Tanınmış şəxsləri müzakirə etməkdən niyə qorxuruq?

Tanınmış şəxsləri müzakirə etməkdən niyə qorxuruq?
16 yanvar 2018
# 13:30

Ayxan Ayvaz

Bizdə həmişə görkəmli şəxsiyyətlərin müzakirəsi dəhşətli qəzəblə qarşılanır. Kimsə hansısa şəxsiyyət haqqında fikrini bir az sərt bildirən kimi üstünə qılınc-qalxanla gedirlər.

Təbii ki, bunun haqlı və haqsız səbəbləri var. Bəzən görkəmli şəxsiyyətlərin müzakirəsini ortaya atan şəxsin bu mənəvi haqqa malik olmadığını görürük.

Haqsız səbəblərə gəldikdə...

Dünyada bu cür hallar çox rahatlıqla qarşılanır. Qərbin dəyər verdiyi yazıçıların, şairlərin, tarixi şəxsiyyətlərin müzakirəsi, hələ müzakirə bir qırağa, ironiya hədəfinə çevrilməsi, lağ-lağı mövzusu olması hamıya məlumdur.

Yadıma düşən bir neçə örnəyi deyim. Tutaq ki, Qodarın filmində Fransanın mədəniyyət sütunları ələ salınır. Və yaxud Tolstoyun “Şekspir bayağıdır” məqaləsi... Qərb bu mənada Budda kimi rahatdır. Biz Qərb kimi olmalıyıqmı, onu da bilmirəm. Hər halda bizim üçün şəxsiyyətin bütləşdirilməsi məsələsi gün kimi aydındır.

Oysa dünyanın heç bir görkəmli şəxsiyyətinin bütləşdirilməsinə gərək yoxdur. Hər əsr özü ilə bərabər yeni təfəkkür gətirir və bu təfəkkür əvvəlkiləri “rəndələmək”lə məşğul olur.

Məsələnin önəmli bir tərəfi var. Qərb ələ saldığı, ironiya hədəfinə çevirdiyi görkəmli şəxsiyyətlərə həqiqi sevgi hissi bəsləyir. Görəsən, biz həqiqətən də öz şəxsiyyətlərimizi bu qədər dərindən sevirikmi? Dəyər dediklərimiz stolüstü kitabımız olurmu? Hərdən vərəqləyirikmi?

Gəlin, əyri oturaq, düz danışaq: kimliyindən asılı olmayaraq bütün görkəmli şəxsiyyətlər müzakirə oluna bilər və olunmalıdır da! Onlar haqqında fikirlər səslənməlidir. Haqsız da olsa, səhv də olsa deyilməlidir. O şəxsiyyətin görünməyən tərəfləri bizim üçün aydınlaşmalıdır.

Aydınlaşmaq demişkən... Bəlkə də bizim şəxsiyyətlər ona görə toxunulmazdır ki, onlar haqqında səhih məlumatımız yoxdur. Sadəcə qulaqdan-qulağa eşitdiklərimizdir. Eşitdiyimizi həqiqət kimi deyəndə də haqlı olaraq qəzəbə tuş gəlir. Bəs nə etməli? Bəlkə “KQB” arxivləri də daxil olmaqla bütün gizli düyünlər açılmalı, görkəmli şəxsiyyətlərimiz qaranlıq zirzəmidən gün işığına çıxmalıdır?

Necə bilirsiniz? Birini sevmək üçün onu gizlətməkmi lazımdır? Yoxsa bütün çılpaqlığıyla qəbul etməkmi? Şablon ifadə olsa da, gəlin, etiraf edək, insan ziddiyyətlidir və onun səhvləri də, doğruları da ola bilər. Mənə elə gəlir ki, Qərbdən fərqli olaraq biz öz görkəmli şəxsiyyətlərimiz haqqında həqiqətləri eşitməkdən qorxuruq. Onlara inamımızın itməyindən çəkinirik. Halbuki şəxsiyyət mənfi və müsbət xüsusiyyətlərinin cəmi ilə bütöv görsənir.

Bir var fərdi xüsusiyyət. Lütfən, qarışdırmayaq. Hansısa şəxsiyyətimizin gündə neçə litr araq içməsi, eyş-işrətlə məşğul olması onun fərdi işidir. Əgər o adam öz mənfi hesab olunan fərdi xüsusiyyətini bar-bar bağırırsa və o xüsusiyyəti cəmiyyətə aşılamağa çalışırsa, ictimai status verməyə cəhd edirsə, o zaman müzakirə və tənqid oluna bilər. Yoxsa, kiminsə şəxsi həyatı bizim nəyimizə lazımdır.

Əsas məsələ şəxsiyyətin ictimai sferaradakı kimliyidir. Yən, onun ictimai xüsusiyyətidir. Mənəviyyatı, doğrunun yanında olması, həqiqəti söyləməsi...

Bütün şəxsiyyətlərin müzakirəsi məqbuldur. Biz onlara olduğu kimi yanaşmalıyıq. Özümüzdən yeni bir don geyindirib təqdim etməyə gərək yox. Qərb niyə qabaqdadır? Çünki öz şəxsiyyətlərinin nöqsanlarını da qəbul edir. Biz isə nöqsan tutduğumuz birini söyməklə məşğuluq. Və yaxud toxunulmaz dediyimiz adamda heç bir xəta görmürük. Həmin xətanı göstərmək istəyəni isə daş-qalaq edirik.

Heç kim toxunulmaz deyil. Hamı birmənalı olaraq müzakirə olunmalıdır. Bizdə bu cümlələr çoxlarına yad gəlir. Filankəsi müzakirə etməkmi olar? O adamı tənqid etmək, nöqsanlarını göstərmək nəyə lazım?

Bu hərəkatı bizdə Rafiq Tağı başlatdı. Mirzə Cəlili “ədəbi kollaborasionist” adlandırmışdı və bütün nizələr ona tərəf qalxmışdı. Sonradan Səməd Vurğunu, Sabiri hədəf götürməyi Rafiq Tağı haqqında heç də müsbət rəy formalaşdırmadı.

Mənə isə maraqlıdır. Bir şəxsiyyət bundan nə itirəcək ki? Ona toz qondurmamaqla, öpüb başının üstünə qoymaqla hara qədər gedəcəyik? Əgər bir şəxsiyyət mənim tənqidimə görə aşağı düşəcəksə demək o böyüklükdə deyilmiş. Yaxud da “ağılsız köpəklər ulduza hürər”. Bu qədər sadədir məsələ.

Zaman ən böyük dəyəri verir. Daşlar o zaman yerinə oturur. Şəxsiyyətin qabağında böyük dəstə qurub ona qarşı çıxanları qılıncla qarşılamaq gərək deyil. Çünki onun buna ehtiyacı da yoxdur. Diogenin Makedoniyalı İskəndərə dediyi kimi, çəkilin Günəşin qabağından. Öz şəxsiyyətlərimizi nöqsanları ilə, həqiqətləri ilə bir yerdə sevməyimizə imkan verin.

# 2423 dəfə oxunub

Müəllifin son yazıları

# # #