Kəramət Böyükçölün taksisi, Yazıçılar Birliyindəki qalmaqal, ayaqqabı boyayan polis - Reportaj

"Tarqovı"

"Tarqovı"

17 fevral 2022
# 15:30

Kulis.az Ayxan Ayvazın "Reportajın alınmamağı haqqında reportaj" adlı yazısını təqdim edir.

Dünən Yazıçılar Birliyinin Natəvan klubunda, şair dostumuz Fərid Hüseynin gənc yazarlarla bağlı məruzəsinə getmişdik – mən və dahi Vüqar Babazadə.

Tədbirdə Anar müəllim də iştirak edirdi, Rəşad Məcid də. Bir də adının məruzədə keçib-keçmədiyini yoxlamaq istəyən gənc yazarlar.

Fərid məruzəsini oxuyandan sonra etirazlar başladı. Bir-iki nəfər dedi ki, filankəsin adı getməyib orda, bir xanım yazar da dedi, məndən daha geniş yazmalısan.

İlk dəfə Anar müəllimlə fikirlərimiz üst-üstə düşdü. Orda mən də, Anar müəllim də eyni fikirləri səsləndirdik. İlk mən danışdım, sonda Anar müəllim.

Dedim ki, yazıçı yaradıcılığının bir dönəmini bitirəndən sonra adının çəkilməsi labüddür. Yoxsa bir-iki hekayə yazan adamı dövrün gənc yazarları sırasına qatmaq doğru deyil. Üstəlik, yazıçı öz adının arxasınca qaçmamalıdır.

Yəni tutaq ki, Fərid Hüseyn məruzəsində sənin adını çəkməyib, bununla, sən nə itirəcəksən? İstedadlısansa, yaxşı əsərlər ortaya qoymusansa, onsuz da o mətnlər yaşayacaq.

Anar müəllim mən çıxış eləyəndə Rəşad Məciddən soruşdu:

- Bu Ayxan Ayvaz deyil? O bizi tənqid edən oğlan.

Rəşad Məcid təsdiqlədi:

- Hə, odur.

Anar müəllimlə Natəvan klubunun dəyirmi masasında üzbəüz oturmuşduq. Sədr mənə tərəf çönüb dedi:

- Ayxan, biz sənə nə eləmişik?

Hamı gülüşdü. Mən isə yanımda oturan Vüqar Babazadəyə və Kəramət Böyükçölə yarızarafat, yarıgerçək dedim ki, daha bundan artıq nə etməlisiz? Çıxışımın davamında isə onu qeyd etdim ki, yəqin Anar müəllim də razılaşar, AYO (Azad Yazarlar Ocağı) olanda ədəbi proses daha canlı idi, mühit var idi və o mühitin olmağı hamı üçün müsbət hadisəydi.

Və gənclərə dedim:

“Alternativ düşüncənin tərəfində olun. Alternativ təşkilatın olması çox yaxşı haldır”.

Məndən əvvəl çıxış eləyən Kəramət Böyükçöl də təxminən buna bənzər bir söhbət eləmişdi. Əslində hamımıza hər şey aydın idi. Kəramət Vüqar Babazadənin adını çəkib onu bir xeyli təriflədi və dedi ki, gündəlik qazanc ucbatından Vüqar istedadıyla “taksavatlıq” eləmək məcburiyyətindədir, elə bil “Bolt” taksisi işləyir və beləcə, yaradıcılığına diqqət ayıra bilmir.

Tədbirin sonlarında Anar müəllimin çıxışı oldu. O dedi ki, mən heç vaxt gənclərin əleyhinə olmamışam, əksinə gənclərin yanında olmuşam. Yazıçılar Birliyi Sovetdən qalsa da, artıq Sovet ideologiyası kimi işləmir. Və çıxışın ən əsas nöqtəsi: dedi ki, dünyada Orxan Pamukdan və bir-iki yazıçıdan başqa heç kim kitabdan gəlir qazanmır.

Anar müəllimə xatırlatmaq istəyirəm ki, dünyada kitabından qazanc əldə edən yazıçı barmaq sayı qədər az deyil. Harda ki, kitab sənayəsi formalaşıb, orda yazıçı öz kitabıyla dolana bilir. Tutalım, uzağa getməyək, Gürcüstanda bu proses başladı və artıq onların yazıçıları kitabdan pul qazanır, əsərləri müxtəlif dillərə tərcümə olunur, yayılırlar.

Tədbirin sonunda, hamımız “kurilka”ya yığışmağa tələsərkən Anar müəllim Aqşin Evrəni Aqşin Yenisey zənn edib Rəşad Məciddən soruşdu:

- Bu Aqşin Yenisey deyil?

Rəşad Məcid gülümsündü:

- Yox, bu Evrəndi.

Gizli yollarla düşmən cəbhəsinə girdiyini düşündükləri Aqşin Yeniseyi ələ keçirdiyini düşünən Anar müəllim bir az məyusluqla başını salladı, ancaq yenə də üzündəki gülüşü yoxa çıxmadı.

Biz – Vüqar Babazadə ilə mən - burdan reportaj ovuna çıxmağa getdik. Redaksiyaya əlimizdə materialla qayıtmalıydıq. Kəramətin “taksavatlıq” sözü gənc və perspektivli yazıçı Vüqar Babazadəyə dəhşətli dərəcədə təsir eləmişdi – yolboyu bu təsirin doğurduğu ağrılı cümlələri dilinə gətirir və təəssüflə başını yelləyirdi.

Reportaj axtarışına çıxmadan əvvəl dedik ki, bir “mədəniyyət evi”nə gedək. İçəri girdik, balaca, butkasayağı bir yerdə başına şal taxmış əsəbi qadın oturmuşdu. Qəpikləri onun ovcuna qoyanda əsəbi-əsəbi dilləndi:

“Gözləyin! Mən keçirdəcəm”.

Bizi turniketdən keçirəndən sonra düşündüm ki, bu qadında yaxşı söhbətlər olar. İşimizi qurtarandan sonra qadının yanına qayıtdıq və vəziyyəti izah etdik. Özü də dedik ki, tələbəyik, bizə maraqlı peşə sahiblərindən yazı tapşırıblar.

Qadın:

“Maraqlı? Mən maraqlıyam?”

Vüqar gülümsündü:

“Əlbəttə, xala”.

“Yeri görüm, burdan. Mənim haram maraqlıdır? Bütün günü otururam burda. Saat səhər 8-dən gecə 12-yə kimi. 500 manat da maaş alıram. Nə danışım mən?”

“Elə bu danışdıqların maraqlıdır da, xala” – dedim.

“Nəyi maraqlıdır? Bütün günü mənasız, başdan xarab adamlar gəlir bura. Tarqovını elit yer deyirdilər. Deyirdilər, burda hamı ağıllı-başlıdır. Mən hələ bir adam da görməmişəm ki, gəlsin bura, normal hərəkət eləsin. Hamısı başdan xarabdır. Elə siz də başdan xarabsınız”.

Qəfil güllə kimi açılan bu sözlərdən diksindik. Yenə yalvar-yaxar elədik ki, bəs, biz də çörək puluna çıxmışıq, sən canın, qoy şəklini çəkək, yazı hazırlayaq. Qadın səsini qaldırdı:

“Eşitmirsiniz? Bu saat durub mitilinizi çölə atacam. Nə şəkili, ala? Mən model zadam, bəyəm?”

Bu yerdə niyəsə onun adını soruşdum. Bir xeyli fikrə getdi və sonra dedi:

“Jalə” – özü də sonuncu “ə”ni bir xeyli uzatdı.

Vüqarla bir-birimizə baxdıq və güldük. Çünki bu qadın “Jalə” adına uymurdu. Bu qadın dünyaya gələndə heç Jalə adı doğulmamışdı.

“Yaxşı da, xala, Jalə nədir?”

Qadın da gülümsündü və biz yenidən həmləmizi elədik. “Jalə xanım” isə qəfil ayağa durub üstümüzə çımxırdı:

“Cəhənnəm olun burdan. Ağzımı açdırmayın!”.

Kor-peşman “mədəniyyət evi”ndən çıxdıq. Gəzə-gəzə Ədəbiyyat muzeyinin yanına gəldik. Vüqar dedi:

“Özümü Bolt taksisi kimi hiss edirəm”.

Bu vaxt gözümə bizim fotoqraf İlkinin çəkdiyi və o şəkildən sonra məşhurlaşan “kukla dayı” sataşdı. Vüqara da dedim. Dayı kuklanın başlığını yuxarı qaldırıb siqaret çəkirdi. Dərhal ona yaxınlaşdıq.

- Ala, bezmişəm e müsahibə verməkdən. Axırıncı dəfə Tolik çıxartdı. 200 manat da pul verdi. Mən 500 istəyirdim. Söhbət pulda deyil e, uje mən, ponimayeş də, starikəm. Nəvələrim var. Ayıbdı mənə.

“Araz” kafesinin yanında portret rəsmlər çəkən rəssam da reportaj təklifimizə əlini yellədi:

“Mən də elə bildim portret çəkdirib xeyir verəcəksiniz”.

İrəlidə ayaqqabıboyayan day-dayının yanına getdik. O da daş atıb başını tutdu:

“Mən nə danışacam? Ayaqqabı boyayıram da. Xoşuma gəlmir belə şeylər”.

“Neçə ildir ayaqqabı boyayırsınız?” – soruşdum.

“Ala, söndür də onu. Demədim, müsahibə vermirəm?”

“Heç nə yoxdu e, dayı” – Vüqar özünəməxsus tərzdə əsəbiləşdi.

“Gedin burdan, gedin ayrı adamdan alın. – bir az fikrə getdi. – Özü də mən polisəm, elə-belə oturmuşam burda”.

O biri tərəfdəki açar düzəldən isə yəqin ki, söhbətimizi eşitmişdi, biz ona yaxınlaşan kimi üzümüzə “şapalağı” yapışdırdı:

“İstəmirəm! Gedin”.

Elə bu vaxt qabağımıza tum satan qadın çıxdı. Ona yaxınlaşanda sevindi, üzü gülürdü. Yəqin elə bildi ki, ondan “semiçka” alacağıq.

“Yox, yox, sən Allah məni zibilə salmayın. O günləri biri çəkdi məni, aparıb qoydu, nə deyirsiniz o Yutuba... Yox, yox...”

“Bu da belə getdi” – Vüqar təəssüflə başını yellədi və biz iki “Bolt” taksisi növbəti “müştəri”nin yanına tələsdik. Bu isə şabalıd qovuran idi.

“Mən ustad deyiləm axı. Nə danışım? Bu işdə təzəyəm”.

Bu səfər Vüqarın yerinə əsəbiləşdim:

“Ay qardaş, ustad deyiləm nədir? Şabalıd qovurmaq üçün nə ustadlıq? Belə çevirsən, elə çevirirsən, vəssalam da”.

“Yox e, qardaş, bu işin də incəlikləri var”.

“Sən canın, nə incəliyi var?”

“Gedin, peşəkarlardan alın. Mən danışmayacam. Ayıb olar”.

Tarqovıdakı dönərçi, saatsaz, dərzi, peraşki satan, zinyət əşyasında işləyən, ətir dükanında ətirli kağız paylayan hər kəs bizə “yox” işarəsi göstərdi. Yanımızdan gəlib keçən hər kəsə reportaj gözü ilə baxır və alınmadıqca peşman olurdum. Həyatın hələ işıqlı günlərini görmüş və gələcəyə ümidli baxmış gənc yazar Vüqar Babazadə isə dərin kədərə qərq olmuşdu.

O məşhur meymunu saxlayan da bizimlə razılaşmadı. Dedi, mənə problem çıxacaq, şəklimi çəkməyin. Sonra meymunu bizim qucağımıza verdi. Dedi, şəklini çəkin, paylaşarsınız, adı Osmandı. Afrikadan gətirmişəm. Gündə kalan banan yeyir.

Meymun mənim qucağımda sakitcə oturub tum çırtladı. Nə qədər eləsəm də, meymun Vüqarın obyektivinə baxmadı. Tumu ağzında gəvələyə-gəvələyə laqeydcəsinə yerə, gözəl Tarqovıya tullamaqdaydı.

Sıra Vüqar Babazadəyə gələndə və meymun onun qucağında oturanda birdən-birə Osman bərk qəzəbləndi, tullanıb iki-üç dəfə Vüqara şapalaq vurdu. Meymunu saxlayan bu dəm bizdən hərəyə 10 manat istədi.

“Nə? 10 manat nədir? Bizdə o qədər pul hardadır? Biz də sənin kimi çörək puluna çıxmışıq”.

“Onda şəkilləri silin”.

Gözünün qabağında şəkilləri sildik və o an Vüqarın gözlərinin dolduğunu fərq etdim.

Yolumuzun üstündəki şar satan, kafelər, kuklalar da bizi yaxın qoymadı. Hamısı dedi ki, bir adam gəlib şəklimizi çəkib, yayıb internetə, bizi biabır eləyib.

Vüqar gedə-gedə əsəbiləşib qışqırır və həmin naməlum adama söyürdü:

“Ə, bu kimdi e? Gəlib bunları çəkib, hamını qorxudub. Hansı...”

Karuselin yanına çatıb hərəyə bir siqaret yandırdıq. O an Vüqar dedi:

“Bəlkə, burdan eləyək?”

Kassaya yaxınlaşdıq. Karuseldə uşaqlar əylənir, qıraqda durmuş ata-analar onların şəkillərini çəkirdilər. Vüqar mənə göz vurdu:

“Bu günlər səni də gözləyir”.

Uşaqlar bizə baxıb əl eləyirdilər. Kassirin səsini eşitdik:

“Nə istəyirsiniz?”

“Burdan reportaj eləmək istəyir...”

“Qardaş, gedib icazə almalısınız”.

Arxadakı işçi isə gülə-gülə dedi:

“Sizə qardaşyana bir şey deyim, icazə alsanız da, verməyəcəklər”.

Bu yerdə iki-üç dəfə redaksiyadan zəng gəldi, gah mənə, gah Vüqara. Təcili bizi işə çağırırdılar. “28 May”dan avtobusa minərik dedik, bəlkə orda rastımıza maraqlı bir adam çıxar, reportaj eləyərik.

Sahil bağında dincimizi almaq üçün skamyada oturduq. O an ağlıma gəldi ki, bəlkə tualetə baxan dayıdan reportaj eləyək. Yanına yaxınlaşdıq. Hal-qəziyəni anlatdıq. Və dayı dedi:

“Söhbətini elə də. Nə sual verəcəksən?”

Razılaşdığını düşünüb sevindik.

“Vüqar, sən şəkilləri çək”.

“Nə şəkil, alə? Məni biabır edəcəksiniz?”

“Nə biabır, dayı? Burda biabır eləməli nə var?” – Vüqar dedi.

“Ala, görmürsən necə bir işdə işləyirəm?” – dayı üstümüzə yeridi.

Vüqar o an günün ən möhtəşəm cümləsini dedi:

“Nolub e dayı, gül kimi yerdə işləyirsən də”.

Və həmin vaxt tualetdən kəskin sidik iyi gəlirdi.

“Yaxşı ki, dayı vurmadı e bizi. Sən Allah o nə söz idi dedin?” – yolboyu Vüqarla günün maraqlı anlarını yadımıza salıb gülürdük.

“28 May”a çataçatda qələm satan yaşlı bir qadın gördüm. Vüqar dedi ki, gəl gedək, onsuz da razılaşmayacaq. Niyəsə qadının üzü mənə xoş təsir bağışladı və qayıdıb yanına yaxınlaşdım.

“Neçə dənə verim, bala?”

“Yox e, xala, mən “ruçka” istəmirəm”.

Vüqar da yetişdi bizə və vəziyyəti izah elədi. Qadın dərhal bizdən uzaqlaşdı və əlini üzündə qalxan eləyə-eləyə dedi:


”Qorxuram mən, qorxuram. Sən canın uzaq durun”.

Vüqar buna da bərk əsəbiləşdi və gedə-gedə mənə deyindi:

“Ala, ruçka satırsan da, ruçka. Nədən qorxursan? Lap biznesin batsın. Ruçkadır da. Ruçka”.

Və o an Vüqar balaca, ağappaq bir “Bolt” taksisinə çevrildi, yanımdan sürətlə ötüb keçdi və mən buna heç təəccüblənmədim.

# 3599 dəfə oxunub

Müəllifin son yazıları

# # #