Hilari Mantel – tanınmış Britaniya yazarı və ədəbi tənqidçisidir.
1952-ci ildə doğulub. 11 yaşına dolanda valideynləri ayrıldığından Hilari ögey atasının soyadını götürüb. Şeffild Universitetinin hüquq fakültəsini bitirəndən sonra ahıllar üçün xəstəxanada sosial işçi kimi çalışıb. 1974-cü ildən ədəbi yaradıcılığa başlayıb, 1985-ci ildə isə ilk romanı işıq üzü görüb.
Bir neçə milli ədəbi mükafatın nominantı və laureatıdır. H.Mantel «Canavar zalı» və «Nəş gətirilsin» adlı romanlarına görə nüfuzlu Buker ödülünü iki dəfə (2009 və 2012-ci illərdə) qazanmış ilk və yeganə qadın yazardır. Bundan əlavə, o, Valter Skott ödülünün, 2 ayrı nominasiyada Kosta mükafatının (2012) və Devid Koen adına mükafatın (2013) da sahibidir.
Təqdim edilən hekayə Hilari Mantelin Azərbaycan dilinə çevrilən ilk əsəridir.
Vergül
O mənzərə hələ də gözlərimin önündən getmir: xırda kol-kosun üstüylə sürünən Meri Coplin yanbızını elə qabartmışdı ki, əynindəki qısa ətək az qalırdı cırıla. Həmin gün hava xeyli bürkülü olsa da, qəribədir ki, Meri soyuqlamışdı. Ovcunun tərsiylə burnunun dimdik ucunu durmadan sürtməyə adətkar olan bu qız sonra öz əllərini elə süzürdü ki, sanki onlardakı işıltılı izi ilbiz buraxmışdı. Hündür otlarla örtülü təpəcikdə, ən gözdən iraq yerdə çömbələrək birlikdə oturmağı hər ikimiz sevirdik. Mövsümün əvvəlində dərimizi qıdıqlayan zərif otlar yayın sonlarına doğru günəşdə yanıb-qaralan çılpaq ayaqlarımızda, eynilə yarıvəhşi insanlarınkına bənzər, ağımtıl cızıqlar buraxırdı. Hərdənbir biz gözəgörünməz yaydan qopan bir cüt ox kimi yerimizdən dik atılar və heç nəyə məhəl qoymadan, əllərimizlə araladığımız hündür otların arasıyla sürünər, bizə yasaqlanan, ancaq getməyi hədsiz arzuladığımız yerə qismən də olsa, yaxınlaşardıq. Sonra isə qəfil bir əmr alıbmış kimi, təkrar yerə sərələnər və başımızı sımsıx otların arasına elə gömərdik ki, sanki bu yolla bütün dünya-aləmdən, hətta həmin an bu çəmənliyə göz qoyan Tanrının özündən də gizlənə biləcəyik.
Otların arasında görünməz olandan sonra söhbətə başlayırdıq. Səkkiz yaşım vardı, çox da söhbətcil deyildim. Bir il qabaq alınan, ağ-qara damalı şortum artıq əynimə dar gəlməkdəydi. Meri isə cırcırama kimi durmadan nələrsə üyüdüb-tökür, hırıldayır və tez-tez burnunu çəkirdi: qolları hədsiz arıq idi, aldığı zədələrdən ayaqları həm sıyrıqlarla dolu idi, həm də gömgöy göyərmişdi. Diz qapaqları isə dərisinin altına yerləşdirilmiş bir cüt nəlbəkini xatırladırdı. Siçan quyruğuna bənzəyən xırda hörüklərinin arasına kim isə (bəlkə də elə özü) ağ rəngdə, əzik-üzük bir bant bağlamışdı. Üzü axşama doğru bu bant öz yönünü-yöndəmini itirərək, yavaş-yavaş yana tərəf əyildiyindən Merinin başı adama səliqəsiz düyümlənmiş boxçanı xatırladırdı.
Bir kərə Meri məndən soruşdu:
- Ailəniz varlıdır?
Eşitdiyim sualdan yamanca heyrətləndim:
- Məncə, yox… Belə də, ortabab ailəyik. Bəs səninki necə?
Dərin xəyala dalaraq dilləndi:
- Yəqin elə bizimki də ortabab sayılar.
Sözünü bitircək o, gülümsədi, çünki biz eyni səviyyənin adamları idik.
Yoxsulluq – şikayət dolu mavi gözlərini göylərə dikərək, sədəqə qabını başqalarına uzatmaqdır. Balaca dilənçinin əyin-başı adətən ala-bəzək yamaqlarla örtülü olur. Belə birisi şəkillərlə dolu nağıl kitabında yaşayır, meşənin ortasında yerləşən və üstü samanla örtülən daxmasının içinə həmişə yağış suyu sızır. Düşəndən-düşənə səbətinin üstünü nimdaş yaylıqla örtüb, nənəni yoluxmağa gedirsən, yaşadığın ev isə sənə qoğalı xatırladır.
Ancaq mən nənəmgilə adətən əliboş gedərdim, çünki ona sadəcə qulaq yoldaşı olmaq idi niyyətim. O vaxtlar bunun nə demək olduğunu düz-əməlli heç anlamırdım da. Bəzən ta nənəm bezib, məni evə yola salana qədər oturub, baxışlarımı divar kağızlarından ayırmırdım.
Hərdənbir o, mənə noxud arıtlamağı, bəzən isə yumağı açarkən ipi əllərimlə tutmağı tapşırırdı. Fikrim başqa yerə getdiyindən bəzən əllərim boşalırdı və nənəm əsəbi halda üstümə çımxırırdı. Mən də: «Yoruldum da!» - deyirdim.
Nənəm deyinirdi:
- Bu yaşında sən yorulmağın nə olduğunu haradan öyrənmisən? Yorulubmuş! İndi səni yaxşıca şapatlayaram, onda canındakı yorğunluq tez çıxar!
Əslində isə mən durmadan Meri Coplin barədə xəyallara dalırdım. Onun adını dilimə almağa cürət də eləmirdim və sanki bu sükutum ucbatından o qız daha incə, daha zərif, daha tabsız-taqətsiz, cansız-cəsədsiz bir kölgəyə çevrilirdi, hətta bu elə bir həddə çatırdı ki, mən yanında olmadığım vaxtlarda onun var olub-olmadığına şübhələr bəsləyirdim. Ancaq səhəri gün günəşin ilk şəfəqləriylə kandara çıxdığımda Merinin heç nə olmamış kimi, qarşıdakı evin divarına söykənib, hırıldadığını, əzilib-büzüldüyünü, paltarının altda ora-burasını qaşıdığını, salamlaşmaq yerinə dilini bir qarış dışarı çıxartdığını, yəni mənə uzatdığını görürdüm.
Birdən həmin an anam da pəncərədən baxsaydı, nə olardı? Yəqin o da bunu görərdi. Bəlkə də… yox.
Bürkülü günlərdə hava adama yuxu gətirən, anlaşılmaz vızıltılarla dolurdu və biz boş-boş veyillənməkdənsə, Heteueylərin yaşadığı evin xeyli yaxınlığına getməyi uyğun bilirdik. O vaxtlar mən bu evin necə adlandığından agah deyildim və bu yaya qədər onun elə varlığından da yerli-dibli xəbərsiz idim.
O sirli ev burada mən hələ balaca qız ikən, həm də sanki yoxdan var olmuşdu və rəfiqəmlə mən qəsəbənin mərkəzindən kənarlara doğru can atmaqla, öz dünyamızın sərhədlərini bacardıqca genişlətməyə cəhd edirdik. Meri bu evi məndən əvvəl kəşf eləmişdi. Digər evlərdən aralıda tikildiyindən onun varlı birinə aid olduğu gəldi ən əvvəl ağlımıza. Əzəmətli və yuvarlaq qülləyə malik bu bina daşdan tikilmişdi, iri bağı vardı, hasarı çox da hündür olmadığından onu aşmamız və səssizcə kolların arasına enməmiz çətin olmadı. O ara fərqinə vardıq ki, kollardakı bütün qızılgüllər bürküdən yanıb-büzüşüblər, soluxan ləçəkləri isə budaqlardan salxır. Çəmənliyin otları da qurumuşdu. Fransız tərzindəki hündür pəncərələr günəşdə bərq vururdu, evin ətrafında, daha doğrusu, biz görən tərəfində açıq, bir az eyvana, bir az lociyaya, bir az da terrasa bənzəyən bölüm uzanırdı. Bunun dəqiq necə adlandığını əgər mən bilmirdimsə, onda Meri heç biləmməzdi.
Gül kollarını adlayıb, evə yanaşanda Meri dedi:
- Atam isə… atam isə heç bilirsən mənə nə dedi? "Meri, axmaq olduğundan deyəsən xəbərin yoxdur sənin? Əgər onların əlinə keçsən, səni xurd-xəşil eləyərlər! Heç sümüyün də ələ gəlməz!"
O ilk gün biz kolluqda oturub, uzun-uzadı gözlədik ki, bəlkə bu bərq vuran qapı-pəncərələrdən o sirli varlılardan, yəni ev sahiblərindən kimsə gözümüzə dəyə. Həm də görək bunlar bizə nə edəcəklər?
Meri o ara mənə pıçıldadı:
- Sənin anan yəqin heç bilmir ki, haralardasan.
- Elə səninki də.
Günəş qüruba enəndə Meri böyründəki gül kolunun altında özünə ayı yuvasına və ya çuxura bənzər bir yer düzəltdi və uzanaraq orada yerini rahatladı.
Dedim:
- Bu işin belə bezdirici olacağını bilsəydim, özümlə bir kitab-zad götürərdim.
Otları bir-bir qoparıb, şərid kimi barmağına dolayan Meri isə burnunun altda mızıldanırdı:
- Atam deyir ki: "Meri, ağlını başına yığ! Yoxsa səni tərbiyələndirmək üçün islah məktəbinə göndərəcəklər!"
- O nədir elə?
- Elə məktəblərdə uşaqları hər gün döyürlər.
- Niyə görə?
- Səbəbsiz, elə belə.
Çiyinlərimi çəkdim. Bu, tamamilə mümkün görünürdü mənə.
- Bazar günləri də döyürlər? Yoxsa ancaq adi günlərdə?
Əslində bu sual məni elə də maraqlandırmırdı, bekarçılıqdan, həm də yuxulamayım deyə, söhbətlə baş qatırdım.
Meri dilləndi:
- Növbəli qaydada.
Əlində tutduğu ağac parçasıyla o, torpağı eşməyində idi.
- Növbə kimə çatıbsa, onu da döyürlər, Kitti. İri bir çubuqla təpənə elə ilişdirirlər ki, gözlərindən qığılcım çıxır, sonra isə qafatasın çatlayır və beynin bayıra axıb-tökülür.
Söhbətimiz də, ona duyduğum maraq da tükəndi. Ayaqlarımı altıma yığıb, oturmaq mənə əziyyət verirdi, keyləşməyə başlayan ayaqlarım gizildəyirdi artıq. Odur ki, yerimdə səbirsizliklə qurcalanırdım. Başımla evi nişan verərək, soruşdum:
- Hələ çox gözləyəcəyik?
Çubuqla torpağı eşməyindən qalmayan Meri hırıldadı.
Ona dedim:
- Meri, rahat otur, ayaqlarını necə gəldi uzatma, bir az ədəbli ol.
Meri dilləndi:
- Bura bax ey! Vaxt olub sənin kimi ana uşaqları yatağında yatanda da mən buraya gəlmişəm. Heç bilirsən burada kimi görmüşdüm? Buraya kimin gəlib-getdiyini haradan biləcəksən ey sən?!
Bu yerdə səksəndim:
- Kimin?
- Onun heç düz-əməlli adı da yoxdur.
- Yaxşı, onda de görüm, o, nəyə bənzəyir?
- O, yorğana bürünüb.
- Heyvandır?
- Söz tapdın da! Heyvandır? – deyən Meri cırnadı. – Sən heç yorğana bürünən heyvan görübsən nə vaxtsa?
- Xəstələnən küçükləri bəzən yorğana bürüyürlər də.
Haqlı olduğumdan əmindim, odur ki, dediyimi sübuta da hazırlaşmışdım. Yanaqlarım isə od tutub, yanırdı.
Meri çaşqınlığa qapıldı:
- Yox, əşşi, yox… O, küçük-zad deyil… çünki əlləri vardı!
- Aha! Deməli, adam imiş!
- Ancaq baxsan, adama heç oxşatmazsan onu!
Mənim səbrim tamam daralmaq üzrəydi:
- Yaxşı, bəs nədir axı, o?
Bir dəqiqəliyinə Meri fikrə getdi, sonra tələsmədən, pauzalarla belə cavab verdi:
- O – vergüldür. Kitablarda gördüyümüz vergül.
Merinin üzündən dərin qətiyyət yağırdı:
- Sadəcə bir az gözləməliyik. Əgər həqiqətən ona yaxşıca göz qoymaq istəyirsinizsə, onda gözləməyə məcbursan. Yox, istəmirsənsə – onda haydı, dur, sürüş burdan. Mən sənsiz də onun gəlişini gözləyərəm.
Bir az düşünüb, dilləndim:
- Axı, mən o vergülü gecə düşənəcən gözləyə bilmərəm! Yoxsa axşam yeməyinə gecikərəm.
Meri dedi:
- Qorxma, yoxluğunu evdə heç kəs sezməz.
Həqiqətən də o, haqlıymış. Axşamın gec saatında yorğun-arğın halda evə dönəndə buna görə heç kəsdən danlaq eşitmədim.
Bu yay xeyli qızmar keçdiyindən iyulun sonuna doğru bütün ata-analar öz vəzifələrinin icrasına səhlənkar yanaşırdılar. Ananın gözünə göründüyün vaxt onun üzündə çəkilməz bir gərginlik oxuyurdun. Üst-başın qarağatın yapışqanlı və qapqara şirəsinə bulaşıb, ayaqların Kirin, qartmağın içindədir, üz-gözün teyxa ləkədir və başqa cür ola da bilməz: axı, sənin bütün gecən-gündüzün kolluqda, çəmənlikdə keçir, hər səhər qızıl kürə kimi qızaran və hansısa uşağın rəsmindəkinə bənzəyən iri Günəş səmada zühur eləyir. Evin önündəki ipə sərilən camaşırlar isə təslimiyyəti seçən qalanın ağ bayraqlarını xatırladır. Yalnız axşamın gec saatlarında gözqamaşdırıcı şüalar dumanla əvəz olunur və şeh düşür. Valideynlərin evə səsləyəndə sən elektrik lampasının işığı altda yanıb, qabıq bağlamış dərini, eynilə soğan soyarmış kimi, soyub atırsan. Qəribə də burasıdır ki, bu zaman ağrı-filan hiss eləmirsən, varlığının dərinliklərində sadəcə bir yanğı hissi baş qaldırır. Yolla getdiyi yerdəcə adamı yuxu basır, ancaq səni yatmağa yolladıqları zaman o od tutub yanan mələfəyə toxunduğun an yuxun qəfil qeybə çəkilir və sən cücülərin dişlədiyi yerləri sığallamağa başlayırsan. Bax, bu, sən çəmənlikdə sürünəndə və çəpəri aşmaq üçün uyğun fürsət gözlədiyin an olub. Bu biri isə kolluqdakı pusquda oturanda.
Bütün bu zəhlətökən gecə boyu sənin qəlbin dəli quş kimi sinəndə çırpınır. Yalnız üzü səhərə doğru sərin meh əsməyə başlayır və hava bulaq suyu kimi durulur.
Səhər şəfəqlərində yuyunan mətbəxə girərək, qəflətən deyirsən:
- Heç bilirdiniz ki, orada, məzarlığın o biri tərəfində varlılar yaşayır? Orada özləri üçün cürbəcür oranjereyalar qurdurublar onlar…
Bu vaxt mətbəxdə sənin xalan olur. O, boşqaba qarğıdalı lopaları tökür, onlardan kənara dağılanları isə təzədən qaba yığır. Ananla baxışan xalan ağızucu gülümsünür və anlayırsan ki, onlar səndən nəyi isə gizlədirlər.
Anam pıçıldayır:
- O, Heteueyleri nəzərdə tutur, - bir an susandan sonra isə əlavə eləyir:
- O barədə, həm də uşağın yanında danışman heç məsləhət deyil. Onsuz da bu – çəkilməz bir dərddir.
- Hansı dərdi deyirsən? – deyə mən soruşanda anam qaz alışqanı kimi alov püskürür:
- Deməli, sən o evin həndəvərinə gedibmişsən, eləmi? Heç şübhəsiz ki, Meri Coplinə də qoşulubsan? Bax, sənə xəbərdarlıq edirəm: eşidib bilsəm ki, Meri ilə oynayırsan, sənin diri-diri dərini soyaram. Həm də dedimsə, eləyərəm bunu.
Mən özümü heç o yerə qoymadan dilimə yalan gətirirəm:
- Yox, canım, mən oraya təkbaşına getmişdim. Meri xəstələnibdir.
- Nə olub ki ona?
Ağlıma gələn ilk xəstəlik adını söyləyirəm:
- Dəmrova yoluxub.
Xalamın gülü açılır və o, bildiyi bütün gözəl varlıqların adını dalbadal sadalayır:
- Qaşınma, sirkə, bit və birə… Bunda təəccüblənəcək heç nə yoxdur. Əgər Şeyla Coplin özünün o cələqırmış qızını bircə gün evdə, ayağıbağlı saxlaya bilsəydi, hə, bax, buna mən həqiqətən heyrətlənərdim. Digər tərəfdən onların heç evi də heyvan yuvasından sən deyən fərqlənmir. İnanmazsan bəlkə də, ancaq onlar yataqlarına mələfə deyilən şey də sərmirlər!
Anam sözə qoşuldu:
- Ancaq heyvanlar da ara-sıra yuvalarından bayıra çıxırlar, Coplin ailəsi isə əsla! Həm də sayları durmadan artır, eyni damın altında bir sürü insan yaşayır. Elə buna görə də həmişə donuz kimi bir-biriylə dalaşırlar.
Mən soruşdum:
- Bəyəm donuzlar dalaşırlar ki?
Ancaq anamla xalam mənə heç qulaq da vermir, çünki o ara mən doğulandan əvvəl baş verən bir olay düşür yadlarına. Bir dəfə hansısa qadın pörtlənmiş ətlə dolu qazanı sırf halına yandığı üçün Şeyla Coplinə pay veribmiş, Şeyla isə buna görə təşəkkür və ya paydan imtina etmək əvəzinə, həmin qazanın içinə tüpürübmüş.
Xalam bununla bağlı təfərrüatları elə dəqiq danışır ki, sanki olay lap dünən olub. Xalamın pörtmüş sir-sifəti o vaxt pay gətirən qadının üzündə donan ağrı-acını çox dolğun ifadə edir.
Bu əhvalatdan çıxan mənanı dilə gətirən anamın səsi son dərəcə boğuqdur:
- Beləliklə o, həm xeyirxah qadını təhqir eləyir, həm də başqa kasıb-kusubun qarnını doyuracaq bir qazan yeməyi murdarlayır!
Amin! Bu təntənəli notla yekunlaşan söz-sovdan qurtulmaqdan ötrü mən mətbəxdən sivişərək, özümü küçəyə atıram.
Sanki sehirli bir düyməyə basmışam: elə o an Meri qarşımda zühur eləyir. Küçənin tən ortasında dayanan rəfiqəm gözünü səmaya zilləməklə, mənim gəlişimi gözləyirmiş. Soruşur:
- Qəhvəaltı eləmisən?
- Yox, - deyirəm.
Eyni sualı Meriyə verməm mənasızdır. Odur ki, deyirəm:
- Nabat almaq üçün mənə pul veriblər.
Əgər Şeyla Coplin və bir qazan o pörtlənmiş ətlə bağlı həmin əhvalatı eşitməsəydim, ömrüm boyu düşünəcəkdim ki, bu Meri canlı məxluq-zad deyildir, sırf mənim xəyallarımın məhsuludur.
Həmin o qazan barədə əhvalatı bizim kəndin camaatı hələ də danışır və gülür. Zaman ötdükcə bu hadisə heç kəsi çiyrindirmir artıq. Görünür, könüllərimizə mərhəmət suyu çiləyən zaman - hər dərdin əlacıdır…
Həmin səhər Meri ilə aradan çıxmazdan əvvəl mən bir daha mətbəximizə baş çəkib, dedim:
- Meri bildiyinizdən də betər gündə imiş: üz-gözünü dişləyən milçəklər bütün bədənində öz yumurtalarını qoyublar.
Bu xəbərimə xalam lap qəşş elədi.
İyulla müqayisədə daha sərin keçən ay, yəni avqust girmişdi. Küçələr kimsəsiz idi, küçələrin asfaltı ərimiş yağ təsiri bağışlayırdı, tindəki dükanda orda-burda asılan yapışqanlı kağız zolaqlarının üstü milçəklərlə doluydu. Hər axşam çox-çox uzaqlarda göy guruldayırdı. Başımız üstə uzanan asimanı süzən anam deyirdi: "Göylər ağlamağa hazırdır, sabah mütləq yağış yağacaq". Sanki göy üzü ağlağan uşaq-zad idi. Ancaq göylər nə səhəri gün ağlayırdı, nə də birisigün. Küçəmizin aşağı tərəfində toplaşan göyərçinlər də bürküdən bezdikləri üçün durmadan quruldaşır, hey ora-bura çırpınırdılar. Anamla xalam: "Yenə də elə bu çay adamı sərinlədir" deyə özlərinə təskinlik verirlər, bu iddia heç inandırıcı olmasa da, onlar qismən sərinləmək ümidiylə litrlərlə çay içirlər. Anam ağızdolusu deyir: "Bu – mənim yeganə həzz mənbəyimdir!" Həsir kreslolara sərələnən bu bir cüt qadın bəyaz, çılpaq ayaqlarını aralı qoymaqla, əllərində kişilər kimi tutmağa çalışdıqları siqaretlərini tüstülədirlər, o ara tütünün tüstüsü barmaqlarının arasından burula-burula qalxır. Mənim nə vaxt evə gəlib-getdiyim, nə yeyib-içdiyim heç kimin vecinə deyil. Soyuducu boş olduğundan mənə dondurma, ya da nabat pulu verirlər, vəssalam.
Həmin yay Meri Coplinlə haralarda veyilləndiyimiz indi heç yadıma da gəlmir, ancaq hər şeyə rəğmən, biz hər axşam saat beşə doğru Heteueylərin evinin önündə tapışırdıq. Bağa girməzdən əvvəl alnımı daş hasara söykəyəndə ondan gələn sərinliyi duyurdum adətən. Sandallarıma dolan qumu və daş qırıntılarını vaxtaşırı çırpsam da, az sonra onlar təkrar ora dolur, pəncələrimi qıdıqlayırdılar. Arasında gizləndiyimiz kollar da adama qəribə hisslər aşılayırdı: sanki dəri əlcəkli əllər xəfifcə üzümü oxşayırdı. Merinin səsi isə arı vızıltısı kimi qulaqlarımdan getmək bilmirdi: "Atam belə dedi", "Anam isə deyir ki…" Vergülü görə bilməkdən ötrü biz ta hava qaralana qədər, yəni Günəş batana qədər gözləməyə məcbur idik. Meri and-aman eləyirdi ki, o Vergül – insandır.
Həmin yay qiraətə nədənsə heç həvəs duymurdum, elə kitabın üzünü açan kimi hərflər gözümün qarşısında bir-birinə qarışırdı, çünki bütün fikrim-zikrim çəmənlikdə qalırdı və gözlərim önündə Merinin xəyalı canlanırdı: köynəyi az qala sinəsinə qədər qalxan bu qızın qabırğalarının üstü gömgöy göyərsə də, üzündən sırtıq təbəssümü əsla əskik olmurdu. Mənə elə gəlirdi ki, bu qız başdan-ayağa anlaşılmazlıqlardan yoğrulub: bəzən bədəninin ən məhrəm yerlərini açıqda qoyduğu halda, bəzən o, əllərini də adamdan gizlətməyə çalışırdı, hər cür təmasdan diksinirdi, onu dümsükləyəndə isə lap özündən çıxır və cırnayırdı. Bütün sözü-söhbəti mütləq eyni məsələyə, ona veriləcək cəzanın üstünə gətirib çıxarırdı - onu necə döyəcəklər, necə şapatlayacaqlar, təkərə bağlamaqla necə işgəncə verəcəklər. Ancaq mənim fikrimi-zikrimi məşğul edən şey - Merinin mənə göstərəcəyi Vergül idi. Heteueylərin evinin həndəvərindəki ərazidə qaçdığım zaman məni görən böyük adamlara nə deyəcəyimi də əvvəlcədən ölçüb-biçmişdim. Deyəcəkdim ki: "Durğu işarələriylə məşğulam. Hə, hə, durğu işarələriylə məşğulam və vergülü təcili axtarıram. Həm də bu işi təkbaşına, Meri Coplinsiz görürəm".
Həmin axşam uzun-uzadı kolluqda oturub, sakitcə mürgüləyəsi oldum. Qəfildən Meri dirsəyi ilə məni dürtmələdi. Yerimdən dik atılaraq, ayağa qalxdım, dilim-ağzım qurumuşdu. Təzəcə hazırlaşırdım ki, çığırım, Meri əliylə ağzımı qapadı və pıçıldadı.
- Ora bax!
Artıq Günəş qüruba enirdi, hava da sərinləşməyə başlamışdı. Hündür pəncərəli evin işıqları yanırdı. Qəfildən evin qapılarından birinin əvvəlcə bir layı, sonra isə digəri açıldı. Biz gərginlik içində olub-bitəni izləyirdik. Ağır-ağır bir qaraltı bayıra çıxdı: bu, təkərli əlil kreslosuydu və bir qadın onu itələyirdi. Kreslo daş plitələrin üzəriylə rahatca irəliləyirdi, oturacaqda isə örtüyə bürünmüş nə isə vardı. Ancaq qadın mənim diqqətimi daha çox özünə kilidləmişdi: əynindəki güllü paltar xışıldayırdı, zövqlü saç düzümü vardı, aramızda xeyli məsafə olsa da, ondan odekolon iyi gəldiyinə hər hansı şübhə bəsləmirdim. Evdə yanan çilçıraqdan düşən işıq da sanki bu qadını qarabaqara izləyirdi, çünki onun işığı terrası da aydınladırdı. Qadının dodaqları xəfifcə tərpənirdi, deyəsən, o, gülümsəyərək, arabada daşıdığı o hərəkətsiz bağlamaya nələrsə söyləyirdi. Budur, qadın ayaq saxladı və özünə yaxşı məlum olan yerə çatdığı üçün əlil kreslosunu orada dayandırdı. Ətrafına baxındığı zaman yumşaq işıq zolağı onun yanağına düşürdü. Sonra o, daşıdığı bağlamanın böyür-başını başqa bir örtüklə, həm də bərk-bərk basdırmaqdan ötrü önə doğru əyildi. Bəlkə o, arabadakını daha bir yaylığa bürüməyə niyyətlənmişdi? Həm də bu cür bürkülü havada?
Meri mənə pıçıldadı:
- Görürsən də, onu necə bələyir?
Görürdüm. O ara Merinin üzündə dolaşan qibtə və təəccüb dolu ifadə də heç gözümdən yayınmadı.
Qadın son kərə arabadakı boğçanı sığallayandan sonra dönüb, evə getdi. Tuflisinin dabanlarının terrasa döşənmiş daş plitələrə dəyərək çıxartdığı taqqıltıları açıq-aşkar eşitdik. Şüşəli qapıdan evə girən qadın bir anlığa çilçırağın işığına bürünəndən sonra görüntüdən itdi.
Boyca nisbətən hündür olan Meri məni tələsdirdi:
- Haydı, gedək görək orada nə var! Hoppan görüm!
Özü bir, iki, üç kərə hoppandı, hər cəhddə yöndəmsiz şəkildə yerə düşdü və yavaşca hıqqandı.
Biz bu evdə nələr olub-bitdiyini öyrənməyə can atdığımız halda, indi Meri taqətsiz halda çömbəlmişdi, qalxmağa taqəti yox idi. Ona görə də biz bu ana qədər gördüklərimizlə kifayətlənməyi uyğun bilərək, kreslodakı bağlamanın içinə baxmaq qərarına gəldik. Yaylıqlara bürünmüş o baş ağlasığmaz dərəcədə iri olduğundan yana doğru əyilmişdi. Meri haqlıymış: bu - əsl vergül idi, vallah! Başı yana əyilən, bədəni isə əyri-üyrü bir vergül!
Dedim:
- Meri, onu bir səsləsənə!
Meridən:
- Taqətim lap kəsilib, - cavabı gəldi.
İşi belə görəndə mən kolun dibinə qısılıb, it kimi hürdüm. Yana salxan o baş bizə tərəf qanrılsa da, mən onun üzünü görməyə imkan tapmadım, çünki həmin saniyə terrasdakı pərdələr tərpəndi və bərbəzəkli Çin vazalarında əkilmiş qıjıların ardından güllü paltarlı qadın göründü.
Gözlərinə işıq vurmasın deyə, əlini qaşlarının üstə tutan qadın dübbədüz biz oturan səmtə baxsa da, bizi görmürdü. Sonra o, barama kimi sarınmış bağlamaya tərəf əyilib, ona nəvazişlə nələrsə söylədi. Qüruba enən Günəşə nəzər salaraq, onun şüalarının hansı bucaq altında düşdüyünə diqqət yetirdi, sonra isə bir qədər geri çəkildi. O ara qadın dirsəkliklərindən yapışdığı kreslonu ehmalca yırğalayırdı da. Sonra kreslonu yerində döndərdi və onu geri verərək elə yerləşdirdi ki, batan Günəşin son ilıqlığı Vergülün üzünü oxşasın. Nələrsə pıçıldayaraq, həmin üzə tərəf əyilən qadın onun üstündəki yaylığı götürdü.
Və həmin an biz orada… boşluq gördük. Ya da bu, hələ tam formalaşmamış bir üz idi.
Sonralar bu barədə düşünərkən ağlıma gəldi ki, onu "üzün cızmaqarası," ya da "üz yaratmaq barədə niyyət protokolu" adlandırmaq daha doğru olardı, çünki yəqin Tanrı da insan yaratmazdan öncə bir hazırlıq mərhələsinə gərək duyur. Hər hansı dəqiq sifət cizgisindən və üz ifadəsindən məhrum, sadə bir yuvarlaq idi Vergülün üzü: sanki şümal və dəyirmi bir kəllə dəriylə üzlənmişdi.
Heyrətdən əlimlə ağzımı qapadım və büzüşərək, yerə çömbəldim.
Meri pıçıltıyla:
- Səsini çıxartma! – dedi və mənə elə güclü yumruq ilişdirdi ki, ağrıdan gözlərim yaşardı.
Ancaq mən tez göz yaşlarımı silib, ayağa qalxdım. Qarmaqdakı yemə təkrar gələn balıq kimi maraq dolu baxışlarımı təzədən o Vergülə dikdim: qadın evə döndüyü üçün Vergül yenə də terrasda təkbaşına qalmışdı.
Pıçıltıyla soruşdum:
- Görəsən o, danışa bilir?
Anamın evdə "böyük bədbəxtlik" deyərkən nəyi qəsd etdiyini mən yalnız indi anlamışdım: belə bir varlığı evdə saxlamağı nəzərdə tuturmuş anam! Onun hər cür nazına qatlaşmağı, onu bələməyi, yorğana bürüməyi…
Meri dedi:
- İndi ona tərəf bir daş atım, onda hər şey bəlli olar.
Əlini cibinə salıb, oradan iri bir çaydaşı çıxartdı. Səthi hədsiz şümal olan bu daş sanki indicə dəniz sahilindəki çimərlikdə tapılmışdı, çünki burada, bu bağda belə daş tapammazdın. Hər halda rəfiqəm bu daşı çoxdan cibində gəzdirirmiş.
Bəlkə də o vaxt daşı atmasın deyə, Merinin əlindən tutmaq, ona mane olmaq fikri də keçmişdi beynimdən. İndi bunu dəqiq xatırlamıram. Qəddini dikəldən Meri kolluqdan aralandı, eynilə bayquş kimi nəfəsini dışarı püykürüb, daşı tulladı və demək olar ki, hədəfi vurdu. Daş kreslonun dirsəkliyinə dəyməklə, cingiltili səs qopartdı, sonra bir kənara düşdü. Kreslodan anlaşılmaz, sakit bir nalə səsi gəldi: bu, nə insan səsinə bənzəyirdi, nə də başqa bir məxluqun səsinə.
Meri dedi:
- Lənət şeytana! Dəydi!
Bir neçə saniyə boyu onun üzü sevincdən parladı. Sonra o, özünü geriyə, kolluğa dürtdü və gəlib, böyrümdə yerə uzandı.
Həmin o axşam uzunu əvvəllər bizə aydın və sakit təsir bağışlayan terras mənzərəsi nədənsə parçalara ayrılmış lövhəni xatırlatdı. Çevrədəki obyektlər – ağaclar, darvaza məhəccərləri, ölü qızılgüllərlə bəzənmiş köşk – nədənsə evə qübbəvarı kölgələr salmaqdaydı. O ara bayaqkı qadın başılovlu evdən çıxdı, əynindəki güllü paltarın al rəngli gülləri artıq soluxub qaralmışdı və laxtalanmış qan rəngindəydi. Yeyin tempdə bir neçə addım ataraq, o, özünü kresloya yetirdi və Vergülün başına nəvazişlə toxunandan sonra bir anlığa karıxdı, sonra isə sərt tərzdə üzünü evə tərəf tutub, var gücüylə bağırdı:
- Lampa gətirin bura!
Bu bağırtıdan canıma üşütmə düşdü.
Onun kimi zərif bir qadının mən uzaqbaşı bir göyərçin kimi quruldaya biləcəyini düşünürdüm və bu cür dəli nərə çəkəcəyini heç vaxt ağlıma gətirməzdim. Sonra o, təkrar kresloya tərəf döndü. Biz aradan sivişməzdən əvvəl, yəni son dəfə qadına nəzər salanda o, Vergülün üzərinə əyilərək, canıyananlıqla inildəyir və çılpaq qafatasına bağlanan yaylığı elə hey səliqəyə salırdı.
Sentyabr ayında Meri məktəbə gəlmədi. Halbuki mən bundan belə onunla eyni sinifdə oxuyacağımı umurdum. Məndən iki yaş böyük olsa da, o, hər il sinifdə qalırdı. Merinin başına nə gəldiyi barədə evdəkilərdən nə isə soruşmağa cürətim çatmırdı, çünki artıq nə Günəş əvvəlki kimi yeri-göyü yandırıb-yaxırdı, nə də dərim qabıq verib, soyulurdu. Əgər anama qalsaydı, o qıza qoşulduğuma görə mənə verdiyi vədi mütləq yerinə yetirəcəkdi, yəni dərimi işgəncəylə soyacaqdı, çünki dediyini eləyən idi. Öz-özlüyümdə düşünürdüm ki, əgər dərimi özü soyarsa, ən azından sonra anam yumşalıb, qulluğumda da dayanar. O da məni yaylıqlara, yorğanlara bələyib, terrasa çıxarar, nəvazişlə nələrsə deyər, üzümü ehmallıca Günəşə sarı çevirər… Mən o vaxt Merinin üzündə donan qibtə ifadəsini hələ də unutmamışam və onu qismən (məhz qismən!) anlayıram. İndinin özündə də bu qibtənin səbəbini tam başa düşmüş deyiləm. O vaxtlar mənim səkkiz, Meri Coplinin isə on yaşı vardı və indi oturub, onda nələr baş verdiyini anlamağa cəhd göstərməm mənasız işdir. Həm də masa örtüyündəki saçaqlardan hörük hörmək qədər mənasız bir iş.
Payızda yuxarı sinifdən bir qız mənə:
- O, indi başqa məktəbdə oxuyur, - dedi.
- İslah məktəbində?
- Anlamadım.
- Deyirəm ki, onu islah məktəbinə veriblər?
- Yox, başdanxarablar məktəbinə, - deyən qız diliylə gah bir, gah digər ovurdunu şişirtməyə başladı. - Başa düşdün?
- Onları orada hər gün döyürlər, eləmi?
Qız gülümsədi:
- Çox baş-beyin aparanda - hə. Heç şübhəsiz onun başını keçəl qırxıblar, çünki başını bit-birə basmışdı.
Qeyri-ixtiyari əlimi öz saçlarımda gəzdirdim: onları qırxsaydılar, görəsən mən neyləyərdim? Bu fikirdən canımda soyuq gizilti dolaşdı, büzüşüb qaldım. Az sonra özümə aşıladım ki, çiyinlərimə salınan və qoyun yunundan toxunan zərif şal mənə pıçıldayır ki: "Unut onu, getsin".
Həmin vaxtdan iyirmi beş, bəlkə də otuz il ötübdür. Sizi bilmirəm, ancaq mən keçmişi, olub-bitəni xatırlamağı çox da xoşlamıram. Bir dəfə onunla küçədə rastlaşdım. Uşaq arabası sürürdü, ancaq içində körpə əvəzinə içi ağzınacan kirli camaşırlarla dolu kisə vardı. Kisədən görünən uşaq köynəyi qusuntuya bulaşmışdı. Bundan başqa bir idman formasının qolu və kirli mələfənin bir ucu da gözə dəyirdi.
İlk anda heyrətlə düşündüm: "Əcəb işdir! Yəni camaşırlarını yuyulmağa verənlər hələ də qalıb ki? Əgər bunu anama danışsam, yəqin uğunub gedər!"
Ancaq yenə də səbrimi basa bilməyib, arxadan ona yanaşdım:
- Sən Meri Coplinsən? - deyə soruşdum.
Bu sualdan qadın diksindi, əlindən alınacağından hürkübmüş kimi, arabanı bir az irəli itələdi və yalnız bundan sonra başını geri döndərib, yorğun baxışlarını mənə zillədi.
Hə, bu - Meri idi, üz cizgilərindən tanıdım onu. Ancaq indi o, ortayaşlı bir qadına çevrilmişdi, çöhrəsindəki solğunluq və ifadəsizlik onu üzərində gedən iş hələ tamamlanmayan mum heykələ bənzədirdi. Elə təəssürat yaranırdı ki, bu üzə hansısa ifadə verməkdən ötrü mütləq onu çimdikləmək, ya da dümsükləmək lazımdır. Vaxtilə onunla günlərlə bir arada olub, bütün cizgilərinə bələd olmasaydım, bu qadının keçmiş rəfiqəm olduğuna əsla inanmazdım. İndi onun üzünün dərisi qırışıb salxmışdı, son dərəcə ifadəsiz idi. Mən isə bu tanış üzdən pauza, defis, tire, hə, hə, tire işarətinin ardınca: "Ketti, doğrudanmı bu sənsən?" sualını eşidəcəyimi umurdum.
Uşaq arabasına tərəf əyilən qadın, yerində yaxşı otursun deyə, camaşırla dolu kisəni döyəclədi. Sonra təkrar mənə nəzər saldı, xəfifcə başını tərpətməklə məni tanıdığını bildirdi. Mənə yalnız bir baş hərəkətini qıydı - və nöqtə.