Kulis.az Ayxan Ayvazın gənc yazarların onunla bağlı sərt fikirlərinə cavab olaraq yazdığı "Azərbaycanda ədəbi prosesi kimlər öldürdü?" məqaləsini təqdim edir.
Kitab çapı və imza günləri, nəşriyyat sisteminin olmaması, ədəbi prosesin ölgünlüyü haqda yazım gənc qələm yoldaşlarımızın xətrinə dəydi və hamısı məsələni şəxsiləşdirdi. O boyda problemi görməyib, mənim üstümə cumdular: sən niyə kitab çıxarmısan bəs, sən özünü nə sanırsan filan filan...
Halbuki, bəhsi keçən yazıda özüm özümü də “yaş yuyub quru sərmişdim”. Bir də ki... bir müəllif öz hekayəsinə “mənasız hekayə yazmışam”, yaxud özünə “sən deyəsən, qudurmusan” deyə bilirsə, deməli, ona deyilən ən sərt söz belə yanından “vızz” deyib keçər. Bunu da ağlınızın bir yerinə yazın, keçək söhbətimizin davamına.
Açığı, yeni gənclik söhbətlərdən xəbərdar deyil və hər şeyə səthi yanaşır. Təbii ki, bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəbi özləri ilə bağlıdır, prosesi görə, dəqiq analiz edə bilmirlər. Bunu gənc olmalarının ayağına yazıram. Ola bilər, mən də 10 il əvvəl çox saf və kal idim. AYB-yə üzv olmuşdum, kitab çıxarmışdım, tələm-tələsik məşhurluq üçün dəridən-qabıqdan çıxmışdım. Ancaq mənim 10 il əvvəlki vəziyyətimlə onların indiki vəziyyəti eyni müstəviyə qoyula bilməz. Burda obyektiv səbəb ortaya çıxır: çünki indiki gənc yazarlar mühitsizlikdən əziyyət çəkirlər. Mühit onları formalaşdıra və prosesə dəqiq qiymət verməyə kömək edə bilərdi.
Təəssüf ki, indi o mühit yerli-dibli yoxdur, mühiti təşkil edənlər pərən-pərən düşüblər. Bircə ədəbiyyatın adına Kulis saytı qalıb, tribuna var, çalışıb-çabalayırlar, ancaq əvvəlki ədəbiyyat oxucusu yoxdur. Alternativin olmaması dinamikliyi aşağı salıb, həyatda olduğu kimi, ədəbi prosesdə də dramatizm olmayanda ortaya sönük bir mənzərə çıxır.
Məni ağsaqqallıqda, dahilik pozasına girməkdə suçlayırlar. Yaxşı da eləyirlər! Gənclik belə olmalıdır əslində. Ancaq “fağır bir Ayxan tapmısınız, sağdan da döşəyirsiniz, soldan da”, özünüzün də heç nədən xəbəriniz yoxdur. Elə bilirsiniz ki, mən sizdən ağıllı görünmək üçün o cür kəskin yazılar yazıram. Xeyr! Qətiyyən elə deyil! Mən sizin xəbərdar olmadığınız məsələni sizə xatırlatmaq istəyirəm. Hansı ki o vaxt siz yerli-dibli ədəbi prosesdə yox idiniz və nələr baş verdiyindən xəbəriniz yox idi.
O vaxt üsyankar bir gənclik vardı – heç olmasa yaradıcı müstəvidə. Məmur yazıçıların altından girib üstündən çıxan və tez-tez öz sözünü dilə gətirməkdən qorxmayan bir gənclik. AYO vardı – Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala kimi əjdaha imzaların yaratdığı bu qurum AYB ilə dava-qırğında idi və bu qurumun olmağı prosesin canlanmasına xidmət edirdi. Pul yox, kasıbçılıq, hamı birtəhər başını girləyir, ancaq ədəbiyyatın, yeni ədəbiyyatın, yeni tendensiyanın yaşaması üçün hərə bir cür mübarizə aparırdı. Hələ onda Əsəd Cahangir vardı, tənqidi yazıları əl-əl gəzir, dildən-dilə dolaşırdı. İndi Əsəd hanı?
Hardasan, Əsəd?
Gənclər! Sizin dövrünüz çox pis dövrə düşdü. Siz özünüzdən yaşlı nəslə, “ağsaqqal-ağbirçək”ə hədsiz sevgiylə (“yaşlı adamdı, ona elə söz demək olmaz”) yanaşdınız, sözü deməyə cəsarət edə bilmədiniz, məmur yazıçılarla çarpışmaq üçün diliniz gödək oldu. Nə alternativ təşkilat, nə müstəqil jurnal, nə canlı söhbətlərin getdiyi, azadlıq nəfəsi ilə siqaret dumanına qarışan çayxanalar görmədiniz. Bu mühiti görmədiyinizə görə, ətrafınızı da görməməyə başladınız, heç nədən xəbərdar olmadınız, elə bildiniz ki, filan məmur yazıçı həqiqətən də yaxşı adamdı, onun başına yığışsaq, yaxşı olacaq, Anar müəllim çox qayğıkeşdir, gənclərin dostudur, sizə bir gün ağlayacaq.
Üstəlik, mühitsizliklə bir yana, mütaliə bazanız, intellektiniz o qədər də yetərli olmadı və nəticədə, çox aşağı pillələrə düşdünüz. Məsələn, siz iki yazıçının gerçək fərqlərini bilmirsiniz. Çox az istisna ilə, hamınızda bu problem var və bu problemdən ciddi şəkildə əziyyət çəkirsiniz. Həmçinin sizə öyrətmək, istedadlı olduğunuzu görüb əl tutmaq istəyənləri əlinizin tərsi ilə geri çevirirsiniz. Elə bilirsiniz ki, siz artıq dahisiz, hər şeyi bilirsiniz və zirvəyə qalxmısınız. Bəli, istedadlısınız, sözə həssaslığınız var, bunu danmıram. Ancaq qarşınızdakını bəzən yanlış anlayırsınız. Bunun da səbəbi sizin mühit görməməyiniz ucbatındadır.
Mənim yazıda qeyd elədiklərim özümə də aiddir. O vaxt bizə də eyni şeyləri deyiblər. Biz dinləmişik qarşımızdakını. Ona “bu nə bilir e” janrında yanaşmamışıq. Minnətdarlıq hissimiz olub. Demişik ki, bu bizdən qabaq gəlib ədəbiyyata, təcrübəsi var, bəlkə bir bildiyi var.
Mən demirəm ki, yazma. Yaxud da başını buraxın ədəbiyyat söhbətlərinin. Xeyr! Mən deyirəm ki, qeyri-peşəkar bir mühit formalaşıb və siz də o mühitin tərkib hissəsinə çevrilməyin. Tutaq ki, söhbəti bilən, mənim mühit dediyim yerdən çıxan imzalar yazımı oxuyub təəssüflə başlarını yellədilər, söhbət də bitdi.
Niyə sizə bu toxundu? Niyə cırnadınız? Çünki, inciməyin, söhbətlərdən xəbərsizsiniz, bilmirsiniz. Elə bilirsiniz, mən sizə paxıllıq eləyirəm, yaxud da qolunuzdan tuturam ki, yazmayın. Bu deyil söhbət! Söhbət bizim prosesin getdikcə sönməsindən, yaxud da artıq sönüb bitməsindən gedir.
Mən porsuğun yuvasına tüstü saldım, dedim, görüm nə olacaq. Yoxsa müdriklik, dahilik kimi dərdim yoxdur. Hamımız aşağı-yuxarı eyni ölkədə yaşayırıq. Birimiz o birindən daha çox bilir, o biri daha istedadlıdır və s. Sadəcə təcrübə, qəhr olası təcrübə istəyir ki, səndən sonra gələnlər eyni xətaları eləməsin. Deyirsən, ey gənc, mən o yoldan getmişəm, orda çuxur var. Sən də qayıdıb deyirsən ki, var ya yox, sənə qalmayıb, mən gedirəm.
Siz üç-beş oxucunun şöhrətinə qapılmısınız, mən isə sizin kədərli təsəllinizə baxıb əzab çəkirəm və yadıma illər əvvəldə olan ədəbi proses düşür.
Nə var idi o vaxt?
O vaxtlar nisbətən vəziyyət yaxşıydı, ədəbi mühit canlıydı. Mən 2000-lərin əvvəllərindən danışıram. Düzdü, kasıbçılıq idi, heç kim işləmirdi, amma ədəbi proses qapqaynar idi. AYO var idi, müstəqil "Alatoran" jurnalı, "Proloq" qəzeti, Kult.az saytı, Şirzadın kafesi vardı. AYO ədəbi prosesin canlanmasında xüsusi rol oynadı, bugünkü ən yaxşı imzalar AYO-dan çıxdı. “Alatoran” jurnalında, “Proloq” qəzetində, “Kultaz.com” saytında çıxan yazın səhərisi gün hamı tərəfindən oxunurdu. Söhbət yaranırdı. Şirzad kafesi bu söhbətlərin şahidi idi, elə rəhmətlik Şirzad kişi də.
Azadlıq Radiosunun Oxu zalı vardı, hər il müsabiqə keçirir, roman müzakirələri təşkil edir (müzakirədə iştirak edən tənqidçilər qonorar alırdı), yazarları tanıtmaq üçün debatlar, video-materiallar hazırlanırdı. Nəsimi Milli Mükafatı vardı, hamı ora qoşulurdu. Hər ikisində yer də tutmuşdum. Bu günün ciddi imzalarının çoxu da orda mükafat alıb. Bu indiki “müsabiqə”lər kimi deyildi. Heç olmasa az-maz da olsa şəffaflıq qorunurdu.
Yaxud da "Azadlıq" qəzetində şeir, hekayə çap edirdilər. "Yeni Müsavat" qəzeti ədəbiyyatla bağlı yazını manşetdən verirdi. Ola bilsin, sizə indi qəribə gəlsin. Amma həqiqətən beləydi. Bu cür ictimai-siyasi qəzetlərdə manşet olmaq bilirsiniz nə deməkdir? İndi bu illuziya kimi gəlir, o vaxt reallıq idi.
Niyə bunları yazıram? Canlı ədəbi mühitin olduğunu görməyiniz üçün. Görün ki, biz hansı mühitdən, hansı ədəbi proseslərdən gəlib danışırıq. Görürəm, bəziləriniz dünən yazmağa başlayıb, artıq bu gün özünü köhnələrlə bir cərgəyə qoyur. Atamın dediyi kimi, başını başlara qatır.
Axı, razılaşın ki, o dönəmin imzaları ilə indiki imzalar bir deyil. Onda heç sosial şəbəkələr də yox idi, hamı qəzet-jurnallarda çap olunurdu. Bəli, onda da kolxoz kimi ədəbiyyata doluşanlar var idi, çap olunmaq istəyən xeyli adam peyda olmuşdu. Ancaq ədəbi bir meyar var idi: harda çap olunmaq, harda təmsil olunmaq, çəki, sanbal və s.
İndi hərə bir kitab çıxarır, üç-beş adam da gedib alır, sonra da söhbət ölür. Ondan sonra o kitab haqda nə bir yazı görürsən, nə bir müzakirə. Sadəcə selfilər, şəkillər, xoşbəxt təbəssümlər. Yaxşı, sizin xətrinizə “mənasız” sözünü yazmıram.
Kitab demişkən... O vaxt kitablar yaxşıca ilgi görürdü. Şahbaz Xuduoğlu “Ən yeni ədəbiyyat” seriyası yaratmışdı, bu seriyadan çox gözəl kitablar çap olunmuşdu. Yarmarkalar təşkil olunur və yerli yazarlar təbliğ olunurdu. Məsələn, bir faktı deyim sizə: 2011-ci ildə mənim kitabım satış siyahılarında Çingiz Abdullayevi də ötüb keçmişdi. Başqa imzaların da kitabı pis-yaxşı satılırdı. Çünki Şahbaz bəy buna təkan vermişdi. Yazarları yazmağa cəlb eləyirdi, deyirdi, kitablarınızı gətirin çap edək.
Sonra Milli Kitab Mükafatı çıxdı ortaya. İki dəfə keçirildi. Xeyli yerli yazarın tanınmasında xüsusi rol oynadı. Stimul yaratdı.
Sonra nə oldu?
Sonrası hüsran...
Günlərin birində Nigar Köçərli Şərif Ağayarla verilişə çıxdı (deyəsən Oxu Zalında olmuşdu) və o verilişdə Şərifə, digər yazarlara dedi ki, siz yaza bilmirsiniz, bacarırsınızsa Qaraqan, Den Braun kimi yazın. Halbuki, həmin vaxtlar Şərif Ağayarın bir kitab təqdimatı olmuşdu, gəl görəsiniz. İndinin özündə də o cür imza günü xatırlamıram. Hətta heç bir təqdimata getməyən atam da ordaydı. Kimsə bu cür anşlaqla keçən təqdimatı “ədəbiyyat mitinqi” adlandırmışdı. Nəysə, yadıma düşdükcə əsəbiləşirəm. Keçək növbəti abzasa.
Hə, Nigar Köçərlinin sərt açıqlaması aləmi qatdı bir-birinə. Hamı Nigar xanımı qeyri-peşakarlıqda suçladı, dedilər, bir işə başlayıbsa, gərək axırını gətirsin. Nigar xanım da bu söhbətlərdən boğaza yığıldı və bir gün şələ-küləsini də yığıb Milli Kitab Mükafatını da ləğv elədi, hələ üstəlik bizim kitabları satmaqdan da imtina etdi. Dedi, di gedin işinizin dalınca, sizi çox qudurtduq. Şahbaz Xuduoğlu da, görünür, Nigar xanımın haqlı olduğunu gördü və nəticədə yerli yazıçıların təbliğatı dayandı. Daha çox kütləvi yazarlar və dünya ədəbiyyatının məşhur imzaları təbliğ olundu. Yəni asana qaçıldı, fədakarlıq da bir qıraqda boynunu bükdü. Yavaş-yavaş proses sönməyə başladı, Rafiq Tağının öldürülməsi də son zərbə oldu. Vəssalam. Hərə bir yerə dağıldı.
Və nəticədə nə oldu? Yazıçı tək qaldı. Başladı öz kitabını özü çıxarmağa və satmağa. Bu da balığın sahilə düşəndə çırpınmağına oxşadı.
Belə... Ədəbi proses buna görə də söndü. Mən də indi bu sönük prosesdə kitab çıxaranları görəndə kövrəlirəm. Onlara baxanda pis oluram. Vallah, ciddi sözümdür, Azərbaycanda özümdən yaşca balaca, istedadlı cavan görəndə heyfslənirəm, deyirəm, görən, bunun axırı nə olacaq?
Əsla və əsla yazmamağı təbliğ etmirəm! Tanıyanlar bilir, əksinə hamını yazmağa səsləyən, yazmağın çox yaxşı olduğunu deyən mənəm. Ancaq sadəcə ədəbi prosesin yoxluğu yorub məni. Və mən bu cür sönük bir ədəbi proses görmək istəmirəm. Yalnız mədud sayda kitabın çıxdığı və hamının da üz-üzdən utanar janrında aldığı kitablar. İmza günlərindən isə danışmağa dəyməz. Özünüz də vəziyyəti görürsünüz.
Əziz gənclər!
Deyəsən, siz söhbəti səhv başa düşmüsünüz. Deyəsən də yox, dəqiq belədir. Çünki cavab yazılarınızdan bunu aydın şəkildə görmək olur.
Gəlin, sizə izah edim (müdriklik kimi başa düşməyin).
Deməli, dünyada, heç uzağa getməyək, Gürcüstanda nəşriyyat sistemi və təqdimatlar necə işləyir?
Əvvəl nəşriyyat müəlliflərlə müqavilə bağlayır – təbii ki, üzdə olan və imzası brendləşən müəlliflərlə. Yaxud da yaxşı mətn arzusunda olan nəşriyyat qapılarını taybatay açır və bir komissiya o kitaba baxır, yaxşı olarsa, ilkin 2000 tirajla çap edirlər və bütün ölkəyə yayırlar.
Kitab çıxdı, eləmi?
Sonra kitabın yayılması, rayonlara, kəndlərə, ucqar bölgələrə paylanması dövrü başlayır. Posterlər hazırlanır, şəhərin ən işlək küçələrinə vurulur, sosial şəbəkələrdə ciddi təbliğ olunur, televiziyaya, radioya çıxarılır. Hətta Tiflisdə bir yazıçının yeni kitabının çıxmasını şəxsən özüm metrodaca eşitdim. Buna deyirlər, əlahəzrət-təbliğat!
Sonra imza günü təşkil olunur. Nəşriyyat özü təşkil edir və yazarı sadəcə olaraq, o imza gününə dəvət edir. İmza günündən əvvəl isə əməlli-başlı təbliğat qurulur və bu işdə yazıçının tük qədər də əziyyəti olmur. Hər kəs özünə aid olan işi görür və nəticədə gəlib çatır imza günü. O imza günündə də oxucular – sırf oxucular yığışır, müəllifin yeni kitabını alır və dağılışırlar.
Bununla bitirmi?
Xeyr!
Nəşriyyat yenə də kitabın təbliğatını davam etdirir. Hətta yazarın hara müsahibə verməsini, hara görüşə getməsini belə təşkil edib prosesi daha canlı bir hala gətirir. Üstəlik ölkənin bütün kitabxanaları çıxan kitabdan 5-10 ədəd alır və bu da kitabın böyük bir tirajının satılmasına gətirib çıxarır.
Yazar əvvəlcədən qonorar alır – məbləğ tiraja, imzaya və kitabın hansı janrda olmasına görə dəyişir. Hələ kitabın satışından da, səhv eləmirəmsə, 20 faiz müəllifə düşür.
Bax bu da oldu əsl peşəkarlıq!
Kəsəsi, dostlar, yoldaşlar, əziz istedadlı insanlar, məsələ odur ki, yaşlandıqca insan peşəkar müstəvidə oynamaq istəyir, artıq “həvəsdi bəsdi”. Biz nəşriyyat sisteminin, oxucunun olmamağından şikayətlənməklə bərabər, kitabın sanbalından da danışırıq. Kitab dəyərdən düşməsin. Çünki kitab yaradıcılığı ifadə edən bir şeydir. Ona görə də sadəcə olaraq tələsməməyi və bu prosesi necə canlandırmağı düşünün.
Əziz gənclər, dünyada 300-400 tiraj tiraj sayılmır. Normal nəşriyyat heç vaxt bunu eləmir. Bu cür nəşriyyatlar (bir dəfə Nərmin Kamal mənə göstərmişdi) dünyanın hər yerində var. Bir adam kitab yazıb və onu çap etməlidir. Nə qədər pul lazımdı? Tutaq ki, 1000 manat. Pul da var. Vəssalam. Kitab çap olunur. O da aparıb dosta-tanışa göstərir ki, bəs kitab yazmışam, dünya sakini də balaca bir qonaqlıq verib, fransız şərabından qurtumlayır və söhbət də yat-küt olur. Hətta bizim yazarların çoxusu da pulla xaricdəki bu cür nəşriyyatlar vasitəsi ilə kitab da çıxarıblar. Yəni sözüm onadır ki, bu cür kitab çıxarmaq və imza günü eləmək dünyada qeyri-peşəkar sayılır. Bir şeyi ki hamı eləyə bilərsə, bu artıq peşəkar söhbət deyil axı. İndi aydın oldu? Olsa da, olmasa da, keçirik növbəti abzasa.
Dediyim odur ki, yandığımdan belə yazmışam. Bu vəziyyət məni qane eləmədiyindən. Bizim o qədər yaxşı yazıçılarımız var ki, baxırsan, hardasa işləyib evinə çörək qazanır, bir-iki qırıq vaxt ayırıb nəsə yazır. Onun kitabının 200-300, lap 1000 tiraj çıxması və satışının az olması, şəxsən mənə çox pis toxunur.
İstəyirəm, biz də axır-əvvəl bu sistemi yaradaq və siz də mənə söykək olasınız. Yoxsa, şəxsiləşdirib məni “heç nə” eləməyə çalışmayasınız. Tamam, mən heç nəyəm. Razıyam. Bəs ortada olan ciddi yazarlar? Bu bəla hamımızın ortaq bəlasıdır axı.
Kitab çıxarmayın demirəm! Ancaq yalnızca bununla kifayətlənməyin. Kitabı çıxardıq, imza günü elədik və beş-üç adam da kitabı aldı. Ay Allah, xoşbəxtik!
Belə olmaz!
Bu cür sönük gənclik olmaz!
Gənclik gərək daha dinamik, enerjili və etiraz ruhlu olsun!
Onlar bu prosesi qaldırmaq üçün mübarizə aparmalıdırlar!
Bu gedişata dur deməlidirlər!
Yox, mənimlə razı deyilsinizə, düşünürsünüzsə, hər şey çox əladır, qaydasındadır, onda mən sağ, siz salamat, 5 il sonra təkrar görüşərik.
Kitabınızı çıxarın, imza gününüzü keçirin və xoşbəxt olun!
Hamınızı çox istəyirəm!