Toy bizim öz-özümüzü çətinə saldığımız milli adət-ənənəmizdir. Niyə durduq yerdə özümüzü çətinə salırıq, anlamış deyiləm.
Bu gün toylar adamları hörümçək toruna salıb, hamı ayağına, əlinə dolaşmış ipdən xilas olmağa çalışır.
Amma və lakin!
Xilas ola da bilmir.
Qıraqdan baxan nə deyər? Qohum-əqrəba nə deyər?
Dostum bu yaxınlarda toy eləmişdi. Gedib iştirak elədik, yedik-içdik, əyləndik. Üstündən bir həftə keçib, rastlaşmışıq, artıq başını bulayır: “Kreditim var”.
Bax cəmiyyətimiz bir cavan oğlanı beləcə xoşbəxt etmək əvəzinə problemin içinə saldı.
Axı bizim insanlar niyə toy eləməyə məcburdur?
Toysuz xoşbəxt olmaq mümkün deyilmi?
Hamı əl-ələ verib bir oğlanla bir qızı bədbəxt eləmək üçün sıraya düzülüb sanki. Sabah bəlkə yataq otağına da girəsiniz? Əvvəllər qulaqlarını qapılara dayayıb pusquda dayanırdılar.
Bu toy heç kimə sərf eləmir. Açığını deyək. Bircə şadlıq sarayı yiyələrindən başqa. Onlara nə var, camaat xərcə-borca düşsün, pul da bunlara qalsın.
Deməli, sən gör nə qədər əziyyətə qatlaşırsan? Özün üçün təzə kostyum alırsan, bir gözəl bəzənirsən. Üstəlik, evlənəcəyin qızın bəzənib-düzənməyi, gəlinliyi, qızılı-mızılı. Bir dünya iş! Hələ bunun arxası var. Ən əsası...
Xalqımızın hələ də qoruyub saxladığı lazımsız bir adət. Nədir bu? İngilisə desən gülməkdən qarnını tutar. Deməli, sən toya gedib pul yazdırırsan ki, nə vaxtsa sənin toyuna da pul yazılsın. Bir fransız tanışıma bunu deyəndə elə bildi zarafat edirəm. And-aman eləyəndə ki, bəs məsələ həqiqətən belədi, əli üzündə qaldı.
İndi mənim həm özümə, həm də gənclərə bir təklifim var. Mən evlənsəm ancaq bu şərtlərlə evlənəcəm.
Ən birincisi qohumlardan bilmərrə uzaq durmaq.
Heç kimin sözünə qulaq asmamaq.
Toy eləməmək.
Qoy sizi qınasınlar. Eybi yox.
Mən də toy eləməyəcəm.
Amma maraqlı bir təklif var.
Yığırsınız, qohum-əqrəbanı başınıza, deyirsiniz ki, ay başınıza dönüm, gedib şadlıq sarayına, bəzənib-düzənməyinizə bir ətək pul tökəcəyinizə, o pulu gətirin verin mənə.
Yəni, əzizlərim, toya verilən pulu iki gəncin daha yaxşı yaşaması üçün versək bu gün heç bir ailə dağılmaz bəlkə də.
Heç bir gənc işsizlik ucbatından Rusiyaya, xaricə getməz.
Heç kim kreditə girməz.
Nədir e, burda nə var? Toya nəyi gedirsən? Kabab yeməyə gedirsən, ya oynamağa? Sizi əmin edirəm, heç bir normal adam o səs-küydən həzz almır.
Toyu ləğv edək. Əvəzində iki gəncin xoşbəxtliyi üçün ortaya pul ataq.
Təsəvvür eləyin, 300 adam çağırırsınız toya, onlar da 50, 100 manatdan atırlar və çıxıb gedirlər. Onun bir qismi sizə qalır, qalanı isə şadlıq sarayına. Həmin 50, 100 manat verən adamın ondan artıq da pulu çıxır, manikürə-pedikürə, taksiyə, geyimə və s.
Ondansa həmin pulu gətirib versin iki gəncə ki, buyurun, yığın bir yerə, bir koma qaraldarsınız. O 300 nəfər hərəsi 100 manat versə, bu eləyir 30000. Nə istəyirsən? Bu pula ev də tuta bilərsən, bir neçə ay rahat dolana da bilərsən. Və sən də nə vaxtsa evlənəcək birinə bu cür kömək edərsən, çıxarıb 100 manatını verərsən. Eynən lotereya kimi. Bu gün sənə, sabah o birinə. Beləcə, gül kimi dolanmaq olar.
Yoxsa o şadlıq sarayı, o damba-durum, kabab nəyinə lazımdı?
Oynamaq istəyirsən, bəhanəsiz oyna!
Kabab yemək istəyirsən, iki şiş sifariş elə.
Bu mənasız şeylərə görə gedib kiminsə qarnını şişirəcəyinə iki gəncin gələcək həyatı üçün yatırım qoy. Toy da getsin işinin dalınca.
Vəssalam!
Allah mübarək eləsin!