70 yaşında ata olan qocanın evindən reportaj

70 yaşında ata olan qocanın evindən reportaj
29 may 2020
# 12:22

Xaçmazın, Çarxı kəndinin ən yaşlı sakinin evinə gedirik – 90 yaşlı Ağahüseyn babanın yanına. Mən, bir də 80 yaşlı Sərkər baba.

Darvazalarının qabağında Sərkər baba öz dostunu səsləyir:

“Ağahüseyn!”

Hay verən yoxdur. Darvaza ilə evin arasında xeyli məsafə var. Yəqin ki bizim səsimiz Ağahüseynin uzaqda qaralan evinə dəyib geri qayıdır.

Axırı, səsimizə qonşu hay verir, Ağahüseynin yoldaşını çağırır və bizi gülərüz bir xanım qarşılayır.

- Bu, Ağahüseyn kişinin həyat yoldaşıdır. – Sərkər baba deyir. – İkinci həyat yoldaşı.

Köhnə damlı, aynabəndli evdən qıvraq bir qoca çıxır eşiyə. Sən demə, bizim 90 yaşlı qocamız bu kişi imiş. Baxanda heç 90 yaş verməzsən, uzağı-uzağı 60. Qapıda bizi qarşılayır. Sərkər baba ilə əsgərlik yoldaşı kimi görüşüb qucaqlaşır.

Gallery

- Sən hələ ki məndən 10 yaş qabaqdasan. Vurub ötmüsən məni. – Sərkər baba deyir.

Ağahüseyn baba mənə baxır, yaddaşı ona heç nə demir:

- Sərkər, bu kimdi?

- Mənim nəvəmdi. Yazıçıdı. Xaricdən gəlib. – Sərkər baba deyir, sonra qulağıma əyilib davam edir – Belə deyirəm ki, qoy sevinsin, ömrü bir on il də uzansın.

Ağahüseyn baba bizə baxıb gülümsünür və ikimizi də evə dəvət edir. Yanında da cavan yoldaşı.

Çay süzürlər və biz çaydan yudumlaya-yudumlaya Ağahüseyn babanın əynini dəyişməyini gözləyirik.

- O geyindiyi tövlədə işlədiyi paltardır. Ağahüseyn həmişə səliqəli geyinməyi sevir – cavan yoldaşı deyir.

Ağahüseyn baba təzə paltarla qabağımıza çıxır, bayaq başına qoyduğu papaq gözə dəymir, ağ tüklər onun qocalığının təsdiqi kimi ortaya çıxır.

- Silindir papağını gətirim? – yoldaşı soruşur, cavab gəlmədən gedib papağı gətirir və qocalığın təsdiqini ört-basdır edir.

Gallery

İndi köhnə filmlərdən çıxıb gəlmiş, 30-cu ildə dünyaya göz açmış, yerin üstünü də, altını da bilən Ağahüseyn baba elə bil bir az cavanlaşır, üzündəki qırışların arasında gənc qalan cizgiləri ilə bizə baxıb gülümsəyir.

İkinci həyat yoldaşı əllərini qoynunda çarpazlayıb söhbətimizə qulaq verir. Ağahüseyn kişi ilk yoldaşından danışır. Onu tək-tənha qoyan yoldaşından.

- Necə sevirdin sən onu. – Sərkər baba deyir.

Yoldaşı gülümsünür:

- Mənə də danışıb.

- Adı Tamaraydı, oğul. – dediyi bu “oğul” müraciətindən, nədənsə, kövrəlirəm. – Sinif yoldaşım idi.

- Rus deyildi ki?

- Yox, özümüzünkü...

Tamaraya görə dəli-divanə olub Ağahüseyn baba. Kənddə Məcnun kimi gəzirmiş, sevdadan qarşılaşdığı adamları da Tamara kimi görürmüş. Bütün kənd onun gözündə Tamaraya çevrilmişdi. Yəni sevgi olmuşdu o boyda kənd. Ağahüseyn baba bu sevdanın yanğınını söndürmək üçün ata-anasına gənəşib, elçi gediblər və arzusunda olduğu Tamaraya qovuşub.

Tamara ona nə az, nə çox – düz altı uşaq verib: üçü oğlan, üçü qız.

Ağahüseyn baba da uşaqları yaxşı yaşatmaq üçün gününü göy əskiyə büküb: gecənin 3-də oyanıb qabağına qoyunları qatıb, səhər 8-də vağzaldakı bufetini açıb işlədib. Belə-belə, əzab-əziyyətlə, min cür zəhmətlə bu evi qaralayıb, yaxşı pul qazanıb, Tamaranı, uşaqlarını da gözükölgəli qoymayıb.

- Tamara öləndə... Suyun üstündə qaldım. Gedəcək yerim qalmadı...

Sükut düşür ortaya, bizim çaylarımızı yudumlamağımızın, ikinci yoldaşının köks ötürmələri və kəndin uzaqlarından gələn xəfif külək səsi...

Gallery

Tamara onu tək qoyub gedir. Xoşbəxt davam edən günlərin birində dama alça turşusu sərən qadın yavaş-yavaş bədbin hadisəyə çevrilirmiş.

Ağahüseyn baba gəlib görəndə bədbəxt hadisəylə qarşılayır. Qonum-qonşu tez-tələsik o bədbəxt hadisəni təmizləsə də, xeyri olmur: Tamaranın son görüntüsü Ağahüseynin yaddaşında əbədi həkk olunur. Bir də Ağahüseyn baba Tamaranın qanadlarını görür sanki, göyün ənginliklərinə qalxan mələyin arxasınca baxa-baxa qalır.

O gündən sonra hər şey Ağahüseyn babaya təsir edir: qabları yuyanda ağlayır, ev təmizləyəndə ağlayır, yemək bişirəndə ağlayır. Yoldaşının etdiyi hər şeyi təkrarlayanda hönkürtüsünə mane ola bilmir.

- Evimin çırağı sönmüşdü. Təzə çıraq lazım idi.

O çırağı axtarmağa qoyulur. Ancaq böyük oğlu razılaşmır, deyir, bu yaşda – onda Ağahüseyn babanın 70 yaşı vardı – ailə qurmaq nədir. Ağahüseyn baba da bütün gününün ağlamaqla keçdiyini, hər adi şeyin Tamaranı xatırlatdığını, təkliyin dözülməz olduğunu danışır. Xeyri olmur. Araya bacısı girir, Ağahüseynin dərdinə şərik durur, deyir, fikir eləmə, hər şey yaxşı olar.

Və günlərin birində Ağahüseyni dostu İbad evinə dəvət eləyir. Xoş-beş, on beşdən sonra deyir, hal-qəziyyəni bilirəm, sənə arvad tapacam, heç narahat olma.

Bu minvalla günlər bir-birini qovalayır və nəhayət, xoş xəbər Ağahüseyn babanın ağlayış səsi ilə dolu olan evinin qapısını döyür.

Sən demə, Şabrandan bir qab-qacaq satan kişi məsələdən xəbərdar olur və tanıdığı bir xanım olduğunu söyləyir.

- Axırı Sevdamı tapdım. – deyir Ağahüseyn baba, silindr papağını düzəldə-düzəldə.

Sevda xanım da gülümsünür.

Gallery

Düzü, ona həyan olacaq, evinin çırağını yandıracaq xanımı tapır tapmağına, di gəl, yaş məsələsi problem olur: yoldaşı ondan 35 yaş balacaymış.

Sevdanın anası daş atıb başını tutur: “Olmaz. Bu yaşda birinə verə bilmərəm”.

Təsəvvür eləyin, anası belə Ağahüseyn babadan balacaymış.

Bir neçə dəfə get-gəl, yalvar-yaxar, söz-söhbət... Qardaşları da Sevdanı vermək istəmir.

Ağahüseyn baba Tamaranın onu tərk etdiyi günlərdəki kimi çarəsiz qalır.

Bilmir nə etsin.

Ancaq gəncliyindən qoruyub saxladığı və bu günlərə qədər onu tək buraxmayan ümidindən bərk-bərk yapışır.

Sevdanın anası da o günlərdə Ağahüseyn babanın yaşadığı kəndə gəlir, kişini soraqlayır, necə biri olduğunu camaatdan öyrənir. Öyrənir ki, ləyaqətli, çörəyi daşdan çıxaran, zəhmətkeş, hamının sevdiyi bir kişidir. Qızı da boşanıb, iki uşağı var. Bu da taledir, qismətdir – lap şablon olsa da deyək: yaşın nə fərqi... Çox güman ki, anası bu cür düşüncələrlə yolu əlinə alıb və geri evlərinə qayıdıb.

- O gündən sonra razılıq verdi. İndi qardaşları ilə, bir vaxt bunu mənə vermək istəməyən qardaşları ilə dostam.

Və toysuz-filansız qadın Ağahüseyn babanın yanına gəlib.

Hələ sürpriz xəbəri də verim sizə:

70 yaşında təzədən ata olub Ağahüseyn baba. Hazırda da əsgərlikdədir oğlu.

Gallery

- Oğul, - deyir mənə - adamın əli yananda nə etməlidir? Ağzına salmalıdır ki, yaranın yanğısı azalsın. Mən də Tamara öləndən sonra yanğımı belə söndürdüm. Yoxsa o dərdlə öləcəkdim. Ölməmək üçün evlənməliydim. İndi tək istəyim odur ki, oğlum sağ-salamat gələnə qədər Allah mənə toxunmasın. Mən onu evləndirim, yerləşdirim... Ondan sonra...

Kövrəlir. Daha heç nə soruşmadan onunlə həyətə düşürük. Ev boyda ot tayasını göstərib fəxarətlə deyir:

- Bunu bax bu əllərlə eləmişəm!

Ağahüseyn babanın qabarlı əllərinə baxdım və mənə elə gəldi ki, orda onun gəncliyi gizlənib...

# 33028 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #