Kulis.Az gənc şair Orxan Bahadırsoyla müsahibəni təqdim edir.
- Son illər diqqət çəkən gənc şairlərdənsən. Amma ədəbi mühitdə çox gözə dəymirsən. Uzaqsan ədəbi mühitdən.
- Ədəbi mühitlə əlaqəm yoxdur. Bir-iki dostumdan savayı. Daimi ədəbi müzakirələrdə, polemikalarda iştirak etdiyim mühit yoxdur.
- Sən harda təhsil almısan, Orxan?
- Mən Neft Akademiyasında oxumuşam. Amma bu öz istəyimlə deyildi. Orta məktəbdə riyaziyyat, kimya, fizika fənlərini yaxşı bilirdim. Ancaq bu fənlərə sevgim yox idi. Sadəcə krossvord kimi əylənirdim onlarla. Mənim bu bacarığım müəllimlərin diqqətini çəkmişdi. Üstəlik atam ziyalı biridir, özüm müəllim ailəsində dünyaya gəlmişəm. Ailəm düşünürdü ki, riyaziyyatı, kimyanı bilirsə bu uşaq, niyə də mühəndis olmasın, neft ölkəsində yaşayırıqsa neft sahəsində oxusun. Ona görə də hamı üstümə düşdü. Məndə də uşaqlıqdan valideyn, müəllim qorxusu var idi. Nə isə, sənədlərimi verdim, qəbul olundum Neft Akademiyasına. Heç dərslərə də getmirdim, açığı. Teatrlara gedirdim. Həm baxmağa, həm də məşq proseslərini izləməyə, özüm də arada rol ifa edirdim. İmtahanlar vaxtı gələndə də ərizəmi yazdım ki, mən bura öz istəyimlə girməmişəm, indi də çıxıram. Bundan sonra evdə müzakirələr böyüdü, mübahisəyə çevrildi, dava-dalaş yarandı. Bir müddət evdən ayrıldım. Başladım İncəsənətə hazırlaşmağa. İmtahan vaxtı elə oldu ki, ödənişliyə düşdüm. Qabiliyyət imtahanı idi. Bəhram Osmanov oturmuşdu orda. Dedim, mən incəsənətə görə ailəmdən imtina etmişəm, təhsil haqqımı verəcək heç kim yoxdur. Ödənişsizə keçə bilmədim amma. Sağ olsun, nənəm kömək elədi mənə. Birinci ilin təhsil haqqını verdik. Amma girəndə çox peşman oldum. Elə adamlar dərs deyirdi ki, tələbələr ona “master klass” keçərdi. Məsələn, Gülşad Baxşıyeva. Soruşsan İrji Qrotovski, Antonin Artaud, Stella Adler kimdir, bilməz. Halbuki Gülşad Baxşıyeva kafedra müdiri, professor idi. 2-ci kursun əvvəlində çıxdım artıq ordan. Ölkədən getdim. Rusiyada yaşadım bir müddət. Amma Rusiya mühit olaraq sıxdı məni.
- Rusiyaya getmək səbəbin nə idi?
- İş axtarırdım. Getdim teatrlara, ədəbi mərkəzlərə. Hətta öz peşəmdən olmayan işlərə də baş vurdum. Fəhlə belə işləməyə razı idim. Çünki əsəblərim sıradan çıxmışdı, bir müddət uzaqlaşmaq istəyirdim hər şeydən. Rusiyada bir ay qala bilmədim heç. Onların hələ də beyni sovet vaxtında qalıb. Elə bilirlər, biz onların müstəmləkəsiyik. Bundan sonra getdim Türkiyəyə, Ankaraya. Bir müddət orda işlədim. Salat düzəldirdim orda.
- Nə salatı?
- Türk mətbəxinin salatları. Mən 7-ci sinifdə oxuyanda aşpaz işləmişəm.
- Nə qədər qaldın Türkiyədə?
- Fasilələrlə 6 ay. Ankarada və İstanbulda. İstanbulda film ajanslarına CV-i verirdim. Serialların “massovkası”na çəkilirdim.
- Hansı seriallar məsələn?
- “Ulan İstanbul”, “Kiraz mevsimi” və s.
- Maraqlı taledir...
- Sizə deyim ki, kitablarım Türkiyədə daha çox satılmışdı.
- Necə?
- “Günahdır səni sevmək” kitabım təzə çıxmışdı. Özümlə Türkiyəyə aparmışdım. Orda bir neçə serialın rejissoru Sərdar Soydan bir dostundan öyrənib ki, Azərbaycandan bura bir yazıçı gəlib, iş və qalmağa yer axtarır. Mənimlə görüşdü, kitabıma baxdı. 4 kitabımı aldı, 400 TL pul verdi.
- Türkiyədə də Aqil Abbas varmış ki... (ümumi gülüşmə.)
- Bir dəfə də parkda oturmuşdum. 400 TL kirayə pulu verməliydim, qara-qara düşünürdüm. Biri yaxınlaşdı ki, haralısan. Azərbaycanlı olduğumu biləndə dedi, hemşeriyiz, mən də İğdırdanam. İşimlə maraqlandı, dedim, heç yerdə işləmirəm, axtarıram hələ. Soruşdu, bəs Azərbaycanda nə işlə məşğul idin. Yazar olduğumu biləndə məndən kitabımı istədi, alacağını dedi. Düşünürdüm ki, indi bir kitaba görə evə gedəcəm, ev sahibi də kirayə pulunu istəyəcək. Axırı çar-naçar getdik. Həm də düşündüm, kitaba verəcəyi pulu ev sahibinə verib bir az vaxt qazana bilərəm. Həmin adam altı kitab aldı, 600 TL verdi. Mən dedim ki, bu çoxdu. Görün nə cavab verdi: mən mağazadan almıram, yazarın özündən alıram, bu tarixdir.
- Türkiyədən nə vaxt qayıtdın?
- Sinir sistemim pozulmuşdu. Türkiyədə də tibbi sığortam yox idi, həm də artıq pulum tükənmişdi. Ona görə də qayıtdım. Təzədən bir də getdim. Bu dəfə də seçki vaxtı idi. Onda da qanunlar ciddiləşmişdi, seçkiyə yönəlmişdi. İşləyə bilmədim, evdən də gəlirim kəsildi. Məcbur olub qayıtdım Azərbaycana. Başladım burda mətbuatda işləməyə.
- Uşaqlığın harda keçib?
- Lerikdə. Uşaqlığım çox maraqlı keçib. Onda tum satırdım, çaydan balıq tutub satırdım. Atam, anam məndən 17-18 il böyükdü. Ona görə həmişə ata-anam mənim üçün böyük qardaş-bacı kimi olub. Ata-anam üçün darıxmamışam o qədər. Ancaq babamla nənəm üçün darıxmışam. Nənə, baba daha çox ata-ana olub mənə. Bir də qardaşıma və bacılarıma çox bağlıyam. Onlarla aramızda yaş fərqi çoxdur, övladım kimi görürəm onları. Bacım gəlin köçən gün ağlamaqdan gözlərim şişmişdi, təzyiqim o qədər düşmüşdü ki, az qala huşumu itirəcəkdim.
- Bioqrafiyanı qısaca danışdın. Ancaq ən əsas məqamı keçdin. Bəs sən nə vaxt yazmağa başladın?
- Hərçənd yaddaşım zəifdi. Ancaq o gün dəqiq yadımdadır: 2006-cı ilin dekabrın 24-ü idi. “Gülüş olmasa” adlı şeir yazmışdım. 11 yaşındaydım onda. Şeir məktəbin divar qəzetinə vurulmuşdu. Ondan sonra mütəmadi yazmağa başladım. Bir ildən sonra ilk pyesimi yazdım. Tələbə olanda artıq mənim kitabım çıxmışdı.
- Maraqlıdır, bu qədər işin içində olmusan. Həm aktyor kimi, həm rejissor kimi fəaliyyət göstərmisən. Ssenari, pyes, roman yazmısan. Şeirlərin də maraqla qarşılanır. Bütün bunları necə bir araya sığışdıra bilirsən?
- Mənim üçün teatr da, ədəbiyyat da önəmlidir. Bir şeir mənim doğmalarımdan, şəxsi həyatımdan qat-qat daha üstündür. Bir tamaşa da eynən. Bunlardan önəmli həyatımda heç nə yoxdur. Ondan sonra dostlar, doğmalar gəlir. Ancaq zirvə yaradıcılıqdır. Bunlar mənim həyatımdır. Bu işləri görə bilməsəm, yəqin ki, intihar edərdim. Məsələn, Əsəd Cahangir teatra “şeytan yuvası” demişdi, mən həmin günlərdə validolla yaşayırdım, o qədər əsəbiləşmişdim. Teatr mənim üçün kilsələrdən, sinaqoqlardan, məscidlərdən daha müqəddəsdir. Onlarda sən ibadət edərsən və sənə cənnət hədiyyə olunar. Teatr isə təmənnasızdır.
- Teatr fəaliyyətin nə yerdədir bəs?
- Uğurum onda oldu ki, çox istedadlı, bilikli insanlarla dostluq etdim. O insanlar sayəsində teatra gəldim. Şəfiqə Axundova kimi nəhəng şəxsiyyətdən ünvanıma tərif eşitmişəm. Onunla tez-tez görüşürdük, yaşayan tarix idi. Onun vəfatı indiyə qədər ən çox ağrıdığım itki olub. Vida mərasimində şeir də yazmışdım. Elə Xanım Qafarovanın, Nuriyyə Əhmədovanın vəfatına da şeir yazmışdım. Bu şeirlər onların məzarları üzərində həkk olunub. Mən lap əvvəl Xalq teatrında aktyor kimi fəaliyyət göstərmişəm. Daha sonra Gənc Tamaşaçılara gəldim. Sonra evdə atam bundan xəbər tutdu və dedi ki, bir də teatra getməyim, dərslərimlə məşğul olum. Mən də məşqlərə gedə bilmədim, rolumu da başqasına vermişdilər. Bəlkə də həyatımda aldığım ən böyük travma olub bu. Ondan sonra İncəsənət Universitetinin özündə, Tədris Teatrında fəaliyyətim oldu. Sonra Oda Teatrına gəldim. Orda Edqar Allan Ponun həyatından bəhs edən “Sirli dahi” tamaşasını oynadım. Daha sonra “Suriyalı” romanımdakı bir parçanı orda səhnələşdirdik. “Suriyalı” tamaşası da bir homoseksualın Suriyadan qaçıb Türkiyədə qaçqın həyatı yaşamasından bəhs edirdi. Homoseksual barlarda oriental oynamaqla dolanırdı. Rolu da özüm canlandırmışdım. Sonuncu tamaşam oldu bu, indi teatr fəaliyyətim dayanıb. Amma bu o demək deyil teatrdan uzaqlaşmışam. Teatr mühitindən bir az kənarlaşmışam. Bu da səhhətimlə bağlıdır. Sinir sistemim pozulub, müalicə alıram.
- Keçmiş olsun... Ədəbiyyata qayıdaq. Hansı şairləri sevirsən, tez-tez oxuyursan?
- Sizə çox qəribə gələ bilər, çoxlarının sevdiyi Nazim Hikməti heç sevmirəm.
- Nazim Hikməti sevməyən ilk adamsan, bəlkə də...
- (Gülür) Nə bilim, bəyənmirəm heç. Corc Bayron da dünya poeziyası üçün nəhəng bir imza sayılır, ancaq mən bəyənmədim. Klassikadan isə Hüseyn Cavid, Cəfər Cabbarlını sevirəm. Mikayıl Müşfiqi sevərək şeir yazmağa başlamışam. Mənə poeziyanı sevdirib Mikayıl Müşfiq. Müasir şairlərdən Musa Yaqub, Ramiz Rövşəni çox bəyənirəm.
- Şeir kitabı niyə çap etmirsən?
- Şeirlərimi sosial şəbəkədə yayımlayıram. Oxuyan oxuyur orda. Roman elədi ki, oxucuların oxumağı üçün gərək onu kitab şəklində çap edəsən. Bununla belə, düşünürəm ki, şeir kitabı da olsa yaxşı olar. Ancaq son vaxtlar müalicəmə çox pul gedir deyə kitab çıxarmağa imkanım yoxdur. İmkan olsa şeir kitabımı da, romanlarımı da çap edərəm.
- “Suriyalı” romanın homoseksual miqrant haqqındadır. Sonra başqa kitablarının adlarına fikir verirəm. Məsələn, “Ölümlə sevişənlər”. Eləcə də şeirlərin. Səndə erotik xətt həddən artıq güclüdür.
- Erotika, porno bütün canlıların ortaq paylaşdığı bir şeydir. Mənim şeirlərimin cinsi yoxdur. Burda konkret kişiyə, ya da qadına ünvanlanmır şeirlər. Eləcə də “Saliva” adlı hekayəmdə qəhrəmanın cinsi bilinmir. Kişi oxusa kişiyə, qadın oxusa qadına, homoseksual oxusa öz sevdiyi şəxsə aid olduğunu düşünəcək. Mən o cür əsərləri bəyənmirəm: bir cinslə məhdudlaşan, kişi dominantlığı, ya da feminizmin güclü olduğu əsərləri. Erotik çalarlara yer verirəm. İstənilən romanımda sevişmə səhnəsi var. Bütün çılpaqlığı ilə özü də. Oral seksdən tutmuş anal seksə qədər (gülür.) Çünki bir roman bir insanın həyatıdır. Onun yeməyindən, zəhərlənməsindən, xəyanətindən, dostlarla münasibətindən yazırsansa seksdən yazmamaq ayıb olar (gülür.) Mümkün deyil bir insan sekslə məşğul olmasın. Şeirlərimdə bir az azdı bu. Dram əsərlərimdə heç yoxdur, çünki tarixi dramlar yazıram.
- “Suriyalı” romanında bu məsələyə görə qalmaqal olmuşdu, deyəsən...
- “Suriyalı”da da, “Günahdır səni sevmək”də də qalmaqal oldu. “Günahdır səni sevmək” başdan-ayağa homoseksualın həyatından bəhs edir. O cür insanların qınaq altında yaşamağından yazmışam. Məndən əvvəl Əli Əkbər “Artuş və Zaur”da yazmışdı, ancaq o daha çox siyasi məqsədlər güdürdü.
- Belə demək olarmı ki, Azərbaycan ədəbiyyatında ilk homoseksuallıq mövzusunda romanı sən yazmısan?
- Sırf homoseksual mövzusundan ilk romanı mən yazmışam.
- Homoseksuallıq mövzusunda romanı məşhurluq üçün yazmışdın, yoxsa bu səni həqiqətən narahat edirdi?
- Birinci növbədə mən yazanda həmişə istəmişəm ki, özümə xoş gəlsin mövzu. İkincisi, düşünürəm, bu mövzu nə qədər lazımdır, 100 ildən sonra da aktual olacaqmı. Üçüncü isə kütləyə hesablayıram. İnsan alveri və narkomaniyadan bəhs edən “Fahişə mələklər” romanımı yazanda fikirləşirdim ki, hər dövr üçün aktualdır. Çünki insan alveri, narkomaniya həmişə var və olacaq. Ondan sonra yazdığım “Ölümlə sevişənlər” QİÇS xəstəliyindən əziyyət çəkənlər haqqındaydı. Bu xəstəliyə Azərbaycan ədəbiyyatında müraciət olunmayıb. Həm də stereotipə çevrilib, cəmiyyət üçün bu xəstələr qorxuludur. Fahişələr, narkomanlar kimi onların da cəmiyyətdən çıxdaş olunması problemi var. Həbsxana həyatı yaşayanlar da diqqətmi çəkib. Ancaq həbsxana həyatına çox bələd olmadığım üçün yaza bilmədim. Məsələn, dilənçilərin taleyindən roman yazmışam: “Varlı dilənçi”.
- Neçə romanın var?
- Beş. “Varlı dilənçi”, “Ölümlə sevişənlər”, “Fahişə mələkləri”, “Günahdır səni sevmək”, “Suriyalı”.
- 23 yaşa beş roman...
- İkisi çap olunub, üçü yox. Ən çox yazdığım isə pyesdi. 30-dan artıq pyesim var.
- Oxucu kütlən var həm də. Şeirlərin çox oxunur...
- Oxucum var ki, yazımı oxuyub bəyənir. Amma elə bir yazım da olur bəyənmir, atır məni qara siyahıya, bir də oxumur. Bir ara homoseksuallardan yazanda homoseksuallar mənim yazılarımı paylaşırdılar, imza günümə gəlirdilər. Ancaq dinin əleyhinə yazanda homoseksuallar içində dinə meylli olanlar məni sildilər.
- Qəribədir. Homoseksuallar içində dini inanclılar da varmış...
- Həccə gedənlər də var hələ (gülür). Vətənpərvərlik əleyhinə yazmışdım. Yəni vətənşüvənliyi bəyənmirdim. Buna görə də homoseksuallardan vətənpərvər olanlar daha məni oxumaqdan imtina etdilər. Fahişələr haqqında yazandan sonra fahişələr mənə seks təklif edirdilər.
- Niyə təklif edirdilər? Hekayə xoşlarına gəlirdi?
- “Fahişə mələklər” romanımda bir neçə sevişmə səhnəsi vardı. Onlar da deyirdi ki, bu cür sevişmə səhnələrini yaxşı yazan biri yəqin özü də yaxşı sevişir (gülür.) Ancaq oxucularla səmimi olmağı sevmirəm. Bir oxucu “Salam, necəsiniz”, “Yazınızı bəyəndim”dən o tərəfə keçirsə mən artıq danışmıram onunla. Bunu eqoistlik kimi qəbul edirlərsə, tamam, mən eqoistəm. Kütlədən qaçan adamam. Bir mühitdə çox tanınıramsa ora bir də ayaq basmaq istəmirəm. Dostlar, həmkarlar istisnadır. Oxucu kütləsindən söhbət edirəm. Telefon nömrəmin hansısa oxucuda olması belə məni narahat edər, tez nömrəmi dəyişərəm.
- Oxucunun nə əngəli var ki?
- Oxucu üçün mənim yazdığım önəmli deyil? Qardaş, yazmışam, get oxu da. Məni neyləyirsən?
- Selincer kimi hardasa...
- Hə, onu da yekəxana adlandırırdılar (gülür.)
- İndi nə yazırsan, Orxan?
- İndi elmi yazılar yazıram. Yeni aktyor metodları, teatr nəzəriyyəsi üzərində işləyirəm. Digər tərəfdən paralel olaraq astrofizika haqqında yazıram.
- Müsahibə üçün çox sağ ol.
- Siz sağ olun.