Rekord qıran yazıçılar - SİYAHI

Rekord qıran yazıçılar - <span style="color:red;">SİYAHI
6 may 2017
# 13:00

Bəzən yazıçılar bir əsəri qələmə almaq üçün yaradıcılıq ezamiyyətinə çıxır, yaxud, doğulduqları kəndə üz tutur, ətrafda tam sükut formalaşdırırlar. Yaradıcılıq prosesində onları milçəklərin vızıltısı, sərçənin cikkiltisi də əsəbiləşdirir. Tam sakitlik bütün yazıçıların arzusudur. Əlbəttə, elələri var ki, səs-küylü şəraitdə yazmağa üstünlük verirlər və bu, onlarda yaxşı alınır. Təbii ki, belələri azdır. Ancaq gündə bir səhifəni güclə başa çatdıran ağırçəkili Markesdən fərqli olaraq dünyada elə yazıçılar olub ki, il ərzində neçə-neçə romanları ərsəyə gətiriblər. Düzdür, Markesin bir cümləsini əvəz etməyən həmin romanlar bəyənilməsə də, yalnız söz yığını təşkil etsə də, həmin müəlliflər rekord göstəricilərlə tarixdə iz qoyublar. Götürək elə xanım yazıçı Barbara Kartlendi. O, bir ildə 23 roman yazmaqla Ginnesin rekordlar kitabına düşüb. Bəs, daha hansı jurnalist və yazıçılar rekord nəticələr göstərməklə dünyada şöhrət qazanıblar? Kulis.az siyahını təqdim edir.

Harlan Ellison. O, 2 min hekayə yazıb. Üstəlik, 50 illik yaradıcılıq dövründəki məqalə və oçerklərini də bura əlavə etsək, belə çıxır ki, yazıçı ümumiyyətlə yatmayıb. Harlanı gəncliyində yazıçılığa yararsız olduğuna görə Ohayo Universitetindən qovublar. Lakin həvəsdən düşməyib. Kasıb oğlan belə qərara gəlib ki, ay ərzində heç olmasa 500 dollar qazanmaq üçün 50 000 söz yazmalıdır. 1970-ci illərdə Ellison məşhur olandan sonra hər gün bir hekayə yazıb. Bunu televerilişləri lentə alanda da, kitab mağazasında satıcı işləyəndə də tərgitməyib, hətta nahar fasiləsində də yazıb. Belə tələskənlik yazıçının əsərlərinin keyfiyyətinə təsir göstərməyib. O, “Brem Stoker”, eləcə də “Edqar Po” mükafatlarına layiq görülüb.

Ayzek Azimov. Bu yazıçının işlək maşın olduğunu düşünənlər heç də səhvə yol verməyiblər. O, yaradıcılığı boyu 500 roman yazıb. Belə rekord - 7 ilə bir roman yazanlar üçün həsəd aparılası hissdir. Ayzek 70 saat ərzində bir romanı yazıb başa çatdırarmış. Səhər saat 6-da yuxudan oyanıb yazı masasının arxasına keçər, yalnız axşam 10-da işini yekunlaşdırarmış. Hətta, qarşısına çox yazmayacağı məqsədi qoymayanda da gündə 12 saat işləyərmiş. Belə gərgin qrafik 30 il davam edib. Ayzek Azimovun unikallığı onda olub ki, gün ərzində bir neçə roman üzərində işləyərmiş. Hansısa romanda dirənəndə növbəti əsərə keçərmiş.

Robert Lourens Stayn. O, uşaq və yeniyetmələr üçün əsərlər yazmaqla ad çıxarıb. Və məhsuldarlığına görə heç də Ayzek Azimovdan geri qalmayıb. Sadəcə, iş rejimində bircə fərqliliyi ondan ibarət olub ki, Robert Lourens gecə ikiyə qədər işləyərmiş. Yazıçı təkcə qorxulu əsərlər silsiləsi üzrə 300 roman yazıb. Özü barəsində isə belə deyib: “Mən maşın kimiyəm. Həftədə 6 gün işləyir, səhər saat 10-dan masa arxasına keçib 10 səhifə yazıram”.

Alen de Botton. Yazıçı 45 yaşa qədər artıq 12 roman yazmış, minlərlə məqalə dərc etdirmişdi. İsveçrədə doğulmuş Britaniya əsilli yazıçı gerçək həyatdan götürdüyü hadisələrdən fəlsəfi mənalar çıxarıb. Eyni zamanda insanların həmin fəlsəfi çaların təsiri altında yaşayıb bəhrələnməsinə çalışıb. Göstərib ki, əsərlərindəki fəlsəfi çalarlar belə əzablı dünyada çətinlik çəkmədən yaşamaq üçün çox vacibdir. Yazıçı Alenin uğuru nədə idi? O, var-dövlət, yaxşı yaşayış üçün insanlara vədlər vermirdi. Ümumiyyətlə, romanlarında “vəd”, “məsləhət” adlı anlayışa rast gəlinməyib, çox sadə yazıb. Alen de Botton konfranslarda çıxış edir, The Guardian nəşri üçün məqalələr göndərir, Böyük Britaniya telekanalları üçün filmlər çəkir, bizneslə məşğul olur.

Stiven Kinq. O, horror janrının ustasıdır. Əsərləri əsasında film çəkilir, ömrünün 40 ili ərzində 50 roman yazıb. “Kitabı necə yazmalı” adlı məsləhət xarakterli yazısında iş qabiliyyətini görmək mümkündür: “Əsəri bağlı qapılar arxasında yazın, açıq qapıda isə redaktə edin”. Adamlar içində redaktə etməyi belə əsaslandırır ki, başqalarının fikirləri nəzərə alınsın. Bundan əlavə, yazıçı məsləhət görür ki, nasirlər gündəlik rejimə ciddi qaydada əməl etməli, gün ərzində 1000 sözdən aşağı yazmamalıdır. Stiven gün ərzində 2 səhifə yazır. Az görünə bilər, ancaq bu ayda 60, 10 ayda isə 600 səhifə deməkdir.

Rey Bredberi. 20-ci əsrin böyük fantast yazıçısı 55 hekayə, poema, esse və 10 roman yazıb. Bredberi həmişə məsləhət görüb ki, yaradıcılığa hekayə yazmaqla başlamaq lazımdır. Əgər yazıçı iri hadisələri kiçik hekayəyə yerləşdirə bilirsə, deməli yazdığı romanlarda az sözlə çox məna ifadə ediləcək. Digər məsləhəti ondan ibarətdir ki, yazıçı ağlına gələn ideya barədə çox düşünməməli, dərhal masa arxasına keçib yazmalıdır. Stiven Kinqdən fərqli olaraq Rey Bredberinin iş prinsipi belədir: yazıçı gündəlik 4 səhifə yazmalıdır.

Jorj Simenon. O, “Komissar Meqre” barədəki detektiv əsərlərə görə tanınıb. Ömrü boyu 500 roman yazıb. Belə rekord göstəricinin izahatı yenə də gərgin əməklə əsaslandırılır: “Mən “Le Matin” jurnalı üçün kiçik hekayələr yazırdım. Həmin vaxtlar jurnalın redaktoru Kollet soyadlı şəxs idi. Əvvəlcə iki hekayə göndərdim. Kollet hər ikisini də geri qaytardı. Belə əsaslandırdı ki, çox bədii yazmışam. Məsləhət gördü ki, yüngül formanı seçim. O gündən sadə yazılışa üstünlük verdim. Başqa dahi yazıçılardan fərqli olaraq, sadəliyin tərəfdarı kimi çıxış edib. Qəti fikrinə sadiq qalıb: “Əsl yazıçılıqla - ömrünü ona sərf edənlər, yaxud osnuz yaşaya bilməyənlər məşğul olmalıdır”.

Qor Vidal. O, 26 roman, filmlər üçün onlarla ssenari yazıb. Bununla kifayətlənməyib. Asudə vaxtlarında televerilişlər üçün ssenari və pyeslər də qələmə alıb. Qor Vidal həm də ABŞ-ın siyasi sisteminin tənqidçisi kimi də tanınıb. Çağırışı gənc yazıçılar üçün şüara çevrilib: “Bildiklərin barədə yazmaq bunu bilib yazmayanlar üçün əla məsləhətdir. Nə düşünməyiniz, nəyi görmək istəməyiniz barədə yazın. Adamlara müxtəlif fikirlər həmişə maraqlıdır”.

Haruki Murakami. Bəziləri hesab edir ki, Murakami başqa yazıçılarla müqayisədə məhsuldar deyil. Belə müqayisələr aparılanda yenə də Ayzek Azimov yada düşür. Ancaq o cür müqayisələr düzgün deyil. Çünki Haruki Murakami onlarla roman yazıb. Nəzərə alınsa ki, hər romanda hansısa fəlsəfi çalarlar üstünlük təşkil edir, deməli, bir əsəri bir dünyadır. Üstəlik, yazıçının yaradıcılığında hekayələr və tərcümələr də yer alıb. Əgər Azimov kimi bütün gücünü roman yazmağa sərf etsəydi, onda rekord göstərici əldə edərdi. Murakami iş qrafikinə sadiq qalıb. Səhər saat 5-dən gec olmayaraq oyanır. Ancaq birbaşa yazı masasının arxasına keçmir. Təbiət qoynunda qaçır: “33 yaşımda qaçmağa başladım və məndən yaxşı yazıçı çıxdı”.

# 2102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #