“Nazim Hikmətin oğlu atasını sevmir” – Məşhur türk jurnalistlə MÜSAHİBƏ

<b>“Nazim Hikmətin oğlu atasını sevmir” – Məşhur türk jurnalistlə</b> <span style="color:red;">MÜSAHİBƏ
3 oktyabr 2017
# 09:00

Kulis.Az Türkiyənin tanınmış yazarı, jurnalist Orxan Qaraveli ilə müsahibəni təqdim edir.

- Hocam, 1930-cu ildə anadan olmusunuz.

- Eynən. Ankara doğumluyam. Amma həyatım daha çox İstanbulda keçdi. 1937-ci ildə təhsil almaq üçün İstanbula gəldim, burda Qalatasaray liseyində oxudum. Daha sonra İstanbul Universitetində hüquq fakültəsində təhsilimi davam etdirdim. Amma heç vaxt hüquqçu olmağı düşünmədim. Vəkil, hakim olmaq mənlik deyildi. Hələ Qalatasarayda oxuduğum illərdə jurnalistikaya marağım vardı. O zamanlar şeir yazırdım, qəzetlərdə yazılarım çap olunurdu.

- Jurnalistikada məşhur imzasınız....

- “Yeni İstanbul”, “Cumhuriyyet”, “Milliyet”, “Vatan” qəzetlərində çalışmışam. “Milliyyet” qəzetindən Berlinə və Londona göndərildim. Oralarda bir müddət yaşadım. Bilirsiniz, savaş 40-ların sonlarında bitdi. Hələ Berlin savaşın söküntülərdən tam xilas olmamışdı.

- Savaşdan sonrakı Berlin...

- Aha. Ruslarla savaşda çox itki verdilər, Hitler intihar etdi. Və mən bu hadisələrdən qısa bir vaxt sonra Berlində oldum. Bu mənim jurnalistika həyatımda çox önəmli olaydı. Gördüyüm şeylər dəhşətliydi. Hələ yıxılmış binalar yerində dururdu. Kişi qalmamış kimiydi. Mən də gənc jurnalist idim. Qadınların çox macəralarını dinlədim. Rusların onlardan intiqam almağı... İntiqam pisdir bəlkə də, amma bəlkə haqlıydılar. Çünki Hitler ordusu Moskvaya qədər getdi. Berlində o insanlarla görüşmək mənə çox şeylər öyrətdi.

- Hocam, siz çox insanlar görmüsünüz, məşhur insanlarla tanış olmusunuz. Onlardan biri də Nazim Hikmətdir.

- Nazim Hikmətlə konfransda tanış oldum. Mən Türkiyədən Rusiyaya göndərilən heyətdə idim. İçində professor, alimlər vardı. Şərq alimlərinin topantısıydı. Moskva Universitetinin binasında toplandıq. Açılışı o zamankı dövlət başqan yardımçısı Mikoyan etdi. Jurnalist kimi “Vatan” qəzetindən göndərilmişdim. 1960-cı ilin avqustunda olmuşdu bu. Hardasa 20-yə yaxın türk heyət vardı. O zamanlar xatırlayacaqsınız, Türkiyədə “27 may əsgəri devrimi” olmuşdu. Bu konfrans həmin devrimdən qısa vaxt sonra gerçəkləşdi.

- Konfransın mövzusu nə idi?

- Şərq bilimləri. Şəqin dilləri, dinləri və s. Orda İran, Yuqoslaviya, Türkiyə vardı. Azərbaycan müstəqil deyildi, Sovetlərin tərkibindəydi, amma yenə də konfransda iştirak edirdi.

Konfrans başlayandan mənim fikrim ancaq Nazim Hikmətlə bərabər olmaqdı. Nazim Hikmət sırf kommunist olduğu üçün əzab çəkmişdi. Dövlətə heç bir ziyan verməyən biri idi...

- Deməli, sizin Moskvaya getmə səbəbiniz Nazim Hikmət idi...

- Mən dövlət adına getdim. Türkiyə üç qəzet seçdi və onları Moskvaya yolladı. Bunlardan biri eyni zamanda professor idi, Ahmet Şükrü Esmer. O tarixdə 60-lı yaşlarında Ankaradakı Cümhuriyyət Xalq Partiyasının rəsmi orqanı “Ulus”un yazarı idi. İstanbuldan da iki qəzet: biri “Vatan”, o biri “Milliyet”. “Vatan”dan mən getmişdim, Ömər Sami Coşar da “Milliyet”dən.

Türk heyəti Nazimə yaxınlaşa bilmirdi. Nazim Hikmətlə dost olmaq üçün ilk addımı mən atdım. Mən onda 30 yaşındaydım, Nazim 60. Bir-birimizi heç görməmişdik. Babam yaşındaydı. Mikoyan açılışı etdi, uzun bir məruzə oxudu. Sonra fasilə verildi, kimisi çay içməyə, kimisi də siqaret çəkməyə çıxdı...

- Siz Nazim Hikmətlə Moskvada görüşən sonuncu türk jurnalist idiniz...

- Elədi. Nazim Hikmətlə görüşənlər ölürlər yavaş-yavaş. Ömər Sami Coşar, Ahmet Şükrü Eser də orda vardı, amma mənim kimi Nazimlə dostluq etmədilər. Başqa türklər də o konfransda iştirak edirdilər, güman edirəm ki, çoxusu ölüb. Çünki professorlar gəlmişdi Türkiyədən. Amma Nazimə ilk dəfə yaxınlıq göstərən mən oldum. O professorlar buna görə mənə çox əsəbiləşdilər. Çünki Nazim Hikməti dövlət vətən xaini elan eləmişdi. Hələ üstəlik vətəndaşlıqdan da çıxarılmışdı. “Vətən xaini” dedikləri Nazim isə həbsxanada “İstiqlal”ı, “Atatürk”ü yazdı. Müdhiş bir şeydi bunlar. Çünki Türkiyədə bəziləri o zamankı hakimiyyətin Nazimə münasibətinə qatılırdılar. Deyirdilər, pis kommunistdir. Ancaq mən o tarixdə, 30 yaşında düşünürdüm ki, Nazim önəmli bir adamdır. Və gizli-gizli kitablarını oxumuşdum. O zaman qadağan idi. Mən ona heyranlıq duyurdum, çox maraqlanırdım ki, Nazim necə bir insandır. Mən 7 yaşında olanda Nazim həbsdəydi, Qalatasaray liseyini bitirəndə 19 yaşım vardı, o zaman hələ də böyük şair içəridəydi. Bir düşünün necə dəhşətlidir. Nazimin bu əzmi məni heyrətləndirmişdi. Konfransa ara verən kimi düz yanına gedib “Merhaba, Nazım” dedim. O da qadınların arasındaydı, söhbət edirdi. Mənim “Merhaba, Nazım” deməyim onda çox müdhiş hislər oyadıb. Bunu sonralar öyrənəcəkdim. Nazim Hikmət Sovetlərə qonaq idi, o dövlətə sığınmışdı. Ancaq mənim qənaətimə görə, Sovetlərdə də Nazim Hikmət çox güvənmirdilər.

- Trotkskiçi olduğu üçün...

- Yəqin ki. Nazim Hikmət təbii kommunistdir. Heç vaxt kommunist olduğunu danmayıb. O zaman bəzi dövlətlərdə kommunist olmaq günah idi. Nazim Hikmət vətən xaini elan olunduqdan sonra Moskvada yaşadığı 10 ildə heç bir türk ona yaxınlaşıb “Merhaba, Nazim” deməyib. Ona görə Nazim çox həyəcanlandı. Orda türklər gəlib gedirdi, Türkiyənin səfirliyi vardı. Sadəcə onlar qorxurdular. Onlar mənim də qorxmağımı gözləyirdilər. Və çox qəribə gəlirdi onlara. Gənc bir adam hər axşam Nazimlə bərabərdir. Gürcü lokantalarında yemək yeyirik, vodkamızı içirik, qardaş kimi... Bunlar deyirlər ki, kimdi bu gənc belə? Nazim Hikmətlə lokantaya gedib yemək yeyəndə iki-üç kişi gəlib yaxınımızda otururdular. Halbuki başqa yerlər də boş olurdu. Yaxınımızda əyləşirdilər ki, qulaq assınlar, görək nə danışırlar. Nə danışacağıq? Şeirdən, ədəbiyyatdan, Sovet qadınlarından. Bizlə bir yerdə Əkbər Babayev də olurdu. Əkbər Babayev həmişə Nazimin yanında idi. Nazimin balaca maşını vardı, həmişə Əkbər Babayev o maşını sürürdü. Nazimi heç vaxt maşın sürərkən görmədim. Heç soruşmadım da. Yəqin ki, sürücülük vəsiqəsi yoxdu...

- Heç pasportu da yox idi...

- Hə... Həmişə Əkbər Babayevlə bir yerdə olurdular. Mən də, Əkbər Babayev də “Nazim abi” deyirdik ona. Sonra bizə Ömər Sami Coşar qatıldı. Ondan sonra da professor Fahir İz. Çox önəmli bir isimdi bu. O biri professorlardan fərqli olaraq Nazimlə maraqlandı, onunla söhbət elədi. Sizdən soruşuram....

- Buyurun...

- Bir kafeyə, ya da harasa gedəndə içəridə adamlar görəndə salam verməzsiniz? Merhaba deməzsiniz?

- Deyərəm...

- Yahu! Bunlar necə adamdı? Bir dəfə olsun Nazimə “Salam, necəsən?” demədilər. Kimsə adını belə söyləmədi. Mənim ona “Merhaba, Nazim” deməyimdən sonrakı həyəcanı buymuş. Nazim də bu qədər şeydən sonra yenə dik durdu, heç vaxt şikayət eləmədi.

- Hocam, o “Merhaba” dediyiniz ana qayıdaq...

- Aha... Mən “Merhaba, Nazım” dedim. Ondan sonra Nazim qocaman əlləri ilə məni qucaqlamaq istədi. Mən bəlkə də onun qədər səmimi ola bilmədim, amma gözəl görüşmə oldu. “Xoş gəldiniz, Orxan bəy” dedi. Məni hardan tanıyacaq? Təbii, gələnlərin siyahısını alıb oxuyub. Ondan sonra aramızda böyük bir səmimiyyət yarandı. Bir həftə boyunca hər gün bir yerdəydik. Konfrans bitəndən sonra Sovetlər birliyi bir elan yayınladı. Deyirdilər ki, konfransa qatıldığınız üçün təşəkkür edirik və önümüzdəki bir həftə boyunca istədiyiniz Sovet ölkəsində bir həftə sizi qonaq edəcəyik. Nazim mənə soruşdu ki, sən qatılırsan gəzintiyə. Bütün heyət qatıldı. Ömer, Fahir İz də qatıldı. Mən düşündüm ki, ora başqa səfər gedərəm. Nazim Hikmətlə söhbətə doya bilmirdim. Onunla danışmaq böyük zövq idi. Həsrət çəkirdi orda. Türkiyədən uzaqda. Özü də Sovetlər içində ola-ola türk hökuməti haqqında bircə dəfə olsun pis söz demədi. Oğlunu görə bilməmişdi. Hətta mənə bir şey demişdi: “Oğlum məktublarda böyüdü”.

- Şeirində də var...

- Var! Doğrudur! Bravo! Oğlum məktublarda böyüdü dedi. Mehmet isə bu gün atasını sevməyən bir adam. Çünki ona şair lazım deyildi, ona ata lazımıydı.

- Həqiqətən sevmir?

- Elə deyirlər. Ortaya çıxmır, müsahibə vermir heç kimə. Heç kimlə söhbət eləmir. Nazim Hikmətin tək varisi olduğu üçün şairin kitablarından pul qazanır. İstanbulda adalardan birində ev alıb, orda yaşayır, kimsəylə danışmır, kənara çəkilib dinməz-söyləməz həyatına davam edir. Yaşlanıb. 70 yaşındadır. Yorulub yəqin.

- Hocam, Nazim Hikməti insan kimi araşdırdığınızı dediniz... Xəyalınızdakı insanı onun simasında tapdınızmı?

- Bəli. Nazim hər şeydən əvvəl insan kimi çox gözəl bir insandı. Kin tutmayan, hər kəsi sevən biri. Ən çox türkləri sevirdi, Türkiyəni sevirdi. Amma eyni zamanda çinliləri, yaponları, yəhudiləri də sevirdi. Erməniləri sevirdimi, bilmirəm. Çünki heç erməni söhbəti eləmədi. Mən də soruşmadım. İstəyirəm, sizə çox önəmli bir şey deyim. “Qurtuluş savaşı”ndan yazdığı 20 min misra olduğu bilinir. Ancaq Nazim mənə daha çox olduğunu söyləmişdi. Yazdıqları itib. Nazim Türkiyədə həbsdə olarkən yazıb bunları. Bunları səhifələyib güvəndiyi dostlarına verib ki, saxlasınlar. Nazim getdikdən, vətən xaini elan olduqdan sonra bu kağızları evdə saxlamağa hamı qorxub. Kimisi yandırıb, kimisi yoxa çıxarıb. Nazimin bircə misrası belə bizim üçün böyük bir şeydi. Ancaq Türkiyədəki universitetlərin heç birində bir adam durub araşdırmayıb ki, hardadı bu şeirlər. Bəlkə misra başı pul ödənsə ortaya çıxar. Nazim buna görə çox üzülürdü. Həbsdə belə bir şey yazıb. İnanılmazdı bu. Nazim Qurtuluş Savaşına qatılmaq istəyib, Mustafa Kamalla qarşılaşdığında cəbhə xəttinə göndərilməyini istəmişdi. Vala Nurəddinlə bərabər gəlmişdilər. Demək istədiyim odur ki, indi o Qurtuluş savaşına yazdığı bu şeirlərin çoxusu itib. Niyə bu araşdırılmır? Bax Nazimin ən böyük dərdi də bu idi.

- Hocam, Nazim Hikmətin böyük şair olduğunu bilirik. Şübhəsiz, XX əsrin ən böyük şairi idi. Mənə maraqlı olan odur ki, siz Nazimdə nələr kəşf etdiniz? Nələrdən danışırdınız?

- Hər şeydən. Türkiyənin vəziyyəti ilə maraqlanırdı. Bu devrim sol devrimdirmi, deyilmi deyə çox maraqlanırdı. Türkiyədə yaşayan bizlər də bu vəziyyətlə maraqlanırdıq. Vəziyyət çox gərgindi, əsgərlər girmişdi, biz də nə olacağını bilmirdik. Nazim üçün bu mövzu maraqlıydı. Və Moskvada oturub bunlardan xəbər tutmağı imkansız idi.

Bir də Nazimin Verası vardı, təbii... Tam da danışmaq istədiyim yerə gəldik. Nazim o zaman mənə soruşurdu ki, evlisən, ya yox. Mənim də bərabər olduğum bir xanım vardı, daha sonra da evləndik onunla. Nazim maraqlanırdı, deyirdi, necə bir xanımdı, evlənəcəksənmi. Bu haqda sorğu-sual etməyi sevirdi, özü də danışırdı. Bir dəfə yemək yediyimiz sırada Vera söhbəti ortaya atıldı. Veranı mən də gördüm, çox xoş qadın idi, gənc, gözəl. Qızı vardı həm də, evliydi. Nazim də dəli kimi ona aşiq idi. Vera ona deyib ki, bax Nazim, biz evlənəsi olsaq, mən həftədə bir dəfə köhnə evimdə qalmalıyam. Onların adəti belədi. Nazimin türk qafasına bunu yerləşdirə bilməzsən. O köhnə evdə Veranın əri qalır. Əri ilə yaşayıb, bitib. Təzədən o evə qayıtmaq olarmı? Azərbaycanda varmı belə bir şey?

- Təbii ki, yox...

- Olmaz, Türkiyədə də, başqa yerlərdə də olmaz. Əkbər Babayev və digər dostları razı deyildilər Nazimin evlənməyinə. İnfarkt keçirmişdi Nazim, yaşlı idi. Vera isə gənc xanım. Çətin olardı deyirdilər Nazimə. Bu qadın səni yorardılar deyirdilər. Nazim dedi, Orxan, sən nə deyirsən, bunlar deyir, sən yaşlısan, Vera gəncdi. Mən də çox düşündüm.

- Bəs cavabınız nə oldu?

- Heç unutmaram. Qarşımda Əkbər Babayev oturub. İçimdən də Əkbərgilin dediklərinə haqq qazandırıram, həm də deyirəm, adam sevir o qadını. Soruşdum ki, Vera ablamızı – mənlə yaşıd idi, amma abla deyirdim – çoxmu sevirsən? Dedi, çox sevirəm, onsuz yaşaya bilmirəm. Mən də “bu qədər sevirsənsə evlən, onda” dedim. Sevindi. “Yaşa, Orxan!” - deyib kürəyimə elə vurdu ki, ciyərim yerindən çıxacaq sandım. Çox güclüydü, iri sümüklü idi. “Sən məni anladın” dedi gülərək.

- Hocam, son görüşünüzü necə xatırlayırsınız?

- Biz Nazimlə vidalaşdıq. Qucaqlaşdıq, öpüşdük. Dedim, Nazim sənlə bir də necə görüşəcəyik, mən doya bilmədim. O da eynən mənim dediklərimi dedi, mütləq görüşək dedi və Qahirədə bir konfransın olduğunu, orda iştirak edəcəyini söylədi, mənə də ora gəlməyi tapşırdı. Çox sevindim. Biz 1 il, 1 il yarım bir yerdə olmuşduq. Türkiyəyə gedəndə də qəzetdə Qahirədə konfrans olduğunu dedim, xoş qarşıladılar, biletimi də aldılar, otelimi belə hazırladılar. Qahirəyə birbaşa uçuş yoxdu. Mən İstanbuldan Ankaraya gəldim. Nə oldu, bilirsən?

- Nə?

- Ertəsi gün səhər Qahirəyə yola çıxacaqdıq. O gecə Talat Aydemirin üsyan cəhdləri baş tutdu. Həmin gün bütün uçuşlar dayandırılmışdı. Mən Qahirəyə gedə bilmədim. Qahirəyə gedəndə bildim ki, konfrans 3 gün əvvəl bitib. Bu mənim üzüntümdür. Ondan sonra bir də Nazim Hikməti görmədim. Türkiyədə Nazimi görən üç adam qalmışdı: mən, Hıfzı Topuz, bir də İbrahim Balaban. İbrahim rəssamdı, Bursa həbsxanasında Nazimlə bərabər yatmışdı. Hə, bir də Refik Erdoğan. Nazimi Moskvaya aparan adam.

- Gənc bir adamla yürüdüm ölümün üzerine...

- Bəli, o gənc adam Refikdi. Bizi televiziya proqramına çağırmışdılar. Mənim ağlımda bir sual dolaşırdı: Nazim məni sevdimi? Qahirəyə gedə bilsəm, bu sualı ona verəcəkdim. Hıfzı Topuz o proqramda mənə bunları danışdı. Dedi ki, Abidin Dinonun yanına Parisə gəlmişdi Nazim. Verayla təzəcə evlənmişdilər. Və orda həmin o Moskvadakı konfransdan danışdı. Dedi ki, orda heç kim mənə yaxınlaşa bilmirdi, amma bir gənc jurnalist, Orxan adlı jurnalist mənimlə görüşdü. O olayı danışır və sonra deyir ki, mən o uşağı çox sevdim. Bunu eşitməyim məni çox rahatlatdı.

- Hocam, V Bakı Beynəlxalq sərgisində iştirak etdiniz. Azad Qaradərəli sizin “Tanımadığımız Nazim” kitabını tərcümə etdi. Nazim Hikmət Azərbaycanda da sevilən şair idi...

- Biz Nazim Hikməti yaşatmalıyıq. Türkiyədə də, Azərbaycanda da. Bir şeyi də deyim. Nazim türkcə yazdı, bircə sətir də rusca bir şey yazmadı. Stalin zamanında Türkiyə siyasətindən danışılmışdı. Nazim Hikmət də həmin söhbətdə iştirak edirdi və demişdi ki, tamam, mən burda qonağam, ancaq bir qram türk torpağı üçün vücudumdakı bütün qanı axıtmağa hazıram. Belə bir yurdsevər idi Nazim. Ondan sonra toplantı dayandırılmışdı. Yaltaq deyirdilər, düşünürdülər ki, Soveti təbliğ edəcək, mədh edəcək. Nazim heç bunu eləyərmi? Canını verən adamdı Nazim. İndi Novodeviçiyedə uyuyur. Niyə? Nazim şeirində “beni bir Anadolu mezarlığına gömün” dedimi, demədimi? Mənə də demişdi ki, ölümdən qorxmuram, amma məni buralarda basdıracaqlarından qorxuram. Nazim Türkiyəyə gətirilməli, bir kənddə dəfn edilməlidir. Məzarı Azərbaycana gəlsə, ona da razıyam. Bir də istəyərdim, Azərbaycanda Nazimin heykəli, onun adına bir park olsun.

Kitabın burda tərcümə olunmasına çox məmnun oldum. Ancaq ağız dolusu oxuya bilmədim kitabı. Çünki “ə” və “x” hərfləri məni geri itələyir. Ona görə Azad bəyin tərcümə etdiyini doğru-dürüst oxuya bilmədim (gülür). Amma yenə də çox təşəkkür edərəm!

# 1888 dəfə oxunub

Müəllifin son yazıları

# # #