Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - REPORTAJ

Kafkadan, İbrahimoğludan salamlar... Yuğun ilk tamaşası - <span style="color:red;">REPORTAJ
29 fevral 2016
# 12:23

YUĞ teatrı söküldükdən sonra fəaliyyətini Kukla Teatrının binasında davam etdirir. Hazırda teatr yeni məkana uyğunlaşmağa çalışır.

Fevralın 27-si Kukla Teatrının binasında ilk tamaşa, daha doğrusu “yuğvari salam” baş tutdu. Quruluşu Mir Sahib Ağayevin olan “Çox məkanda var olmuşuq” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupu da iştirak edirdi.

Mən içəri girəndə nədənsə şadlıq sarayına bənzətdim məkanı. Kənarda piano, başqa musiqi alətləri, sintezator. Elə bil son zəng kimi. Hətta dostlardan biri dedi ki, mən YUĞ-a getmək istəyirəm.

Vaqif İbrahimoğlunun şəkli səhnənin düz ortasında çıxışa baxırdı. Bu vaxt isə səhnəyə “Savalan” qrupu çıxdı və Pir Sultan Abdaldan, Yunus Emreden oxuyub tamaşaçıları kədərli notlara köklədilər. Bu “yuğvari salamlama” idi, yoxsa uğurlama idi? Baş aça bilmədik. Belə olanda növbəti “salamlama” ilə Ramiz Həsənoğlu çıxdı və hamını narahatçılıqdan xilas etdi:

“Baş sağlığına gəlməmişik”.

Hamı alqışladı, dedik, daha kədərlənməyək, görək başımıza nə gəlir. Ancaq növbəti salamlama - “Amarkor” musiqi qrupu yenə hüznlü bir ab-hava yaratdı. Bəlkə bizə hər şey kədərli görünürdü? Bəlkə YUĞ-u bu balaca, təqdimat yerinə bənzəyən məkanda görməyə alışmadığımızdan belə idi? Elə bil qurbağa gölünə daş atmışdılar. Kədərli bir xəbər alan adamlar kimi idi salonun səssizliyi.

Bu arada balaca bir xanım – Fidan Tağıyeva səhnəyə çıxdı. Pianonun qarşısına keçdi. Bir azdan onun ifası səssizliyi aradan götürdü. Pianonun dillərinə elə əsəbi və gərginliklə vurdu ki, bir an öz-özümə belə düşündüm: “Deyəsən, bu qız da YUĞ-un sökülməsinə, bu binaya köçürülməsinə əsəbləşib”. Bir də gördüm artıq qızın barmaqları görünmür, piano elə bil onun əsəbiliyindən ürkürdü.

Və nəhayət, aktyorlar səhnəyə çıxdı. Yenə fərqli bir tamaşa (salamlama) ilə bizi çaş-baş qoydular.

Kafkadan salam!

İbrahimoğludan salam!

Yuğçulardan salam!

Hamı özünə gəldi, salon canlandı. YUĞ-un estetikasına uyğun olmayan məkan da elə bil aktyorların oyununa qoşuldu. Bir anlıq özümü YUĞ-un köhnə yerində hiss etdim.

Ortada səkkiz stul qoyulmuşdu. Əvvəl qadınlar oturdu, kişilər ayaqüstə durdular. Sonra isə əksinə. Sufiyanə, irfani bir məclisə bənzədi salamlama.

YUĞ-un aktyorları Vaqif İbrahimoğlunun şəklinin ətrafına toplaşdılar. İbrahimoğlu hələ də çıxışa baxırdı. Yuğçular alqışladı, biz alqışladıq. Vaqif müəllim isə sanki küsmüşdü, baxışlarını biz tərəfə çevirmirdi. Yuğçular tamaşaçılara baxıb dedilər:

Kafkadan salam!

İbrahimoğludan salam!

Bir ara mənə elə gəldi ki, Vaqif müəllimin şəkli bir balaca aşağıya tərəf sürüşdü, ancaq tezbazar düzəltdilər.

Yuğçuların bu salamlamada sanki deyirdilər:

Biz varıq!

Bizi silə bilməzsiniz!

Sizin üçün qırağa atılası teatr deyilik!

Bizim ö xəttimiz var, öz estetikamız var!

Biz Vaqif İbrahimoğlunun yaratdığı YUĞ-uq!

Biz özümüzə aid olmayan bu məkanda belə öz nəfəsimizi hiss elətdirərik!

Tamaşaçılar deyilməyən bu sözləri eşidib ayağa qalxdılar, hamı alqışlamağa başladı.

YUĞ hələ də ayaqdadır, hələ də bizi təəccübləndirməyi bacarır. İstər köhnə yerdə, istərsə də yeni məkanda. Ancaq bu teatr hansısa binanın təqdimat etdiyi balaca yerə uyğun deyil.

YUĞ öz binasına, öz nəfəsinə qovuşmalıdı.

Yuğçular çox yerdə varlar.

Onları hansısa binanın içində yox eləmək olmaz, səslərini eşidirik.

YUĞ-un burda qalmamağı, öz estetikasına uyğun binaya yerləşdirilməsi diləyi ilə hamınıza yuğçulardan salam gətirdim. Unutmayın, teatrın var olması, bizim var olmağımız deməkdir. YUĞ-un varlığı mədəniyyətimizi varlığıdır.

# 2302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #