Kulis.Az Azad Yaşarın konseptual şeirlərini təqdim edir.
İnsest ehtimallı Edip kompleksi
Gənc aktyorun
filmdə və ya tamaşada
anasının rolunu oynayan
aktrisa ilə
real həyatda sevişməsi
nə dərəcədə
insest faktı sayıla bilər?!
Maşinistin diceyliyi
Bu səhər metro maşinisti
öz işinin
yeknəsəkliyindən bezib,
diceyliyə girişdi və
görün, neylədi:
dinamiklərdən səsi gələn o gözəgörünməz xanım
çatdığımız stansiyanın adını deyib,
qapıların bağlandığını xəbər verəndən sonra
bir-birimizlə diqqətli davranmağı,
qocalara, əlillərə və uşaqlı qadınlara yer verməyi
bizlərə məsləhət gördü.
«Növbəti stansiya…» demişdi ki,
maşinist
əsl dicey məharətiylə qadının səsini tamam azaltdı
və еlana
«Gənclik» sözünü əlavə elədi.
Qara yumor
Öldüyü sanılan qadının
böyür-başında əyninə mavi xələt geyinmiş
bir kişi dolaşır və əlindəki şərid metrlə ölçü çıxarır.
Qəfildən «canlanan» cəsəd soruşur:
«Həkim, niyə məni müalicə eləmək əvəzinə,
enimi-uzunumu ölçürsünüz?»
Cavab qadın üçün gözlənilməz olur:
«Mən həkim deyiləm, xanım, tabutçuyam».
«Bəs onda mən burada neyləyirəm?»
«Bura bax! Əl-ayağını uzadıb,
tez və öz xoşunla öl,
yoxsa səni…
diri-diri torpağa basdırmalı olacağam».
Özünə cəza seçmə imkanı
Qəfəsdə tutmağınla
yetinməyib,
hələ durub bir də
zavallı quşu
cəzalandırmaq istəyirsənsə,
onda tək yol –
onu açıb qəfəsdən, yəni sərbəst buraxmaqdır.
Əgər rahat yem və su
tapmayacağını anlayıb,
könüllü qaydada
təkrar qəfəsə dönərsə,
bu, onun
özünə kəsdiyi ən ağır
cəza olacaq hər halda.
Maşın yağmuru
Məhəlləmizdə
hər səhər
maşınlar elə sürətlə artır ki,
sanarsan
gecələr göydən yerə
səssizcə
və çeşid-çeşid
maşın yağır.
İtirilənlər – tapılanlar
Axtaran insan çox vaxt
öz itirdiyini yox,
başqalarının itirdiklərini tapır
və buna görə də
onları yiyələrinə qaytarmağa
hər hansı gərək duymur.
Ona görə də dünyada
nə isə itirənlərin sayı
tapanlarınkından daha çoxdur.
Çünki bəzi şeylər
bir daha tapılmamaq üzrə
və həmişəlik itirilir.