O günləri sevimli xalqımız çox vacib və mühüm bir məsələ üstündə qırğına çıxmışdı. Söhbət nə söhbət! Sən demə, müğənni Damla Sədərəkdə maşına minəndə fanatları onu dörd tərəfdən əhatəyə alıb.
Çoxları o fanatları tənqid etdi, lağa qoydu, şəkil paylaşıb güldü. Bəziləri də Damlanın bunu qəsdən etdiyini dedi və s.
Dedilər, görürsünüz də, bizim camaat hələ də Damlanın yanındadır, bayağılığı seçir.
Dedilər, bu xalq düzələn deyil, müğənninin böyür-başına doluşub elə ağlaşırlar ki, deyərsən, yüz ildir onu görmürlər.
Ən çox da gülüş hədəfinə çevrilən maşın şüşəsinin arxasından məsumca baxan həmyerlimiz oldu. Kimləri ona şeir həsr etdi, kimləri öz mükəmməl yumor hissini ortaya qoydu.
Amma mənə bir məsələ qaranlıq qaldı. Qaranlıq qaldı deyəndə ki... Axı bir müğənninin sevilməsindən və izdihamla üz-üzə gəlməsindən təbii nə ola bilər? Burda qeyri-adi nə var?
Hə... Biri sözümü kəsəcək. O qızı gördün? Göz yaşları tökürdü Damla üçün. Dama-dama göl yaradırdı göz yaşlarından. Mən də qayıdıb deyirəm: hə, nolsun? Yox, belə çox sakit çıxdı: NOLSUN AXI?
O fanatdır, Damlanı çox sevir, onunla şəkil çəkdirmək istədi. Damla da çox sağ olsun, ürəyi dözmədi, yanına buraxdı, birtəhər maşının qapısını açıb qızı qucağında otuzdurdu və özü selfi eləyib könlünü aldı.
Bütün bu mənzərələr təbii və gözəl idi. İkrah doğuracaq bir şey görmədim mən. Camaata üstdən aşağı baxmaq, onu barmağına dolamaq nə deməkdir axı? İnsanlar bir müğənniyə olan sevgilərini göstərməsinlər? Sizə nə olub? Bu Damlanın və fanatlarının məsələsidir. Siz bir-iki kitab oxuyub ora yığışanları savadsız və bayağı adlandırırsınız. Elə bilirsiniz, bununla çox ağıllı göründünüz? Ayıbdı vallah. Açın, hörmətli Youtube-u və izləyin. Dünyaca məşhur müğənnilərin ətrafında necə izdihamlar yaranır. Sizə qalsa, biz geridə qalmışıq buna görə. Xeyr. Əsla. Dünyada fanatlıq deyə bir anlayış var və bu normal qarşılanır.
Üstəlik... Onu da deyim, yazıma son qoyuram. Damla nə yüksək, nə zəif müğənnidir. Öz çapında yaxşı bir müğənnidir, səsində kədərli notlar var və bu notlar bizim xalqın sarı siminə toxunub. Onu gerçəkdən sevirlər. Damlanın kasıblara, imkansız adamlara köməyini də eşitmişəm. Görünür, səsinə vurğun olanlar, bir tərəfdən də onun insanlığına aşiq olublar. Maşında da gördüm: sadə qiyafədə idi və izdihama təbəssüm göndərirdi.
Yəni əziz və hörmətli qardaş-bacılar, fanatlıq heç vaxt qüsur deyil, səydərəşlik deyil. Sevgini bildirmək üçün bəzən bu cür çılğınlıqlara qol qoymalısan. Onsuz sevgi həmişə kənardan bayağı görünür. Amma sən o sevginin içində olanda bu bayağılığı hiss etmirsən və o zaman sevgi sənə müdhiş bir hiss kimi gəlir.
Ona görə də xahiş edirəm, heç kimin sevgisinə öz mükəmməl yumorumuzla müdaxilə etməyək. Sayğılarla.