Əkrəm Əylisli: “Bəlkə, o əsərimdən imtina elədim” – Müsahibə 

Əkrəm Əylisli, yazıçı

Əkrəm Əylisli, yazıçı

6 dekabr 2021
# 09:00

Bu gün Əkrəm Əylislinin 84 yaşı tamam olur. Əkrəm Əylisli ilə görüşüb söhbət etmək istəsək də, onun fiziki vəziyyəti qənaətbəxş olmadığından müsahibəni yazılı formada etdik.

Kulis.az Ayxan Ayvazla Əkrəm Əylislinin söhbətini təqdim edir.

- Əkrəm müəllim, necəsiz?

- Yaxşıyam, qalan ömrümü yaşayıram.

- Yeni nələrsə yazırsınız?

- Arabir hekayədən, povestdən zaddan yazıram.

- Hazır olanları var?

- Əlimdə bir hekayə var. Çoxdan yazdığımdır. Bəlkə də povest oldu. Yarıdan çoxunu yazmışam. Mən tez yazan adam deyiləm.

- Əkrəm müəllim, bizdə həmişə kənd-şəhər bölgüsü aparılıb. Xüsusən ədəbiyyatda. Sizi də həmişə kənd yazıçısı kimi qələmə veriblər. Nə düşünürsünüz bu haqda?

- Bu söhbət olduqca mənasız söhbətdir, əzizim Ayxan. Yetərincə ağılsız və faydasız cəfəngiyatdır. Servantes, Tolstoy, Folkner, Bunin kənd yazıçısıdır, yoxsa şəhər yazıçısı? İyirminci yüzilliyin ən dəyərli ziyalılarından biri, bənzərsiz yazıçı Sent Ekzüperi Fransanın balaca bir kəndində doğulub. Kamyu ilə Sartr şəhərlidir. Gərək nə qədər nadan olasan ki, bu yazıçıların arasında kəndli-şəhərli bölgüsü aparasan. Yazıçının hansı coğrafi məkana mənsub olmağının ədəbiyyata nə dəxli var? Axı hər yazıçı, əgər həqiqətən yazıçıdırsa, yalnız özünə mənsub olan ruhi ərazinin sahibidir. Bu ərazi böyük də, kiçik də ola bilir. Burası yazıçı istedadının miqyasından asılıdır. Ancaq burası da var ki, kənddə doğulan yazıçının kökü quru asfalta yox, nəmli torpağa bağlı olur. Torpağın cazibə qüvvəsi şəhərdə yaşayan yazıçını daim özünə çəkir, onun hər qarışından yazıçı xəyalında min bir xatirə oyanır. Folkner müsahibələrinin birində deyir ki, doğulduğu torpağın bir poçt markası boyda yerindən bir yazıçı ömrü boyu yaza bilər və bunu yazıb qurtarmağa bir yazıçı ömrü bəs eləməz.

- Köhnə yazılarınızı oxuyursunuzmu? Necə təsir bağışlayır sizə? Məsələn, “Kür qırağının meşələri”, “Gilənar çiçəyinə söylədiklərim”...

- Oxuyuram. Özü də köhnə kitablarımı indi çox vaxt qorxa-qorxa açıram. Xüsusən “Adamlar və ağaclar”ı. Üç povestdən ibarət olan bu kitabın elə yerləri var ki, oxuyanda gözlərimin yaşını yığıb-yığışdıra bilmirəm. Bu trilogiyanın birinci povestini, “Mənim Nəğməkar bibim”i hələ 1966-cı ildə, 29 yaşımda yazmışdım. Elə həmin il Moskvada rus dilində çap edildi və yaxşı uğur qazandı. Həvəslənib, bu silsilədən, dalbadal iki povest də yazdım. Çox keçməmiş trilogiya Moskvada nəşr olundu. Özü də bir yox, bir neçə dəfə. Sonra bu kitabı Latviyadan başlayıb Özbəkistanacan, keçmiş Sovet respublikalarının əksəriyyətində nəşr elədilər. Hələ mənim 35 yaşım olanda, “Adamlar və ağaclar” Şərqi Avropa ölkələrinin bir çoxunda nəşr edilmişdi: Çexoslovakiyada, Bolqarıstanda, Macarıstanda. Polşada dalbadal iki dəfə. Təxminən iki il bundan əvvəl ABŞ-ın “Academic Studies Press” nəşriyatında, tanınmış Amerika şairi Ketrin Yanqın tərcüməsində “Əlvida Əylis”, adlı yeni trilogiyam nəşr olunub. Bu kitab haqqında ABŞ-ın, İngiltərənin, İtaliyanın, Almaniyanın, Finlandiyanın dövri nəşrlərində palaz-palaz məqalələr dərc edilib, indi də ara-sıra dərc edilir. Ancaq bu söhbəti salmaqda məqsədim özümü reklam eləmək deyil. Ketrin Yanq, üç dörd ay bundan əvvəl, elektron ünvanıma məktub göndərib, “Adamlar və ağaclar”ı ruscadan tərcümə eləməyə başladığını xəbər verəndə trilogiyanın birinci povestinin “Azərbaycan” jurnalındakı qəribə tarixçəsi yadıma düşdü.

- Necə idi o tarixçə?

- Povesti iki il həbs eləyib, rəfdə saxladılar. Kim saxladı: Mirzə İbrahimov, Qılman Musayev, Cəlal Məmmədov, İsa Hüseynov. Qılman Musayev deyirdi ki, bu əsər müharibədə qalib gəlmiş xalqın əsəri deyil. Eyni sözü Mirzə İbrahimov da deyirdi. Cəlal Məmmədov əsərin “antisovet” əsər olduğunu, birmənalı şəkildə, ucadan bəyan eləyirdi. İsa Hüseynov bic-bic, irişə-irişə deyirdi ki, bəsdir, nənəndən, xalandan yazmağı qurtar. Adlarını çəkdiyim bu adamları mənim yanımda heç kəs tərifləməsin. İllərlə ədəbiyyatın başında duran “el atası” Mirzə İbrahimov işıqlı-istedadlı əsərlərin ölkədən kənara çıxmasına hər fürsətdə mane olmağa çalışıb. Naftalin, parafin iyi verən saxta, sönük, simasız ədəbiyyata geniş yol açmaqda o dövrün “bolşevik əqidəli” ədəbiyyat generallarının heç birindən geri qalmayıb. Buna inanmaq istəməyənlər Mirzə müəllimin “Dəli Kür”ə və “Kür qırağının meşələri”nə qarşı davamlı hücumlarını yada salsın. Mirzə müəllim “Dəli Kür”ü ona görə ittiham eləyirdi ki, guya orda sinfi düşmənə rəğbət bəslənilirdi. “Kür qırağının meşələri” isə, Mirzə İbrahimova görə, “Dəli kür”dən də xeyli ziyanlı idi, çünki bu əsərdə Sovet yazıçısına yaraşmayan “dumanlı fikirlər” vardı və əsər bütövlükdə xalqımıza, millətimizə qara yaxırdı.

“Sən üzünə marksist maskası taxmış miskin bir feodalsan”. Bu sözləri mən bir vaxt, bir iclasda, xeyli adamın yanında Mirzə İbrahimovun üzünə demişəm. Və hələ bundan da bir-iki il sonra, Mərkəzi Komitənin ideoloji katibi Danil Quliyevin kabinetində, Mirzə müəllimin gözünün içinə demişəm ki, siz ədəbiyyatın əliqanlı cəlladlarını öz ətrafınıza toplayıb, sizə yaltaqlanmayanlara divan tutursunuz.

Mən o povesti “Azərbaycan” jurnalına verəndə jurnalın baş redaktoru Qılman Musayev idi – Qılman İlkin, yəqin ki, tanıyarsan, necə yazıçı olduğunu bilirsən. Sonra vəzifəyə Cəlal Məmmədovu qoydular. İçiboş, özündən razı adamıydı. Qatı “kommunistlərdən” biriydi. Mirzə İbrahimovun sədaqətli nökəriydi. Cəlal Məmmədovun baş redaktor olduğu dövrdə jurnal şablonun, saxtalığın, soldafon ideya təəssübkeşliyinin elə bir həddinə çatmışdı ki, belə şeyi indi heç təsəvvür eləmək də mümkün deyil.

- İsa Hüseynovun sizə münasibəti necə oldu bəs?

- O vaxt İsa Hüseynov “Azərbaycan” jurnalının nəşr şöbəsinin müdiri vəzifəsindən təzəlikcə getmişdi. Yeniliyə, istedada münasibətdə İsa Hüseynovu Mirzə müəllimin yanına qoymaq mən tərəfdən böyük allahsızlıq olardı. Ancaq xüdpəsəndlik, ədəbi qısqanclıq İsa Hüseynovun təzadlı təbiətində də görünəcək qədərində vardı. Onun hər hansı bir gənc yazıçının əlindən tutub ədəbiyyata gətirdiyini görən varmı? Onunla bir dövrdə yazıb-yaradan İsmayıl Şıxlının, Vidadi Babanlının, Sabir Əhmədovun, Yusif Səmədoğlunun hər hansı bir əsəri barəsində İsa Hüseynovun dilindən bir kəlmə tərifli söz eşidən olubmu? Yəqin ki, bu qısqanclığına görə Yusif Səmədoğlu onun adını “xıltlı adam” qoymuşdu. İsa Hüseynovun pərəstişkarları qoy məni daşqalaq eləsin. Onu da deyəcəyəm ki, bir vaxt “xıltlı” adam “Adamlar və ağaclar”ın uğurundan az qala dəli olmuşdu, hikkəsi, kin-küdrəti yerə göyə sığmırdı. Təxminən eyni mövzuda və eyni ahəngdə dalbadal iki povest yazdı: “Saz” və “Tütək səsi”. Hətta mənim daimi tərcüməçim Tamara Kalyakinaya yol tapıb, povestlərini rus dilinə də tərcümə elətdirdi. Amma, ölkədən kənarda, “Adamlar və ağaclar”ın bəlkə heç yüzdə biri qədər də uğur qazana bilmədi. Sonralar “xıltı” o həddə çatdı ki, Yazıçılar Birliyinin mənim qəsdən iştirak etmədiyim qurultaylarının birində durub heç dəxli olmadan bəyan elədi ki, AYB-nin Ağsaqqallar Şurasında mənimlə yanaşı oturmaq istəmir. Halbuki o vaxt mən AYB üzvlüyündən çoxdan və həmişəlik imtina eləmişdim. O vaxt “Daş yuxular” yox idi. Amma xılt vardı. O xılt, bir çox başqalarında da, mənə qarşı həmişə olmuşdu.

- Yaman əsəbi və qəzəblisiniz...

- Qoy mənə desinlər ki, bu ahıl vaxtında, bu adam ağlını tamam itirib, özünü öyməkdən həzz alır. Sənə bunu da hökmən deməliyəm ki, “Adamlar və ağaclar” Azərbaycan ədəbiyyatının 60-ci illərdəki ən böyük uğuruydu. Bunu ruslar dedi, latışlar, polyaklar, bolqarlar, hətta özbəklər də dedi. Ancaq özümüzünkülər demədi. Deməyi lazım bilmədi.

- Sonra çap elədilər amma...

- Trilogiyanın dediyim birinci povestini, əsər Moskvada çıxandan və Ümumittifaq radiosunda silsilə verilişləri gedəndən sonra, məcbur olub, “Azərbaycan” jurnalında da çap elədilər. Bir sözlə, Moskva qanımın arasına girdi. Əgər Moskva olmasaydı, ola bilər ki, məni elə o povestlə də bitirib-qutaracaqdılar. Ya, Əli Kərim kimi, dünyadan və özümdən küsüb, arağa-çaxıra qurşanacaqdım, ya da gedib kəndlərin birində sıravi müəllim işləyəcəkdim.

Moskvanın Azərbaycan ədəbiyyatına, maarifanə, mədəniyyətinə müsbət təsirini dananlar, Sabirin sözüylə desəm, ZÜLMƏTSEVƏR insanlardır. İndi Türkiyə ilə əlaqələrimiz heç vaxt olmadığı qədər yüksək həddə çatıb. Ancaq sənə məsuliyyətlə deyirəm ki, şəxsən mənim Türkiyə ədəbiyyatından öyrənə biləcəyim heç nə yoxdur. Türkiyə ədəbiyyatı - içi Orxan Pamuk qarışıq – məncə Azərbaycan ədəbiyyatından xeyli zəifdir. Türkiyənin nə Mirzə Fətəlisi, nə Mirzə Cəlili, nə də Sabiri var. Bu ölkədə Nazim Hikməti əvəz edəcək heç bir ədəbi fiqur uzun illərdən bəri hələ ki, meydana çıxmayıb.

- Səhv etmirəmsə, Nazim Hikmətlə görüşünüz də olmuşdu...


- Mən Nazim Hikməti ilk dəfə Aşqabadda yaxından görmüşdüm. Bir dəfə, Moskvada, dərsdən çıxıb yataqxanaya gedəndə onu Tverskoy bulvarda tək-tənha oturan gördüm. Halsız idi, olduqca kədərliydi. Bir az ordan-burdan söhbət elədik. Türkiyə üçün çoxmu darıxırsınız, dedim. Bir söz demədi. Ayrılanda elə bir söz dedi ki, indi də yadıma düşəndə tüklərim biz-biz olur: “Oğlum, ölmək istəyirəm!”.

- Kədərlidir...

- Belə-belə işlər, Ayxan əfəndi. “Adamlar və ağaclar”ın söhbəti gör məni hardan haracan aparıb çıxartdı.

- Son yazdığınız hekayələrdə bir az qəzəb, bir az da nisgil vardı. Bunu oxuyanların çoxusu qeyd edirdi. Sanki hekayələrinizi hansısa qəzəbdən qələmə alırsınız. Nədir bu qəzəbin mənbəyi?

- Mənim bədii yazılarımın hamısında nisgil var. Amma “qəzəb” məsələsində səninlə razılaşa bilməyəcəyəm. Çünki bədii yazılarımda həmişə çalışmışam ki, içimin qəzəbini yazıya hopdurmayım. Ancaq müsahibələrimdə və publisistik yazılarımda qəzəb bəlkə lazım olduğundan da xeyli çoxdur.

- Məsələn, “Ölmüş arvadların qayıtmağı” hekayəniz nisgilli idi, kövrək notlar üzərində qurulmuşdu. Müharibədən sonra kişisiz qalan qadınların səsini eşidən professor... Hekayəni oxuyanda isə təəssüfləndim ki, Əkrəm müəllim bu yeri "qazmaq"dan imtina edib və özünün kövrək duyğularını hekayəyə sızdırıb. Niyə belə alınmışdı?

- Vaxtımızı bekara işlərə sərf etməyək. Bədii əsəri təhlil eləmək, müsahibə formatı üçün bir o qədər də əlverişli və münasib deyil. Gəl ondan danışaq ki, ədəbiyyatımızı niyə gün-gündən çoxalan primitivlik biti basır. Niyə bulvar ədəbiyyatı məzmunlu-məfkürəli ədəbiyatı gün-gündən daha çox zorlayıb, sıxışdırıb aradan çıxarır? Məşhur olmaq, ad-san qazanmaq ehtirası ilə yazılan və birbaşa oxucu kütləsinin zövqünə-istəyinə hesablanan primitiv bədii söz surroqatı indi bizim üçün niyə bu qədər cazibədar olub və nəyə görə bu üzdəniraq bədii surroqat ədəbiyyatımızın ruhi-mənəvi ərazisini getdikcə artan sürətlə zəbt eləyir?

- Haqlısınız. İndi hətta ədəbiyyat söhbətləri eləmək də kənardan gülünc görünür. Çünki proses tamam yoxa çıxıb...

- Bir müddət bundan qabaq saytınızda sənin yazdığın bir esseni oxudum: “Anarın hekayəsi hər şeyi göstərdi”. Essenin adı, səhv etmirəmsə, beləydi. Bir az qorxa-qorxa desən də, sən orda çox şey demisən. Mən həmin essedə tək sənin yox, sənin mənsub olduğun ədəbi gəncliyin fəryadını, ah-naləsini eşitdim. Bədbinlik, ümidsizlik, dəhşətli çıxılmazlıq ovqatı. Sən essendə onu da demisən ki, bu ovqat hələ uzun sürəcək, çünki ədəbiyyatın Baş Qərargahında çoxdan oturanlar heç cür yerindən tərpənmək istəmir.

İndi vəziyyət hər yerdə belədir: vəzifədə çox oturmaq böyük şücaət sayılır. Məsələ burasındadır ki, vəzifəli cənabların bu unikal həyasızlığı indi bizi o qədər də heyrətləndirmir. Laqeydlik-biganəlik içimizi o qədər çürüdüb ki, nəyəsə heyrətlənməyə də daha bizdə hal qalmayıb. Bir evdən üç adama Xalq şairi, Xalq yazıçısı adı veriləndə bir vaxtlar mənim gözlərim bərələ qalırdı. İndi dilimizdə bir səhifə bədii mətni olmayanlara Azərbaycanın Xalq yazıçısı adı verirlər, ancaq mənim heç tüküm də tərpənmir.

- Əkrəm müəllim, gəlin bu yaxınlarda çap olunan “Tövbə qapısı” adlı povestinizdən də danışaq. Orda elə indi dediklərinizi, son dövrlər baş verən hadisələri tragikomik dillə təsvir eləmişdiniz. Üstəlik açıq-açığına. Tanınan imzaların adlarını olduğu kimi saxlamışdınız. Hamı Anarın qapısında tövbəyə dayanır. Yalnız sizin özünüz sona qədər, hətta yuxunuzda belə Anarın tövbə qapısından keçmirsiniz. Açığı, bu cür bir povestin sizin qələminizdən çıxması təəccüb doğurdu. Özünüz necə düşünürsünüz bu haqda?

- O povesti hardan tapıb çıxartdın? “Tövbə qapısı” povest deyil axı, felyetondur: nağıl-felyeton, orda belə də yazılıb. Özü də, sənə deyim ki, yazı ürəyimcə alınmayıb. Çox uzundur, bir az da bayağıdır. İstəmişəm çox gülməli alınsın, ancaq heç az gülməli də alınmayıb.

- Onda söhbəti dəyişək. Əkrəm müəllim, uzun illərdən sonra köhnə dostlarınızdan ayrı düşdünüz. Məlum qalmaqaldan sonra özünüzü tənha hiss etdiyinizi açıqladınız. Sonra da o dostluq günlərinin xiffətini çəkdiyini dediniz. Ehtimal varmı barışmaq üçün? Təzədən Anar, Elçin və Əkrəm Əylisli dostluğu ola bilərmi?

- Keçmiş dostlarımı tez-tez xatırlayıram. Özü də onlarla bir yerdə keçirdiyim günlərin yalnız səmimi məqamları gözümün qabağına gəlir. Məsələn, Anarı xatırlayanda bir gün köhnə İnturistin restoranında Nazim Hikmətin bacısı Samiyə xanımla oturmağımız tez-tez yadıma düşür. Samiyə xanım yaraşıqlı, kübar, cazibədar, gözəl bir türk xanımıydı. Yaşı yetmişi keçsə də, bizimlə bir yerdə axıracan ləzzətlə rus arağı içdi. Elə gözəl türk qadınını o çağacan mən heç yerdə görməmişdim.

Həmin restoranla bağlı başqa bir xatirəm də var. O restoranın bir küncündə bir axşam biz Anarla oturub, yeyib-içirdik. Bizdən aralıdakı böyük banket masasının arxasında 10-15 xarici qonaq oturmuşdu. Çexoslovakiyalı turistlər idi. O həmin dövr idi ki, “Praqa baharı” deyilən hadisələr artıq başlanmışdı. Mən rumkama araq doldurub turistlərə yaxınlaşdım. “Dubçekin sağlığına!” dedim. “Hamı ayaq üstə!” Onda Dubçek Çexoslavakiya Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibiydi. “İnsan sifətli sosializm” ideyasının müəllifiydi. Bir sözlə, hamı ayağa qalxıb, içib Dubçeki ehtiramla yad elədi.

Elçinlə də yaddaqalan günlərimiz çox olub. İndi, Elçini xatırlayanda, onun Əylisdə, bizim həyətdə, əllərini arxasında cütləyib, öz-özünə danışa-danışa, ləzzətlə gəzinməyi həmişə yadıma düşür.

Ədəbiyyat söhbətinə gəldikdə bircə onu demək istərdim ki, bizim bir yerdə olmağımız ədəbiyyata nə qədər xeyir vermişdisə, bir yerdə olmamağımız ona bir o qədər ziyan vurdu.

- Ümumiyyətlə, barışığa nə qədər ehtiyac duyursunuz?

- Bu fikrə münasibətim yaxşı deyil, çünki mən həmişə özümdən kiçiklərlə bir yerdə olmuşam. “Azərbaycan” jurnalının baş redaktoru kimi, əlimə ilk dəfə böyük fürsət düşəndə istedadlı gəncləri hamılıqla başıma toplamışam. Mən orda nələr eləmədim. İndi yadıma salanda özüm də heyrətə gəlirəm.

Kəfənimi çiynimə salıb, jurnalı qocaların əsarətindən hifz elədim. Qabili jurnaldan uzaqlaşdırıb, 25-26 yaşlı Nadir Cabbarovu özümə müavin götürdüm ki, istedadlı cavanlar jurnala daha rahat gəlib-gedə bilsin. Ramiz Rövşənin, Afaq Məsudun, Eldar Baxışın, Vaqif Cəbrayılzadənin və neçə-neçə digər gənc şair və yazıçının o vaxtacan və o dövrdə yazdıqlarının hamısı jurnalda çap olundu. Mən orda olmasaydım, Şahmarı, Səfər Alışarlını, Rafiq Tağını, o zaman gözəl hekayələr yazan Baba Vəziroğlunu o jurnalın qapısından kim içəri buraxacaqdı? Rəhman Əlizadənin “Əncir qurusu”, Mövlud Süleymanlının “Dəyirman”, Dilsuzun “Yol” povestini çap etməyin xatalı məsuliyyətini kim boynuna götürəcəkdi?

İndi deyirlər ki, Sovet hökuməti yıxılandan sonra bizim yazıçıların arxivindən niyə sandıq ədəbiyyatı üzə çıxmadı. Ona görə üzə çıxmadı ki, bir zaman belə bir “Azərbaycan” jurnalı olmuşdu. Anarın o vaxtkı “Qobustan” jurnalı da heç bir cəsarətli yazını çap etməkdən heç vaxt imtina eləməmişdi.

- Əkrəm müəllim, 60-cılara qarşı kəskin çıxışlar edən, onları tənqid edən xeyli sayda yazarlar yetişdi. Lakin siz həmişə bu tənqidlərdən bir azca yayındınız. Hətta bəzən özünüz də AYB-ni, onun siyasətini tənqid etdiniz. Bəzən belə bir fikir səsləndirirlər ki, Əkrəm Əylisli köhnə dostlarını itirdiyi üçün yeni dostlara, gəncliyə ehtiyacı vardı, ona görə də onları dəstəkləyirdi. Bu fikirlərə münasibətiniz necədir?

- Altmışıncılara qarşı hücumların hansı ehtiyacdan doğduğunu mən heç vaxt anlaya bilməmişəm. Əgər söhbət Elçinin və Anarın məmurluq fəaliyyətinin yarıtmazlığından gedirsə, bunun mənə nə dəxli var? Mən ki, heç bir vəzifədən heç vaxt yapışıb durmamışam. “Azərbaycan” jurnalından da, AYB-nin katibliyindən də öz xoşuma çıxıb getmişəm və Anarı sərt tənqid eləyəndə də həmişə ədəbiyyatımızın ümumi mənafeyindən çıxış etmişəm. İş görən vəzifədə çox oturmur. Uzağı 5-6 ilə özünün bacardığı işi görüb, vəzifədən rahatca çıxıb gedir. Əgər bir adam, hər hansı bir vəzifədə, özünün görə biləcəyi işi 10 ilə görüb-qurtara bilmirsə, bu adamın bundan sonrakı 10-15 ildə daha böyük işlər görəcəyinə necə inanmaq olar?! Burda söhbət, məlum məsələdir ki, fabrikdən-zavoddan getmir. Dəyişikliyə həmişə ehtiyacı olan ictimai təşkilatdan gedir.

- Sizcə niyə həqiqəti, sözün düzünü demək ədəbiyyat adamları arasında dost itkisinə səbəb oldu? Axı bütün hallarda söz adamları digərlərindən fərqli düşüncəyə malik olmalıdır...

- Dostoyevski deyib ki, həqiqət Nekrasovdan, Puşkindən, xalqdan, Rusiyadan ucadır. Mənim də öz həqiqətim var və yəqin ki, buna görə başım həmişə qovğadadır.

- Əkrəm müəllim, ədəbi mühitdə yazıçı və şairlərlə ən çox konflikti olan yazıçı da sizsiniz. İsa Hüseynovdan tutmuş Anara qədər xeyli sayda yazıçı ilə söz davanız olub. Nədir bunun səbəbi? Sizə olan qısqanclıq, yoxsa sizin xarakteriniz dalaşqan olması?

- Mənim heç bir yazıçı ilə konfliktim olmayıb, bütün dava-dalaşım qrafomanlara və yalançı avtoritetlərə qarşı olub. Mənim nə günahım var ki, bu iki insan tipi bizdə həddən çoxdur.

- Ölkədə kitabları yandırılan yeganə yazıçı sizsiniz. Bu kitablar sizin qədim-qaim kitablarınız idi. Daha sonra iki yeni kitabınız çıxdı: “Safsar”, “Dağlar deyir soyuqdur”. Bu kitablarınıza olan reaksiya sizi qane etdimi?

- Vaşinqtonda bir kitabxana var. Orda yandırılan kitabların hər il anım mərasimi keçirilir. Sən demə, İkinci Dünya müharibəsindən sonra, dünyada cəmi 11 müəllifin kitabı yandırılıbmış. Mənimki 11-ci, axırıncı yerdədir. İndi özün fikirləş: AYB-nin iki min üzvündən biri olmaq yaxşıdır, yoxsa kitabı yandırılan müəlliflərin on birincisi?

- Sizin kitablar yandırılsa da, oxucuların sizə sevgisi hələ də azalmayıb. O günləri Milli Kitab Sərgisində sorğu keçirilmişdi: Hansı yazıçımızla görüşmək istərdiniz? Böyük qism sizinlə, Əkrəm Əylisliylə görüşmək istədiyini demişdi. Xəbəriniz oldu bu hadisədən? Sizi dəvət etmişdilər oxucularla görüşə?

- Xəbərim oldu, ancaq təəssüf ki, gedə bilmədim. Fiziki vəziyyətim imkan vermədi.

- Yazıçı ilə xalq arasında daim bir uçurum olur. Klassiklərdən üzü bəri bunu çox görmüşük. Sovet vaxtı xalqla yazıçının süni birliyini yaradırdılar. Lakin mətnlə yazıçı arasında yalnızca sənətkarlıq və zaman dayanır. Siz necə düşünürsünüz bu haqda? Xalq sizi məlum qalmaqaldan sonra da bağışladımı? Yaxud bağışlanmaq istəyirsinizmi?

- Bir var xalq, bir də var kütlə. Xalq çoxluq deyil. Azlıqdır. Millətin varlığını, onun ən yaxşı keyfiyyətlərini qoruyub-saxlayandır. Kütlə ürəksiz, beyinsiz insan toplumudur. Dediyin məlum qalmaqala gəldikdə isə, onu yaradan da xalq deyildi, kütlə idi. Kütlənin yaddaşı olmur. Yaddaşı olanlar məni bağışlamaya bilməzdi.

- Ötənlərdə müsahibələrinizin birində ürəyinizcə əsəri yazmadığınızı dilə gətirmişdiniz. İndi necə düşünürsünüz? Yazmısınızmı o əsəri? Ya yazacaqsınızmı?

- Dünyanın şöhrətli yazıçıları, məsələn, Folkner və Markes dönə-dönə deyib ki, kaş mənim də “Don Kixot” kimi bir romanım olaydı. Bəlkə 60 ildir ki, hər dəfə masa arxasına keçəndə mən özümün ən yaxşı əsərimi yazacağımı zənn eləmişəm. Mənim ən yaxşı əsərim hansıdır: bəlkə “Tənha narın nağılı”dır, bəlkə “Güllü paltar mövsümü”dür, “Yas yerindən reportaj”dır? Bəlkə “Dəhnə”dir, “Ağdərədir”? Mən bunu bilmirəm və heç vaxt bilməyəcəyəm. Ancaq yaxşı bilirəm ki, məsələn, “Səfillər”i, “Cinayət və cəzanı”, “Qoca və dəniz”i mən yazmamışam. Mən bilən, Elçin də yazmayıb. Ancaq Anar yazıb, deyəsən. Mənə inanmayanlar getsin “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni qoysun qabağına, bir də ləzzətlə oxusun.

- Nə vaxtsa hansısa əsərinizdən imtina etməyi düşünürsünüz? Yaxud düşünmüsünüz bu haqda?

- Yox, düşünməmişəm. Düşünsəydim, bəlkə “Tövbə qapısı”ndan imtina eləyərdim. Amma yox, heç ondan da imtina eləməzdim. O yazının iki ləzzətli yerli var: Həmid Herisçinin o dünyadan reportajı, bir də Günel Mövludun Anarla məzələnməyi.

- Doğulub boya-başa çatdığınız Əylis sizin əsərlərinizdən qırmızı xətt kimi keçib. Hətta hərdən mənə elə gəlib ki, Əylis sizin bütün pisliklərdən, təhlükələrdən qaçıb sığındığınız xəyali bir məkan olub. Həmin məkan indi necə xəyalınızda, qəlbinizdə, yaddaşınızda olduğu kimi qalır, ya uçub dağılıb, köhnəlib?

- Deyəsən, Əylis də qurtardı, Ayxan. Anam, böyük qardaşım öləndə Əylis məndən ötrü iki dəfə boşalmışdı. Bu dəfə birdən-birə tamam yox oldu. O gün telefonda sənə dedim ki, qardaşımın halı yaxşı deyil. O qardaş elə o gün rəhmətə getdi. Ölməyi inanılmaz dərəcədə qəfil oldu. Dava-dərman, yorğan-döşək görmədən, elə ayaq üstdəcə, çıraq kimi söndü elə bil. Mənə Əylisdən xəbər verən də, mənim Əylisdəki ev-eşiyimi saxlayan da o idi. İşə bax: heç dəfninə, yasına da gedə bilmədim. Mənim Bakıdan çıxmağıma beş ildir ki, qadağa qoyulub.

# 37805 dəfə oxunub

Müəllifin son yazıları

# # #