Vaqif Səmədoğlunun ölüm zarafatı

Vaqif Səmədoğlunun ölüm zarafatı
5 iyun 2020
# 14:10

Vaqif Səmədoğluyla tanışlığımın tarixçəsi elə də qədim deyil. Mən onda bığ yeri təzəcə tərləmiş gənc idim. Çox həvəsli bir gənc. Hər gün oxuyur, vaxtaşırı yazırdım.

Tələbəlikdə "Mərkəz” qəzetində ədəbiyyat səhifəsi hazırlayırdım. İlk müsahibəni Vaqif Səmədoğludan almağı düşündüm. Zəng etdim. Dedi: "Ayxan bala, vaxtım azdı”. Ondan bir-iki söz qopartmaq da qənimət idi. Dedim: "Vaqif müəllim, telefondaca bir neçə sual verim, olsun müsahibə”.

Və o qısa müsahibədən bircə məqam yadımdadır.

Soruşmuşdum: "Vaqif müəllim, Azərbaycanda hansı yazıçı, şairləri bəyənirsiniz?”

Vaqif Səmədoğlunun cavabını başlığa çıxarmışdım: "Ayxan bala, indi birini deyəcəm, o birini yox, inciyəcəklər. Məni cəhənnəm, dədəmi söyəcəklər”.

O zaman bu kişini çox sevmişdim. Sonralar bir neçə dəfə də qarşılaşdıq Vaqif müəllimlə. Həmişə də məni sancmaqdan vaz keçmirdi. Düzü, mən də öz yumor atımı səyirdirdim, amma heyf ki, ona çata bilmirdim.

Çox qəribədir: bu qədər söhbətimiz olub şairlə, amma birlikdə şəklimiz olmayıb. Bəlkə də onun həmişə sağ qalacağına inandığım üçün heç şəkil çəkdirmək ağlımdan keçməyib. Ya da, söhbətlərimiz o qədər doyumlu olub ki, şəkil çəkdirməyə fürsət tapmamışıq.

*

Onda Facebookun təzə-tər vaxtları idi, Vaqif Səmədoğlu da özünə bir profil açmışdı. Yaşlı birinin buralarda "vaxt öldürməyi” hamımıza qəribə gəlmişdi. Sözüm onda yox. Sizə bir əhvalat danışacam. Diqqət növbəti abzasa.

Bir qız oxuyurdu bizim fakültədə. Savadlı qız idi, əlindən kitab düşmürdü. Allah haqqı, oxumadığı bədii əsər qalmamışdı. Heyrət edirdim onun zəkasına.

Özü də Vaqif Səmədoğlunun dəlisiydi. Əzbərə şeirlərini deyirdi. Ona bir dəfə xoş xəbəri çatdırdım: "Vaqif Səmədoğlu Facebookdadır”. İnanmadı. Elə bildi məzələnirəm. Profili axtarıb dostluq atdı, Vaqif Səmədoğlunun profilində cinayətin izini axtaran xəfiyyə kimi axtarışlara başladı. Məqsədi saf idi: bilmək istəyirdi ki, bu saxta Vaqif Səmədoğludu, yoxsa həqiqi.

Və nəticədə qərara gəldi: profil saxtadır, kimsə "layk” tutmaq üçün belə bir hesab açıb.

Yaman qəzəbləndi qız. Vaqif Səmədoğlunun inboxuna yazdı.

Yazışmaya diqqət:

– Ey! Sən kimsən?

– Qızım, başa düşmədim.

– Sən özünü Vaqif Səmədoğlu hesab edirsən? Yalansa...

– Qızım, vallah Vaqif Səmədoğluyam...

– Yalan danışma. Sən kim, Vaqif Səmədoğlu kim. Utanmaz!

Və dərhal blok...

Aradan siz deyin bir, mən deyim iki ay keçdi, təsadüfə bax ki Vaqif Səmədoğlu bizim universitetdə tələbələrlə görüşə gəldi. İlk sıralarda da bu qız, parıltılı gözlərini Vaqif müəllimə dikməkdə.

Vaqif Səmədoğlu diqqətlə qıza baxdı, baxdı, sonra qımışdı:

– Sən o qızsan?

Qız şaşırdı:

– Hansı qız?

– Mənə Facebookda yazmışdın ki, nə özünü Vaqif Səmədoğlu kimi aparırsan?

Bizdə can qalar? Gülüş sədaları altında qızın utanıb qızarması səhnəsini gözünüzün qabağına gətirin. Gətirdiniz? Onda keçək növbəti abzasa.

*

Yazıçı-şairlərin "yeyib-içmə” məclisiydi. Mən qabaqcadan içmişdim, başım dumanlıydı. Ora da içkili gəlmişdim. Əyri-üyrü yerişimlə Vaqif Səmədoğlunun hüzuruna çıxıb gülümsündüm. Və onun siqarına tərəf əyilib bir gilə götürmək istədim.

Mənə nə desə yaxşıdır? Quruyub qaldım. Sakit səslə dedi:

– Bunu çəkmək üçün nə yazmısan?

Vaqif müəllimin bu atmacasını sinirdim, amma içimdə bir xal qaldı. Başqa bir görüşdə onunla zarafatlaşmaq istədim. Dediyim kimi, hər dəfə Vaqif Səmədoğlu məni sancırdı, mən də bundan əsəbiləşib növbəti qarşılaşmada yumor silahımı işə salırdım.

İndi diqqət dialoqa:

– Vaqif müəllim, "Bəxt üzüyü” filmi, sizcə, çox mənasız film deyil?

– bu mənim atmacam.

– Filmdi də... Çəkiblər. – təmkinlidir hələ.

– Siz yazmısınız axı. – daha bir zərbə endirməkdəyəm.

– Əşşi, yazmışam da... – açması: "yaxanı məndən çək”.

Və dialoqumuzun kulminasiya nöqtəsi:

– Vaqif müəllim, Moşu Səməd Vurğun deyil ki?

Eynəyinin arxasından gözləri bərəldi. Amma özünü ələ vermədi:

– Dədəmi qatma... – şəhadət barmağını yuxarı qaldırdı və bununla da söhbətə xətm verildi.

O gün çox peşman olmuşdum. Zəng edib üzrxahlıq da etmişdim. Demişdim: "Vaqif müəllim, sərxoş idim, siz allah bağışlayın”. Vaqif Səmədoğlunun cavabı: "Problem deyil, Ayxan bala. Onsuz bunu sənnən gözləyirdim. Narahat olma”.

Bir gənc yazar bu qədər nakouta necə dözüb, bilmirəm.

*

Gələk, Vaqif müəllimin növbəti sancmasına...

Deməli, təqdimatların birində Vaqif Səmədoğluyla bir gözəl xanımın ayaqüstü şirin-şirin söhbət etdiyini gördüm. Vaqif müəllimi gördüyümə sevindim, tez yaxınlaşıb salamlaşdım. Təzəcə ağzımı açmışdım ki, şair sözümü yarıda kəsdi:

– Ayxan bala, ömrümə az qalıb. İcazə ver, son günlərimi gözəl xanımların əhatəsində keçirim.

Deyən gərək: "Ayxan bala, bu sənə lazım idi?”

*

Uzun illərdən sonra, Vaqif Səmədoğlu bu dünyadan köçəndə qızı ilə müsahibə eləmişdim. Qızı deyirdi ki, xərçəng olduğunu biləndə mənə zəng eləmişdi.

Yenə də yumoru öz işini görmüşdü:

"Qızım, gələndə pivə al. Xərçəng məndə var”.

75 yaşı tamam olanda Seyran Səxavət zəng edib ona. Deyib:

– Vaqif, yubileyindi, uşaqları da yığ başına, bunu yaxşıca yuyaq.

Vaqif Səmədoğlunun cavabına baxın:

– Seyran, inşallah, bu yaxınlarda yığışıb mənim özümü yuyarsınız, sonra da ehsan veriləndə babat yeyib-içərsiniz.

O, xəstəliyi və ölümü ilə həmişə zarafatlaşdı. Eynən mənimlə zarafatlaşdığı kimi. Ölümünə az qalmış demişdi: "Hamınızı dəfnimə gözləyirəm”.

Bu bir az tükürpədici zarafat idi...

Mən Vaqif Səmədoğlunu həmişə beləcə də xatırlayacağam. Yumor atının tərkində bizə gülümsəyən doğma simasıyla...

# 10043 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #