Kulis.az Azad Yaşarın təqdimatında türk yazarları ilə bağlı lətifələri təqdim edir.
Sait Faiq ABASIYANIQ
Məşhur ABŞ yazarı Mark Tven dünyasını dəyişəndən sonra həmvətənləri və pərəstişkarları onun adına bir fond təsis edirlər. Fondun bu ünlü yazarın adına təsis etdiyi beynəlxalq mükafatı isə hər il Mark Tvenin irsini başqa dillərə tərcümə edən və dünyada onu tanıdan xarici qələm sahiblərinə təqdim edirmişlər.
Verilən ilk ödül sahibləri arasında türk yazıçısı Sait Faiq Abasıyanıq da varmış. Bu şad xəbəri öyrənən yazar Yaşar Kamal müjdə almaq həvəsiylə dostu Sait Faiqin qapısını döyüb, xəbəri onunla paylaşır. Aldığı gözaydınlığından karıxan Sait deyir:
- O rəhmətlik Mark Tven sağlığında hamıyla məzələnirdi. Deyəsən, axı, öləndən sonra da məzələnmək üçün məni seçib?
* * *
Məşhur türk ədəbiyyatşünası Nurullah Ataçın öz müasirlərindən tanınmış tənqidçisi Suud Kamal Yetkin ilə heç arası yox imiş və onunla söhbəti tutmazmış. Ona olan antipatiyası ilə bağlı belə eyhamlı sözlər deyirmiş adətən: - Məndən soruşsanız ki, dünyanın ən dadsız içkisi nədir?
Deyərəm: su. Soruşsanız: "Bəs, yaxşı, ən zəhləniz gedən çalğı aləti nədir?" Ona da cavab verərəm ki: "Ud". Hə-ə, geriyə qalanını da özünüz düşünün, görüm…
(Bu sualları cavablayarkən o, heç xoşlanmadığı tənqidçinin adını iki ayrı sözə ayıraraq, dilə gətirirmiş).
Orxan Vəli QANIQ
Orxan Vəlinin "Qarşı" adlı kitabı yenicə çap olunubmuş. Bir meyxanada o, Şinasi Nahid Bərkər ilə rastlaşır və soruşur:
- Kitabımı oxudunmu?
Bərkər deyir:
- Yox, pulum olmadığından onu ala bilmədim. Sən indi gəl, həm kitabını imzalayıb mənə bağışla, həm də bir qədəh şərab sifariş elə mənim üçün.
Orxan Vəli kitabının bir nüsxəsini döş cibindən çıxarıb, son səhifələrindən birinə: "Şinasi Nahid Bərkərə" avtoqrafını yazır və sonra bunun altından aşağıdakı cümləni də əlavə eləyir: "Satmaq istəyəndə rahat cırılsın deyə, ithaf yazım üçün bu səhifəni uyğun bildim".
Fazil Hüsnü DAĞLARCA
F.H.Dağlarca hər gün ayrı bir meyxanaya gedirmiş və belə etməkdən ötrü yeddi fərqli meyxana seçibmiş özünə. Niyə belə davrandığını soruşanlara isə bu cür açıqlama verirmiş:
- Səbəbi çox bəsitdir. Həftənin hər günü yolumu bu meyxanaların birindən saldığım üçün onların hərəsində həftə boyu cəmi bircə kərə görünürəm. Orada məni görənlər də düşünürlər ki: "Əcəb xoşxasiyyət qocadır, həftədə bir dəfə buraya gəlir, ağayana şəkildə içkisini içib, evinə gedir". Halbuki hər gün eyni meyxanaya gedəcək olsam, hamıda ikrah hissi oyadaram və barəmdə deyərlər ki: "Buna bax da! Nə ahıl yaşından utanır, nə də çal saçından! Allahın ver günü qurşanıb bu içkiyə-meyə!"
***
Dağlarca Kadıköydəki bir qəhvəxanada oturubmuş. Şair Zəki Böyükgəzici ona yaxınlaşır, təzəcə çapdan çıxan kitabını fəxrlə imzalayıb, Dağlarcaya təqdim edərkən deyir:
- Xatirinizdədirsə, ustad, bir on il bundan əvvəl: "Bu şeirlərini dənizə at" demişdiniz mənə…
Ona sözünün ardını gətirməyə imkan verməyən Dağlarca deyir:
- Ola bilər, oğlum, - deyir. - Ona görə belə demişdim ki, o vaxtlar bu dəniz indiki qədər kirlənməmişdi hələ!
* * *
Dağlarcanın yaxın əhatəsindəki şairlərdən biri də Nurullah Can imiş. Bir gün o, yeni çıxan "Şeir gözəldir" adlı kitabını imzalayaraq, ustad şairə hədiyyə edir. Kitabın qapağındakı "Nurullah Can / Şeir gözəldir" başlığına nəzərləri sataşan Dağlarca məzələnmək üçün müəllifin adıyla kitabın adı arasına "Olmasaydı" sözünü əlavə eləyir.
Əziz NESİN
Məşhur türk yazarı Əziz Nesinin Türk Yazarlar Sendikasına (Birliyinə) başçılıq etdiyi dövrdə bir jurnalist ondan: "Əziz bəy, sendikanın neçə üzvü var?" deyə soruşur.
Əziz Nesin də: "1176" deyir.
Yazar Müjdat Gəzən bu cavabı eşidincə, yaman karıxır və deyir:
- Əziz bəy, bu rəqəmdə mütləq bir yanlışlıq var. Türk Yazarlar Sendikasının olsa-olsa, 176 üzvü var.
Əziz Nesin heç tövrünü pozmadan izaha başlayır:
- Bu rəqəmdə heç bir yanlışlıq-filan yoxdur, oğlum. Düzdür, üzvlərimizin sayı 176-dır, ancaq bir üzvümüzün adı Adnan Binyazardır. Odur ki, bunların toplamı eləyir 1176!
Qeyd: Yazar Adnan Binyazarın soyadı bin (min) + yazar (yazıçı) sözlərindən ibarətdir.
* * *
Bir müddət ABŞ-ın məşhur kino-ulduzu Merilin Monro ilə evli olan yazar Artur Miller Türkiyəyə səfəri zamanı Əziz Nesinlə tanış olarkən deyir:
- Yaşıd olmamıza rəğmən, siz məndən xeyli cavan görünürsünüz.
Əziz Nesin də hər zamankı hazırcavablığından qalmır:
- Əgər Merilin Monro kimi gözəl bir arvadım olsaydı, mən də vaxtından əvvəl qocalardım, vallah!
* * *
Milyonçu iş adamı Vəhbi Qoçun xəsis biri olduğu, təraş sonrası hər dəfə öz dəlləyinə bir qutu siqaret pulundan daha az bəxşiş verdiyi dildə-ağızda dolaşırmış.
Bunu eşidən Əziz Nesin sözü zarafata salaraq, deyibmiş:
- Adamda israfçılığa bax ha! Heç bərbərə də pul verərlər?! Şəxsən mən iyirmi ildir üzümü özüm qırxıram və buna görə kimsəyə bəxşiş vermirəm!
İlhami Bəkir TEZ
İlhami Bəkir Tez içkiyə hədsiz dərəcədə aludəliyi ilə ad çıxarıbmış. Çap etdirdiyi "SEK" adlı ədəbi dərginin redaktə və korrektə işlərini o, qələm dostu Eray Canbərkə həvalə edibmiş.
Dərginin nömrələrindən birində təsadüfən İlhami Bəkirin soyadı "Bəkri" (əyyaş, alkaş – A.Y.) şəklində yığılır və jurnal bu şəkildə satışa çıxır.
Növbəti sayda bu yanlışı düzəltməkdən ötrü dostlar ayrıca bir qeyd yerləşdirmək fikrinə düşsələr də, bunu necə edəcəklərinə dəqiq qərar verə bilmirlər. Çünki "İlhami Bəkri (əyyaş) deyildir" yazsaydılar, bu, həqiqətə uymayacaqdı. Yox, əgər soyadın düzgün yazılışını verməsəydilər, onda bu, "Bəkri" sözü ustadın soyadının təhrifinə yol açacaqdı.
Uzun-uzadı baş sındırandan sonra dərgidə aşağıdakı şəkildə düzəliş qeydi verilir:
"O yanlış… doğru idi!"
Cəmal SÜRƏYYA
Tanınmış şair Cəmal Sürəyya qələm dostu, romançı Yaşar Kamaldan bir gün soruşur:
- Heç bilirsən sənin barəndə nə deyirlər?
- Maraqlıdır, nə deyirlər ki?
- Deyirlər ki, sən tarixdə Nobel ödülünü ən çox almayan yazıçısan.
(Qeyd: Burada Türk ədəbiyyatının patriarxı Yaşar Kamalın ədəbiyyat üzrə Nobel ödülünə dəfələrlə aday (nominant) göstərilməsinə rəğmən, onu ala bilməməsinə işarət olunmaqdadır)