(Portret)
Adam var ki, şəkil kimidi, yəni yaraşıqlı, qədd-qamətli. Adam var ki, ona baxıb şəkillənirsən. Yəni özünü düzəldirsən – güzgü timsalı. Adam var ki, elə bil rəsm əsəridir, ağ kətan parçasının önündə dayanmağı bəs edər ki, canlı sənət əsər biləsən...
Adam var ki, hansısa oxuduğun roman qəhrəmanına bənzəyir. Adam var ki, hazır obrazdır, bax, dinlə, götür sal yazacağın əsərə - özü özünü yaradacaq...
Bir filosof dostum var. Bir gün soruşdum ki, nə üzərində işləyirsən? (Bilir ki, ciddi soruşuram. Yəni bizdə yalançı professorlar, hətta akademiklər itinə tökdür. Soruşsan nə yaratmısan, nə kəşf etmisən, başlayacaq hansısa ortabab şair kimi vətən gözəlliyini tərənnüm edən qafiyəpərdazlıq etməyə...) Üzümə kədərli-kədərli baxıb inamsızcasına dedi: “Özünüyaratma fəlsəfəsi” üzərində işləyirəm. Sevincək soruşdum ki, nədi axı bu ÖZÜNÜYARATMA? Dedi hələ özüm də bilmirəm... (Nə yazıqlar ki, o dostum bunu mənə dediyi vaxtdan on ildən çox zaman kəsiyi keçib. Amma bu illər ərzində nəinki özünüyaratma deyilən bir şey yaranıb, heş onun ö-yünü də cızmayıb...)
Bəli, insan var ki, özü özünü yaradır. Valideynlərin, mühitin, müəllimlərinin rolu qismən olsa da, o, özü özünü yaradır...
Adına Zəngilan camaatının Qara Mamed (Qara Məmməd) dediyi Məmməd kişi belə adamlardandı. Top kəndində doğulmuşdu. Atasını 30-cu illərdə qolçomaq adı ilə güllələmişdilər. Anası və mərhum əmisi saxlamışdı onu.
Sonrasını isə bilirsiniz: özü özünü – gələcək QARA MAMEDİ yaratmaqla məşqul olmuşdu uzun illər...
***
Yadımdadır, bizim kəndə (artıq onların ailəsi dağılmış Topdan bizim kəndə köçmüşdülər) ilk maşını o gətirmişdi. Kolxozun bu Paluturka”sını görəndə mən dostlarımla uzun zaman bu möcüzənin ətrafında fırlanmışdıq. Sonra bu maşını PAZ avtobus əvəzlədi. Bu da bir ilk idi. Onun içində oturmaq lüksünü Məmməd kişi biz uşaqlardan əsirgəməzdi.
Sonra ilk taksini – sarı QAZ-24 maşını - Zəngilana gətirən də o oldu. Və 1981-ci ildə mənim toyum olanda bizimkilər o sarı maşını gəlin maşını kimi bəzəmişdilər. (Artıq ailə rayon mərkəzinə - Pirçivan şəhərinə yerləşmişdi. Şəhərin girəcəyində onların yeni tikilmiş gözəl evi vardı.)
***
Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Hər gün 10-12 kilometr yolu ayaqla gedib-gəlirdim. Bir dəfə dərsdən çıxıb evə gələndə DSR yolu deyilən yerdə oturub təsadüfi maşın gözləyirdim. Vaxtı öldürmək üçün çantamdakı hansısa yarımçıq qoyduğum bədii kitabı oxumağa başladım. Necə kitaba girmişəmsə, yanımda dayanan maşını fərq etməmişəm. “Ay kirvə!” – səsdən diksindim. (Bizim ailə onlarla kirvə idi.) Məmməd kirvə idi. Avtobusu saxlayıb məni səsləyirdi. Qalxıb yanına getdim və salamlaşdım.
- Nə oxuyursan?
Oxuduğum kitabın adını dedim. (Təəssüf, indi hansı kitabı oxuduğumu unutmuşam.)
- “Zəngəzur” romanını oxumusan?
- Bəli, - dedim.
- Bəs “Zəngəzur dağlarında”nı necə?
- Yox, onu oxumamışam...
- Oxu, oxu... Çox oxu. Sənnən bir şey çıxacaq... Gəl otur, gedək...
Maşına əyləşdim. Yol boyu maraqlı söhbətlər elədi. “Qabusnamə”dən danışdı, “Min bir gecə” kitablarından söz saldı, daha adını eşitmədiyim bir neçə kitabın adını çəkdi...
(Elə yeri gəlib deyim: Məmməd kirvənin sonralar söhbətləri məndə dərin iz buraxdı. Hekayələrimdə, romanlarımda onun söhbətləri təsirsiz ötüşmədi. Konkret “Ən ağır yük” hekayəmdəki süjeti o danışmışdı mənə.)
Və maşını atamgilin həyətinə sürdü. (Atamla anam ayrıldığından mən anamla qalırdım.) Atamla hal-xoşdan sonra məni göstərib “bu cavan oğlanı yolda gördüm, dedim piyada gəlməsin, həm də kirvəmlə bir görüşüm” deyib qoluma girdi və atamgilin həyətindəki Əmirin cəvizinin dibinə yönəldi. Orada ocaq qalayıb kabab çəkdilər. Sonra maşından araq çıxartdı. Deyəsən, ilk dəfə mən də araq içdim...
O məclisdən heç ayrılmaq istəmirdim. Qara Məmməd deyilən bu adamın söhbətindən doymaq olmurdu ki...
Və o məclisdə ilk dəfə özüm haqqında xoş eşitdim.
- Vəli, bu oğlanı mənim gözüm tutdu, - dedi atama. Kitaba elə cummuşdu ki, maşının siqnalını eşitmədi... – Və mənim sağlığıma içdilər!!!
...Məmməd kişi atamla, əmim Kamranla dost idi. Rayonun bütün sürücülərinin ilk müəllimi idi o. Əmim ona daldada “maşının professorudur” deyirdi...
Özünüyaradan o “professor” bu günlərdə haqq dünyasına qovuşdu. Tək özünü deyil, çoxlarını insan olmağa, insan kimi yaşamağa, kitaba, biliyə səsləyən, özündən sonra çoxlu sayda “professor” sürücülər qoyub gedən Qara Məmməd...
Yerin pərqu olsun!