Azər Həsrət: “Mən heç vaxt yalan danışmıram” – Müsahibə

Azər Həsrət: “Mən heç vaxt yalan danışmıram” – Müsahibə
30 dekabr 2019
# 08:57

Kulis.az “İşdən kənar” layihəsindən əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrətlə müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.

- Siz kitabxanaçılığı bitirmisiniz... Kitab söhbəti sizə bir köynək yaxındı. Yəqin orta məktəb illərindən kitablarla tanış olmusunuz...

- Mən orta məktəbə əslində bir il gec getmişəm.

- Niyə?

- Musiqi məktəbinə düzəldirdilər məni. Açığı, xüsusi istedad sahibi olduğumu düşünmürəm. Evdə belə qərara gəlmişdilər ki, incəsənət sahəsinə gedim. Sənəd məsələsi işi gecikdirdi. Kənddəki orta məktəbə də (mən əslən Xaçmazın Dədəli kəndindənəm) iki ay gecikdim. Belə olanda nə ora, nə bura düşə bildim.

- Bir il ortada qaldınız...

- Hə... (gülür). Buna baxmayaraq, evdə mənimlə məşğul olurdular. “Əlifba”nı, yazmağı, oxumağı, saymağı mənə lap əvvəldən öyrətmişdilər.

- İlk oxuduğunuz kitab yadınızdadır?

- Yadımda qalan, kitab yox, jurnaldır. Uşaq jurnalı vardı. Təəssüf, adı yadımdan çıxıb. İlk oxuduğum bəlkə də odur. Böyüklər üçün olan bədii ədəbiyyatı sonralar oxumağa başlamışdıq. O vaxtları Lenin, Marks haqqında yazılan bədii nümunələri nəzərdə tuturam. Təbii ki, sovet uşaqlarıydıq və yalnız bunlarla tanış olmaq imkanımız vardı. Bizim kəndin bir kitabxanasına ən intensiv gedən mən idim. Kitabxana balaca kitabxanaydı, gəlib-gedən olurdu. Kitabxanaçı Lətif dayının evi kitabxanaya yaxın idi. Ora da hər vaxt açıq olmurdu, gedirdim evlərinə, çağırırdım: “Aay, Lətif dayı...” O da səsimə səs verirdi, çıxırdı çölə, istədiyim kitabı verirdi. Sonra gördü, mən çox oxuyuram. Dedi, sənə bir yox, bir neçə kitab verək, tez-tez bura gəlməyəsən.

- Yəqin kişini yaxşı mənada bezdirmisiniz...

- (Gülüşmə) Hə... Ondan sonra mən neylədim? Sinif yoldaşlarıma, dostlarıma dedim, hamımız bir yerdə getdik kitabxanaya.

Gallery

- Bir növ təbliğ elədiniz...

- Bəli. Elə indi də təbliğ etməyi sevirəm. Sadəcə onda vaxtımız bol idi. İndi o qədər vaxt olmur.

- Azər bəy, Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum və həyatım dəyişdi”. Demirəm, həyatınızı dəyişən kitab oldumu? Bu çox iddialı səslənər. Amma o cür xüsusi təsir edən əsərlər oldumu?

- Olub. Əslində sizin qarşınızdakı bu Azər Həsrət oxuduğu kitabların yetişdirdiyi bir insandır. Bu gün ictimai-siyasi həyatda, jurnalistikada, hardasa bir rolum varsa, bütün bunlar əlbəttə ki, oxuduğum kitablara görədir. Maksim Qorki demiş, məndə formalaşan yaxşı cəhətlərə görə kitaba borcluyam. Mən sadə bir kəndli ailəsində dünyaya göz açmışam. Orda qayda belə idi: dürüst, vicdanlı, əqidəli olacaqsan. Ancaq hesab edirəm ki, xarakter və şəxsiyyəti formalaşdıran kitablardır. Mənə nələr təsir edib? Məsələn, mən heç vaxt yalan danışmıram. Buna təsir edən oxuduğum dastanlar və nağıllardır. “Koroğlu”, “Dədə-Qorqud” və digərləri bura daxildir. Bunları mən uşaq vaxtlarından oxumuşam. Bizim zamanımızda hind filmləri modda idi. O filmlərdə də həmişə ədalət və dürüstlük qalib gəlirdi. Bizim kənddə klub yox idi. Kimin həyəti geniş idisə, ora gətirirdilər filmi, biz də baxırdıq.

- Filmlərdə görmüşəm bunu...

- Siz filmlərdə görmüsüz, mən isə canlı (gülür). Ağ rəngdə lövhə sərirdilər və uzaqdan işıq salan aparatlarla filmi göstərirdilər. Həmin bu mənzərə məndə filmə maraq yaratmışdı. Aşağı siniflərdə film dərnəyinə gedirdim ki, o aparaturanı öyrənim.

- Dediniz, dastanlar, nağıllar və hind filmləri... İlkin mərhələdə bunlar sizə təsir edib. Daha sonra bəs? Məsələn, dünya ədəbiyyatından...

- Üstündən 30-40 il keçdiyi üçün dəqiq deyə bilməyəcəm. Ancaq biz dünya xalqları ədəbiyyatını seriya kimi oxuyurduq. Əminəm ki, o əsərlər mənim xarakterimin formalaşmasında xüsusi rol oynayıb. Kitab oxuyanda həmişə ordakı obrazı özümə oxşatmışam. Özümün prototipim saymışam o obrazı.

- Maraqlıdır, hansı obraz sizə daha yaxın olub? Özünüzü ona oxşatmısınız...

- Bu yaxınlarda Sabir Rüstəmxanlının “Difai fədailəri” romanını oxudum. Tarixi hadisələrin gözəl təsvir olunduğu bir əsərdir. O romandan yazı da yazdım. Mən o kitabda özümü tapdım.

Gallery

- Kim idi o?

- Əhməd bəy Ağaoğlu.

- Aha...

- Hətta yazımda da qeyd etmişdim ki, kimsə Difai fədailəri haqda film çəkmək istəsə məmnuniyyətlə Əhməd bəy Ağaoğlu rolunu ifa edə bilərəm.

- Hansı cəhətlərinə görə özünüzü ona oxşatdınız?

- Ümumiyyətlə, o obraz mənə elə yaxın gəldi ki... Xarakter, millilik və s. Orda bir neçə səhnədə Əhməd bəy Ağaoğlunun savadı, mədəniyyəti göstərilir. Bir neçə dil bildiyi önə çıxarılır və xarici nümayəndələr onun zehninə heyran qalırlar. Baxın, məndə də bu xüsusiyyətlər var. Dil öyrənməyə meylliyəm. Faktiki olaraq 4 dil bilirəm. Əlavə olaraq alman dilini də bir az öyrənə bilmişəm. Tam bilmədiyimə görə demirəm indi. Ərəb-fars dilləri ilə tanışlığım var. Rus dilini çox yaxşı bilirəm. O dildə yaxşı danışmağı və yazmağı bacarıram.

- Orijinaldan oxuya bilirsiniz bu dillərdə? Hansısa mətnləri...

- Nizamini fars dilində oxumaq çətindir. Ancaq əski əlifbanı rahatlıqla oxuya bilirəm. Rus dilində rahat oxuyuram.

- Azər bəy, daha çox hansı tip əsərləri sevirsiniz? Detektiv, kriminal, tarixi və s...

- Tarixi romanları çox sevirəm. Sizə bir şey deyim. Mənim bir xüsusiyyətim var. Kitabı oxuyan kimi onun yaxşı, yaxud pis tərəfi haqda bir yazı yazıram. Ən azından oxuduğumun xülasəsini, təəssüratını qələmə alıram.

- Sonuncu oxuduğunuz hansı kitab oldu? Və təbii ki, haqqında yazdığınız...

- Lesli Blanşın “Cənnətin qılıncları” əsəri... İrihəcmli, tarixi bir romandır. Şeyx Şamil haqdadır. Əslində tək Şeyx Şamil haqda deyil, Rusiyanın işğal siyasəti və orda baş verənlər təsvir olunur. Həqiqətən də çox möhtəşəm əsərdi. Düzdü, bəzən xronika pozulur, amma bununla belə çox möhtəşəmdir.

- Tarixi romanları daha çox sevirsiniz... Niyə?

- Həqiqi hadisələri göstərdiyi üçün. Elə mənim öz yazdıqlarım da – düzdü, onlara bədii ədəbiyyat demək olmaz – olan hadisələrdi.

- Yaxşı ki, özünüz söhbəti bura gətirdiniz. Sizi daha çox jurnalist kimi tanımışıq. Amma iki romanınız çap olunub. “Mən tanıqlıq edirəm” və “Bir əsgərin yaşantıları”...

- Əslində, mən bu saat iki kitab üzərində işləyirəm. Sadəcə vaxt qıtlığından tamamlaya bilmirəm.

Gallery

- Yeni kitablar da yəqin tarixi gəzişmələrdi...

- Bəli. Elə bu iki roman da. Biri 20 Yanvar hadisələridir, öz şahidi olduğum hadisələr. Niyə bədii dildə yazmışam? Həm aradan xeyli zaman keçib, nələrisə qarışdıra bilərəm, həm də şahid olduqlarımı daha oxunaqlı dillə çatdırmaq üçün.

- 20 Yanvar haqda Sabir Əhmədlinin hekayələri də vardı...

- Kitablar çoxdur, əslində.

- Sırf bədii ədəbiyyatı nəzərdə tuturam...

- Bədii yazılan bilmirəm nə qədərdir. O vaxt elə qarışıqlıq zamanı yazılan kitablar da oldu. 20 Yanvardan həmən sonra. Daha çox publisistik yazılar idi. Mən düşünürəm və bunu hər yerdə də deyirəm ki, kim hansısa tarixi hadisənin şahidi, iştirakçısı olubsa, bunu mütləq qələmə almalıdır.

- Yazılmalıdır deyirsiniz, mən də razıyam sizlə. Ancaq bizim yaxın tarix haqda bir neçə əsər xatırlayıram. Məsələn, biri Səfər Alışarlının “Maestro” romanıdır. Sayları azdır. Tək yaxın tarixi yox, ümumiyyətlə Qarabağ haqda yazılan əsərləri də soruşuram sizdən. Bəyəndikləriniz varmı? Nələr çatışmır?

- Əlbəttə, hamısıyla tanış deyiləm. Ancaq mənim duyğularıma təsir edən bir əsər adı çəksəm bu, Aqil Abbasın “Dolu” romanı olar. Həm romanın özü, həm də onun əsasında çəkilən film. Düzdü, film roman qədər deyil. Mən o romandan yazı da yazmışam.

- Bəs çatışmayan nələr var? Bəzən deyirlər, həqiqəti əks etdirmirlər...

- Doğrudur. Biz əgər Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istəyiriksə, hər şeyi olduğu kimi yazmalıyıq. Yalandan qəhrəman yaratmamalıyıq. Yalandan olmayan hadisəni şişirtməməliyik. Bu gün faktlarla danışmaq zamanıdır. Onsuz da faktlar bizim xeyrimizədir.

Gallery

- Olub ki, hansısa əsəri oxuyub demisiniz, bu yalandır?

- Olub. Və bu, bizim əleyhimizə işləyir.

- Azər bəy, gəlin müasir ədəbiyyatımızdan danışaq. Müasirlərdən kimləri oxuyursunuz? Hansıları bəyənirsiniz?

- Düzdü, arada-bir ortalığı qarışdırır, amma Kəramət Böyükçöl sevdiyim imzalardandı. Onun “Çöl” romanını oxumuşam. Orda vulqar ifadələr olmasaydı, mən onu geniş kütlə üçün tövsiyə edərdim.

- Vulqar ifadələr olmamalıdır ki?

- Yəni vulqarın da mənə görə bir həddi var. Həddi aşan vulqar ifadələr olmamalıdır. Kitab insanı tərbiyə eləyir. O insan oxuduğu kitabdan nələrsə əxz eləyir.

- Amma bayaq siz doğrunu yazmağın tərəfdarı kimi çıxış edirdiniz. Axı bu vulqar ifadələr də bizim həyatımızdadır. Və yazar da onu yazır...

- Gerçəkçi olmasına razıyam. Ancaq mən o vulqar ifadələri olan kitabı oğluma necə oxuyum?

- Oxumalısınız ki? Özü seçə bilər kitabları...

- Yox. Axı orda açıq söyüşlər var. Ona görə də mənə elə gəlir, yazıçı o vulqar ifadələri işlədəndə diqqətli olmalıdır. Cəmiyyət içində də o kitab oxunanda başqa ifadələrlə əvəz etməlidir.

- Aha...

- Amma “Çöl”ü bəyənmişdim. Tərəkəmə həyatını... Hiss etdim əsəri. Kitabı oxuyanda özümü onun içində gördüm. Yaxud da Natiq Məmmədlinin bu yaxınlarda kitabını oxudum. Nə düsturu idi kitabın adı?

- “Ləyaqət düsturu?”

- Hə. Kitabdakı hekayələr də xoşuma gəldi. Bu kitabdan da yazı yazmışdım. Yeri gəlmişkən, mən yazdığım yazılardan müəlliflərin xəbəri olmur. Qəfil qarşılarına çıxır, sevinirlər və buna görə mənə təşəkkür edirlər.

Gallery

- Başqa imzalar var, diqqətinizi çəkən...

- Yenilərdən Şəhriyar del Geranidir, xoşuma gəlir. Şərif Ağayarın özü də... Tutaq ki, Kənan Hacının kitablarının təqdimatına gedirəm. Onun “Sonuncu dərviş” kitabı da masamın üstündədir, oxuyacam. Sonra Səhər Əhmədi izləyirəm. Həyat Şəmini də oxuyuram. Əslində, çoxdurlar, sadəcə hamısının adı yadıma düşmür.

- Bəzən müasir yazarlar haqda bu cür fikirlər səslənir: gündəmə gəlmək üçün klassiklərə söz atırlar, yaxud ajiotaj yaradan yazılar yazırlar və s. Siz necə düşünürsünüz? Bu sizi narahat edir?

- Mənə görə, yazar qalmaqalçı olmamalıdır. Məsələn, Kəramət istedadlı oğlandır, amma qalmaqalçıdır. Bəzən ailəsi haqda da nələrsə yazıb gündəmə gəlir. Mən düşünürəm ki, cəmiyyətin qəbul edib-etmədiyi nöqtələr var. Məsələn, Kəramət bununla razılaşmır. Yazıçının bir imici var cəmiyyətdə...

- Bax o imic nədir? Hamı bu imici deyir... Nədir ki, o imic? Yazıçı necə olmalıdır?

- Qaltsuk taxsın, səliqəli olsun - mən bunu demirəm. Bundan uzağam. Ütülü olmalı deyil. Yazıçı ən azad və sərbəst adamdır. Mənim təfəkkürümdə.

- Yəni yazıçıya qadağa qoymaq olmaz...

- Əsla olmaz. Sadəcə, elə şeylər var ki, yazıçı düşünməlidir: bu cəmiyyət üçün ziyanlıdır, ya yox?

- Sizcə, ziyanlı ola bilir? Yəni yazıçının bu cür təsir imkanı varmı? Söhbət indidən gedir...

- Əlbəttə.

- Amma indi yazarların özü də gileylənir. Oxucu sayı çox aşağıdır, kitab industriyası yoxdur. Belə bir məqamda yazıçının hər hansı fikir cəmiyyətə necə təsir edə bilər?

- “Bəyin oğurlanması” filmində bir səhnə var e. Deyir, bu kişi hind filminə 40 dəfə baxıb, amma bizim filmlərimizə yox. Yaşlı kişi də qayıdıb ona deyir ki, siz də elə filmlər çəkin, duyğularımıza təsir eləsin, 100 dəfə baxaq...

- Aha, siz deyirsiniz, yaxşı əsərlər yoxdur.

- Yaxşı əsərlər də var.

- Baxın, indi yazıçının qarşısına tələblər qoyurlar: səliqəli olsun, ziyalı, vətəndaş mövqeyi qoysun ortaya və s. Ancaq kitabını da oxumurlar.

- Bu da yanlış düşüncədir. Tutaq ki, mən yazıçıyam. Cəmiyyət məndən nəyisə tələb edirsə, zəhmət çəkib kitabımı almalı və məni maddi asılılıqdan qurtarmalıdır ki, sərbəst olum.

Gallery

- Məsələ də budur...

- Oxucu nəsə tələb etdiyi yazıçının gedib kitabını da almalıdır. Məsələn, mən bunu eləyirəm. Ancaq bizim oxucu pul verməyə ərinir. Ərinmək bir qırağa, yazıçının yaxasından yapışır ki, sən niyə filan şeyə münasibət bildirmədin. Ay qardaş, bu yazıçıdır, acından ölür. Ad çəkmək istəmirəm, amma həqiqətən elə yazıçılarımız var ki, maddi imkanları çox aşağıdır. Oxucu da onun qabağına siyasi tələblər qoyur. Bu anormallıqdır. Biz yazıçını yaşatmağı öyrənməliyik.

- Elə düşünənlər də var ki, yazıçı ac olmalıdır. Elə olanda daha yaxşı yazır...

- Niyə ac olmalıdır? Orxan Pamuk bəyəm acdır? Orxan Pamukla Elif Şafakı mən sevmərəm. Dünyada ən çox təbliğ olunan türk yazarlarıdır.

- Niyə bəyənmirsiniz Pamukla Şafakı?

- Çünki erməni beyinlidirlər. Ona görə də onları qəbul edə bilmirəm.

- Bayaq yazıçı fikrində azad olmalıdır deyirdiniz...

- Bəli, elədi.

- Amma burda sərhəd qoyursunuz...

- Düzdür. Mən özüm-özümü inkar edirəm. Çünki siyasət adamıyam. Mən cəmiyyətə siyasi prizmadan baxıram.

- Pamuku sırf yazıçı kimi necə qiymətləndirirsiniz?

- O erməni məsələsindən sonra oxumamışam. Bir şey deyə bilmərəm. Təbliğ olunurdu. Bu da məqsədli idi. Mən də araşdırdım və başa düşdüm ki, oxumağa gərək yoxdu. Elif Şafak da, Pamuk da erməni düşüncəli yazarlardı.

- Azər bəy, gənclərdən daha kimləri oxuyursunuz?

- Habil Rzanur var. Möhtəşəm şairdir. Onun bir şeiri vardı, “Suriyalı uşağın məktubu”. Bir tədbirdə oxudu, biz dəhşətə gəldik. Sonra öyrəndim ki, şeir ingiliscəyə çevrilib, Amerikada dərc olunub. Habili bəlkə də Azərbaycanda çox adam tanımır. Amma mən o şeiri dinləyəndən sonra demişdim ki, bu şeir tərcümə olunub dünyaya yayılmalıdır.

İltimas Səmimi, məsələn. Bəzən onun imlasında xətalar olur. Görünür, müəyyən hazırlıqlara ehtiyacı var. Özü şeirini qiraət eləyə bilmir. Ancaq şeirini götür, çıx meydanda minlərlə adamın içində oxu. Əsl tribunalıq şeirlərdir.

- Vaxtında doğulsa, hərəkat vaxtı Xəlil Rza kimi məşhur olardı...

- Onun şeirini çatdıra bilmək bacarığı yoxdur. Bir-iki dəfə tədbirlərdə bunu özünə də demişəm. Şeir var, poeziya var, amma çatdırmada problem var. Yəni Xəlil Rza deyil.

Sonra Ramiz Qusarçaylı var. Çox gözəl şairdir. Azərbaycan bayrağına yazdığı şeir çox möhtəşəmdir.

- Elə bil bir az yerlibazsınız... Quba-Qusar-Xaçmaz bölgəsindən olanların adlarını çəkirsiniz...

- Hə. Mən yerlibazam. Yaxşı mənada yerlibaz. Elə şairlər var ki, biz tərəflərdə... Sadəcə ortaya çıxmırlar. Mən hər dəfə onlara ürək-dirək vermək üçün yerlibazlıq eləyirəm. Məsələn, Aqşin Dadaşoğlu var. Şairdi. Di gəl, tanıyan yoxdur.

- Aqşin adında iki məşhur şair var, yəqin ona görə tanınmır...

- İnanırsınız, dəhşət şeirləri var. Mən həmişə onlara deyirəm ki, yazın-yaradın, ortaya çıxın. Şeir deyəndə həmişə hara yada düşür?

- Qazax.

- Ay sağ ol! Monopoliyaya alıblar (gülüşmə). Əslində, bu, yaxşıdır. Yazırlar, yaradırlar, ortaya çıxırlar, özlərini tanıdırlar. Məsələn, Səməd Vurğun... Onun tayı-bərabəri yoxdur da. Hərdən onu tənqid edirlər e. Hamısı boş şeydi. Səməd Vurğun Azərbaycan dilinin bel sütunudur.

- Bəs özünüz şeir yazmısınız?

- Mən yaza bilərəm, ancaq bu, texniki şeir olacaq. Əslində yazıram. Amma indi şairlərin yanında ayıbdır axı, çıxıb deyim ki, mən də şeir yazıram. Məni dırnaqarası əsəbiləşdirənlərə yazdığım bir “Köpəklər” şeiri var. Onu Əkbər Qoşalı oxuyub demişdi ki, Xəlil Rza abı-havasındadır, vaxtı ilə o da ona qarşı çıxanlara şeir yazmışdı. Yəqin, o şeiri özüm səsləndirib efirə buraxacam.

# 6886 dəfə oxunub

Müəllifin son yazıları

# # #