Bu gün yazıçı Cavid Zeynallının doğum günüdür. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və saytımıza verdiyi yeni müsahibəsini təqdim edir.
- Cavid, ad gününü təbrik edirəm. Status da yazmışdın ki, gənclik yaşı ilə vidalaşmısan. Necə bir hissdir bu? Ümumiyyətlə, sənin üçün ad günlərinin xüsusi mənası var?
- Təbrikə görə çox sağ olun. Həmişə necəyəmsə, indi də elə. Xüsusi əhval-ruhiyyə yoxdur, xüsusi uşaq sevinci hiss etmirəm. Amma yəqin ki, içimizin və çölümüzün belə qaçaqaç, belə vurnuxan vaxtında bu sevinci itirməməliyik. Əslində bizə yazmağı, düşünməyi, hamı kimi olmamağı öyrədən hissin adı məhz budur. Bir də əlbəttə, heyrətlənə bilmək. Səhər şəkil paylaşdım, yazdım ki, 35-ə əlvida. Amma sonra məlum oldu ki, 35 keçən il olub, mən 36-ya əlvida deyirəm. 1985-ci ilin 7 dekabr tarixində doğulmuşam, yaş kağızında isə 1986-cı ilin 2 yanvar tarixi yazılıb. Sadəcə, doğum haqqında şəhadətnaməm gec alınıb. Həmin sənədi verən məmur atamdan qəfil doğum tarixini soruşub, atam karıxıb. Sonra evə qayıtmağa ya ərinib, ya hansısa səbəb olub, dəqiq bilmirəm, deyib elə bu gününkü tarixi yaz – 2 yanvar. Bax, beləcə ikitirəlik yaranıb. Amma hərdən özümə ləzzət edir ki, nə maraqlı başlanğıc olub.
- Atanı bildik... Sənin özün haqda da ərincək deyirlər. Az yazırsan. Hətta yaxınlarda ilk romanın olan "Günəşi gözləyənlər" təkrar nəşr olundu. Halbuki səndən yeni roman gözləyirdik.
- Mən heç vaxt heç nəyə ərinməmişəm. Özümü zəhmətkeş adam sayıram. İşləməkdən, hərəkət etməkdən qorxan adamlara qıcıq olmuşam. Sadəcə, yazmaq üçün yaxşı mühit, yaxşı stimul olmalıdır. Onu formalaşdıra bilməmişik. Ötən il pyeslər və səhnələşdirmələrdən ibarət “Şükriyyə” adlı kitabım çap olundu. Pyeslərimin səhnələşdirilməyinə ümidliyəm. Gec-tez olacaq, buna əminəm. Ya da bizə növbə çatanda. Hər necə anlaşılır, anlaşılsın. “Günəşi gözləyənlər”in təkrar çapı isə nəşriyyatın təklifi idi, dəyərləndirdim və xoş oldu. Mən Dillər Universitetinin doktorantantıyam. Elmi iş yazmaq kimi ağır bir proses durur qarşıda. Bir də ingilis dili ilə məşğulam. Sonra nə deyim? Yaxşı, sənin xətrini xoş etmək üçün bunu da deyirəm: roman yazıram. Toparlana bilsəm, üç aya bitirərəm.
- Sanki bir az əsəbləşdin. Ad günündə səni əsəbləşdirməyim. Bilmək olar nədən bəhs edir roman?
- Bu səninlə zarafat idi. Roman köləlik haqqındadır. Qorxunun gətirdiyi mənəvi eybəcərlik, ailə müsibəti, qadın-kişi münasibətlərinin uçurumu. İstədiyimi yaza bilsəm, ortalığa nəsə çıxacağına əminəm.
- Əla. Sənin adına çox sevindim. Ümid eləyirəm, yaxın zamanlarda oxuyacağıq. Elə yeri gəlmişkən, onu da soruşum. İlk romanını təzədən redaktə elədin. Adətən bizdə təzədən redaktə olunan əsərlər ilkin təravətini itirir. Tutaq ki, İsa Hüseynovda bunun şahidi olmuşam. Sən necə düşünürsən bu haqda? İlk romanını təzədən oxuyanda əsər xoşuna gəldimi? Səncə, onu redaktə etmək doğrudurmu?
- Xoşuma gəlmədi. Çox primitivlik, çox pərakəndəlik var idi. Redaktə etmədən onu ortalığa çıxarmaq olmazdı. Əlbəttə, düzəliş yalnız dil məsələsində oldu, başqa heç nəyə əl dəymədim. İndi mətn haqqında daha başqa fikirlərlə yaşayıram. İndi nə “Günəşi gözləyənlər”, nə də “Leyla” kimi roman yazmaram. Görünür, bunlar sadəcə hazırlıq prosesi olub. Roman təfəkkürünə çatmaq üçün zaman lazımdır. Yaş, mütaliə, görüb-götürmək, iz qoymadan oğurlamaq bacarığı və s... Gör nə qədər püxtə olmalısan. Əlbəttə, söhbət istedadlı adamlardan gedir. İstedadsız üçün 60 yaşda da heç nə dəyişməyəcək. Hekayələrimi gələn il çap etdirəcəm. Gərək onları bir də diqqətlə oxuyum ki, sonra eyni hissləri yaşamayım. Hərçənd, deyə bilərsən ki, redaktə bitməyən prosesdir.
- "Leyla"nı yada saldın. Elə onu soruşacaqdım. Ad günündə bəlkə etiraf edəsən: "Leyla" romanı hansı müğənnimizin həyatından bəhs edir?
- Konkret heç kimdən. Dolayısı ilə hamıdan. Mən vaxtı ilə çox faydasız işlərlə məşğul olmuşam. Məsələn, müğənnilərin qalaq-qalaq müsahibələrini oxumuşam. Kimə lazım idi? Heç kimə. Ümumiyyətlə, o romanı bulvar ədəbiyyatı estetikasında yazmışam. Sadəcə, satış üçün. Bir də kassa filmi üçün. Məsələ ondadır ki, bizdə kino və teatr mühitinin oxumaqla arası yoxdur. Normal kino mühiti və kassa filmi çəkmək üçün həvəsli rejissor olsa, 400 səhifəlik kitabı oxumağa hövsələsi olsa, yaxşı bir film çəkə bilər. Kitab kimi isə bu romanı bir də heç vaxt üzə çıxarmayacağam.
- Hamı, romanı oxuyanlar, elə mən də ordakı qəhrəmanın Röyaya daha yaxın olduğunu düşünmüşdük. Romanda Röyanın həyatı daha çox var elə bil. Hə?
- Bəlkə də hə, bəlkə də yox. Bilmirəm. Bu ötüb keçən mərhələdir. Və maraqlı olmayan mərhələdir. Sadəcə, təcrübə, yenə təcrübə, vəssalam.
- Müsahibələrinin birində "Leyla" romanı haqda demişdin ki, Röya bu əsərdə özünü görürsə, bu mənim problemim deyil. Və sonra əlavə etmisən: "Görüşəndə kitabı özünə verdim". Səncə, Röya oxudu o əsəri? Oxusa, bəyənər?
- Röya istənilən 400 səhifəlik kitabı oxusa, ona minnətdar olaram. Vacib deyil mənim romanımı oxusun. “Dədə Qorqud”u oxusun, “Don Kixot”u oxusun, “Sergi ata”nı oxusun, Azərbaycan nağıllarını oxusun. Əsas odur, oxusun. Biz səninlə şou mühitindən danışırıq, amma kino və teatr mühitində də dəhşətli savadsızlıq var. Kitab üzü açmırlar. Oxu mədəniyyəti formalaşmayıb. Əgər adamlarda oxu mədəniyyəti formalaşdırsaq, hər şey yaxşı olacaq. Nə biz deyinəcəyik, nə bu adamlar xroniki bilgisizlikdən əziyyət çəkəcəklər.
- Aydındı. Cavid, əslində gənclik yaşını keçdiyini özün də yazmışdın. Ancaq səni həmişə müdrik kimi görmüşük. Qocafəndi adamsan. Qalmaqallardan, davalardan uzaq olmusan. Hamıyla münasibətin yaxşıdı. İndi də romanın qəhrəmanının Röyaya aid olduğunu demək istəmirsən. Niyə gənclik çılğınlığı olmayıb səndə?
- Çılğın olmaq nəyə deyirsən? AYB, AYO davasında olmaq? Axı, maraqlı deyil. Mən bütün davaların, qalmaqalların o tərəfini görməyi bacarıram. Bilirəm ki, ötəridir, keçicidir. Bilirəm ki, sonra kimlərsə üzr istəyəcək, həyatın dəhşətli həqiqətinə boyun bükəcək, tövbə qapısına əyiləcək. Yerdə qalan mətndir. Mən xaraktercə sabitqədəm adamam. Uşaqlıq etməyi, dava-dalaşa düşməyi mənasız hesab edirəm. Uzun məsələdir, iki daşın arasında, özü də telefonda cavab yazıram sənə
- Hər halda yazıçı narahat adamdı. Gənclik çılğınlığı daim onun canında olur. İçində o etiraz olmayıb? Təzədən "tövbə qapısı"na qayıdacağın üçün çəkinmisən?
- Yazıçı narahat adam deyil. Yazıçının boynuna haqq qoymayaq. Yazıçı həyatının mənəvi xəritəsini öz istədiyi kimi cızmalıdır, ictimai, siyasi, mədəni ictimaiyyətin öhdəliyi kimi yox. Son söz yaxşı mətnindir. Mənim ən böyük narahatlığım budur. Yaxşı yazmaq.
- Bəs, səncə pis adam yaxşı yaza bilər? Bu haqda necə düşünürsən? Bəzən deyirlər ki, şəxsiyyət yaradıcılığı bütövləşdirir.
- Pis-yaxşı məsələsi nisbidir, şərtidir. Çox yaşaya bilsəm, bu suala ölənə yaxın cavab verə bilərəm. Yəni Onda biləcəm yaxşı adamam, pis adam. Onda biləcəm, nə yazmışam. Şəxsiyyət bütövlüyü isə çox vacib məsələdir.
- Sonda Cavid... Ədəbi mühit əvvəlki kimi qaynar deyil. Proseslər demək olar ki, yoxa çıxıb. Səncə, düzələcək hər şey?
- Ümidliyəm ki, düzələcək. Bizim ədəbi-mədəni idarəçilər xırda hisslərdən uzaq olub həqiqi təəssübkeş ladda düşünə bilsələr, yaxşı olacaq. Olmasalar da, qəm yemə. Uzağı deyəcəyik ki, bizdə alınmadı.