Mənim fahişə dostum

Mənim fahişə dostum
12 aprel 2018
# 10:52

Ayxan Ayvaz

“Nə yaşın var” deyib müdrikcə gülümsəmə,

Körpəsini uşaq evində atıb fahişəlik edən

16 yaşlı qadının da “nə yaşı var’’ elə .

Fəridə Uğur

Sizin fahişə dostunuz olub? Qəribə səslənir deyilmi? Hətta bəzilərinizin dodaqaltı mızıldandığını da eşidirəm: “Fahişədən dost olar?”

Keçən gün bərbərim saçımı qırxa-qırxa mənə əbədi-əzəli bir sual verdi.

- Fahişələrə necə baxırsan?

Açığı, danışmaq, hədər yerə özümü yormaq istəmədim, amma bərbər dostumuz yaxamdan əl çəkmədi.

- Fahişələr olmasa, o əli qız əlinə dəyməmiş oğlanlar bilirsən nə qiyamət eləyərdilər? Aqressiyaları birə beş artardı.

Bərbərim diqqətlə mənə baxdı, hiss elədim ki, oxum hədəfə dəyib, verdiyim cavab xoşuna gəlib. Və bu an qəfil yazımın girişində sizə ünvanladığım sualı mənə verdi:

- Fahişə dostun olub heç?

Çiynimi çəkdim.

- Dost deyə bilmərəm, amma tanıyırdıq bir-birimizi.

- Məndə də elə olub e. – dedi. – Amma bir fahişəyə dost deyə bilərsən?

- Deyərəm...

Yeniyetmə vaxtlarımda Dostoyevski aşiqi idim və onun romanlarını oxuyandan sonra fahişələrə qarşı içimdə qəribə duyğular baş qaldırmışdı. Hətta hiss edirdim ki, onları sevə də bilərəm.

Fahişələr haqqında hüznlü cümlələr qurub özümü sentimental aparmaq fikrindən uzağam. Onların yalançı olduqlarını da görmüşəm. Danışdıqları əhvalatları özlərindən quraşdırdıqlarını da. Yazıçılığa oxşar bir xətt vardı fahişələrdə. Bəlkə də məni onlara çəkən buydu. Hətta bir dəfə dostum zarafatla fahişələrə “hamımızın toyunda” deyəndə bərk qəzəblənmişdim.

O günlər bir fahişə ilə bərbər dostumun təbiri ilə desək, tanış oldum. Təfərrüata varmaq istəmirəm. Adı məndə gizli qalsın. Bir-birimizin nömrələrini almışdıq. Hərdən danışırdıq, hərdən də görüşürdük. Ancaq bu görüşlərdə, bu söhbətlərdə məni fahişəylə bağlayan dost telləri görürdüm. Məni onun hekayəsi çəkmişdi. Bəlkə də quraşdırdığı hekayə. Tələbə vaxtı rəfiqəsi intihar edibmiş. Tez-tez mənə ondan danışırdı. Onu sevdiyi oğlan aldatmışdı, bakirəliyini alıb çıxıb getmişdi uzaqlara. Məncə, qızın sonrakı halını təsvir etməyə dəyməz. Evdə qırğın-dava, ona “fahişə” gözü ilə baxmaq və bunun kimi çəkilməz bir həyat. Axırda qız öz otağındakı çarpayıya bağladığı iplə özünü boğub öldürmüşdü. Fahişə dostum onun gündəliyindən danışırdı. Deyirdi, başına gələnləri yazıb: “Bir gün sənə verəcəm. Ondan yazarsan”. Ancaq heç vaxt o gündəliyin üzünü görmədim.

İndi bilmirəm hardadır. Əlaqəmiz çoxdan üzülüb. Bu hekayəsi isə məni həmişə yerindən oynadır. Bilirsiniz niyə? Düşünürəm ki, onun danışdığı hekayə əslində öz hekayəsidir. Sadəcə o qızın adından danışır. Bircə intihar hekayənin fantaziya hissəsidir.

Öz hekayəsini başqasının adı ilə danışan fahişə mənə kəndimizdəki əyyaşı xatırladır. O əyyaşdan uşaq vaxtı çox qorxurdum. Həmişə onu görəndə dabana tüpürürdüm. O kişi həmişə özü haqqında üçüncü şəxs kimi danışırdı: “O, bu dünyaya gəldi, atasını müharibədə itirdi...”

Məncə, fahişə dostum da özü haqqında üçüncü şəxs kimi danışırdı: “Onu aldatdılar. Bir dəfə qolunu doğradı. Kişilərə inanmaq istədi”.

Sentimental bir türk filmi kimi görünə bilər, bəziləriniz bu hadisəni düşük hesab edə bilər. Bəlkə də siz haqlısınız. Biz yaradıcı adamlar məsələni çox şişirdirik. Bəlkə sizdən daha həssasıq deyə belədir? Bilmirəm.

Və biz də özümüz haqqında hekayəni başqasının adı ilə danışırıq. Hamımızın içində öz hekayəsini danışmaq yanğısı var. Biri bu hekayəni dinləsin deyə. Və bütün hekayələrin altında qəmli bir nəğmə gizlənib.

# 5504 dəfə oxunub

Müəllifin son yazıları

# # #