Kulis.az “İşdən kənar” layihəsindən vaxtıyla Azərbaycan SSR-də yüksək vəzifələrdə işləmiş, o cümlədən Ali Sovet sədrinin birinci müavini olmuş Telman Orucovla müsahibəni təqdim edir.
- Telman müəllim, sizin çox intellektual biri olduğunuzu deyirlər. Hətta deyirlər, dünyanın bir çox ölkələrində keçirilən intellektual verilişlərdə birinci yeri tutarsınız.
- Bir az şişirtmədir (gülür). Amma hər halda dünyanın müxtəlif ölkələrində olmuşam. İki il Moskvada Ali Partiya məktəbində təhsil almışam. Sonra vəzifə ilə əlaqədar 12 il müddətində Moskvanın İttifaq Nazirlikləri və Mərkəzi Komitə ilə katib kimi ünsiyyətdə olmuşam, onların yığıncaqlarında çıxış eləmişəm. Çalışmışam ki, Azərbaycanın şərəfini müəyyən qədər qoruya bilim. Nə qədər nail olmuşam, onu deyə bilmərəm, amma buna çalışmışam. O ki qaldı ədəbiyyat məsələsinə, mən bu yaxınlarda ingilis yazıçısının Çeçeron barədə İmperium (imperiya sözündən gəlib, latınca “Hakimiyyət” deməkdi – red.) romanının oxudum. 15 ildir ingiliscə mütaliə edirəm. Orada onun bir sözü var, deyir ki, ədəbiyyat gənclər üçün qidadır, yaşlılar üçün əyləncə.
- Maraqlı fikirdir...
- Doğurdan da ədəbiyyatla maraqlanmayan, ədəbiyyata valeh olmayan, mütaliə etməyən adamları cahil hesab edirəm. Heç kəs məndən inciməsin. Aydın məsələdir ki, savadsız, kənddə işləyən zəhmətkeş adamın nə əvvəl imkanı olub, nə də indi imkanı olacaq. Çünki uşağına çörək qazanmalıdı. Mən onları nəzərdə tutmuram. Amma hansı ki, ali təhsillidir, cibində diplom gəzdirir və bir dənə də kitab oxumayıb. Bax buna çox pis baxıram. Çünki Şeksprin sözləri ilə desək, belələrinin dünyası qaranlıq və böyük cəhalətdir.
- Mən bilən çox erkən yaşda mütaliəyə başlamısınız...
- 2-ci sinifdən. Ondan sonra da nəsə məni cəlb edib və həmişə də davam eləmişəm. Məsələn, hələ orta məktəbin aşağı siniflərində oxuyanda başqa ölkələrə maraq göstərirdim ki, görüm onların həyatı bizimkindən nə dərəcədə fərqlidir. Əvvəlcə SSRİ xalqlarının ədəbiyyat nümunələrini oxuyurdum. Mütaliəyə ordan başlamışam. Məsələn, tatar yazıçısı Qumer Beşirovun “Namus” romanı vardı. Böyük vətən müharibəsində tatar kəndinin həyatına həsr olunmuşdu. Romanda qadınlar, kişilər hamısı yeri şumlamalıdırlar. Özü də öküz-zad da yoxdu. İnəkləri kotana bağlayırlar, inəklərin də gücü çatmır, kotanı çəkmir. Sonra Latış yazıçısı vardı - Viliç. Onun “Balıqçı oğlu”, “Üç mərtəbəli şəhər” romanlarını oxumuşdum. “Balıqçı oğlu” romanında dəmirçinin həyatından bəhs edir. Viliç sovet vaxtı Latviyada vəzifədə olmuşdu. Yaxşı yazıçılığı da vardı. Sonra sizə kimi deyim? Qazaxların görkəmli yazıçısı Muxtar Ağaverdiyevin “Abay” romanını oxumuşam. Abay XIX əsrdə onların görkəmli ziyalısı olub. Güclü romandır.
- Sovet xalqlarının ədəbiyyatından misallar gətirdiniz. Bu gün üçün o əsərlər aktualdırmı? Yoxsa sadəcə konyukturadır.
- Əlbəttə, sovet ədəbiyyatında ideologiya heç vaxt yaddan çıxmırdı. Bu və ya digər dərəcədə ideologiyanın təsiri hiss olunurdu. Amma bu o demək deyil ki, sovet ədəbiyyatı kasıb ədəbiyyatı idi. Ola bilər ki, Maksim Qorkinin bir sözünə görə ona başqa cür münasibət vardı. O deyirdi ki, əgər qış mənə təslim olmursa onu məhv eləyərəm. Bu sözlər onu repressiyaya aparıb. Amma fakt orasındadır ki, Qorki böyük yazıçı idi. Qeyri-adi, yüksək bəlağətli dili vardı. Adicə orta məktəbdə oxunan “Şair nəğməsi” qeyri-adi dildə yazılmışdı və ali, böyük məna kəsb edirdi. Mən hələ “Ana” romanını demirəm. Ona görə də sovet ədəbiyyatı zəngin ədəbiyyatdır. Amma ideologiyanın da təsiri vardı, bunu heç kəs inkar edə bilməz. Bu və ya digər dərəcədə Leninin bu barədə ağıllı bir sözü vardı: “Başqa millətlər şovinizmə daha çox xidmət edirlər, nəinki rusların özü”. Milli ədəbiyyatlarda yarınmaq xüsusiyyəti daha güclü idi. Orta məktəbdə, 4-cü sinifdə rus dilini çox güclü bilməyə-bilməyə Rusiyanın jurnallarına, qəzetlərinə abunə olmuşdum, oxuyurdum. “Oqonyok” jurnalını oxumağım 40 il çəkdi. İlk rusca bütöv oxuduğum kitab isə “Çoçaro” romanı oldu. Çox qeyri-adi romandı. Sonra film də çəkdilər o romandan. Sofi Loren baş rolda oynayırdı.
- Siz Ali Sovetdə birinci müavin olmusunuz, Kommunist Partiyasının katibi, sonra təsərrüfat naziri, tədarük naziri, meyvə-tərəvəz naziri, Sənaye Komitəsində birinci müavin... Ədəbiyyat həssaslaşdırır adamı. Vəzifə isə bir az sərtliyi tələb edir...
- Baxır vəzifədə sərtliyi necə və nədə istifadə edirsən. Əgər işin xeyrinə sərtlik müəyyən hədlərdə lazımdırsa bundan silah kimi istifadə etməlisən. Amma kobudluğa, adamların ləyaqətini tapdalamağa keçməməlisən. Mən bircə şeylə öyünə bilərəm: Heç kəs deyə bilməz ki, Telman Orucov ləyaqətimə toxunan söz deyib! Qətiyyən! Çünki hər kəsin öz şəxsiyyəti var, öz dünyası var. Sərtlik deyəndə tələbkarlıq ola bilər. Sərtlik kobudluqdan, avamlıqdan irəli gələn bir şeydir.
- Sovet ədəbiyyatı nümunələrini oxuyanda heç öz-özünüzə demirdiniz ki, mən vəzifədə oturmuşam, söhbətləri bilirəm, bu yazıçılar isə yalan yazırlar?
- Mütaliədə müəyyən qədər səriştəsi olan adam oxuduğuna qətiyyən kor-koranə yanaşmır. Hər şeyi hiss eləyir. Yalanı doğrudan, həqiqəti ört-basdırdan ayırd etməyi bacarır. Mənə hər şey məlum idi və həyatda gördüklərim də mənim üçün aydın idi. Biz o qüsurları görmürdük deyə bir şey yoxdur. Amma hər dövrün öz ab-havası var axı. Ona görə də heç kəs deməsin ki, mübarizə aparardım, hər şey edərdim. Don Kixotluq xeyir vermir.
- Mütaliəyə gün ərzində nə qədər vaxt ayırırsınız?
- Əvvəllər saat 9-da, 10-da işə gələndə 2 saat ancaq mütaliəyə vaxt ayırırdım. Çox vaxt işin xüsusiyyətindən asılı olaraq şənbə-bazar günləri də işləyirdik. Açığını deyim, məndə məclisdə oturmaq, ondan həzz almaq, hay-küyə qoşulmaq, yeyib-içmək - belə xüsusiyyətlər olmayıb. İndi bilmirəm bu zəiflikdi, ya nədi, ancaq hesab edirəm ki, bir yaxşı kitab oxusam mənim üçün daha xoşdur. Yadımdadır ki, Oljasın “Aziya” əsəri düşmüşdü əlimə, burdan Ağdama gedənə qədər oxudum qurtardım. Rıbakovun romanını çox qısa müddətdə oxudum.
- İndi bəs necədir vəziyyət?
- İndi vaxtımın çoxu yazıya gedir, 7-8 saat mütaliə və yazı-pozuyla məşğul oluram.
- Daha çox hansı ədəbiyyata üstünlük verirsiniz?
- Son vaxtlar əsasən ingiliscə oxuyuram.
- İngilis dilindən tərcümələriniz də var. Bildiyim qədəriylə Con Kennedini, Barak Obamanı tərcümə etmisiniz.
- Con Kennedinin “Profiles in Courage” və Obamanın “Ümidin cəsarəti” kitablarını çevirmişəm.
- Daha çox siyasi kitablar tərcümə etmisiniz...
- Bilirsiniz, Kennedi o vaxt senator idi və xəstə yatırdı. 6 ay xəstə yatdı, komada qaldı. 1955-ci ildə yazmışdı həmin kitabı, bir ildən sonra isə Pulitser mükafatı aldı. Orda Amerika siyasətinin, 8 nəfər nümayəndəsinin ümumi siyasətə qarşı mövqeyindən, müqavimətindən bəhs edir. Kitab həddindən artıq dərindir. Amerikalılar obrazlı danışmağı sevirlər. Kitabda həmçinin 18, 19, 20-ci əsrin mətbuatından nümunələr var. Açığını deyim, həm də çətin kitabdır. Amerika tarixinə yaxşı bələd olmayan bir adam ingilis dilini nə qədər yaxşı bilsə də tərcümədə çətinlik çəkər.
- Bədii tərcümə eləmisiniz?
- İspan dilindən kiçik hekayələr tərcümə eləmişəm.
- İspan dilində rahat oxuya bilirsiniz ?
- Oxuya bilirəm.
- Markesi oxumusunuz ?
- Yox, onu oxumamışam.
- İspan, ingilis dilini yəqin müstəqillik dövründə öyrəndiniz?
- Əsas ingilis dilini. Rusca oxudum, oxudum, məndə bir ikrah hissi yarandı, eyni şeyi rusca oxumaq yordu məni. Petrova adlı bir qadının ingilis dili kitabı var, içərisində cəmi 22 dərs var. 22 dərsdən 2000-3000 söz öyrənirsən, həm də qrammatikaya bələd olursan. Mənim kitabxanam genişdi. Bu kitab da öz kitabxanamda vardı. Sonra oğlum mənə ingiliscə bir kitab aldı. Vyetnam müharibəsindən bəhs edən kitabdı. Amerika yazıçısının... Hərbi terminlər çox idi kitabda. Gördüm, alınmır. Güman elədim ki, ingiliscə kitab oxuya bilmərəm. Sonra bir nəfər mənə Bibliya bağışladı. İncilin də 4 müəllifi var axı. Başladım oxumağa. O qədər asan və gözəl yazılmışdı ki, məni heyran elədi. Dili asan idi.
- İncil sayəsində ingilis dilini öyrəndiniz...
- Hə... Axundov kitabxanasının bir qadın direktoru vardı, gözəl insan idi. O, mənim marağımı görüb icazə vermişdi ki, ingilis dilindən kitabları götürüb evdə oxuyum. Məsələn, 1900-cü ildə Londonda buraxılmış 20 cildlik “The international library of the famous literature”. Məşhur ədəbiyyatların beynəlxalq kitabxanası... 20 cilddir. Üst-üstə 6600 səhifədir. Amma o qədər gözəl seçib tərcümə ediblər ki, yüksək səviyyədə. Qoqoldan tərcümələr ediblər. O qədər gözəl və orijinal alınıb ki, elə bil Qoqol ingiliscə yazıb. Ruslar bu cəhətdən geri qalıb.
Bu yaxınlarda bir dostum zəng vurub dedi ki, Abeliyaqa Eleziyanın məktublarını oxumuşam, çox gözəldir. Mən də vaxtilə onun haqqında oxumuşdum, amma məktubları oxumamışdım. Tapdım oxudum. Rusların tərcüməsindən oxudum, gördüm həddindən artıq aşağı səviyyədədir. İngiliscə isə qeyri-adi idi. XII əsrdə yazılmış məktublardı. Latın dilində yazılıb, ingilislər tərcümə edib. Tənbəllik eləmədim, tərcümə etdim. Qeyri-adi məktublardı. Din və məhəbbət arasındakı ziddiyyətlərə həsr olunub. Mən məhz bu məqamı tərcümə etdim. Tərcümə edə-edə düşündüm ki, din məhəbbəti məhv eləyir.
Sonra bir Avstraliya yazıçısını misal çəkim: Qollin Makalolun. Onun “Jungle bird” (“Cəngəllik quşu”) adlı romanı var. Ruslar da, bizimkilər də tərcümə ediblər. Bizdə “Cəngəllikdə oxuyan quş” kimi tərcümə olunub. Orada da din iki sevəni bədbəxt edir.
- Sovet ədəbiyyatına qayıdaq, siz həmin aparatın içində vəzifədə idiniz. O vaxt başqa xalqların ədəbiyyatlarında da, Azərbaycan ədəbiyyatında da siyasi ideologiyaya xidmət edən əsərlər yayılırdı. Dövr dəyişəndən sonra indiki düşüncəylə o əsərlərə necə baxırsınız? Lazımdırmı, oxunmalıdırmı?
- Hər halda kitab elə şeydir ki, hansı məqsədlərlə yazılır-yazılsın ordan nəsə çıxartmaq olar. Pis kitab yoxdu, pis oxucu var. Hətta pis kitabın özündən də xeyirli nəsə tapmaq olar.
- Ziyanlı hesab eləmirsiniz o kitabları?
- Bayaq da qeyd etdim, milli respublikalarda bu daha çox qabarıq idi, nəinki rusun özündə. Elə ədəbiyyat nümunələri var ki, bugünkü gündə də mən onları böyük ləzzətlə oxuyaram. Məsələn, İsa Hüseynovun povestləri. “Tütək səsi”, “Saz” və s. Rusların kənd povestləri var, amma İsa Hüseynovun əsərləri onlardan geri qalmır.
- Bəs “26-lar”, “Komsomol poeması”, “Lenin”?
- İstər Səməd Vurğunun “Komsomol” poeması, istər Rəsul Rzanın “Lenin” poeması kimi tərənnüm eləməyindən asılı olmayaraq gözəl poeziya, qeyri-adi fikirlər, estetika toplusudur. Səməd Vurğunun “Komsomol” poemasında Mirpaşa ki, gətirib məscidə it bağlamaq səhnəsi çox gözəl təsvir olunub. Biz xalqın inamını birdən-birə məhv edə bilmərik. Ona görə də ideologiyanın hesabına nəyisə götürüb məhv eləmək də düz deyil. Onlar Azərbaycan ədəbiyyatına daxil olublar, biz hörmətlə yanaşmalıyıq. Demirəm, göyə qaldırıb deməliyik ki, bundan başqa yoxdur. Amma onlara həqiqi qiymətini vermək lazımdır. Nə çox şişirtmək düz deyil, nə də ki, inkar eləmək olmaz.
- Ümumiyyətlə, bu müzakirələrə necə baxırsınız? Klassiklərimizin, şəxsiyyətlərimizin müzakirəsi...
- Müzakirələrin eybi yoxdur. Amma qətiyyən təhqir olunmamalı, istehza obyektinə çevrilməməlidir.
- Yazıçı nə vaxtsa müzakirə obyekti olacaq. Dövr dəyişir. İndiki dövrdən o dövrə baxırıq və tutaq ki, Səməd Vurğunun şəxsiyyəti, onun yaradıcılığına başqa bir kontekstdən yanaşırıq. Sizcə bu ziyanlı deyil ki?
- Qətiyyən. Təhlil əgər qərəzsizdirsə heç vaxt ziyanlı deyil. İngilislərin, Amerikanların məni valeh edən cəhəti nədir? Onlar ən böyük şəxsiyyətlərinin belə qüsurlarını açıqca yazırlar. Məsələn, Şekspir kimi dahi bizimki olsa o saat onu bütləşdirərik. Amma onlarda bütləşdirmə yoxdur. Şekspirin, yaxud krallarının belə cinsi orientasiyasının başqa cür olduğunu da gizlətmirlər. Onlar heç nəyi danmırlar. Məsələn, Sezar ingilislər haqqında pis şeylər yazıbdır. İngilislər bunu özləri də tərcümə edirlər.
Səməd Vurğun dövrün məhsulu idi. Ümumiyyətlə, insan öz dövrünün, öz mühitinin məhsuludur. Yaradıcı adam mütləq öz dövrü ilə nəfəs alır. Nəfəs almasa, belə imkanlara sahib ola bilməz. Səməd Vurğun kitabının adını “Azad ilham” qoymuşdu. İlham pərisi çox güclü idi onda. Bəlkə də mövzunu başqa cür seçərdi. Amma dövrlə ayaqlaşmaq istəyirdi. Dəstədən geri qalmamaq üçün. Həm də 30-40-cı illərdə ədəbiyyat inkişaf edirdi. Səməd Vurğun onun fövqündə dayanmaq üçün daha canfəşanlıq etməli idi və edirdi. Ona görə də Səməd Vurğunun tamam boynunu vurmaq abırsızlıqdır. İnsanların boynunu vurmaq olar, amma ideyanın boynunu vurmaq mümkün deyil. O dövrün ideyası elə idi.
- Sovet ideologiyası bu baxımdan necə idi sizcə?
- Sovet ideologiyasında qüsurlar çox idi, amma müsbət cəhətləri də vardı. Sosial ədalət vardı. Heç kəs müharibədən qorxmurdu. Aclıqdan çıxmış xalq aclıqdan qorxmamışdı. Xruşşovun dövründə 1964-cü ilin qışında aclıq əmələ gəldi. Bir adamın əlində ağ çörək görsəydilər tutub aparardılar ki, bu hardandır. Buna baxmayaraq adamlarda qorxu yox idi ki, aclıq bizi məhv edəcək. Çünki sosial müdafiə vardı. Sovet tarixinin üstündən tamam qara xətt çəkmək ağılsızlıqdır. Biz o dövrü yaşamışıq. Yaşadığımız dövrü lənətləyə bilmərik.
- Sizin öz yazdıqlarınız da var. “Tarixdə iz qoyanlar”, “Ömürdən fraqmentlər”...
- Bədii əsərim də var. “Məhəbbət mehrabı” romanı dərin məhəbbətdən bəhs edir.
- Nə vaxt yazmısınız bu əsəri?
- 10-15 il bundan qabaq.
- Şeir yazmısınız bəs?
- Şeir yazmağa qabiliyyətim yoxdur. Düzdü, nəvəmə ingiliscə şeirlər yazmışam, amma bu o demək deyil ki, onlar şeirdir. Poeziyada həddindən artıq kasadam. Şekspirin sonetlərini böyük məhəbbətlə oxumuşam. Viktor Hüqonu romançı kimi tanıyırıq, ancaq onun çox gözəl şairliyi, dramaturqluğu var. İspan şairi Qarsia Lorkanın çox gözəl şeirləri var, onları oxumuşam.
- Dünya ədəbiyyatından daha çox danışdıq, bizim ədəbiyyatda sevdiyiniz yazıçılar kimlərdir? İsa Muğannanın adını çəkdiniz bayaq.
- İsa Hüseynov Muğanna olandan özünü də, yaradıcılığını da məhv elədi. Çünki fantastik şeylər yazmağa keçdi. Hansı ki, o, şah əsərləri 60-cı illərdə yazmışdı. “Yanar ürək” o dərəcədə yaxşı deyildi. “Saz”, “Tütək səsi” möhtəşəm idi. Məmməd Səid Ordubadinin güclü əsərləri olub, məsələn, “Qılınc və qələm”. Süleyman Rəhimov böyük yazıçıdır, amma həddindən artıq söz yığınıdır. “Ağbulaq” adlı əsəri var, onu oxuyub başa çıxanacan boğaza yığıldım. Özümü məcbur elədim. Bəlkə də bioloqlar üçün, nəbatət alimləri üçün maraqlı ola bilər. Amma bədii cəhətdən zəngin deyil. Mehdi Hüseynin “Səhər” romanını oxumuşam. İnqilabi romandı, amma güclüdü. Yazıq Mehdi Hüseyni bu saat xatırlayan yoxdu. Mehdi Hüseyn çox böyük ədib idi. Güclü tənqidi, mülahizələri vardı.
- Bəs müasirlərdən oxuduğunuz var?
- Seymur Baycanın ancaq publisistikasını oxumuşam. Anarın yaradıcılığını izləmişəm. Onun “Otel otağı” əsəri haqqında yazı yazmışam. Həddindən artıq xoşuma gəlib.
- Müstəqillik dövrü ədəbiyyatını az oxumusunuz elə bil.
- Yox, oxumamışam.
- Müstəqilliyin əleyhinə səs verənlərin siyahısında sizin də adınız var.
- O sırf yalandı! Oktyabrın 18-də Milli Məclisdə tək mən yox, heç kəs əleyhinə səs verməyib. Yekdilliklə lehinə səs verilib.
- Bəs niyə belə bir siyahı var?
- Onu mart ayında SSRİ-də keçirilən ikinci referenduma görə deyirlər.
- Aha...
- O vaxt SSRİ-nin saxlanması gərək idi. Əgər SSRİ dağılsa böyük siyasi kataklizm əmələ gələrdi. Kataklizm də elə şeydi ki, çox şeyi bədbəxt edir.
- Əleyhinə səsvermə olmayıb deyirsiniz?
- O siyahıda olanların hamısı yalandı. Oktyabrın 18-də orda iştirak edənlərin hamısı bir nəfər kimi lehinə səs verib. Elə mən də.