur,
Bəzən duzsuzu.
Uğurlusu da olur,
Uğursuzu da.
Oxusan da sağ ol,
Oxumasan da.
Bu, onun ədəbi manifesti mislində bir şeir idi. Özündə, fərdi düşüncəsində magik nəsnələr olmasa da, hər halda, mətninin magiyası, ovsunu baxımından çağdaş şerimizdə onunla qiyaslandırıla bilinəcək şairlər azdır. Kim bilir, şeirlərinin iynəboyu olması da bəlkə elə bu səbəbdən idi. Əfsunkar şerin ölçüsü belə olur; uzun ola bilməz.
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm...
Deyirəm, nə yaxşı
tək deyiləm.
Faiq Azərbaycan poeziyasında yüzillərdən bəri cilalana-cilalana gəlmiş təsvir və fikir qəliblərini dağıtmağı bacarır, bütlərə qarşı qiyamını səssiz-səmirsiz gerçəkləşdirə bilirdi: "Bənövşə" şerinə baxın:
Torpağın altında qala bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü.
İstəyin, diləyin özgəydi sənin,
Baxdın bu dünyaya, belin büküldü.
Nəhayət, son iki şeri; ömrün son günlərində alatoran rakursda cərəyan edən şüur axını:
Kimin yadına düşəcəm
Bir isti yay günü,
O ayna sularınmı?
Üzümü özündə saxlamır.
Kimin yadına düşəcəm,
Yağışlı bir payız,
O asfalt yollarınmı?
İzimi özündə saxlamır.
Kimin yadına düşəcəm,
Bir ağappaq gecə,
O qərib ruhlarınmı?
Özümü özündə saxlamır.
***
Günlər səhra kimi gəlib keçmədə,
Dəvəsiz yolçuyam, xəbərin varmı?
Gümanlar an kimi qərib köçmədə,
Ovluyam, ovçuyam, xəbərin varmı?
Bilinmir ömürdür, ya da ki, oyun,
Bir kor quyu kimi unudulmada.
Kədəri, sevinci bilinmir bunun,
Bilmirəm səsləyim kimi son anda.
...Faiqin şeirlərinin ədəbiyyatımızdakı müəyyən boşluğa, bəlli bir xanaya oturuşdurulmasını inadla istəyirəm. Hansı səbəbdən istəyirəm?
***
Yenə də əvvəl dediklərimə qayıdıram.
Bir halda ki, Faiq İsmayılov XX yüzillikdə vur-tut iynə boyu bir ədəbiyyat fırtınasından, səssiz-səmirsiz baş verən poeziya zəlzələsindən keçib - dağılıb ədəbiyyatın talesizlər, yaxud tənqidin "itirilmiş nəsil" üçün ayarladığı unutqanlıq girdabında itib-getdi. Az qala, hər şeydən yazan, çox vaxt da çoxbilmiş və əllamə bir üslubda danışan ədəbi tənqid, hətta ədəbiyyata dəxli olmayan şeylərə yönəlsə də, əsl poeziya hadisəsi (və faktı) olan Faiqə yönəlmədi. Amma onun 1980-1984-cü illərdə yazdığı "İynəboyu şeirlər" silsiləsinin iştirakı olmadan çağdaş Azərbaycan poeziyasının dəqiq mənzərəsini görmək, dəyərləndirmək, elmi təsnifatını aparmaq bundan sonra da çətin olacaq. Bəlkə heç mümkün olmayacaq. Faiqin unudulmasına, ədəbi taleyinin nəhs gətirməsinə səbəb təkcə onun dünyadan nakam, izsiz və soraqsız gedişi deyil. Daha çox da poetik düşüncələrinin mənsub olduğu ruh iqlimidir. Bu iqlim Faiqin yaşadığı zaman kəsimində arzuolunan iqlim deyildi. Modernizm idi. Azərbaycanın bu unudulmuş modernist şairi bilirdi ki, ətrafında xoşbəxtliyi əlindən salmamaq üçün qorxağa çevrilmiş xoşbəxtlər yaşayır. Bunu bilsə də, inadından sona qədər əl çəkmədi. Çünki o, xoşbəxt olmağa tələsmirdi. Həm də belə bir xoşbəxt ortamın şairi olmağa tələsmirdi.
***
İyirmi beş ilə yaxındır ki, (1993-cü ildən etibarən) Faiq barədə silsilə yazılar yazır, şeirlərini təqdim edirəm. Barəsində "Ölüm süvarisi" kitabımı, ayrı-ayrı vaxtlarda iki şeirlər toplusunu nəşr etdirmişəm. 2001-ci ildən başlayaraq "Yeni Azərbaycan" qəzetinin o dövrün yaradıcı çevrələrində maraqla oxunan və bu sətirləri yazarkən Faiqə diqqətsizliklərinə görə qınadığım tənqidçilərdən bəzilərinin həftədə iki səhifəlik yazılarla iştirak etdiyi "Ədəbiyyat" əlavəsinin məsul redaktoru olduğum illərdə dostumun bütün yaradıcılığını ədəbi dövriyyəyə ötürməyə cəhd etmişəm. Orxan Vəlidən, onun 1947-də nəşr olunmuş "Yenisi" kitabından sonra, həm də Faiqin (və çağdaş ədəbiyyatımızın) əsl YENİSİ sayıla biləcək "İynəboyu şeirlər"indən az qala, iyirmi il sonra yenilikləri təkrar imitasiya edən ədəbi tənqid indi olduğu kimi o zaman da inadla susdu. Bu unikal poeziya səmtinə (əslində mərhələsinə və məhvərinə) doğru yönəlmədi... Amma yönəlməsi zəruriydi. İndi isə gəldiyim qənaət budur: çağdaş poeziyamızda ciddi, gərəkən bir mərhələnin var olduğunu təsbit və təsdiq etməkdən ötrü 18 yaşlı Faiqin:
Günlərin bir günü
Xatırlayıb məni,
Oxumaq istəsəz
şeirlərimi,
dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
sıxıb yazmışam -
misralarıyla, yəni büllur poeziya dilində danışmağa başlayan "İynəboyu şeirlər"inin necə deyərlər, filoloji masaya yatırılması, ədəbiyyatşünaslığın predmetinə çevrilməsi qaçılmazdır. İnanıram və bu inamımı tənqidçilərin də nəzərə almasını istəyirəm... /“Ədəbiyyat qəzeti”/