Ömürlük sırğa - Alpay Azər

Ömürlük sırğa - Alpay Azər
12 avqust 2023
# 09:00

Kulis.az Alpay Azərin "Ömürlük sırğa" povestindən ikinci hissəsini təqdim edir.

Əvvəli burada


Leyligilin kəndinə getməyə hazırlaşdığı bir vaxtda qəfil Mehribanın bacısının əri avtomobil qəzasında öldü...
Leyli də hüzrdəydi, ortaya qoyulmuş cənazənin ətrafında oturub arvadlarla bir yerdə ağlayır, sıtqayır, susur, ölən əzizləri yadına düşəndə, yenə hönkürtüylə ağlayanlara qoşulurdu. Arada Mehribanın dul qalmış bacısına baxıb fikirləşirdi görən, bir azdan bu da mənim kimi ərə getməkdən ötrü əldən-ayaqdan gedəcək. Sonra rəfiqəsinə göz atdı, ona elə gəldi, Mehriban “Evlənim, yoxsa hələlik subay qalım?” sualının qarşısında aciz qalıb, fikirləşir ki, Leylinin əri öldü, iki uşaqla ərə getmək istəyir, gic qardaşı imkan vermir, indi bacım dul qaldı, görək, bir gün ərə getmək istəsə, qaynı, qaynatası, qaynanası nə hoqqalar çıxardacaq.

Bacısı ərinin qırxından on gün sonra Mehriban Cəlilabada yola düşdü. Avtobus yerindən tərpənəndən Leylinin yaxınlarına hansı cümləni, sözü hansı tonda demək lazımdı, buna qədər fikirləşdi. “Adil dayı. (Leylinin atası) Yox, alınmadı... Adil dayı... Eeh, yenə alınmadı, - yanında heç kim oturmamışdı deyə, özüçün rahat məşq edirdi. - Sözləri elə deməliyəm, bu taxtabaşlar başa düşsünlər ki, qızları mütləq ərə getməlidi. Adil dayı... Aha alındı. Siz hansı zəmanədə yaşıyırsız? Siz başa düşmürsüz ki.... Uy daa, nə Adil dayı? Leyli demişdi axı, aləmi bir-birinə qatan balaca qardaşı Yaşardı...”


Mehriban çiynində çanta, sağ əlində hədiyyələrlə dolu paket Leyligilin həyətinə girəndə, baltayla odun yaran iricüssəli cavan oğlan şəhərli qıza diqqətlə baxdı.
- Sən Mehribansan? - oğlan salamsız-kəlamsız soruşdu.
- Hə, - utana-utana cavab verən Mehriban “Bu, yüz faiz həmin qardaşıdı.” - fikirləşdi.
- Xoş gəlmisən, keç içəri, - ərklə, ciddi-ciddi deyib Yaşar baltayla odunu yardı.
- Kim var sizdə?
- Keç-keç, içəridə adam var, - baltanı başının üstünə qaldırdı.
Mehriban tez-tez pilləkənlərlə yuxarı qalxdı, qapıya çatanacan gözünü ondan çəkməyən Yaşar həvəslə əllərinin içinə tüpürüb, baltanı çaldığı odundan çıxardı.


Zibeydə xala Mehribanı bağrına basıb o üzündən, bu üzündən marçamarç öpüb, “Ay qızım, xoş gəlmisən,” - deyə-deyə divanda yer göstərdi. “Yəqin Leyli zəng eliyib gəlməyimi xəbər verib,” - Leyli ani fikirləşdi. Zibeydə xala “Nə əziyyət çəkmisən, qızım?” - deyib şokolad, peçenyelərlə dolu paketi götürdü, mətbəxə tərəf getdi, qonağın qeyri-iradi dediyi “Əziyyət deyil, xoşdu” sözlərini eşitmədi. Mehriban otağa göz gəzdirməyə başladı. “Mebel şkafı elə də ucuz deyil. Amma pol...” Döşəmə rəngi getmiş taxtadan idi. “Belə götürəndə, kənd yerində pol parketdən olmasa da olar”. Bu vaxt Yaşar içəri girdi.
- Anam hanı? - qaşlarını çatıb soruşdu.
Mehriban əliylə mətbəx tərəfi göstərdi. “Qaşlarına bax bunun, guya indi bu ciddidi”.


- Leylini görürsən? - Yaşar həminki qaşqabaqla soruşdu.
- Hə, görürəm hərdən.
- Bə niyə zəng eləmir mənə?
Mehriban mənalı-mənalı çiyinlərini çəkdi, bir növ, işarə vurdu ki, doğma bacındı, özün fikirləş gör, niyə zəng eləmir.
- Yenə gic-gic danışır?
- Nə? - üzünü turşudan Mehriban o dəqiqə bildi, Yaşar nəyə işarə vurur.
- Ərə getmək-zad istiyir.
- Nə olar ki, ərə gedəndə?
- Qələt eliyir, qız bir dəfə ərə gedə bilər.
- İki dəfə də gedə bilər, - Mehriban səs tonunu qaldırdı.


Bu vaxt Zibeydə xala əlində sini, üstündə çaylar, konfetlər, heyva mürəbbəsi içəri girdi. Mehribana dediyini yeridə bilməyən Yaşar hirslə başını bulayıb həyətə çıxdı. Az sonra çöldən hikkəli balta zərbələrinin səsi gəldi. Mehriban tez pıçıldadı:
- Ay xala, Leyliyə görə Bakıdan vurub bura gəlmişəm e, - qorxa-qorxa qapıya baxdı.
- Leyliyə görə niyə, a bala? Nə olub Leyliyə? - anasının rəngi ağardı.
- Yox, yox, ay Zibeydə xala, narahat olmuyun. Heç nə olmuyub, - yenə qapıya baxdı, hərçənd, Yaşar hələ də odun yarırdı. - Niyə imkan vermirsiz qızınız ərə getsin?


- Qorxdum e, dedim görən nə olub. Axx Leyli, ömrün boyu keçi kimi tərslik elədin. Demək, səni bura göndərib ki...
- Yox, ay xala, əksinə, neçə vaxtdı deyirdi ki, getmə. Öz istəyimnən gəlmişəm. Axı nə pis iş tutur ki, Leyli? Niyə imkan vermirsiz yazıx qız öz həyatını qursun?
- Deyirsən də. Yaşı otuzu keçib e. Üstəlik, iki uşaxla nə məcburdu bu yaşda ərə gedə?
- Məcburdu, çox məcburdu.
- Sən özündən danış, ay Mehriban. Sən niyə ərə getmirsən?
- Ay xala, mənə görə narahat olma. Mən gec-tez ərə gedəcəm.
- Neçə yaşın var?
- Ay xala, yenə deyirəm, mən ərə gedəcəm, - sualdan cırnadı, - sən Leylidən danış.
- Çayını iç, soyudu, - Zibeydə xala incik-incik dedi.


- İçirəm, - candərdi bir qurtum alıb gözlərini Leylinin anasına dikdi, yəni, qızının xeyrinə danış, onun-bunun təsirinə düşmə.
- Qızım, yenə deyirəm, mən bu işə razı deyiləm. Birincisi, bizim nəsildə indiyə qədər belə bir şey olmuyub. Ana nənəmin iki oğlu, iki qızı olub, babam gedib Böyük vətən müharibəsində ölüb, orda da basdırıblar. Amma nənəm uşaqlarını böyüdüb, özünü elə aparıb ki, nə müharibə vaxtı, nə də müharibədən sonra kənddəki kişilər o qadının zəhmindən üzünə belə baxmağa qorxublar.
- Ay Zibeydə xala, yaxşı ki, bunu danışdın. Qoy o birilər də gəlsin, mən sizə bizim nəsildə olan bir hadisəni danışacam. Görərsiz, necə kişilər olub.


- Yaxşı, de görüm, Leyli neyniyib ki, oğlan nəslini yığıb töküb gətirib o evə?
- Ay xala, nəslini gətirmiyib, oğlan anasıyla, bacısıyla bir yerdə gəlib ki, Leyliylə tanış olsunlar.
- Deyirəm də, Leyli üz göstərib onlara. İfritə baldızları bəhanə axtarırlar ki, evi ələ keçirsinlər. İndi bunun ərə getməyinin yeridi heç?
- Yeridi, niyə yeri deyil? Baldızları qələt eliyir, o ev qanunla Leyliyə çatır, çünki uşaxların atası Quludu.
- Qanunla, - istehzayla dedi. - Sabah məhkəməyə puldan basarlar, qanun olar baldızlarının tərəfində.
- Elə şey yoxdu, dərəbəylik-zaddı bəyəm? Ehh, ay Zibeydə xala, mən elə bilirdim, bu evdə yenə siz məni başa düşəssiz. Sizə güvənib gəldim, Leylinin xoşbəxtliyi üçün.


- Leyli xoşbəxtdi də. Gül kimi balaları var. İndi Allahın işiydi, əri cavan getdi. Sən çayını içmədin, onda gedim yemək... - ayağa durdu.
- Yox, nə çay, nə də yemək, - önündəki stəkanı əliylə itələdi. - Küsdüm sizdən.
Zibeydə xala xısın-xısın güldü:
- Yox, ay qızım, elə demə, indi sənin ərə gedən vaxtındı. Qaldı ki, Leyliyə, bu evdə üç kişi var, bir ərim, iki oğlum. Onlar da mənim kimi razı deyillər bu işə. Yaşar heç razı deyil, - qorxa-qorxa qapıya baxdı. - Nazim, böyük oğlum burda deyil, arvadıyla qonşu kəndə bir qohumumuzun qırxına gedib. Nəysə, mən gedim yeməyi gətirim.
Zibeydə xala ayağa durub mətbəxə keçdi, az sonra qapı açıldı, Yaşarla atasıydı.
- Ay xoş gəlmisən, qızım, - Adil kişinin gur səsi otağa yayıldı.
Mehriban ayağa durub ona tərəf getdi. Qucaqlaşıb doğmalar kimi öpüşdülər.
- Ana! - Yaşar qışqırdı.
- Həə! - mətbəxdən anasının səsi gəldi.
- Yemək nə oldu?!
- Hazırdı, indi gətirirəm!


O dəqiqə hiss olundu ki, Yaşar özünü Mehribana göstərməkçün o cür tonda anasıyla danışır. Masaya yaxınlaşıb sərt hərəkətlə stulu çəkib oturmağıyla da eyni şeyi çatdırmaq istədi. “Özünü mənə göstərir,” - Mehriban fikirləşdi.
Az sonra Zibeydə xala buğlama dolu məcməyilə içəri girdi. Masaya xiyar-pomidor gələndə, Adil kişi dedi ki, qonağımızın şərəfinə sabah günortaya quzu kəsib kabab bişirəcək. Mehriban elə həmin axşam Leylinin ərə getməyi məsələsində onları yola gətirib, səhər rayon avtobusuyla Bakıya qayıtmağı nəzərində tutmuşdu. Başını aşağı salıb narahat-narahat ət tikələrindən, kartofdan yeyə-yeyə, “Görən bir şey alınacaq?” sualının əlində girinc qalmışdı.
- Qızım, - Adil kişi dilləndi, - Leyli bizə demişdi ki, sən məktəbdə işliyirsən, düzdü?
- Hə, dil-ədəbiyyatdan dərs deyirəm.


- Lap yaxşı. Uşaqlar dərs oxuyur, yoxsa boş-boş avaralanırlar?
- Oxuyanı da var, siz demişkən, avaraçılıq eliyəni də.
Mehribana elə gəldi ki, Adil kişi vaxt öldürməkçün bu sualları verir, əslində isə qonağın Leylidən söz salmağını istəyir. Mehriban özü də səbirsizlənmişdi, bir yandan da, Yaşarın onu gözləriylə yeyən baxışlarından sıxılırdı. Həyəcandan avtobusda məşq etdiyi cümlələr yadından çıxmışdı. Beynində var-gəl edə-edə, o cümlələri axtarırdı deyə, Zibeydə xalanın arada qızıyla bağlı verdiyi sualları eşidəndə, “Necə?” deyib təkrar verdirirdi onları.
Nəhayət, masaya çaylar, şirniyyat gəldi və ilk qurtumdan sonra Mehriban ürəyində “Ya Məhəmməd, ya Əli” deyib dilləndi:
- Mənim əzizlərim, - sifəti allandı, bunu hiss edib duruxan kimi oldu.
Üstəlik, evdəkilərə “Mənim əzizlərim” sözləri qəribə gəldi nədisə, ona qəribə-qəribə baxdılar. Qovuşan boğazını arıtlayan Mehriban davam etdi:
- Bayaq Zibeydə xalaya da dedim, mənim bura gəlməkdə məqsədim bacım kimi çox istədiyim rəfiqəm Leylinin ailə xoşbəxtliyinə nail olmaqdı. Bilirəm, bu evdə bir az narazılıq var, heç istəmirəm buna görə kimisə qınıyam. Amma çox istiyirəm biləsiz ki, Leylinin yenidən ailə qurmasına doğrudan ehtiyac var. Sizə asan gəlməsin, iki uşaq böyüdür. Uşaqların ata qayğ...
- Bir dəyqə, - bayaqdan fısıldayan Yaşar sözünü kəsdi. - Uzatmaq lazım deyil. Bildik niyə bura gəlmisən. Uşaxların atası ölüb, bundan sonra o uşaxların atası ola bilməz.
- Niyə? - Mehriban soruşdu. - Nə olar ki, uşaqların atası olanda?
- Ona görə ki, uşağın bir atası olur, doğma ata. Yad kişidən ata olmur. Necə ki ögey ana olur, o cür də ögey ata olur, başa düşdün?
- Yox, başa düşmədim. Ona görə ki, elə ögey atalar, analar var, doğma ata-analardan geri qalmırlar. Hələ elə olur, onlardan yüz dəfə yaxşı....
- Eee, elə bil məktəbdə uşaqlara dərs deyirsən. Sizin rayonda ola bilsin, belə şeylərə adi baxırlar. Amma nə bizim kənddə, nə də nəslimizdə hələ indiyə qədər belə bir şey olmuyub ki, əri ölən, iki uşağı olan arvad təzdən ərə getsin. Heç boşanan bizdə ərə getmir, o ki qala dul arvad. Bir də, hardan bilirsən, ikinci dəfə ərə gedən xoşbəxt olur?
- Ona görə ki, bacın tanıyır o oğlanı.
Yaşar sərt nəzərlərini anasına zillədi, yəni, bu, nə danışır, “o oğlanı tanıyır” nədi, olmaya, qızın görüşür oğlanla. Mehribansa məzəmmətlə Adi kişiyə baxdı, yəni, niyə susursuz, bir söz deyin də, əsas, siz danışmalısız indi. Anasının sifətində isə “A bala, bayaq sənə dedim axı, mən kiməm ki, bu evdə nəsə deyim?” yazılmışdı. Mehriban əsəbindən ürəyində “Bura gələndə ayaqlarım qırılaydı” qarğışı elədi özünə, sonra yenə Adil kişinin sifətinə baxdı. Bu baxışlara bəndiymiş kimi kişi dilləndi:
- Ay qızım, sən ki mənim qızıma görə Bakıdan bura gəlmisən, tək elə buna görə sağ ol düşür sənə. Bundan sonra nə vaxt gəlsən, qapımız üzünə açıqdı. Gəlib istədiyin qədər qala bilərsən bizim evdə. Məni əmin, Yaşarı qardaşın, Zibeydəni xalan hesab edə bilərsən. Qaldı ki, Leylinin təzədən ailə qurması məsələsinə. Əvvəla onu deyim ki, Leyli gözümün ağı-qarasıdı. O, doğulanda...
“Off, elə bil, leksiya oxuyur zalım oğlu,” - Mehriban tıncıxdı. Adil, qızının doğulmasından, böyüməsindən, fərasətindən, tərbiyəsindən, amma vaxtilə Quluya qoşulub qaçmasına görə evdə qan-qaraçılığa səbəb olmağından, oğlan nəvəsi doğulandan sonra onu bağışlamağından on dəqiqə danışıb keçdi əsas məsələyə:
- ...Biz qızımızın təzədən ailə qurmasına yaxşı baxmırıq. Birincisi, bizim dədə-baba adətimizə uyğun deyil. Yaşar bayax dedi, yəqin Zibeydə xalan da deyib, - arvadı “hə” mənasında başını tərpətdi, - bizim nəsildə uşağı olan boşanmış arvad bir yana, hələ uşaqlı dul arvadın durub arsız-arsız ərə geməyi ümumiyyətlə olmayıb.
- Ay dayı, arsız-arsız ərə getmək nədi? - Mehriban bu dəfə dözəmmədi, səs tonunu qaldırdı. - Ərə getmək niyə arsızılq olsun ki?
- Mən ikinci dəfə ərə getməkdən danışıram.
- Bildim. Amma istənilən halda...
- Bir dəyqə, qızım, sözümü kəsmə. İkincisi, lap deyək, qızım günü bu gün ərə getdi. Sən, ya mən hardan bilirik ki, o adam nəvələrimə atalıq edəcək?
- Yaxşı, hardan bilirsiz ki, etməyəcək?
- Yaşar bayaq dedi, çünki ögeydi. Üstəlik, oğlanın özünün iki uşağı var, üstəgəl iki nəvəm. Deyirsən də, dörd uşağa baxmaq, öz də şəhər yerində asan məsələ deyil.
- Lap yaxşı, bir yerdə böyüdərlər uşaqları. Leyli onlara ana olar, Ramil də nəvələrinizə ata. Bir də, bayaqdan elə ögey, ögey deyirsiz. Bəyəm eşitməmisiz ki, mehriban ögey ataları olur?
- Ay qızım olur e, amma yüzdən bir, mindən bir.
- Hardan bilirsiz, bəlkə elə Ramil yüzdən bir yaxşı olanlardandı?
- Ee, - Yaşar müdaxilə etdi. - İki dəyqədən bir onun adını çəkmə burda.
- Adı Ramildi də, - Mehriban təəcüblə Yaşara baxdı, - Bəs nə deyim, Famil deyim?
- Adını çəkmə, oğlan de, gədə de, - Yaşar dedi.


Mehriban nəhayət, son vasitəyə əl atdı: başladı, həvəslə, bir az da əsəbi halda, - əsəbiliyinin səbəbi heç kimi dediklərinə inandıra bilməməsiydi, - ulu babasının ölümqabağı ulu nənəsinə Mirhaşıma ərə getməyə halallıq verməsindən, ulu nənəsinin ərinin vəsiyyətinə əməl etməsindən, anabir övladların bir-biriylə mehriban olmaqlarından danışmağa. Adil kişi sıxılırdı, sanki qonağın ulu babasının yerində özünü hiss edirdi, hiss olunurdu ki, söhbətin tez bitməsini istəyir. Arvadı isə boynunu büküb çaşqın halda gah ərinə, gah da oğlunun hirsli, arada lağlağı təbəssümlü sifətinə baxırdı. Bircə dəfə Mehriban anabir övladların bir-biriylə mehriban olmalarından danışanda, Zibeydə xala xəfif təbəssümlə “Həə, lap yaxşı,” - dedi, amma oğlunun sərt baxışlarından çəkinib tez ciddi sifət aldı. Bu söhbət bitəndən sonra Adil kişi narazı-narazı dilləndi:
- Nəysə inanmağım gəlmədi. Nə vaxt olub bu danışdıxların?
- Hardasa on doqquzuncu əsrin sonlarında. İnanmırsız deyəndə, bizim nəsildə, elə kənddə də bunu bilməyən yoxdu, - Mehriban ümidli gözlərini Adil kişiyə zillədi, elə bildi, nəhayət, onun fikirlərində nəsə dəyişiklik baş verəcək.
- Nənən heç düz eləmiyib, - Yaşar dilləndi. - Nə olsun əri elə deyib? Gərək ərə getməyəydi, - qonağın ulu nənəsini məzəmmət edirmiş kimi, başını bulayıb yenə dedi: - Heç düz eləmiyib.
Mehriban bu sözləri eşidəcəyini gözləmirdi deyəsən, diksinən kimi oldu, Adil kişini əvvəlcə gülmək tutdu, qonağın pərt olduğunu görüb aranı yumşaltmaq istədi:
- Yaşar, hər yerin öz adəti var, onlarda belədi, bizdə başqa cürdü, - halbuki, az əvvəl belə bir şeyə inanmadığını demişdi.
Yaşar qəfil gözlərini qıyıb müəmmalı-müəmmalı qonağa baxdı, bu baxışlardakı gizli ehtirası hiss edən ətli, pəmbə dodaqlı, badamı gözlü Mehriban ani fikirləşdi: “Yüz faiz dodaqlarım xoşuna gəlib”. İçindən giziltili bir qorxu keçən qonağa elə gəldi ki, Yaşar bu gecə onu qaçırdacaq. “Ona görə gözlərini bic-bic qıyır, beynində plan cızır”. O dəqiqə qərarını verdi: səhər lap tezdən oyanıb sakitcə əkilmək, özünü rayon avtovağzalına çatdırmaq.
Axşam saat doqquzuydu, artıq başqa şeylərdən danışırdılar, Leylinin ərə getmək məsələsinə heç kim qayıtmaq istəmirdi. “Atan, anan necədi? Anan yenə işləmir? Qardaşın evləndi?” kimi suallara candərdi cavab verən Mehriban lap tezdən oyanmaqçün tez yatmaq istəyirdi.
- Ay arvad, qızın yerini Leylinin otağında salarsan, - deyib Adil kişi ayağa durdu, üzünü qonağa tutub dedi. - Nə istəyin olsa, çəkinmə xalana de, - çölə çıxdı.
Mehriban yerində qurcuxdu, “Ömründə orda yatmaram”. Elə həmin andaca təsəvvürünə gətirdi ki, yuxuda olanda, Yaşar dostlarıyla bir yerdə o yatan otağa girir, ağzını yumub, əl-qolunu kəndirlə bağlayıb onu qaçırdırlar. Bu səhnədən diksinən Mehriban tez Zibeydə xalaya dedi:
- Xala, mənim yerimi öz yanında salarsan, yaxşı?
Yaşar hirsli-hirsli onun üzünə baxdı, qonaqsa guya bu baxışları sezmədi.
- Tək qorxursan yatmağa? Leylinin otağı düz bizim otağa bitişikdi, - Zibeydə xala dedi.
- Hə, qorxuram, - səsində əsəblə qorxunun qarışığı hiss edildi.
- Onda kişiyə deyərəm, Yaşarla yuxarıdakı otaqda yatarlar.
- Xala, avtobus məni yaman yorub, mümkünsə, yerimi elə indi salardın.
- Yaxşı, qızım, - Zibeydə xala ayağa durdu.
Mehriban da ayağa duranda, Yaşar dilləndi:
- Bir dəyqə, sən otur. Bir-iki şey soruşacam.
Mehriban bildi, nə eşidəcək, ayağa durmaq istəsə də, qorxdu, ya hipnoz vəziyyətinə düşdü, nədisə, oturdu, özünü bilməməzliyə vuran baxışlarını Yaşara zillədi. Zibeydə xala isə dayanıb şübhəylə oğluna baxdı, yəni, hər şeyi danışdıq qurtardıq, daha nə sualın ola bilər ona.
- Sən niyə dayandın? - Yaşar qeyzlə anasına dedi. - Get qızın yerini aç da.
Anası heç nə demədən getdi, o biri otağa girən kimi Yaşar gözlərini Mehribana zilləyib dedi:
- Mənə gələrsən?
- Yoxx, - hikkəylə cavab verdi. “Başı işləmir e bunun”.
- Niyəə?
- Elə.
- Kəndçiyəm, ona görə?
- Heç şəhərli olsan da, gəlməzdim sənə.
- Niyəə?
- Elə. Heç ağlının ucundan belə keçirmə. “Zəhrimaar, ə-ni uzatmağına bax”.
- Dükanımı satıb, gəlib Bakıda ev alaram, öz evimiz olar.
- Lazım deyil, öz evim var.
- Bəlkə fikirləşəsən.
- Ehtiyac yoxdu. “Nə tüpürüləsi sifəri var bunun”.
- Səbəbini de də. Niyə gəlməzsən mənə? Çirkinəm, şikəstəm, nəyə görə...?
- Artıq suallar verirsən e, - Mehriban ayağa durub yeyin addımlarla yatacağı otağa tərəf getdi, arxadan eşitdiyi “Bir dəyqə dayan!” sözlərinə reaksiya vermədən addımlarını sürətləndirdi.
Yerinə girən kimi Mehriban beynində plan cızmağa başladı. “Saat beşdə dururam, sakitcə paltarlarımı geyinirəm, sumkamı götürüb, barmaqlarımın ucunda evdən çıxıram, kənddə bir maşın tapıram, yiyəsinə artıqlamasıyla pul verib altının yarısına özümü çatdırıram rayon avtovağzalına. Bakıya ilk çıxan avtobusa minirəm, yəqin saat altıda çıxar o avtobus... Arvad yuxudan oyansa, deyərəm ki, ayaqyoluna gedirəm”.


Zibeydə xala otağa girəndə, Mehriban tez gözlərini yumub özünü yuxuluğa vurdu. Zibeydə xala dərindən köks ötürüb “Yaşını da demədin, ay qız. Sən ərə getməlisən e, Leyli yox,” - deyindi...
Avtobus artıq rayondan çıxmışdı, başını pəncərəyə söykənib yuxuya gedəndə, - gecəni yarıyuxulu, yarıoyaq keçirmişdi, - tanımadığı nömrədən bir neçə dəfə dalbadal gələn zəngləri götürmədi, təxmin etdi ki, zəng edən Leylinin anası ola bilər. “İmkan ver gözümə yuxu getsin də. Durub təzdən kəndə qayıdası deyiləm ki?” - ekranda nömrəyə baxa-baxa deyindi. Az sonra Leyli zəng etdi:
- Ay qız, hardasan?!
- Avtobusda, Bakıya gəlirəm.
- Təcili zəng elə anama, səhərdən sənə zəng eliyir, niyə götürmürsən? Arvadın ürəyi parttadı.
Mehriban könülsüz Leylinin anasına zəng edib yalandan dedi ki, telefon çantasında olub deyə, gələn zəngləri eşitməyib. “Səhər həyətə çıxdım təmiz kənd havası alam, evdən zəng gəldi ki, anamın vəziyyəti ağırdı, təcili Bakıya qayıt, mən də sizi narahat eləməməkçün evə qayıtmadım, birbaşa getdim rayon avtovağzalına,” - xəbərsiz-ətərsiz evdən çıxmağının “səbəb”ini dedi.
Yol gedə-gedə Mehriban öz-özüylə danışırdı: “Yazıx Leyli, o vaxt da səni Qeysə vermədilər, yüz illər keçib, indi də atan, qardaşın gic-gic səbəblər gətirib səni Ramilə vermirlər”. Sonra özünə sual verdi ki, Yaşarın ona gözü düşməsəydi, söhbət necə alınardı. “Daha cəsarətli olardım”, az sonra başqa qənaətə gəldi. “Onda söhbət lap qısa olardı. Yaşar yəqin yumruğunu masaya vurub deyərdi ki, uzatma söhbəti, bacım ikinci dəfə ərə gedə bilməz, vəssalam”.
Bakıya çathaçatda Leylinin anasından yenə zəng gəldi. “Ee indi nə istiyirsən?” - əsəbi-əsəbi deyindi.
- ....Hə, Zibeydə xala.... Anam?... Həkim çağırıblar, iynə vurub, təzyiqini aşağı salıblar,... İndi yaxşıdı... İnşallah gələn dəfə Leyliylə bir yerdə gələrəm... Hə, elə onda quzu kababı yeyərik... Yoo, incimək nədi, ay xala?... Sağ olun....
“Ay hay. Quzu yox e, ceyran kababı versəz belə, qələt eliyərəm bir də sizin kəndə ayaq basaram”. Sonra Yaşar yadına düşdü. “Ögey ata, ögey ata deyir, dalınca da sırtıq-sırtıq durub mənə eşq elan eliyir.”
Ertəsigün axşamüstü rəfiqələr “28 molda”kı Mado restoranında görüşdülər, ofisiant sifarişləri yazıb aralanan kimi, Leyli altdan-altdan rəfiqəsinə sınayıcı nəzərlə baxıb dedi:
- Qardaşım sənə vurulub.
- Sənə uje zəng eliyib deyib? Heç ağlına gətirməsin, özünə də dedim.
- Deyir, ərə getməyimə o vaxt razı olar ki, sən ona ərə gedəsən, - hələ də həmin sınayıcı nəzərlə rəfiqəsinə baxırdı. Bu baxışdan cırnayan Mehriban əsəbiləşdi:
- Nooldu? Bəs dünənə qədər qardaşın səni asıb-kəsirdi, adətdən, namusdan dəm vururdu? Mənə vurulan kimi, dediyi o müqəddəs adətlər bir dəyqənin içində yoxa çıxdı?
- Belə götürəndə... Sən də özünə görə düz deyirsən. Yaxşı, onda sənə bir sual verəcəm, amma söz ver ki, düz cavab verəssən.
- Hə, ver görək sualını, - Mehriban könülsüz dedi.
- Bax, təsəvvür elə, Yaşar mənim qardaşım deyil, mən də sənin padruqan deyiləm. Sənə sevgi elan eləsəydi, onda nə deyərdin?
- Ay qız, qardaşın xoşuma gəlsə, deyərdim ki, xoşuma gəlir də. Durub bunu səndən gizlətmiyəcəydim ki? - isterik halda güldü. - Qəribə suallar verirsən e.
- Söhbətdi də, eliyirik, - Leylinin sifətinə dərin kədər çökdü və qəfil gülümsədi: - Amma öz aramızdı, səndəki bu dodaqlar var, oğlan olsaydım, mən də sənə vurulardım, - güldü.
- Şittiyindən qalmırsan da... Sənin söhbətini eliyəndə, anan mənə qayıdasan ki, niyə ərə getmirsən. Tay özünə deyəmmədim ki, elə bu cür şeylərə görə yüz dəfə fikirləşirəm, kimə ərə gedim, hardan yaxşı ər tapım. Ölkə deyil e, dəlixanadı. Bir şeyi heç cürə başa düşəmmirəm. Axı bu qardaşlar niyə bacıları məhz ikinci dəfə ərə gedəndə qarınağrısına düşürlər. Yəni, ərə getmək belə pis şeydisə, onda elə birinci dəfə ərə getmək məsələsi ortaya çıxanda, yumruqlarını stola vurub yox desinlər də bacılarına.
Leyli küt-küt ona baxdı, yəni, fikrini tutmadım.
- Deməli, - Mehribanınsa ürəyi doluydu, - məktəbimizdə Yasəmən adında məllimə var, fizika dərsi deyir, göyçək də qızdı. Qız deyəndə, iki oğlu var, biri elə bizdə, dördüncü sinifdə oxuyur. Deməli, dədəsi vaxtilə bu Yasəməni axmax bir qohumuna ərə verib, yeddi il it-pişik kimi yaşayandan sonra boşanıblar. İndi əri həftə səkkiz mən doqquz buna vatasapa yazır ki, eşidəm-biləm ərə getmisən, gəlib dərini soyaram.
- Niyə də niyə?
- Ay qız, sən mənə bu sualı verirsən? Sənin gic qardaşının tayıdı da. Bunnar xəstədi, havalanırlar keçmiş arvaddarını başqa ərin altında təsəvvür eliyəndə. Ehh, yüz dəfə sənnən danışmışıq bunu.
- Bəs o məlliməyə nə məsləhət verirsən?
- Deyirəm, gözəl-göyçək qızsan, xasiyyətin də ki qızıl. Deyirəm, feysbukda bir türklə tanış ol, ərə get, qaç get bu xarabadan, - ona qəribə-qəribə baxan Leyliyə dedi. - Deyirəm, türk sənin kimisini əlinin içində saxlayacaq. O Ramil olmasa, sənə də eyni şeyi...
- Yox, yox, Türkiyə mənlik deyil. Üçotaqlı evi qoyub hara gedəcəm?...
Yaşar başlamışdı Leylini dəng etməyə, hər gün zəng edib deyirdi ki, Mehribanı dilə gətir, inandır ki, ona yaxşı ər olacam, kənddəki dükanımı, maşınımı satıb gəlib Bakıda ev alacam, köçəcəm şəhərə. Bacısı isə heç cürə qardaşını başa sala bilmirdi ki, bu qızın səndən xoşu gəlmir, özünü məcbur edib sənə ərə gedəsi deyil. İkincisi, onun sənin evinə ehtiyacı yoxdu. Yaşar “Onda sən də heç vaxt ərə getməyəssən” deyəndə Leyli odlanırdı: “Bilirsən, nə var? Əcəb eliyir sənə ərə getmir, səni özünə kişi kimi yaraşdırmır! İyrənir səndən, başa düşdün?!” Dalınca telefonu keçirdib, hirslə divana atıb demişdi: “Uxxaay, nə yandırdım səni. İndi zəng elə görüm necə zəng eliyirsən”.
Səhərisi bacı-qardaş yenə telefonda bir-birini qırmışdılar və söhbətin sonunda Yaşar demişdi: “Onda ərə getməyi ağlına gətirmə”. Leylininsə “Görərik.... görərik” deməyə gücü çatmışdı. Əsəbləri kəllə-çarxa çıxanda, ürəyində rəfiqəsini söyürdü: “Səni görüm ər üzünə... Yazıxsan... Sənə dedim axı kəndə getmə. Öz bildiyini elədin, beşqat oyun açdın başıma”.
Qulağına çatmışdı ki, qardaşı, dostlarıyla Bakıya gəlib Mehribanı qaçırtmaq istəyir. Anasına zəng edib demişdi: “Yekəbaş oğluna de, özünü yığışdırsın ha. Sabah o, artıq-əskik hərəkət eləsə, iş polisə, məhkəməyə gedib çıxsa, birincisi, mənim başım ağrıyacaq. İkincisi, məhkəmədə Yaşarın üzünə duranlardan biri lap elə mən olacam, iki gündən bir zəng eliyib baş-beynimi aparmağını deyəcəm. Mehribanın başından bir tük əskik olsa, məhkəmədə deyəcəm ki, bu işdə əsas günahkar qardaşımdı. O ki mənim həyatımı zəhərlədi, qoy gedib bir az türmədə yatsın, görsün, adamın həyatını zəhərləmək nə deməkdi”.
Kefinin pis vaxtında böyük baldızının oğlu Elsevərdən votasap profilinə mesaj gəldiyini görən Leyli əvvəlcə təəccübləndi, “Sən hardan çıxdın?” - öz-özünə deyindi...


İyirmi yeddi yaşlı Elsevər Nisənin ilk, həm də sevimli nəvəsiydi. Məktəbi əla qiymətlərlə bitirib altı yüz doxsan balla BDU-nun tarix fakültəsinə daxil olmuşdu. Dördüncü kursda, paralel qrupdakı sələfilərə qoşulandan sonra tarixçi olmaq arzusundan əl çəkmişdi. İbadətlərə vaxtı-vaxtında əməl etmək, sinəyə qədər saqqal buraxmaq-filan öz yerində, dinə təzə-təzə gələndə, evdəkilərlə tez-tez mübahisələri olurdu. “Niyə namaz qılmırsız? Niyə oruc tutmursuz? Qiyamət günü Allah Sübhanə və Təalənin qarşısında nə cavab verəssiz?” Atasını evə qonaq gələn qohum, ya dostlarıyla bir yerdə araq içdiyinə, anasıyla on səkkiz yaşlı bacısını hicab taxmadığına görə günlərlə, aylarla danlamışdı. Mübahisələrin birində atası oğlunun qulağının dibinə bir şapalaq ilişdirəndən sonra, evdə hərə öz bildiyi kimi həyatını sürməyə davam etmişdi.


Evdəkilərlə ikinci həngaməsi indi evli olduğu qızla toyu ərəfəsində baş vermişdi... Bakalavr diplomunu alıb Sədərək ticarət mərkəzində işləyəndən bir müddət sonra, dindar dostugilin evlərində dostunun bacısını görüb vurulmuşdu ona. Elçilik problemsiz baş tutmuşdu, Elsevərin evdəkilərlə qırğını toy ərəfəsində olmuşdu. Atası araqsız, konyaksız nişana razı olsa da, toy məsələsində iki ayağını bir başmağa dirəmişdi ki, stolun üstündə araqdan tutmuş pivəyə qədər bütün spirtli içkilər olacaq, kişilər arvadlarla bir yerdə istədikləri qədər oynayacaqlar. Elsevərsə demişdi ki, yaxşı, arvadlar, kişilər bir zalda otursunlar, milli rəqslər oynasınlar, amma diskoteka, medlenni rəqs, bir də, masalarda spirtli içkilər olmasın, üstəlik. “Üstəlik, zövcəm toyda iştirak eləmiyəcək. Mən özüm iki saat oturub çıxıb gedəcəm,” - lap axırda bunu demişdi. Atası razı olmamışdı, axırı, ata-bala yarıxoş, yarızor son nəticəyə gəlmişdilər: iki toy baş tutmuşdu, - bir atasının elədiyi dünyəvi, - yemək, limonadlar və kompotlarda dolu masanın arxasında oturan bəylə gəlin başlarını aşağı salıb toyun axırına qədər ağızların heç nə almadığı, başqa masalarda spirtli içkilərin bol olduğu toy, o birisi isə Elsevərin öz puluyla, dindar dostlarının çağırdığı musiqisiz, rəqssiz, cürbəcür yeməklər, limonad və meyvə şirələriylə bol olan, hədis və dini rəvayətlərin söylənildiyi dini toy.


Evlilikdən hardasa beş il sonra Elsevər ikinci arvad almaqdan söz salanda, zövcəsi səsini başına qaldırmışdı. “Elə şey ola bilməz. Evlənməmişdən qabaq elə danışmamışdıq”. - “Nəyi danışmamışdıq? Mən Quran ayəsinə tabeyəm, sən nəyə etiraz eliyirsən?” - əri ona demişdi. İş az qala, boşanmaya gedib çıxanda, Elsevərin atası yenə yumruğunu masaya vurmuşdu: “Ay bala, boşanmaq nədi? Birincisi, sənin o qədər pulun var ki, ikinci arvad saxlıyasan? İkincisi, üç yaşında qızın var, gedib təzə arvad alassan, ondan da bir uşağın olacaq, gərək ona da atalıq edəsən, bu şeylər sənə çox asan gəlir?” - “Ağ eliyirsən e sən. O vaxt toy işimə qarışdın, tüpürdüm öz əqidəmə, haram toya razı oldum. İndi ailəmi özüm saxlıyıram, yenə hər işimə qarışırsan. Olmaz axı belə,” - oğlu etiraz etmişdi.
Eyni zamanda “Müsəlmanın ailəsi dağılanda, Allahın ərşi titrəyir” hədisindən xəbəri olan Elsevər boşanmağa o qədər meylli deyildi. Amma “Boşanmaq Allahın bəyənmədiyi halaldı” hədisindən xəbəri varıydı deyə, bir uşaqla belə (“Artıqlamasıyla alimentini verərəm” - fikirləşirdi.) arvadını boşamaq arada ağlından keçirdi.
...Leyli axırı, Elsevərin votaspına yazdı: “Nə məsələdi?” - “Gəl sabah görüşək. Ciddi söhbətdi. Sənin xeyrinə”. “Mənim xeyrimə? Evimi anan sənin adına keçirmək istiyir, yəni sizdən adama xeyir gələr?” - öz-özünə deyinən Leyli yazdı: “Sabah günorta saat 2-də Gənclikdəki Bazarstorun qabağına gələ bilərsən?” - “Hə gələrəm inşaAllah”.
Ertəsi gün danışdıqları saatda, yerdə görüşdülər. Salam, necəsən-lər, uşaqlar necədirlər-dən sonra Elsevər sifətinə ciddi, bir az da ağayana ifadə verib dedi:
- Leyli, niyə səni narahat elədim? Sənə evlənmək təklif eliyirəm, elə bilirəm, bu...
- Nə? - Leyli sərt baxışlarını Elseverə zillədi. - Başın xarab olub? Nə danışırsan sən?
- Sən mənə naməhrəmsən.
- Ay uşax, nə naməhrəm? Buna görə məni çağırmışdın?
- İyirmi yeddi yaşında uşax olmur. Bir də, sən guya çox böyüksən? Heç qırx yaşın yoxdu.
- Əşi mənim yaşımın sənə dəxli yoxdu, amma mənimçün sən həmişəlik uşaxsan. Off, deyirəm də, sizinkilərdən adama xeyir gəlməz.
- Nə xeyir? Ev məsələsini deyirsənsə, bizim evdə mən həmişə sənin tərəfini saxlamışam. Demişəm, o ev sənə çatır, mənə yox. Allaha and içirəm ki, bizim evdəki söhbət belə olub. - Elsevər bu sözləri həvəslə, ehtiraslı bir ümidlə dedi, elə bildi, bununla Leylidə özünə qarşı rəğbət oyadacaq və sonda söhbət onun istədiyi kimi alınacaq.
- Hə, sağ ol, - Leyli duruxan kimi oldu, dilucu dilləndi. - Amma...
Bundan ruhlanan Elsevər “amma”dan sonraya imkan vermədi:
- Yenə deyirəm, Qurana görə, sən mənə naməhrəmsən, yəni, mən sənlə evlənə...
- Yenə başladın e, - Leyli başını buladı.
- Həm də sevirəm səni, - tez başını aşağı saldı ki, Leylinin ona yazığı gəlsin.
- Aa, sən ağ eliyirsən ha. Dayının ruhu sənə qənim olsun. - gözlərini bərəltdi. - Qənim olsun!
- Qənim olmaz. Allah mənim tərəfimdədi.
- Allahın adından danışma. Sənin dediyin bilirsən nəyə oxşuyur? Elə bil, mən gedib arvadı ölmüş dayıma deyirəm ki, vurulmuşam sənə, gəl məni al.
- Yox, sən deyən ayrı şeydi. Mən sənin baldızının oğluyam, get Quranı aç oxu da.
- Bir dəyqə dayan, - sağ əlini qaldırdı. - Allaha da qurban olum, Qurana da. Amma sən dediyin şeylər mənim beynimə girmir, başa düşdün? Sağ ol, - deyib Leyli sürətli addımlarla ordan uzaqlaşdı.
- Sən hər halda bir həftə fikirləş! - Elsevər ardınca qışqırdı.


- Heç bir gün də fikirləşmərəm! Bir gün yox e, bir saat da fikirləşmərəm, - Leyli addımlarını sürətləndirdi. “Əslində, bir dəyqə deməliydim,” - deyinə-deyinə, əsəbdən səpilmiş sol qolunu qaşıya-qaşıya metroya girdi. Vaqona girib oturandan başladı dodaqaltı Elsevəri, baldızlarını söyməyə, ona yönələn “Bu dəlidi?” yazılmış baxışları vecinə almamağa çalışdı.
Axşamsa mətbəxdə öz-özüylə danışırdı: “Axmağın biri axmax. Bunun bicliyinə bir bax, ev məsələsində mənim tərəfimi saxlıyıb. Gözüm aydın. Hə, mən sənə ərə gedəcəm, sən də sonra başımı piyliyib evi öz adına keçirəssən. Yüz faiz anasıyla xalasının planıdı. Yuxunuzda görərsiz. Bir də, lap tutaq ki, evi qanunla öz adıma keçirdim. Heç onda da sənə ərə getmərəm axı. Bunların iştahına bir bax”.
- Ay mama, kimə elə hirslənmisən? - böyük oğlu anasının həyəcanlı səsini eşidib hövlnak özünü yetirdi.
- Heeç, ay bala, bir serial yadıma düşdü, ordakı bir aktyoru yamsılıyırdım, - zorla gülümsədi.
- Hansı serial? Hansı aktyor? - diqqətlə anasına baxdı.
- Hmm, nəydi adı? - Leyli əliylə alnını ovuşdurdu. - Yadımdaydı... Bir dəyqə...
- Elə serial göstərmirlər. Sən niyə Ramil əmiyə ərə getmirsən? - düz anasının gözlərinin içinə baxdı. Leyli sualdan diksinən kimi oldu, sonra ah çəkib dedi:
- Ehh, ay bala, imkan verirlər ki?
- Kim imkan vermir? Yaşar dayı? Mən onnan danışaram, - oğlu, yekə kişilər kimi qaşlarını çatdı.
- Nə danışassan, a bala? O, söz başa düşür? - anası acı-acı gülümsədi, eyni zamanda sevindi ki, Mehribandan sonra oğlu bu cür ürəkdən onun ərə getməsini istəyir.
- Ərə gedirsən də, burda nə pis şey var ki? Yaşar dayı qələt eliyir, mən sabah babaya zəng eliyib....
- Ay mənim kişi balam, - oğlunun başını sinəsinə sıxaraq saçlarını tumarlamağa başladı. - Heç kimə zəng eləmə. Baban da elə o ağıldadı. Mən özüm... - doluxsundu, səsi titrədi, - həll edərəm... inşallah, - oğlunun saçlarından öpdü.
Gecə yerinə girəndə, bir anlıq baldızı oğlunu əri yerində təsəvvür etdi. “Üəəə, - əti çimçəşdi. - Allah ağıl versin sənə, ay Elsevər,” - deyib köks ötürdü. - Atam istədiyimə vermədi məni, anam qorxağın yekəsi. Nə də ki qardaşlarımdan yarıdım. Başdanxarab Elsever də bu yandan çıxdı”.
Səhər mətbəxdə çaydanı qazın üstünə qoyanda, votasapına mesaj gəldi. Oxuyan kimi ekrana tüpürüb dedi: “Nə alçaq gədəymişsən sən”. Elseverəydi, “Mən hər halda sənə pis şey təklif eləmirəm, Allaha and olsun, dinimizin buyurduğu kimi sənə qarşı ədalətli olacam, uşaqlarına necə lazımdı atalıq eliyəcəm” - yazmışdı. Leyli hikkəylə fısıldaya-fısıldaya, barmaqlarıyla ekranı bərk-bərk döyəcləyib kontaktlar yazılan yerə girdi, Elsevərin anasının nömrəsini tapıb yaşılı basan kimi (zəng getməmiş) tez qırmızını basdı. “Əşi buna niyə deyirəm e? Həyasız adamdı, yalandan üzümə durub deyər ki, sən özün nə qələt eləmisənsə, oğlumuzun gözü düşüb sənə... Axx, dəli şeytan deyir, Elseverin nömrəsini ver dəli qardaşıma, Bakıya gələndə, buna bir-iki kəlmə ağır söz deyə”. Sonda Elsevərin nömrəsini bloka saldı...
“Sən nə istiyirsən e?” - Leyli ekrana baxıb mızıldandı. Zəng edən kənddəki rəfiqəsi Nazlıydı. Leyli bildi ki, Nazlı söhbəti hərləyib-fırlayıb axırda Vaqifin üstünə gətirəcək, ekrana baxa-baxa deyindi: “Az, lap tutaq ki, Vaqif Maraldan boşanıb. Mən tək ərə getməyin dərdindən durub bundan sonra kəndə qayıdacam?” Hərçənd, Vaqifə hissləri közərən ocaq kimiydi, tam sönməmişdi. Ramilə isə hisslə yox, daha çox ağılla ərə getmək istəyirdi.


Leylinin Vaqiflə evlənməməyinin səbəbi nəsil düşmənçiliyi idi, - hardasa yüz il əvvəl bunların ulu babaları otlaq sahəsinin üstündə mübahisə eləmişdilər, söyüş üstündə Vaqifin ulu babası belin iti yeriylə Leylinin ulu babasının başına zərbə vurub öldürmüşdü onu və o vaxtdan iki nəsil olmuşdu qan düşməni. Sevgi məsələsindən xəbər tutanda, Adil kişi qızına demişdi: “Vaqifi ömürlük unut getsin. O nəsildən gələn elçiləri evə yox e, heç həyətə buraxmaram”. Leyli də çar-naçar razılaşmışdı atasıyla.
Kənddən zəng edən Nazlı sözarası həvəslə deyəndə ki, Vaqif son vaxtlar Maralla yola getmir, qırırlar bir-birini, Leyli onun sözünü kəsdi: “Bunnarı mənə danışma, maraqlı deyil”. Rəfiqəsi təəccüblə “Nəmm, dedim bəlkə...” - davamını demədi. Bu söhbətdən sonra onlar bir də, Vaqifdən söz salmadılar.
Neftçilər xəstəxanasında həkim işləyən Mehribanın dul bacısının qaynı isə qardaşının qırxından hardasa beş-altı ay sonra gəlindən “narahat” və “muğayat” olmağa başladı. Muğayatlılığını artıq sübut etmişdi, - dul gəlinlərinə təzə Mersedes maşını almışdı, arvadıyla ona mesaj göndərmişdi ki, heç kimə ərə getməsin, öz məntiqiylə rəhmətlik qardaşının qeyrətini çəkirdi. Arvadı kəşfiyyatçı kimi ayda bir dəfə dul eltisinə zəng edirdi: neyniyirsən, ay bacı, uşaqlar necədi, arada guya sezdirmədən “Nə yenilik var?” soruşurdu. Dul elti isə guya qaynı arvadının əsil niyyətini başa düşmürmüş kimi, “köhnə hamam, köhnə tas” deyib ürəyində onu söyürdü. “Ay şpion, nə vecinə? Ərin yanında, qayğın-dərdin yox. Deyə də bilmirsən ki, mənim onsuz da ərə getmək fikrim yoxdu, ona görə ərinə çatdır ki, məni güddürməyə ehtiyac yoxdu”.


İndi Mehribanın iki düşməni varıydı, - biri Yaşarıydı, o birisi isə bacısının qaynı. Bir yandan da dul bacısının acizliyinə əsəbiləşirdi. “Sənin qaynını bu əllərimlə boğaram, amma birinci səni boğmaq istiyirəm, ay bacı”. - “Məni niyə?” - böyük bacı qəribə-qəribə ona baxmışdı. - “Ona görə ki sənə indi Mersedes yox, ər lazımdı. Apar qaytar maşını özünə. Şükür Allaha, o cür tanınmış xəstəxanada həkimsən, istəsən, pul yığıb iki maşın ala bilərsən özünə. Qaynından heç bir asılılığın da yoxdu, o kimdi ki, sənin şəxsi işinə qarışır?” - üzünə demişdi. “Az, boş-boş danışma, - bacısı cavab vermişdi. - Mən rəhmətlik Mübarizə görə ərə getmirəm, qaynımdan qorxduğuma görə yox. Mən sabah başqasına ərə getsəm, elə bilirəm, Mübarizə xəyanət eləmişəm. Onda gərək bəri başdan götürəm toy, ailə şəkillərimi yandıram, disklərimi sındırıb atam zibil yeşiyinə. İkincisi, yenə deyirəm, get öz həyatını qur, bu gün-sabah otuz yaşın olur. Sənin ərə getmək vaxtındı, mənim yox”.
Mehribanın keçmiş iş yoldaşı Yasəmən feysbukda türkiyəli iş adamı Haluk bəylə tanış olub dörd-beş ay gecə-gündüz yazışmışdılar, axırda bir-birini bəyənib evlənməyə qərar vermişdilər. Ata-anasından başqa heç kimə xəbər vermədən, işdən çıxmaq ərizəsi yazmadan, uşaqlarıyla bir yerdə gecə İstanbula uçmuşdu...
“Çox xoşbəxtəm, bacı. İstədiyim yar idi, yetirdi pərvədigar,” - bir ay sonra Mehribana zəng edib demişdi. Ərə getdiyi kişinin ipək fabriki varıydı, İstanbulda arxası meşəyə baxan üçmərtəbəli bir villada qalırdılar. Bir dəfə Mehriban zarafatla ona yazmışdı: “Ay yetim abla, görmədiyin günlərin dadını çıxart. Mənə də ordan bir iyi eş (1) tap də, noolar, ay paxıl. )))” - “Qurbandı sənə eş. Darıxma, sənə yaxşı bir eş tapacam inşallah. ” - Yasəmən cavab yazmışdı.


Leyli artıq sexdə işləmirdi, evdə şəkərburadan tutmuş cürbəcür tortlara qədər bişirib marketlərə satırdı, əvvəlkindən qat-qat çox pul gəlirdi əlinə. Sürücülük vəsiqəsi almaqçün avtoməktəbə gedirdi, ilin axırına kreditlə “Nissan Tida” almaq varıydı planında.
Tüpürmüşdü hər şeyə, nə ata-anası, nə də əzazil qardaşı vecinəydi. Həftədə iki-üç dəfə nahar vaxtı sevgilisinə dəyirdi, - onda hər ikisinin uşaqları məktəbdə olurdu, - bir saat-filan bir-birinə doyunca həzz verib, həzz alırdılar. Arada Ramillə molla kəbini kəsmək ağlından keçmişdi, amma xəbərin kəndə gedib çatacağından qorxmuşdu deyə, vaz keçmişdi istəyindən. Və hər dəfə Ramillə sevişəndən sonra həzzdən bədəni süstləşən Leyli ürəyində əzazil qardaşına deyirdi: “Bir qram belə özümü günahkar bilmirəm. Ramil məni sevir, mən də onu özümə halal ər bilirəm”. Oğluyla qızı həmişəki kimi “Ana, heç kimə fikir vermə, ərə get Ramil əmiyə. Qoy bizim də atamız olsun” deyəndə, Leyli yenidən kəbin barədə düşünürdü. Axırı, bir gün Ramillə bunu məsləhətləşmək qərarına gəlmişdi. “Mən hazır, ay qız. Günü sabah gedək Təzəpirə, molla kəbini kəsək,” - sevgilisi demişdi. Yenə atası, əzazil qardaşı yadına düşmüşdü, əl-qolu yanına düşmüşdü Leylinin. Evlənmək istəyən Yaşarsa sanki Allahın qəzəbinə tuş gəlmişdi: Mehribandan sonra xoşuna gəldiyi iki qızdan (öz kəndlərindən) “yox” cavabı almışdı deyə, hirsindən zəncir gəmirirdi, boş şeylərin üstündə evdə tez-tez dava salırdı, atasıyla anasının “Gəl sənə əmin qızı Sevdanı alar”, ”Gəl sənə xalanqızı Təzəgülü alaq” variantlarını isə yaxın buraxmırdı. Bacısına zəng edib “O qız yenə mənə yox deyir?” soruşanda, “O, ömründə sənə hə deməyəcək, bunu ömürlük sırğa elə, as qulağından” cavabımı almışdı.
Ümidini üzməyən Elsevər bir dəfə Leyliyə başqa nömrədən zəng etmişdi, Leylisə onu söyüb qarğıyıb o nömrəni də bloka atmışdı. Baldızoğlu, Leylidən əlini üzsə də, öz beyninə yeritmişdi ki, mütləq başqa bir dul, ya boşanmış alıb savab qazanmalıdı, ona görə başlamışdı, o cür arvadları arayıb axtarmağa.


Bir vaxtlar Yaşardan gələn zəngləri geri çevirib, nömrələrini bir-bir bloka atan Mehribansa hələ də istədiyini tapammırdı. Artıq Leylinin gizli, tammetrajlı sevgi görüşlərindən xəbəri varıydı, ona telefonda “Ay qız, bəs mən o vaxtdan sənə deyirdim ki, işində ol, heç kimi vecinə alma. İndi gördün, axırda mən haqlı çıxdım?” Danışıb qurtarandan sonra Mehriban öz-özünə “Yaşar, əcəb oldu sənə, vaxtında qoymadın bacın halal yolla ərə getsin, indi sən deyəndən betəri baş verir,” - demişdi.

Yaxşı eş* - yaxşı ər

SON

26 noyabr, 2016 – 6 dekabr, 2020
Bakı

# 2453 dəfə oxunub

Müəllifin son yazıları

# # #