Kulis.Az Azad Yaşarın tərcüməsində üç Zen hekayəsini təqdim edir.
Quru yarpaqlar
Çin imperatoru üç il ərzində şəxsən özü min bir əziyyət bahasına bir bağ salır və günlərin bir günü bu bağın gözəlliyini görmək, dəyərləndirmək üçün nüfuzlu şəxsləri buraya qonaq çağırır.
Bağı görən-görən heyranlığını bildirir, təriflər sel kimi yağır. Amma bağ salma sənətinin misilsiz ustadı sayılan Lin-çinin fikri imperatoru digər qonaqlarınkından daha çox maraqlandırırdı. Odur ki, qibleyi-aləm rəyini öyrənmək üçün ustada müraciət elədi.
Lin-çi dedi:
- Bu bağda bircə dənə də qurumuş yarpaq görmədim. Bəyəm yaşamla ölüm hər zaman qoşa və qonşu olmur ki?! Xəzəllərin yoxluğu bağınızı donuq və cansız göstərir. Hər halda onları bu səhər “Qonaqlar gələcək” deyə süpürüblər. Bu yanlışı düzəltmək istəyirsinizsə, göstəriş verin, bir qucaq quru yarpaq gətirib töksünlər buralara.
Bu təklif gerçəkləşəndən sonra külək yerdəki xəzəllərlə oynamağa başladı. Onların xışıltısı və pıçıltısı sayəsində bağ sanki canlandı!
Ustad bunu görüb dedi:
-İndi bu bağda hər şey yerli-yerindədir. Bağınız çox gözəldir, yeganə çatışmazlığı isə onun hədsiz dəqiqliklə planlanmasıdır. İstənilən sənət özünü kölgədə tutduğu və gözə batmadığı zaman misilsiz olur.
Qərar verərkən tələsməyin
Çin kəndlərindən birində ahıl yaşlarda bir kişi yaşayırmış. Son dərəcə yoxsul olsa da, onun adı dillərdə gəzən çox gözəl, dümağ atı varmış. Ölkə başçısı min bir yolla bu atı ələ keçirməyə çalışsa da, ondan ötrü qocaya xəzinəsinin bütün ləl-cəvahiratını vəd eləsə də, qoca heç cür yola gəlmirmiş. Kral isə bu misilsiz atın belə yoxsul kimsədə olmasıyla heç cür barışmırdı. Qoca hər səfər onun araçılarına “Bu, məndən ötrü sadəcə bir at deyil, dostdur, sirdaşdır. Bəyəm insan da öz könül dostunu paraya-pula satar?!” deyirdi...
Bir səhər tövləyə baş çəkən qoca atının yoxa çıxdığına şahid olur. Bütün kənd camaatı qocanın başına yığılır, onu tənbeh eləyir: “Vay səni, ağılsız qoca! Bu atı sənin əlindən ya oğurluqla, ya da doğruluqla alacaqları onsuz da lap əvvəldən bəlliydi. Əgər sən başısoyuqluq etməsəydin, vaxtında və ağıllı tərpənib, bu kəhər atı krala satsaydın, ömrünün axırına qədər gen-bol yaşaman üçün yetəcək bir sərvətə yiyələnərdin. İndi isə ha başına-gözünə döy, ha ağla-sıtqa: at da əldən getdi, sərvət də...”
Ahıl qoca heç təmkinini pozmadan: “Siz gəlin, belə əlüstü qərar verməkdə tələsməyin. Hələlik itirdiyim sadəcə bir atdır” deyir. “Bütün qalan söz-sov isə sizin uydurmalarınızdan, yorumlarınızdan başqa bir şey deyil. Heç bilmək olmaz: bu atın itməyi xeyirə calanacaq, yoxsa şərə. Sonunu gözləmədən, bir tək olaya görə, gəlin, qərar çıxarmayaq”.
Kənd camaatı onun bu sözlərini lağa qoydu, oradakı hər kəsdən qəh-qəhələr yüksəldi.
Aradan heç on beş gün keçmir, at gözlənilmədən qocanın həyətində peyda olur. Sən demə, o, oğurlanmayıbmış, sadəcə özbaşına dağlara gedibmiş. Üstəlik, geri dönəndə on iki yabanı (əhliləşməmiş) atı da ardına salıb gətirmişdi. Məsələnin belə gözlənilməz dönüşündən çaşan kəndlilər yığılıb, o ahıl qocadan üzr diləməli oldular: “Babacan, - dedilər, - sən haqlı çıxdın. Doğrudan da, atın itməsi səndən ötrü bir itki yox, əsil sərvət, qazanc mənbəyinə çevrildi, çünki artıq bütöv bir ilxı sahibisən”.
İxtiyar kəndli yenə də həmişəki təmkinini, tövrünü pozmayıb: “Vallah, sizlər yenə də qərar çıxartmaqda çox səbirsiz davranırsınız” dedi. “Şəxsən mənə qalsa, təkcə o olub ki, itən atım tapılıb. Vəssəlam. Bildiyim tək gerçək - hələlik budur. Bu olayın öz ardınca nələri gətirəcəyindən, nələrə vəsilə olacağından isə mən yerli-dibli xəbərsizəm. Yəni, bu da sonrakı olaylar üçün bir başlanğıcdır. Hər hansı kitabdakı iki-üç kəlməni oxumaqla onun nədən bəhs etdiyinə, necəliyinə nə cür qərar verə bilirsiniz axı?”
Ona qulaq kəsilən yerli camaat bu sözləri lal-mat dinləsə də, etiraz etmir, hər kəs “Bu adam doğrudan da sarsaqlayıb” deyə düşünür özü-özlüyündə...
Aradan bir həftə ötür. Qocanın vəhşi atları əhliləşdirməyə çalışan yeganə oğlu atın belindən yıxılaraq, ayağını sındırır. O günə qədər evin dirəyi sayılan gənc oğul uzun müddətə yataq əsirinə çevrilir. Kəndlilər yenə qocanın dizinin dibini kəsdirib: “Sən yenə də haqlı çıxdın” deyirlər. “Çünki bu göydəndüşmə qazanc sayılan vəhşi atlar üzündən yeganə oğlunun ayağı sındı, çalışmaz oldu. Halbuki sənə baxan, qulluğunda dayanan tək övladın idi o sənin. Ona görə də bundan belə günün, dolanışığın əvvəlkindən daha betər və ağır olacaq”.
Qoca onların sözünü yarımçıq kəsməyə nail oldu: “Gəlin, yenə tez-tələsik bir nəticə çıxarmağa tələsməyək. Düzdür, oğlumun bir ayağı sındı. Buna sözüm yoxdur. Amma bütün yerdə qalan yorumlar sizin əmri-vaqe verdiyiniz hökmlərdir. Onların doğruluğu hələlik sual altındadır. Həyatda bütün olacaqlar bir işarət və ya nişanə şəklində gəlir, amma onların öz ardınca nə gətirəcəyi hər zaman gizli qalır”.
Bir neçə həftə də ötür. Düşmən ordusu Çinin üzərinə hücuma keçir. Ölkəsini, iqtidarını qorumaq məqsədiylə kral əli silah tutan bütün gənclərin ordu sıralarına çağırılması barədə fərman verir. Kral fərmanını icra edənlər, bizim qocanın bir ayağı sınıq oğlu dışında, kəndin bütün cavanlarını savaşa yollayırlar. Bütün kənd camaatı matəm havasına girir, çünki yağı düşmənin önünü kəsmək üçün səfərbər olunan gənclərin döyüş meydanından sağ-salamat geri qayıdıb-qayıtmayacağını, əsir düşüb-düşməyəcəyini heç kəs bilmir.
Durum belə olunca, kənd əhli təkrar ahıl qocanın başına cəm olur. Hamı yerbəyerdən qocanın yenə haqlı və uzaqgörən olduğunu dilə gətirir: “Sənin oğlun ayağı qırıq da olsa, ən azından böyründədir. Bizimkilərin isə geri dönüb-dönməyəcəkləri bir xəyal oldu artıq. Belə çıxır ki, sənin oğlunun atdan yıxılıb, ayağını qırması da, bir uğursuzluq əlaməti deyil, bəxtəvərlik nişanəsi imiş”.
Ahıl qoca onlara “Köhnə xasiyyətinizdən heç əl çəkmirsiniz. Elə hey vaxtsız qərar çıxarırsınız. Halbuki zamanla nəyin necə olacağını, nəyin nələrə yol açacağını heç kim bilməz. İndi də bildiyimiz tək gerçək budur: mənim oğlum yanımdadır, sizin övladlarınız isə düşmənlə qanlı çarpışmalarda... Bu iki fərqli durumdan hansının uğura, hansının isə talesizliyə calanacağı bizə yox, yalnız uca Allaha bəllidir”.
Çjuan-çzı və kəpənək
Qədim Çin müdriki Çjuan-çzı bir səhər yuxudan oyanan kimi hönkürməyə başlayır. Başına yığışan tələbələri soruşurlar:
- Nə olub sənə, ustad? Niyə belə zülüm-zülüm ağlayırsan?
Ustad cavab verir:
- Çox çıxılmaz durumdayam. Yuxuda gördüm ki, kəpənəyə çevrilmişəm.
Tələbələri ona ürək-dirək verməyə girişdilər:
- Eh, adam da bunu özünə dərd eləyər? Hər kəs yuxuda başqa bir şeyə çevrildiyini görə bilər də. Bunda pis nə var axı?
Çjuan-çzı qayğılı halda dedi:
- Məsələ, əlbəttə ki, bunda, yəni çevrilmədə deyil. İndi başım dərddən, qayğıdan ayrılmır, içimi şübhələr yeyir və üstəlik, bilmirəm ki, bütün bunları nəyə və haraya yozum. Gecə mən, Çjuan-çzı, gördüm ki, bir kəpənəyə çevrilmişəm. Sonra içimi fikir bürüdü və mən hələ də düşünürəm: bəlkə elə kəpənəyə də elə gəlirmiş ki, o, Çjuan-çzıya çevrilib? Hə?