10 yaşlı Ülvi: “Trampın seçilməsini istəmirdim” – UŞAQLAR GÜNÜ

 10 yaşlı Ülvi: “Trampın seçilməsini istəmirdim” – <span style="color:red;">UŞAQLAR GÜNÜ
1 iyun 2017
# 09:00

Kulis.Az 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibəti ilə aktyor Şövqü Hüseynov və aktrisa Şəbnəm Hüseynovanın 10 yaşlı övladı Ülvi Hüseynzadə ilə söhbəti təqdim edir.

- Ülvi, neçənci sinifdə oxuyursan?

- 7 nömrəli məktəbin 4-cü sinif şagirdiyəm. Bir də Rəşid Behbudov adına musiqi məktəbində tar təhsili alıram.

- Sən həm də nağıllar yazırsan...

- Bəli... “Yemlik” jurnalında yazılarımla çıxış edirəm.

- Gənc yazıçı deyə bilərik sənə?

- Olar... (gülür)

- Nə qədər hekayə yazmısan indiyə qədər?

- Çoxdu, çox...

- Bir kitablıq olar?

- Yox, o qədər olmaz. 30-35 hekayə olar.

- Ülvi, sən “Oğlan evi” filmində də rol almısan...

- Bəli... Kiçik bir rolda...

- O rolu bizə xatırlada bilərsən?

- Kiçik, epizodik rol oynamaq mənim üçün asan bir şey idi. Sovetski küçəsində maşının içindəki “Maygülüm” sözündən “M” hərfini götürürəm, olur "Maygülü".

- Həm yazırsan, həm aktyor kimi fəaliyyət göstərirsən, həm də tar təhsili alırsan. Özünü əsas harda görürsən?

- Yazıçı ola bilərəm.

- Aktyor, tar çalan?

- Yox, o haqda düşünməmişəm.

- Tarda ifa etməyə təzə başlamısan?

- 2016-cı ilin sentyabrından.

- Bunlardan başqa nələrlə maraqlanırsan? Xüsusi maraqlandığın bir sahə var?

- Yox, elə bir sahə yoxdu.

- Futbolla aran necədir?

- Baxıram, amma o qədər maraq göstərmirəm... Arada bir...

- Azarkeşlik etdiyin klub var bəs?

- İndi dərslərim artıb. İki-üç il əvvəl “Qarabağ” futbol komandasının azarkeşi olmuşam, stadiondan baxmışam oyunlarına. İndi də azarkeşlik edirəm, sadəcə televiziya vasitəsi ilə. Onun da vaxtını dəqiq bilmədiyimə görə çox izləyə bilmirəm.

- Bəs siyasət? Maraqlanırsan?

- Yox...

- Məsələn, Trapmın prezident olmağı... Eşitdin belə bir şey?

- Hə... Eşitdim... Amma mən istəmirdim onun prezident olmağını.

- Maraqlıdır, niyə?

- Mən Klintonu istəyirdim... (gülüşmə)

- Ülvi, Amerikada uşaqlar Tanrıya məktublar yazıblar. Bir-birindən maraqlı məktublar. Onlar Tanrıdan nələrsə istəyirlər, Ona ailələrindən danışırlar. Mənim üçün çox maraqlıdır, Ülvi Tanrıdan nə istəyərdi? Tanrı ilə qarşılaşsa, ona nə deyərdi?

- Arzularımı deyərdim ona. Hamının sağlıqlı olmasını arzulayardım. İşlərimin uğurlu olmasını...

- Onlar aydındı... Düzələn işdir. Başqa nə deyərdin?

- Elə bir qurğu olmağını istəyərdim ki, istədiyim vaxt istədiyim yerdə istədiyim adamla canlı ünsiyyətdə olardım.

- Aha...

- Həmin adam sən istəyəndə yanında ola bilərdi. Harda olur-olsun...

- Zaman maşını kimi təxminən...

- Hə, elə bir şey...

- Tutaq ki, elə bir qurğunu Tanrı sənə bağışladı. Kimi görmək istəyərdin?

- Xalamı. (Jurnalist Vüsalə Məmmədovanı nəzərdə tutur – red.) Ən birinci. Onlar bizdən uzaqda yaşayır. Həftə sonu yarım saat, bir saat yol gedirsən.

- Ülvi, kumirin var?

- Yox.

- Pərəstiş elədiyin bir məşhur?

- Yox, yoxdu.

- Hansısa bir məşhurla görüşmək istəməzdin?

-...

Anası müdaxilə edir: “Bəs Maykl Cekson nədi?”

- Maykl Ceksonu sevirsən?

- Qulaq asıram. Maykl Cekson öləndə mənim iki yaşım vardı.

- Onda tanıyırdın?

- Yox. Maykl Ceksonu keçən il tanımağa başlamışam. Mən tanıyandan neçə müddət sonra bilmişəm ki, o öləndə iki yaşım varmış. Maraqlıdır. Onunla görüşmək istəyərdim.

- Nə deyərdin ona?

- Birlikdə iş təklifi edərdim.

- Necə iş? Film-filan?

- Ola bilər.

- Məsələn, sən Maykl Ceksonun oğlu rolunu oynaya bilərdin.

- Yox. Dostu kimi ola bilər.

- Maykl Ceksonun nəyi cəlb etmişdi səni?

- Rəqs etməyi. Əvvəlcə rəqslərini bəyəndim. Sonra da mahnılarına qulaq asdım. Rəqs etməyini daha çox bəyənirəm.

- Ülvi, nə kitabları oxuyursan?

- Astrid Lindqrenin kitablarını bəyənirəm. Üç kitabını oxumuşam: “Balaca və Karlson”, “Uzuncorab Pippi”, bir də “Saltkrok adası”. Ən çox “Uzuncorab Pippi”ni bəyəndim, sonra da “Saltrok adası”nı. Əvvəl “Karlson”u bəyənirdim. Lindqrenin o biri əsərlərini oxumamışdan əvvəl idi bu. O əsərləri oxuyandan sonra Karlson gözümdən düşdü. Bəlkə də mən böyüyürdüm. Çünki Karslon mənim üçün balaca bağça uşağı nağılına çevrilirdi.

- Karslonun cizgi filmi də var.

- Bəli, Rusiya istehsalı.

- Baxmışdın?

- Bəzi hissələrinə. Ancaq əsəri oxuduğumda aldığım ləzzəti verməmişdi mənə. Ümumiyyətlə, nadir hallarda əsərlərə çəkilən filmlər sənə əsər qədər ləzzət verir.

- Mən uşaq vaxtı düşünürdüm ki, Karlson kürəyindəki pərin fırlanmağı hesabına bizi qucağına alıb xoşbəxt yerlərə aparacaq.

- Mən Peppini çox sevirəm. Mark Tvenin də əsərlərini oxumuşam. Onun yazdıqlarını da bəyənirəm. Ancaq mənim üçün birinci növbədə uşaq yazıçılarından Road Dahl gəlir. Onun “Matilda” əsərini oxumuşam. “Böyük, mehriban azman”, “Nəhəng şaftalı”nı və başqa əsərlərini də oxumuşam. Amma içlərində ən çox bəyəndiyim “Corcun möhtəşəm iksiri” olmuşdu.

- Azərbaycan yazıçılarından kimləri oxumusan bəs?

- Açığı, Azərbaycan yazıçılarından çox oxumamışam. Uşaq yazıçılarından Vüqar Hüseynovu tanıyıram. Sonra Sevinc Elsevər. Onun qızları da mənim kimi gənc yazıçıdırlar. Reyhan Yusifqızını tanıyıram.

- Ülvi, sən xalanla, yəni Vüsalə Məmmədova ilə birlikdə nağıl yazmışdınız.

- Hə, “Yemliy”in birinci nömrəsində...

- Necə olmuşdu bu?

- Hər uşaq yatanda ona nağıl danışılır. Bizim yazdığımız hər nağıl, demək olar bunun nəticəsində meydana gəlib. Bir azını o deyirdi, bir azını mən. Elə olurdu, mən hamısını danışırdım, o əlavə edirdi. Elə də olurdu, o danışırdı, mən əlavələr edirdim. Sonra da kompüter arxasına keçib müzakirə edirdik və yazırdıq.

- Vüsalə xanımın kitabını oxumusan?

- 2015-ci ildə Lent.azda olan “Əsir düşərgəsi” layihəsində gedən yazılar əsasında hazırlanıb. Kitabda belə bir bölüm vardı: “Cəhənnəmdə böyük çığırtı”. Kitab da o adda çıxdı. 2017-ci ildə “Əsir düşərgəsi” kitabı çıxdı. Oxucular kitab mağazalarından əldə edə bilərlər kitabı. Amma mən bu kitabı oxumamışam. Birincini bir az oxumuşdum, hardasa 100 səhifə. Ağır gəlmişdi mənə. O kitabdakı canlı olanları qoyaq bir kənara. Mən əsərlərdəki ağrılara heç vaxt ağlamamışam. Kədərlənmişəm, amma ağlamamışam. Çünki bilirəm ki, bu həyatda olmayıb, fantaziyadır. O kitabda da canlı olsa da ağlamadım, çünki bu olanlar olub bitib.

- Ülvi, neçə yaşından oxuyursan? Təbii ki, bədii əsərlərdən söhbət gedir...

- Məktəbəqədər hazırlıq dövrüm idi. Onda xalam mənə Robert Stevensonun “Dəfinələr adası” kitabını almışdı. Ondan sonra kitaba marağım artdı.

- Neçə yaşında oxudun onu? Beş?

- Beş, ya da altı...

- Adam var, 30 yaşı var, incəsənət sahəsindədir, hələ oxumağa başlamayıb. Sən yaxşı başlamısan...

- (Gülür.) Yavaş-yavaş oxumağa başladım ondan sonra. Mən oxuduğum hər kitabda kəşf elədim ki, ondan sonrakı kitab daha maraqlıdır. 5 yaşımdan bu yana oxuyuram. İndi dərslər yoğunlaşdığı üçün çox oxuya bilmirəm. Amma əvvəl daha çox oxuyurdum.

- 4-cü sinifdə oxuyursan. Bu yaşda Ülvi nəyi bacara bilər ki, bizi təəccübləndirsin?

- Mən düşünürəm ki, bu yaşımda olsam da, maraqlı filmlər çəkə bilərəm. Bir dəfə buna cəhd elədim. Novruz bayramında nə etmişdik onu çəkmişdim, sonra montaj elədim. Mənim fikrimcə bu alınmışdı, amma peşəkar deyildi.

- İlk filmin demək olar buna?

- Hə. Adı belə idi: “Biz Novruzu belə qeyd elədik”. Özüm üçün çəkmişdim.

- Atan, anan da aktyordur. Yəqin onları da filminə çəkərsən.

- Yəqin.

- Hansı məşhur aktyorları tanıyırsan?

- İki yaşımda Ceki Canı tanıyırdım. 7 yaşımda xalam mənə “Karib dənizinin quldurları” filmini göstərdi və o gündən Coni Depi bəyəndim. Sonra Antonio Banderası sevməyə başladım. Di Kaprionun filmlərinə baxmasam da, eşitdim ki, Oskar alıb. Mənim üçün birinci yerdə Ceki Can gəlir, sonra Coni Dep.

- Ülvi, 10 yaşın var. Hə?

- Bu il 10 yaşım tamam olur.

- Ciddi yaşdasan artıq. 10 yaşda həyatında ən maraqlı, təəccüblü, unudulmaz hadisə nə olub?

- Filmə çəkilməyim... (düşünür) Sonra... Məktəbə getməyim...

Anası əlavə eləyir: “Qayıdış” filminə də çəkilib.

- Doğurdan? Nə rolu idi?

- Kənan MM-in filminə çəkilmişəm. Əsas rollardan biridir. Cavad rolunda.

Anası müdaxilə edir: “Baş qəhrəmanın varlığından xəbəri olmayan oğlu rolunda. Qovuşmaq ərəfəsində oğlanın gözü qabağında atasını öldürürlər. Yəni qovuşa bilmirlər. Belə bir filmdi. Ağır filmdi.

Ülvi fikirləşib cavab verir:

- 1-ci sinfə gedəndə 28 May barədə verdiyimiz tədbir.

Anası: “İsmayıllıda reklama çəkilməyin.”

- Hə. Süd məhsullarının reklamında çəkilmişdim.

- Maraqlıdır, 10 ilə xeyli danışacağın xatirələr var. Bəs sevgi necə? Var?

- Yox... (laqeyd cavab verir).

- Heç eşq yaşamamısan? Bu cür filmlərə çəkilmisən, tanınırsan, yazıçı kimi yazıların çap olunur. Yəqin qızların sevimlisi olarsan.

- Nrççç.

- Düşünürsən nə vaxsta sevgi?

- Yox, yox.

Anası: “Vaxtı gələndə. Yəqin ki, o da olacaq.”

- Yılmaz Erdoğan sənin kimi bir ağıllı uşaqdan soruşur ki, bildiyin ən ayıb kəlmə hansıdır. Eyni sualla mən də sənə müraciət edirəm. Sənin bildiyin ən ayıb kəlmə hansıdır?

- Hmm.... (fikirləşir) O uşaq nə cavab vermişdi?

- O uşaq “Soyunmaq” demişdi.

Anası söhbətə müdaxilə edir: “Ayıb kəlmə onun üçün mövcud deyil. Çünki evdə ayıb kəlmə eşitmir, məhəlləyə də düşmür”.

Və Ülvidən soruşur:

- Sənin deməyə utandığın söz var?

- Yadıma gəlmir. – pıçıltıyla cavab verir Ülvi...

- Ülvi bundan sonra planların nədir?

- Bir planım yoxdu. Nə olacaqsa, olacaq.

Anası burda ondan soruşur: “Bilgiləri zənginləşdirmək, litseyə qəbul olunmaq. Onlar plan deyil?”

- Xaricdə oxumaq istəyirsən?

- Ola bilər.

- Ülvi, bu gün Beynəlxalq Uşaqları Müdafiə günüdür. Heyf ki, dünyada uşaqlar öldürülür. Bu çox kədərlidir. Suriyada, Fələstində uşaqlar qətl olunur. Uşaq gülüşlərini güllələr susdurur. Mənə maraqlıdır, Ülvi necə görmək istəyər dünyanı?

- Hər bir uşağı sağlam görmək istəyərdim. Uşaqlar müharibədə olmamalıdırlar. Özlərini başqa təhlükələrdən qorumalıdırlar.

- Nazim Hikmet demiş, dünya bir gün uşaqların olsa necə olardı, görəsən?

- Elə uşaqlar var ki, dünyanı onlara bir günə versən, çökdürərlər, yıxıb dağıdarlar (gülüşmə).

# 3140 dəfə oxunub

Müəllifin son yazıları

# # #