"Heç vaxt qoymaram orda araq içilsin" – Seyran Səxavətin evindən REPORTAJ

"Heç vaxt qoymaram orda araq içilsin" – <span style="color:red;">Seyran Səxavətin evindən REPORTAJ </b>
9 mart 2018
# 09:00

Ayxan Ayvaz

“...Hə, Seyran müəllimdi. Saxlayın, zəhmət olmasa”.

“Seyran Səxavətdi ki bu. Yazıçımızdı. Tanımırsınız?”

“Elə onun yanına gəlmişik”.

Taksi sürücüsü maşını saxlayır, biz Seyran müəllimlə görüşüb onun maşınına əyləşirik.

- Taksi şoferi sizi tanıdı.

- Hə, Mərdəkanda hamı tanıyır məni.

- Məşhursunuz yəni.

- Çox e, çox... Ayxan, bala, mən 1964-cü ildən Şüvəlan kəndinə xeyrə-şərə gəlmişəm. Bakı Dövlətin şərqşünaslıq fakültəsində mənnən bir yerdə şüvəlanlı balası oxuyurdu. O məni bu kəndlə doğmalaşdırıb. Qrup yoldaşım idi, çox yaxın olmuşuq. Bizdə, Füzulidə də olub. İndi burda hamı məni tanıyır. Çıxıram çölə, Seyran müəllim, nətərdi işlər? Ləhcəynən deyirlər. Mənə özləri kimi baxırlar. Darıxmaq yoxdu burda.

- Hava da yaxşıdı. – Evlərin üstünə doğmalıqla sərilən gün işığına baxıb gülümsündüm. – Günəşli, gözəl. Əsl bahar havası.

- Buranın havası həmişə belə olur. Bakıdakı havanın tərsi. Orda qar yağanda, burda gündü. Burda qar yağanda, orda gün.

Yarımtikilinin yanından keçirik. Fəhlələr divarı suvayırlar. Seyran müəllimin özünəməxsus yumoru “xoda” düşür:

- Xalqımızı görürsən? İşləyir. Palçıq qarışdırır, ev tikir.

Bir az qabaqda yenə ev tikilirdi.

- Həmişə xalqımızın işləməyi mənim qəlbimi fərəhlə doldurur. Bax, görürsən, bu dəfə də palçıq qarışdırırlar, ev tikirlər.

Bir azdan zarafatın lüləyi fotoqrafımız Sabirə tuşlanır:

- Nə təhər Oljas Süleymanova oxşayır e. – Maşını saxlayır. – Buyurun, Sabir müəllim.

Qapını açır, Sabiri içəri keçirir. Fotoqrafımız təəccüb qarışıq təbəssümlə mənə baxır.

Balaca, xudmani bağ evi qarşımızda. Ağacların yarpaqlara vida elədiyi vaxtda gəlib çıxmışıq. Çılpaqlaşmış nar ağacları utancaqlıqla bizə baxır.

- İtiniz yoxdu, Seyran müəllim?

- Var idi, qovdum.

- Niyə?

- Yaltaq idi.

- Yaltaq? – heyrət edirəm.

- Deməli, it gətirmişdim ki, arada-bərədə evə baxsın. Bir dəfə dözmədim, rədd elədim. Arvadım soruşdu ki, niyə qovmusan iti. Dedim, yaltaq idi. O da sənin kimi heyrət elədi. Bəs it də yaltaq olar? Dedim, arvad, məsələ ondadır ki, bu it insan kimi yaltaqlanırdı.

İtin qovulmağı deyəsən bağdakı pişiyin ürəyinə yağ kimi yayılıb. İçəri girən kimi ayağımızın altında yıxılıb yumalandı, özünü ora-bura vurdu.

Seyran müəllim pişiyə baxıb tam ciddi halda dedi:

- Çox abırsız pişikdi. Tərbiyəsində qüsur var.

Pişik elə bil bu sözdən sonra bir az özünə çəki-düzən verdi, özünü dik tutdu, quyruğunu bayraq kimi yellətməyə başladı.

- Adı nədir?

- Orik. Orxandı əslində. Qısaltmışıq adını.

Qara pişiklə tanış olub ağacların tamaşasına durduq.

- Sezon vaxtı ağaclara özüm qulluq eləyirəm. 150-yə yaxın ağacım var. Ləzzət alıram e, Ayxan. Yaz vaxtı ağacların çiçəklədiyi dövr var e... Onda hamısının bircə-bircə şəkli gözümə həkk olunur. Neçə tumurcuğu, neçə qönçəsi var.

- Seyran müəllim, sadiq olmayan ağacınız var?

- Yox. Mən nə əkmişəm bitib. – Əminliklə deyir.

Bütün ağaclar qardaş kimi qollarını bir-birinin boynuna dolayıb sanki. Yaxın-yaxınadırlar. Nədənsə, ağaclar mənə zirzəmiyə atılan dustaqları xatırladır. Yarpaqsız, çiçəksiz ağaclar üçün torpaq da, hava da zindan qoxusudur.

Evə giririk.

- Yazı masam yuxarıdadı. – deyir Seyran müəllim.

- Allaha yaxınsız yəni.

Gülümsünür. Pillələri çıxa-çıxa danışır:

- Bu evdə yaradıcılığımın heç sıfır tam onda birini də yazmamışam. 7 ildi yaşayıram burda...

Qapını açır: yazı masası divara bitişik durub. Yanında şkaf. Kitablar, adda-budda şəkillər gözə dəyir.

Nəvəsi ilə çəkdirdiyi şəkli göstərir:

- Bu orijinal Seyrandı, o biri kopyası. – Yazı masasını göstərir. – Tanış olun, yazı masamdı.

Yazı masası susur.

- Üstü boşdu... – deyirəm.

- Yazı-pozu işim qurtaran kimi yığışdırıram. Bir yazı masasıdı, bir də arvaddı. İkisi də mənnən ora-bura hərlənib. Həqiqi deyirəm. Mənim həyatım paytaxtda tərəkəmə həyatı yaşamaq olub. Ordan-ora köç. Əhmədli, Gənclik, Biləcəri, ən axırda, bura. Onun üstündə çox yazılar yazmışam. Bu yazı masası mənim yaradıcılığımın 50-60 faizini əhatə edir. Qalan hissəsini isə... SSRİ Yazıçılar İttifaqının Yaradıcılıq evləri vardı. Pribaltıkada, Rusiyada, Azərbaycanda, Ukraynada... Mən yazılarımın böyük əksəriyyətini Peredelkinoda, Boris Pasternakın qəbri olan kənddə yazmışam.

- Yaradıcılıq atmosferi...

- Hə, atmosfer bax ordaydı. “Obed”ə gələndə yazıçıların üzünə baxırdın, hamısı dəliyə oxşayırdı. Biz 7-8 dost idik. Bir neçə ölkədən yazıçılar gəlirdi. Dekabrda yığılırdıq. Valentin Katayev vardı, Rusiyanın böyük yazıçısı. Bizi görəndə deyirdi ki, vot opyat dekabristi poyavilis (gülür). Yazı masasını başqa yerlərə aparmışam. Nə qədər evlər dəyişmişəm. Və özüm də dəyişmişəm. Neçə dəfə pasportumu dəyişmişəm, başqa şeyləri də. Amma yazı masam eləcə qalır. O yazı masasının qırx yaşı var hardasa. Mənə görə müqəddəsdir bu yazı masası. Mən heç vaxt qoymaram ki, bu yazı masasının üstündə araq içilsin. Yerdə bardaş quraram, başqa yerə keçərəm, amma dünyasında qoymaram orda içki içilsin. Çünki o tilsim pozulsa bir daha geri qayıtmayacaq.

- Siz deyirdiniz ki, yazı masasına sürünə-sürünə gəlirəm...

- Sürünə-sürünə olmasa da, diz çökmüşəm qabağında, öpmüşəm onu. Bildirmişəm ki, mən gəlmişəm. O, hiss eləyib məni. Məni hiss eləməyəndə günahı özümdə görmüşəm. Yazı masasına getmədən əvvəl bir-iki ay araq içmirəm, siqaret çəkmirəm. Həqiqi ona müqəddəs baxıram. Sənə bir şey deyim, Ayxan bala. Hərə bir cür tərif verir yazıçılığa. Mən isə belə deyirəm və deyəsən, ən dəqiqini də mən deyirəm. Yazıçılıq xasiyyətdir. Necə ki, mərdimazarlıq xasiyyətdi, yazıçılıq da elə. O xasiyyətin əzab-əziyyətini mənlə bir yerdə çəkən də yazı masasıdır.

Bu yazı masasının hekayəsi. Növbəti hekayə: bağ evi. Seyran müəllimin hekayəsiz günümü keçir? Hər yanı, içi-qəlbi hekayə. Evin hekayəsi artıq yazılıb. Adı da belədi: “Evin tikilsin, yaxud vəsiyyətnamə”.

Uşaqlarını yerbəyer eləyəndən sonra Biləcəriyə köçüb Seyran müəllim. Heç cür uyğunlaşa bilmirmiş ora: “Bakıya gələndə Biləcəridən keçib getmişdim. İndi də Biləcəridən keçib getmək istəyirdim. Qayıtmaq hissi yarandı məndə. Amma hara qayıdım? Kəndim yox, erməninin əlində. Yaşamağa yerim yox, ölməyə qəbiristanlığım yox. Hara gedim?”

Diqqətlə üzümə baxır:

- Düzdümü, dədə?

- Bəli.

- Hə, deməli, bir dəfə dostum zəng elədi, getdik yeyib-içməyə. Dostum bəy nəslindən idi, ağıllı adamıydı. Qəfil bundan ciddi-ciddi soruşdum ki, mənim dəfnimdi, yeddimdi, qırxımdı, baş daşıdı, qəbirdi, bunların nə qədər xərci çıxar? O da ciddi-ciddi hesabladı, dedi, 30 min. Bütün qaçqınlar tökülüşüb gələcək yasa və s.və i. 30 mini əsaslandırdı. Ona dedim ki, mənim bir yerim var, eləcə hörgüsünü qaldırıb, üstünü bağlamışam, qalıb elə... Mən Biləcəridə qalsam öləcəm. Doğurdan öləcəkdim. Sən belə elə... Mən vəsiyyət edəcəm ki, öləndən sonra məni sən götürəsən. 30 min demirsən? Bu evin 20 min xərci var. Sən 20 mini indidən mənə ver, 10 min sən qabağa düş, mən də ömrümü təzədən qazanım. Bu da güldü, dedi, mən çox irəli düşmüşəm, amma hələ bu qədər irəli düşdüyüm olmamışdı.

Sonra kədərlə əlavə edir:

“Mənim bu evim isə insanların ünsiyyətinin sozalan vaxtına düşüb. 50 il əvvəlki ünsiyyət aclığı indi yoxdur. İndi hərə öz başını girləyir”.

Bu kədərin yanına qoyulası sevinc də var amma:

- Oğlum da mənim kimi yeyib-içməyi sevəndi. Dost-tanışını çağırır, məclis qururlar. Burda akademik Hətəm Quliyev, Fuad Poladov da olub. Ata yurdumda isə yazıçıların 60-70 faizi olmuşdu. Yusif Səmədoğludan üzü bəri hamısı.

- Fuad Poladov axırıncı dəfə nə vaxt olub bu evdə?

- 3-4 il əvvəl olmuşdu burda. Biz Fuadnan 1964-cü ildən dostuq. Çox yaxınıq. Tale elə gətirdi ki, Gənclikdə bir-birimizlə qonşu da olduq.

Öz-özümə düşünürəm ki, daha sonra tale xəstəlikdə də onları qonşu elədi...

- Mənə də xərçəng diaqnozu qoymuşdular. Fuadda məndən qabaq idi... Özünə dedim ki, həmrəylik göstərdim. – Gülümsünür. - O bir az gec düşdü üstünə deyəsən. Amma mən tez düşdüm. Düzü, heç vecimə də almadım. Həkim dedi ki, siz mənə sağalmaq üçün kömək eləyə bilərsiniz. Siz buna reaksiya verirsiz. Mənə dedilər ki, təcili səni “aperasiya” eləmək lazımdı. Qırtlağı kəsmək, sonra da aparat qoymaq. Dedim, başqa əlacı var? Dedilər, var, amma yüz adamdan biri sağalır. Şüa ilə. Mən yüz adamdan birini seçərəm dedim. Bu cür mənə yaraşmazdı.

- Necə əməliyyat idi ki bu?

- Qırtlağı kəsirdilər, aparatla danışırsan. Bu mənim xasiyyətimə uyğun deyildi. Təbii səs deyil axı. Nakam deyiləm, bir şey deyiləm. Nəvələrim də var. Ölərik ölərik, tay xırıldamarıq da.

- Nə oldu bəs?

- Yüz nəfərdən biri metodu alındı. Səsim də özünə qayıtdı. İndi özümü “velikolepni” hiss edirəm.

Gülür. Sonra təzədən özünə qayıtmış səsi zəifləyir:

- Mən xəstələnəndə çox qəribə bir şey oldu e, Ayxan. Bəzi dostlar təmiz itdilər. Yəqin deyirdilər, onsuz da öləcək, öləndə gedərik yanına. Bəzi dostlar da yenə təmiz itdilər, amma başqa anlamda. Zəng edək buna nə deyək e? Bu xərçəngdi e... Bunlar mənim ölümümün yaxınlaşdığını hiss etmişdilər. Elə bil ölümü mən yox, onlar görmüşdülər. Ölüm mənim ola-ola, mənim adıma gələ-gələ bunlar qorxdu ondan. Ürək eləmədilər. Bu başa düşüləndi. Doğrudan dostlarıma heç vaxt elə əziyyət verməmişdim. Məni bağışlasınlar.

Ardınca Seyran yumoru işə düşür:

- İndi onlara deyirəm ki, Seyran müəllim həminki vəziyyətdə, həminki xasiyyətdədir, yavaş-yavaş gələ bilərlər.

Yumorun arxasına fəlsəfə qoşur:

- Bilirsən, dünyaya gərək ayrı yerdən də baxasan. Əstağfürüllah, Allaha da eyni yerdən baxsan, o gözəl görünməz. Gərək yerini dəyişəsən. Eləcə də ağaca, göyə, dosta da baxanda...

Həmişə məclislərin aparıcı qüvvəsi, sağlıqların mahir ustası, gur-guruldayan Seyran Səxavət səsini itirəndə qəfil yaman darıxıb...

- Sözün belindən gələn adamlar öz fikirlərini emosional şəkildə bildirməyi sevir. Biz bunu səslə edirik. Səs elə bil istedadın zühur olunan variantıdır. Danışmaq, məclislərdə söz demək mənim xasiyyətimdi axı. Bu məni darıxdırdı.

Seyran müəllim deyir ki, gedək bir məclis quraq. Gülümsəyirəm. Qapını açıb maşını xoda salır. Ev tək qalır. Pişik çəpərə tullanıb quyruğunu havada yelləyə-yelləyə bizə baxır...

# 2263 dəfə oxunub

Müəllifin son yazıları

# # #