Teatrımızın küt gedən kündələri

Teatrımızın küt gedən kündələri
19 fevral 2014
# 13:50

Aliyə yazır...

Teatr insana zövqünü itiləmək üçün lazımdır.

Teatr insanlara bir-birlərini anlamaqda kömək edə bilir.

Teatr insanı mənfəətgir yanaşmadan xilas edə bilir.

Teatr insana insan olduğunu xatırladır.

Teatr insanı fərqli fikrə, özgə dərdə açıq edə bilir.

Teatr cəmiyyəti monotonluqdan qoruyur.

Monoton cəmiyyət təhlükəlidi: azca fərqlənəni tapdayıb keçər, dönüb dala da baxmaz. Teatr adamı belə təhlükələrdən qurtarmaq üçündür. Yəni, teatr...

Necə izah edim... yəni... Yəni, sizin bir teatr anlayışınız, teatr xatirəniz yoxmu?

Axı bizim bu işə görəvli məmurlarımız bütün mövcud imkanlar hesabına milli teatrın xatirəsini əbədiləşdirməyə çalışırlar.

Yenicə təmir olunmuş, müasir standartlarla təchiz olunmuş, isti, gözəl teatr binalarımız teatra ucaldılan ən iri xatirə kompleksidir - hansı ki, içində yaradılan şəraitə görə eşitdikləri qaxıncdan, minnətdən qulağı döyənək olmuş rejissorlar, aktyorlar işləyir.

Köhnə tikililərdə yerləşən, aktyorları soyuqdan donan bir neçə paytaxt və əksər əyalət teatrlarını düşünün. Bu teatrlar çalışıb yaxşı olmalıdır, öz məhdud imkanları ilə elə tamaşa göstərməlidirlər ki, hamı bilsin; məsələ komfortda deyil, yaxşı tamaşalar hazırlayıb teatrı Ələsgər Ələkbərov dövründəki şöhrətə çatdırmalıdırlar. Nə olsun, qışda zal soyuqdur (3-4 teatrı çıxmaq şərtilə bütün bölgə və bir neçə paytaxt teatrlarında olduğu kimi), nə olsun, teatrın qabağına zibil qabı düzüblər, nə olsun ki, balaca səhnədə aktyorları tamaşaçıdan bir neçə santimetr ayırır və bu teatrın formasından irəli gəlmir, sadəcə verilən səhnə budur. Nə olsun ki, səhnə dərin olmadığı üçün tamaşada lazım olan faciə məkanı alınmır, tamaşa hoqqabazlığa oxşayır. Nə olsun ki, dar səhnənin işıqları aktyorların gözünü çıxarır... Nə olsun? Ümumiyyətlə, teatrlar ləğv olunmadığına görə, şükür etməkdənsə bunları sadalamaq ayıbdır sadəcə. Sizcə, bütün bunlar teatrın xatirəsini qorumaq naminə az işlərdir?

Lap elə teatrşünaslar. Onları teatr barədə, hətta rayon teatrları barədə oxunmayan və çox güman ki, oxunmayacaq cild-cild kitablar yazmağa həvəsləndirmək nəyə lazımdır? Çünki onlar teatrın xatirəsini əbədiləşdirməkdə müstəsna xidmətləri olan insanlardır. Daim teatrımızın qədim tarixini vurğulayır, hökumətin ona qayğısından danışır və axırda nədənsə teatrın inkişafdan qalmasından narazı olurlar.

Bəs beynəlxalq konfranslar keçirmək? - Hansı ki, bu elmi konfranslardakı çıxışlardan elliklə belə bir nikbin nəticəyə gəlirlər: bütün dünyada dövlət teatrı atıb, bu üzdən dünya teatrları ciddi maliyyə böhranı yaşayır, görün bizim teatrımız necə inkişaf edib ki, beynəlxalq səviyyəli teatr konfransı keçirir!

Bəs qaçqın teatrları Bakının sınıq-salxaq, soyuq binalarında saxlamaq? Qaçqın olmağına qaçqındır, amma teatr... Bilmirsən “teatr” desən inciyərlər, yoxsa “teatr deyil” desən?

Bir də teatrın içində çalışan yüzlərlə aktyoru, işıqçını, rəssamı, rejissoru düşünün. Bu adamlar var qüvvələri ilə, son qəpikləri ayın ortasında bitən maaşları ilə teatrın xatirəsini qorumurlarmı?

Teatr üçün, teatrın xatirəsini qorumaq üçün insanlar əl-ələ verib bu qədər çalışırkən, siz teatrın nə üçün olduğunu, nə demək olduğunu yadda saxlaya bilmirsiniz. Nə deməli? Çox ayıb. Adama durduğu yerdə bu boyda yazı yazdırdınız.

P.S. Bu yaxınlarda maraqlı bir əhvalat eşitdim. Bilənlər bilir: Pantomimanın “Eşq” tamaşasında mürəkkəbqabının içindən lələk çıxır və tamaşa mürəkkəb damcılarını oynayan iki aktyorun rəqsilə başlayır. Deməli, teatr Tatarıstanda qastrolda olanda bir teatrşünas bu tamaşaya baxır və çıxanda aktyorlara deyir: “Tamaşanı anladım, amma o təndir nə üçün imiş, onu başa düşmədim”. Ona izah edirlər ki, o, təndir yox, mürəkkəb qabıdır.

Bu əhvalatı uşaqlar mənə o boyda teatrşünasın anlayışsızlığı kimi danışıb güldülər. Amma mənə elə gəldi ki, o, teatrşünas içindən iki aktyor çıxan mürəkkəbqabını təndirə oxşatmaqda haqlı idi. Həm də bu tamaşaya teatrın Şəfəq kinoteatrında yerləşən binasının dar səhnəsində baxsa nəinki haqlıdır, hətta teatrın peyğəmbəridir. Çünki, hələ ən bəxti gətirmiş teatrın, isti, təmirli yerlə (Pantomima teatrı Şəfəq kinoteatrının foyesində yerləşir) təchiz olunmuş teatrın səhnəsi zala o qədər yaxındır ki, yeni səhnədəki “Eşq” illər əvvəl Gənc Tamaşaçılar Teatrının dərin səhnəsindəki “Eşq” deyil, olsa-olsa onun acı və əziz xatirəsidir. Yaxından baxsan mürəkkəbqabını nəinki təndir, lap tərəkəmə alaçığı da bilərsən. Orada olsaydım, həmkarımın təndir versiyasını təsdiqləyərdim. Üstəlik, əlavə edərdim ki, o gördüyün iki qara paltarlı aktyor da, küt gedən kündələrdir!

# 2566 dəfə oxunub

Müəllifin son yazıları

# # #