SSRİ-ni dağıdan azərbaycanlı – Azad Qaradərəlidən YENİ HEKAYƏ

SSRİ-ni dağıdan azərbaycanlı – Azad Qaradərəlidən YENİ HEKAYƏ
15 mart 2017
# 17:00

Kulis.Az yazıçı Azad Qaradərəlinin “SSRİ-ni kim dağıtdı?” hekayəsini təqdim edir.

Əkrəm Əylisliyə

Biz də qəribə millətik ha! Gah Parisi partladırıq, gah... Hə, SSRİ-ni də biz dağıtdıq. Nə təhər? Mən deyim, siz eşidin...

***

O vaxt Bəsidçay ağzına bahar ayrı cür gəlmişdi. Bir gecədə camaat yatıb durmuş və görmüşdülər ki, bütün çayparanı al-yaşıla tutublar. Elə bil, kimsə əlinə bir şallaq alıb kəsmişdi ağacların, kolların, çiçəklərin üstünü, hamısını qısqılamışdı ki, tez olun yarpaqlayın, çiçəkləyin. Onlar da himə bənddilər...

Yox, e, yox. İş bununla bitmədi ki. O gecənin səhəri bu çaryparanın qız-gəlini də gülləmişdi, çiçəkləmişdi, yarpaqlamışdı. Su sonasına dönən qızlar evdə səhənglərdə su ola-ola səhəngi yerə boşaldıb cummuşdular bulaq başına. Bu bulaq da elə-belə bulaq deyil ha. Buna da Aşağı bulaq deyərlər. O da ağaclara, kollara, çiçəklərə və üstəlik də qız-gəlinə baxıb aynalanmışdı, süslənmişdi.

Çəmən də evlərindən Aşağı bulağa sarı boylanıb səhənglərindəki suyu yerə boşaldıb qaçmışdı bulaq başına. Geyinməyə təzə pal-paltarı olmasa da, özünə sığal çəkmiş, saçını ocağa qoyduğu məftillə burub gözünün üstünə salmış, yerindən qırmızı olan dodaqlarını yalamış, səhəngin qulpunu qoluna taxıb evdən çıxmışdı.

Gözünün ucu ilə o yan-bu yana baxır, kəndə işləməyə gələn təzə riyaziyyat müəllimini arayırdı. Dərsdə onun başına pərvanə kimi dolanan Kamal müəllim axır vaxtlar ona tərəf heç baxmırdı da. Bu gün bazar idi və qızın ümidi vardı ki, bəlkə oğlan bulaq başına gedən yolda qabağına çıxar. Amma o görünmürdü. Deyəsən, danışılanlar doğruymuş...

Danışılan da o idi ki, Kamal müəllim məktəbin ingilis dili müəllimi Səmayəyə meyl salmışdı. Hətta yalançılar sözü, Kamal müəllim gecələr gedib Səmayə müəllimin mənzilində qalırdı saatlarla. (Kamal bu il gəlsə də, Səmayə artıq beş il idi bu kənd məktəbində işləyirdi və kənd arvadlarının sözüynən, o artıq qarımış qız sayılırdı. Hə, hə, burda yaşı 18-i ötənə “evdə qalmış” deyirdilər. Bax elə bu günlərdə Kamalın anası hansısa rayondan gəlib bura çıxmış, – Kamal müəllim də Səmayə müəllim kimi ayrı rayondan idi, bura təyinatla işləməyə gəlmişdi – sonra oğlunu da götürüb Səmayənin qaldığı mənzilə qonaq getmişdi. Elə nə olmuşdusa, bundan sonra olmuşdu. Kamal Səmayənin yanına belə dadanmışdı.)

- Boy, az, az, a dədəmin nər gəlini, sənin sabahın xeyir! Aaaz, nə təhərsən, aaaaz?!

Qanı it qanından betər oldu. Ələmdar idi.

Kəndin davarını otaran bu oğlan həm yaraşıqlı idi, həm də boylu-buxunlu. Güləşdə qolunu qanıran olmazdı. Atı quyruqlayıb tutar, çöngəni buynuzlayardı. Əsgərlikdən gələndən sonra kənd camaatının razılığıynan 500-600 başacan qoyun-keçini qatdılar qabağına, aybaay da pulunu nağd verdilər. Yəni Ələmdarın əli isti idi – yaxşı qazanırdı. Amma qızın bu gədədən zəndeyi-zəhləsi gedirdi. Soruşanlara deyirdi ki, Ələmdardan qoyun iyi gəlir, üstündə bit-birə uçuşur. Özü də ağzının sözünü bilmir. Hələ adına bax: Ələmdar!

Bir də gördü, sözləşiblərmiş kimi, Kamal müəllimlə Səmayə müəllim də kəndin o biri başındakı cığırnan yan-yana bulağa tərəf enirlər. Oğlan cığırın cəbə yerində əl atıb Səmayənin qolundan tutdu ki, qızın ayağı büdrəməsin...

- Aaaz, hara baxırsan, aaaz?! Sən day o Kamaldan əli üz e, əliı üz... O gecə də Samayanın külfəsinnən çıxmır... Eşitməmisən? Alışıb-verişiblər e... Gələn ay toylarıdı...

- Nə?! – Qız tapança kimi açıldı. Yerə-göyə sığmayan, tay-tuşlarını xırpalayıb yerə yıxan bu oğlan, nədənsə Çəməndən qorxurdu. İndi onun bu “tapança səsinə oxşar” “nə?!”yindən də üşəndi, bir addım geri həsdədi. Başını qoydu çiyninin üstünə:

- İstiyirsən gedim o Kamalı tutum basım altıma?! Ağzının-burnunun qanın qatım bir-birinə?! Hıy?

Qızın elə bil ayağı sürüşən kimi oldu. Bu düz yerdə yıxılmamaqçün əlini Ələmdara tərəf uzatdı:

- Ə, az zəvzə! Görmürsən, yıxılıram?! Tut əlimnən...

Ələmdar yaralı ov kimi sıçrayıb qıza tərəf gəldi, əl atıb onun biləyindən tutdu. Qızın gözü bulağa sarı əl-ələ gedən cütlüklərdə idi. Bu dəfə nə fikirləşdisə, Ələmdara tərəf döndü və burnunu iki barmağı ilə tutub tın-tın səslə dedi:

- Qulaq as. Sən deyənlə razıyam. Amma şərtlərim var. Onları qəbul eləsən, saa gələcəm, dədəa da gəlin olacam...

- De, qadaı alım, de! Nə desən, gözüm üstədi! – Gədənin səsi açıqca titrədi.

- Səhərdən kəndin heyvanına getmiyəssən – çobannığı buraxassan.

- Bax, bı gözüm üstə!

- Dayan, hələ, dalısı var...

- De gəlsin, diliıa qurban olum!

- Gedib təzə bir kastyum, ayaqqabı, bir köynək, qalistox, bir də bir təzə kurtka alassan...

- O da göz üstə.

- Sonra qoşulub bir-birimizə minirik vaqona, düz Bakiyə!

- Nə?! Bəs toy?!

- Hə... Toyumuzu Bakidə eliyərik... İkimiz də orda işə girərik, orda da yaşıyarıx... Bı xarabaya bir də bilirsən nə vaxt gələciyik? Düz on il sonra! Öz maşınımız olanda...

Oğlan yerə çökdü. Hiss olunurdu ki, bu axırıncı təklifdən xoşlanmayıb. Amma qızı itirmək qorxusu hər şeyə üstün gəlirdi deyə, etiraz edə bilmirdi.

- Axı...

- Nə axı?! Bilirəm, deyəssən ki, orda bizim ev-eşiyimiz yoxdu, kimimiz-kimsənəmiz yoxdu... Var ev-eşiyimiz də, kim-kimsənəmiz də...

- Aaz, Qdanı deyirsən? Mən onnan qorxuram e... Keçən il...

Qızı gülmək tutdu. Qardaşı Qurban Bakıda milisdə işləyirdi. Ötən il kəndə gələndə eşidir ki, Çubuq Rəşidin oğlu Ələmdar (atası haçansa lobya çubuğu qırıb satdığına görə adı Çubuq Rəşid qalmışdı) bacısına söz atıb. Gedib örüşdə kəsib Ələmdarın qabağın, soruşub ki, mənim bacıma sənmi söz atmısan? Gədə də çər dəymiş dayça kimi üzə durub. Qızıl-qırmızı deyib ki, hə, nolsun, bacıı istiyirəm. Elə bu sözdən sonra o bir sürü qoyun-keçinin gözü qarşısında bu iki gədə tutaşmışdılar. Bir-birində sağ istahat qoymayıb, gah o bunu, gah da bu onu yerə sürtmüşdü. Axırda Qurban görüb ki, Bakıda öyrəndiyi fəndlərdən birini işlətməsə, bu gədə onun arxasını yerə vuracaq. Ona görə, “bedro” dediyi fəndini işə salıb, Ələmdarı başına alıb çırpır yerə, çökür sinəsinə. (Deyir, Qurban sonralar danışırmış ki, gədə olan bəndə nə yalvardı, nə ağladı. Eləcə gözünü yumub dayandı.) Bir müddət onu belə saxlayandan sonra üstündən durub deyir:

- Get, bir də qatırçının qatırını ürkütmə! Anqır, tayını tap!

Ələmdar çomağını götürüb qoyun-quzuya tərəf gedə-gedə deyir:

- Hələ bu çay-parada mənim qolumu qanıran olmamışdı... Saa da... Nəysə... Çəmən onsuz da mənim olacax... nahax özüa əziyyət verirsən. Biz tezdiynən evlənəciyik...

Sonralar tay-tuşları Qurbanla aralarında olanı soruşanda Ələmdar yarı utancaqlıqla, yarı da fəxrlə demişdi:

- Əşşi, zalımın balası, mənim Qıdanım kimi tutduğun bıraxmır ha! Qıraq olsun, Qurban dəyil, Qıdandı ki, Qıdan!

(Qıdan Ələmdarın itinin adı idi. Bu nəhəng qoyun iti hətta bir dəfə ayıya da hücum etmiş, onu tutub saxlamış, qoltuğuna vurub apardığı qoçu Ələmdarla köməkləşib əlindən almışdı.)

...İndi bu yaz günü, küllü aləmin al-yaşıla bürünüb sərxoş olduğu vaxtda qızın belə tələblər irəli sürməsi, onsuz da həm yazın gəlişindən, həm də sevdiyi qızın gözəlliyindən hallanan oğlanı yerindən eləmişdi. Üstəlik, bu çayparada ilk dəfə ona dov gələn adamı yadına salmış, hətta elə-belə yadına salmamışdı – orda bizim adamımız var demiş, özü də Qıdanın – Qurbanın adını çəkmişdi. Hansı ki, bu zalım oğlu zalımın götünün üstündə tapança olur hər vaxt. Olmadı elə, oldu belə: çəkdi tapançanı, Çubuq Rəşidin oğlu Birə Ələmdarı (Bu adı da ona Çəmən qoymuşdu. Amma öz aləmində dediyindən, hələ kənd-paraya yayılmamışdı) güllələdi, güllələdi də, nə demək olar? Elə bir az qabaq bu canı yanmış tapança kimi açılmamışdımı?! Bu nəsildə var axı – adamı odsuz-ocaqsız yandırmaq, tüfəngsiz-tapançasız güllələmək...

(Çəmənin atası Kəl Tamerlan anası Umnisəyə vurulanda olmuşdu bu “güllələmək” əhvalatı. Deyir, telli-toqqalı oğlan olan Tamerlan əsgərlikdə sürücülük kursunu bitirdiyindən, qayıdan kimi kolxozun QAZ-66 markalı maşınını sədr ona verdi. Və insafən də oğlan bu iri təkərli, dağa-daşa belə dırmaşan maşını yaxşı idarə elədi. Hətta bir dəfə maşın yaylaqdan enən çobanların şələ-şüləsini daşıyanda battaqlıq yerdə batır. Onda Tamerlan çiynin verib o nəhənglikdə maşını bataqlıqdan çıxardır. O, bu: adı qalmışdı Kəl Tamerlan... Hə, bir dəfə bu iri gövdəli, yekəpər gədə Umnisəni görmüş, elə ilk baxışdanca aşiq olmuşdu. Nə qədər çalışsa da qıza urvatlı söz tapa bilməmişdi, eləcənə düz-düznəqulu demişdi:

- Aaaz, belə maa arvad olarsanmı?

Qız da heç nə deməmişdi. Eləcənə şahədət barmağıynan orta barmağını birləşdirmiş, baş barmağını o iki barmağının arasına soxub demişdi:

- Alaaaa, bıdeeee!

Qızın ona göstərdiyindən rəngi avazımız, gözləri pər-pər çalmış, maşını da sürə bilməmişdi. Danışırlar ki, beş-altı nəfər bu dağ boyda adamı qucaqlarında itqusdu evlərinə gətirmişdilər. Elə o yıxılan, yıxılmışdı oğlan. Düz bir ay ağzıbağlı yataqda qalmış, saralıb-solmuşdu. Soruşanlara da demişdi ki, zalımın qızı zalım, maa bir güllə vırdı ki, sinəmi dəldi keçdi...

Qız sonralar dözməmiş, sifariş eləmişdi ki, Tamerlana deyin, dursun ayağa, mən sözgəlişi demişəm o sözü. Ona getməyə razıyam. Gədə gülümsünüb demişdi:

- Bax, bu da ikinci güllə. Amma onun gülləsinə də qurban olum, tapançasına da...)

İndi bu tüfəngsiz-tapançasız güllələmək deyil daha. Tapançası hazırdı, gülləsi də içində...

- Ə, noldu saa? Əvi yıxılmışın oğlu, için geşdi ki, sənin! Bəs deyillər sən belə güjdüsən, belə vırıb-yıxansan?! Hanı əəə?

- Aaz, belə... zadddı... o zaman, mən sənin qardaşıa güjümü göstərmədim ha... Dedim ayıfdı, qonaxdı, bir də, nə təhər olmasa da yeznə-qayın olasıyıx axı... He-he..

Qız da gülümsündü. Amma tez də ciddiləşdi.

- Bıra bax. Sən bırdan qayıt. Get, qoyun-quzunu kimə verirsən, ver. Nə pulun-paran var, yığ-yığışdı, paşbortuu, vayenni biletiı da götü, səhər axşam poyuzuynan çıxırıx Bakıyə... Qalanıynan işin olmasın... Bir də maa “aaz” demə...

- Bəs nə deyim, aaa...z...

- Eləjənə Çəmən de, Çəmən...

***

Bir aylıq təlim-məşq işlərindən sonra Ələmdarı Bakı-Moskva qatarına bələdçi köməkçisi işinə düzəltdi Qurban. (İndi milis mayoro olan Qurbanın özünün də vəzifəsini böyütmüşdülər. Qaynının təzə vəzifəsinin adı Ələmdarın dilinə gücnən yatırdı: “abaxeyisss” deyəndə istər-istəməz axırıncı “s”yı uzadırdı.”) Heç üçcə ay keçməmiş, oldu əsas bələdçi. Bir ilin tamamında isə keçirtdilər qatar briqadiri. Bələdçilər əlindən dad-aman deyirdilər. Dünənəcən qoyun-quzu otaran Əlməmdar, indi bələdçilərin başçısı idi. Pulunu balta kəsmirdi. Tezliklə şəhərin mərkəzində ev aldılar. Maşınları, bağ evləri də oldu... Hələ çox şey eləyəcəkdi, amma namərd bir əl vurub SSRİ-ni dağıtdı...

Elə o vaxtdan oturub-durur, o boyda gözəl ölkəni dağıdanlara, onun əlini Moskvadan çıxardanlara lənət oxuyurdu. Bir dəfə də öz maşınında arvad-uşağıynan kəndə gələndə, Aşağı bulağın başında kabab çəkib dostlarıynan yeyib-içəndə keflənmiş, ağlaya-ağlaya demişdi:

- SSRİ-ni mən dağıtdım, mən, mən! Deyən gərək, ay Çubuq Rəşidin oğlu, saa nə qədər yağ lazımdır? Uzağı bir, yaxud iki karaopka. Saa nə qədər arax lazımdır, uzağı on dənə. Saa nə qədər kolbasa lazımdı? Olsun on kilo. Mən neyniyirdim?

Kimsə yerdən dilləndi:

- Üç karopka gətirirdin...

Ələmdar o səsə tərəf dönüb əda ilə demişdi:

- Nə üç əəəə!? Hər payeskada on karopka yağ, on yaşik arax, yüz kiloyacan kalbasa... Sohra keşdim pal-paltara, ayaqqabıya... Hamısın gətirib Qıdanın əliynən mağazalarda satdırırdım dvaynoy qiymətə! Alə, mına Maskva dözər!? SSRİ dözər?! Dözmədi... Çezdi getdi...

***

O axşam bütün kəndə yayıldı ki, bəs SSRİ-ni Çubuq Rəşidin oğlu Birə Ələmdar dağıdıb. Buna inananlar da oldu, inanmayanlar da. Amma Çəmən bir şeyə mat qalmışdı: o ərinə qoyduğu Birə adını heç kimin yanında ağzına almamışdı. Bəs bu ayama kəndə nə təhər yayılmışdı?

Bir də Çəmən bir şeyə də mat qalmışdı: kəndin riyaziyyat müəllimi...... müəllimliyi buraxıb kiçik alverə qurşanmışdı. Gedib Cəlilabaddan bakuş, xurma, saqqız gətirir, kənddə xırıd edirdi. Səmayə müəllim də bu iyirmi ilin içində əməlli-başlı qocalmışdı.

***

Çubuq Rəşidin uzun şəf çubuqlarından səliqə ilə tövlədə hörüb kəsdiyi arakəsmələrdən keçib (burda qoyun-keçi, çəpiş-quzu və toyuq-cücə üçün yer kəsmişdi ki, mal-qara onları ayaqlamasın) lap axırda atın axuruna yaxınlaşdı. Axurda iri qaraltını gözü alan kimi sevindi. Telefonunu çıxardıb işığını yandırdı: bu Leninin bronzadan tökülmüş iri büstü idi. Kolxozun həyətində çay daşından tikilmiş postamentin üzərində əzəmətlə dururdu bir vaxtlar. İndi o postamenti də buldozerlə kürüyüblər. Büstü isə atası gecəynən gətirib tövlədə gizlətmişdi. Çubuq Rəşidin belə-belə işləri də varmış demiyəsən.

“Həəəə... Volodya kişi, sənin o keçəl başıa qurban olum! Daje qurduğun hökümət yıxılannan sohra da adamın karına gəlirsən! Sənnən yoxuydu, canımçün... Dədəm rəhməttik, səni bu gün üçün gizləyibmiş... Ya allah...” – deyib büstü güclə yerindən tərpətdi, altına qoyduğu uzun taxtanın üstündə sürüşdürə-sürüşdürə çölə çıxartdı.

Yaşı çoxdan əllini keçsə də hələ zirək olan Çəmən kişisi ilə köməkləşib “yükü” cip maşınlarının arxasına yerləşdirdi. (Köhnə iş yoldaşı olan bir qatar bələdçisi bir cuhud biznesmenin Leninin Sovetdənqalma büstlərinə, heykəllərinə yaxşı pul verdiyini demiş və Ələmdarla da behləşmişdilər.) Sonbeşik qızlarının cehizindəki kəm-kəsiri düzəltmək üçün satacaqları bu qəniməti allah özü yetirmişdi. SSRİ-ni quran kişi onu dağıdanın dadına yetmişdi.

Noyabr 2016

# 1889 dəfə oxunub

Müəllifin son yazıları

# # #