Gənc şair: “Varlı qadın mənə birgə yaşamaq təklifi etdi”

<span style="color:red;">Gənc şair:  “Varlı qadın mənə birgə yaşamaq təklifi etdi”
5 oktyabr 2017
# 09:00

Kulis.Az Ayxan Ayvazla gənc şair Eminquey Akifin söhbətini təqdim edir.

- Əvvəlcə imzandan başlayaq. Niyə Eminquey?

- Eminquey çox təsadüfi təxəllüsdür. Bir dəfə dostumla təxəllüslərin cazibəsindən danışırdıq. Bu söhbətlərin əsnasında dostum dedi ki, Ernest Heminquey var, sənin də adın Emindi. Bəlkə sən də bir intellektuallıq edəsən, Eminquey təxəllüsünü götürəsən. Əvvəlcə ciddi yanaşmadım. Güldük, zarafatlaşdıq. Bir neçə ay keçdi, nəsə ehtiyac hiss elədim ki, təxəllüsümü dəyişməliyəm. Mən bir az atamın adından çıxmaq istəyirdim: bu mənim yaradıcılığıma təsir edirdi. Yəni fikrim qətiləşdi ki, “Eminquey” olacaq təxəllüs. Atamın adını itirməkçün götürdüm bu təxəllüsü.

- Amma atanın adını itirə bilmədin...

- Atamın adından çıxmadım, əksinə, əks fəndə düşdüm. Məsələn, Emin Akif olanda məni Emin kimi çağırırdılar. Amma Eminquey Akif olandan sonra Akif kimi çağırırlar. Çox adam elə bilir ki, adım Akifdi.

- Emin, sənin yazılarında da, statuslarında da ata xiffəti, ata özləmi var...

- Atamı itirəndə 19 yaşım var idi. Təbii ki, bu elə də tez görünməyə bilər. Uşaq yaşından da atasını itirənlər var. Amma atamı itirdiyim vaxt mənim təzə-təzə həyata can atdığım dövr idi. Hələ gözüm açılmamışdı, bilmirdim nələr var, nələr yoxdu. Məktəbi təzə bitirmişdim. Atamı itirən günlərdə yaşadığım müəyyən problemlər var idi: ailə problemləri, atamdan qalan bir neçə problemlər. Onlar məni çox sıxırdı. Mən onların içindən çıxsam da indi belə onun travmasını yaşayıram. Bir də fikirləşirəm ki, insan doğmasını gözünün qabağında itirəndə onun travması çox böyük olur. Məsələn, mən atamdan sonra, demək olar, 3 ay hər gecə, eyni saatda yuxudan durub ağlamışam. Türklər “ağlamaq krizi” deyirlər buna.

- Hə…

- Mən 3 ay sərasər, hər gecə ağlamışam. Atamı necə itirdiyim yuxuma girib. Ölümü gözümün qabağına gəlirdi və mən yuxudan ayılırdım, ağlayırdım. Hərdən olurdu, özümdən gedirdim. Hərdən “sudurğa” tuturdu məni… Atamla bağlı xatirələrim çox genişdi. Mən atamla dost olmuşam həmişə, iş yoldaşı olmuşam. İş, yəni biznes deyək. Rayonlara gedirdik, müştərilərlə-filan görüşürdük. Günümüzün 8-9 saatı birgə işdə keçirdi. Təbii ki, mən işdə daha rahat olurdum atamla, nəinki evdə. Atamdan sonra yaşadığım mistik şeylər olub. Onları mən bəzən yazıram...

- Emin, hərdən mənə də irad tuturlar ki, niyə atan haqqında çox yazırsan. Atanı çox önə çıxarma, sentimentallıq eləmə. Sənə də belə iradlar olub?

- Təbii ki... Məsələn, sosial şəbəkədə mənə tutulan iradlar sentimental statuslara görədir. Amma insanların da sentimental statuslara tələbatı var. Tutalım, hər hansı bir doğmamızı itirməyimizlə bağlı status yazanda o daha çox oxunur, daha çox reaksiya görür. İnsanlar ya irad tuturlar, ya sənə həmdəm çıxmağa çalışırlar. Deməzdim ki, duyğusallıq eləyirəm. Sadəcə atamla bağlı həyatımda baş verənləri bölüşmək istəyirəm. Mən yazmıram ki, atamı itirdim, çox kədərliyəm. Məsələn, yazıram ki, qış idi, işıqları da söndürmüşdülər. Şam işığında oturmuşduq. Necə oldusa, yuxu tutdu bizi, yatdıq. Gecə bir də gördüm anam məni oyadır. Oyananda gördüm evdə kreslo, masa yanır. Həmin gecəni birtəhər açdıq. Səhər anam dedi ki, gecə atan gəldi yuxuma, “durun, ev yanır” dedi. Yoxsa oyanmayacaqdıq. Yazdığım bu cür şeylərdir. Ancaq yenə də atam və bir də qadınlar haqqında yazdıqlarıma görə iradlar olur.

- Ən çox da qadınlar haqda...

- Hə... Bu yaxınlarda daha çox qadınlarla bağlı statuslar paylaşmışam. Adamlara izah edə bilmirəm ki, mən gəncəm, 24 yaşındayam. Məndən niyə qocalıq tələb edirsiniz? Bu yaşda qadınlardan yazmalıyam da, başqa nədən yazmalıyam? İkincisi, qadın mövzusu həmişə ədəbiyyat üçün materialdır, xammaldır. Məsələn, yazıram ki, qadınların imkanı olsa öləndə də göz süzdürüb gedərlər (gülür).

- Bir statusun maraqla qarşılanmışdı. Sənə varlı qadının birgə yaşamaq təklifi... Bu həqiqət idi?

- Yarı həqiqət. Bir azca şişirtmə vardı. Yaradıcı bənzətmə etmişdim. Amma təklif söhbəti düzdü.

- Necə olmuşdu?

- Həmən qadın statuslarımı oxumuşdu, sevgi şeirlərimi bəyənmişdi. Birbaşa - yəni mən xoşlayıram birbaşa olan təklifləri - yazdı ki, bəs belə-belə. Ancaq statusdakı kimi olmamışdı. Sadəcə yaşamaq təklifi, birgə olmaq təklifi etmişdi. Ev məsələsi, maşın məsələsi... Bunları bir az bəzəmişdim.

- Səndən böyük idi?

- Aha...

- Evlilikdən kənar birgə yaşayış dedi yəqin...

- Hə. Həmişə deyirəm ki, gənc xanımlarla münasibətlərim alınmır. Mən daha çox yetkin qadınları sevirəm. Çünki gənc xanımlar hələ də “aşkım”, “niyə yazmırsan”, “başqasına yazırsan” tipli mövzularda ilişib qalıblar. Sevgilərini çox istedadsız şəkildə yaşayırlar. Bu səpkidə statuslarımdan sonra həmin qadın mənə yazmışdı, bəs belə bir təklifim var, sənlə yaşamaq istəyirəm.

- Sevgi etirafı?

- Hə. Mən də pis qarşılamadım. Onu status formasında da yazdım, özü də oxudu.

- Razılaşdın sən?

- Yox, razılaşmadım. Biz Azərbaycan mühitində yaşayırıq. Müəyyən mental düşüncələr var ki, biz ondan qurtulsaq da, doğmalarımız, yaxınlarımız o düşüncələrdən imtina eləyə bilmir. Və mən bu gün durub ailəmə desəm ki, özümdən 10-15 yaş böyük xanımla münasibətdə olacam, bu, həm də evlilikdən kənar olacaq, təbii ki, yaxşı qəbul eləməyəcəklər. Onlar razılaşmadığı üçün mən imtina eləmişəm.

- Amma sən özün istəyərdin?

- Əlbəttə. Evliliyi qəbul eləmirəm. Mənə Avropa düşüncəsi daha yaxındı. Heç uzağa getməyək, elə rusları götürək. Orda qadınla yaşayırsan, münasibətdə olursan, öyrənirsən, kəşf edirsən onu, sonra o qadınla münasibəti rəsmiləşdirirsən. Bizdə elə deyil. Əvvəl rəsmiləşdirirlər, sonra da tanımağa başlayırlar. Qadına da izah elədim, qadın da məni başa düşdü.

- Şairin ətrafında qadınlar çox olur deyirlər. Səndə necədir? Yoxsa istedadın səni daha da tənhalaşdırır?

- Əgər özümdən baxsam, tənhalaşdırır. Amma qıraqdan belə bir mənzərə yaranır ki, adam yaraşıqlıdı, bir az da şöhrəti var-filan, bunun qızları çoxdu. Hətta təhqir də edirlər ki, bu adamın ətrafında qadınlar niyə çox olmalıdır. Paxıllıq edirlər. Amma belə bir mənfi xüsusiyyət də var ki, ətrafında olan qadınlar şeirini bəyənmir, şeirinə rəy vermir. Əksinə səni hansısa bir xüsusiyyətinə görə, ya da yaraşığına görə bəyənir. Elə bir qadın yoxdu ki, həm şeirlərimi sevsin, həm məni. Buna görə özümü tənha hiss edirəm. Məni bütövlükdə qəbul edən bir xanım çıxmayıb qarşıma. Çıxanda da yaşı böyük olub, alınmayıb. Amma həmişə demişəm, istedadlı sevin, istedadlı sevişin. Heç bir işi yola vermək olmaz.

- Tək uşaq olmusan sən. Ailənin tək övladı. Şeirində də bacı, qardaş arzulayırdın...

- Mən bunun ağrısını çəkmişəm. İndi də bu ağrı davam edir. Atam sağ olanda soruşurdum ki, niyə mən təkəm? Cəsarətin çatmadı iki-üç uşağı saxlamağa? Demişdi ki, iki qardaşım dünyasını dəyişib, birinin 7 qızı, birinin 3 övladı yetim qalıb. İndi mənim üstümdə həm də onların yükü var. Ona görə də sənin tək olmağını məsləhət bilmişəm. Əslində, nə qədər də bu təklikdən məmnun olmasam da çox əclaf sual verdiyimi indi anlayıram. Amma fikirləşirəm ki, yaradıcı insan bu tənhalıqdan istifadə edib nəsə yazmalıdır.

- Tənhalıq onun üçün stimul olmalıdır?

- Hə. Xəyal qururdum ki, bacım olar, adı Sənubər olar, qardaşım olar, adı Yaşar olar. Bunlar gəldi məni yuxuda da tapdı. Gördüm ki, bacım gözəl bir qızdı. Adı Sənubərdi. Onunla dərdləşmişəm və səhər durub şeir yazmışam. Bu şeiri, peşəkar şeir kimi qiymətləndirmək olmaz, amma mənim hisslərimdir. İndiki dövrdə hiss edirəm ki, mənim bacı, qardaşa ehtiyacım var.

- Bəs, Emin, bu şeirlərindəki “Günəş” müraciəti kimədir. Yəni ünvanlıdır?

- Ünvanlı deməzdim…

- Bədii bir addır ?

- Günəş obrazında sevdiyim xüsusiyyətləri cəmləmişəm ki, mənim istədiyim qadın belə olmalıdır. Və mən ona “Günəş” adı vermişəm. Günəş mənin sevdiyim addır. Söz vermişəm ki, nə vaxtsa qızım olsa adını Günəş qoyacam.

- Yəni işıq dolu…

- Hə, belə deyək, enerjili, yanıb alışan…

- Emin, əslində bu bir az şablon sual kimi çıxa bilər. Yəni hamıya verilir. Deyirlər, sənətə nə vaxt gəlmisiniz? Amma mənim üçün, həqiqətən maraqldır. Şeir yazmaq dövrün nə vaxt başladı ? Nə vaxt şeirə ehtiyac duydun, hiss elədin ki, şeir yaza bilirsən ?

- Düşünürəm ki, yaradıcılıq müəyyən bir travmadan sonra gəlir. Məktəb vaxtlarından yazıram deyə bilmərəm. Bir də görürsən, şairlər soruşanda deyir, mən məktəb vaxtlarımdan, uşaq vaxtlarımdan yazırdım. Oxuduğum dövrdə ədəbiyyata, ümumiyyətlə, marağım olmayıb. Amma sonradan kitablar oxuduqca, gözüm açıldıqca gördüm ki, ədəbiyyat tamam başqa bir şeydi. Məni düşdüyüm uçurumdan oxuduğum kitab xilas eləyib. Bu da “Martin İden” kitabı idi. Atam rəhmətə gedəndən sonra da başladım yazmağa. Sonra Yaradıcılıq fakültəsinə gəldim və belə-belə başladım ədəbiyyata gəlməyə. Yazdığım dövr vur-tut dörd il eləyər.

- Bir kitabın çıxıb: “Sıfır dərəcə”. Reaksiyalardan razı qaldın?

- Kitab mənim Yaradıcılıq fakültəsində oxuduğum dövrə təsadüf etdi. Fikirləşdim ki, kitab çıxartsam böyük effekt verər. O dövr şeirlərim indikinə baxanda daha çox oxunurdu. Və biz kitabı oxucuların sifarişi ilə çıxardıq, kitab çap olunanda da o effekti gördüm. Qonaqlıqlar, oxucularla görüşlər, cibimə pul basan bəzi tanışlar. Ancaq bir dövr keçəndən sonra müəyyən hadisələrə bildirdiyim fikirlər, qoyduğum mövqe oxucularımı itirməyimə səbəb oldu. Düşündüm ki, onlar mənim şeirlərimi sevən oxucular deyil. Məndən başqa şeylər umurlarmış. Amma yenə də kitab çıxartmaq yaxşıdır. Yəni o köhnə şeirlərdən canın qurtarır. Bir dövr qapanır. İndi o kitabın satılmağı ilə də maraqlanmıram. Bundan sonrakı kitabıma tələbat olsa, çıxaracam.

# 2725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #