Fransalı mütəxəssis: “Səhnədə seksə qarşıyam” - TİFLİS GÜNLƏRİ

Fransalı mütəxəssis: “Səhnədə seksə qarşıyam” - <span style="color:red;">TİFLİS GÜNLƏRİ
14 oktyabr 2014
# 14:08

Sentyabrın sonu, oktyabrın əvvəllərində keçmiş postsovet məkanında ən ciddi mədəni hadisələrdən olan Tiflis Beynəlxalq Teatr Festivalı keçirildi. Festivalda Kulis.az ədəbiyyat portalının əməkdaşı, teatrşünas Aliyə Dadaşova da iştirak edirdi. A.Dadaşovanın “Tiflis günləri” rubrikası altında Beynəlxalq Teatr Assosiasiyaları Universitetinin Fransa təmsilçisi Fransuaza Odanla müsahibəsini təqdim edirik.

Qeyd: Beynəlxalq Teatr Assosiasiyaları Universiteti 1994-cü ildə Belçikada Lyej Universitetində yaradılıb. Bu universitet dünyanın ali və orta teatr təhsili müəssisələrində keçirilən teatr treninqləri, nəzəri və praktik tədqiqatlarla tanınır. Əllidən çox ölkədə üzvləri var.

- Təxminən iki il əvvəl Bakıda beynəlxalq teatr konfransı keçirildi. İnkişaf etmiş Avropa ölkələrindən gələn teatr adamları teatrın böhran keçirdiyini, ciddi maliyyə çatışmazlığı ilə üzləşdiyini dedilər. Fransada vəziyyət necədir?

- Avropadan, Fransadan danışırıqsa, mədəniyyət sahəsi xüsusi sahə kimi diqqət mərkəzindədir, yəni onun qorunması, inkişafı qabaqcadan düşünülmüş məsələdir. Hətta Avropa Birliyində mədəniyyətə münasibətinə görə xüsusi bir ifadə var “Fransa istisnası”. Hakimiyyətdə kimin olmasında baxmayaraq bu sahə həmişə diqqətdədir. Hamı bilir ki, mədəniyyət adi istehsal sahəsi deyil, ona istehsalat obyekti kimi yanaşmaq olmaz. Yəni, mədəniyyət daha çox beynəlxalq arena üçün nəzərdə tutulmuş sahədir. Fransada hansı partiyanın hakimiyyətə gəlməsindən asılı olmayaraq, dövlət siyasətində mədəniyyətin qorunması, inkişafı və dəstəklənməsi prioritet məsələdir. Məhz mədəniyyət siyasətinə görə ABŞ və Avropa Birliyi arasında iqtisadi sahədə razılaşmalara belə xüsusi yanaşırlar. Söhbət mədəniyyət sahəsini mümkün ola bilən böhrandan qorumaqdan, onu hər cür siyasətdən kənarda tutmaqdan gedir.

Sözsüz ki, Avropada iqtisadi böhran var, ABŞ-dakı böhran Avropaya da öz təsirini göstərdi. Mədəniyyət əvvəlkinə nisbətən büdcədən daha az subsidiya almağa başladı. Amma buna baxmayaraq, bayaq dediyim mədəniyyətin qorunması sistemi işə düşdü və islahatlar ona təsir göstərmədi. Bir misal deyim, məsələn, teatrlarda və filmlərdə işləyən yaradıcı və texniki heyət, hətta məşğul olmayanda belə dövlətdən sosial müavinət alırdılar. Bu yaxınlarda bu müavinətlərin azaldılması ilə bağlı qərar qəbul etmək istədilər, amma buna çoxlu etirazlar oldu və dövlət güzəştə getməyə məcbur qaldı. Çünki artıq mədəniyyət siyasəti qabaqcadan təyin olunub. Dövlətdən subsidiyaların azaldılmasına baxmayaraq o mədəniyyət siyasəti sistemi işə düşdü və nəticədə böhranla bağlı bu islahatlar ona tətbiq olunmadı.

- Siz daha çox teatr təhsili ilə bağlı işlərlə məşğulsunuz. Artıq texniki yeniliklərin artması, cəmiyyətin sürətlə informasiya cəmiyyətinə çevrilməsi teatrın təsir imkanlarına necəsə təsir edib. Bu gün teatrdan tələb olunan nədir?

- Mən yalnız Fransadan danışa bilərəm. Şəxsən mən televiziyada və internetdə belə şok xəbər, video və təsvirlərin yayılmasına qarşıyam. Bizim nəsil belə tərbiyə almayıb. Amma bəzi dramatik teatrlar zorakı səhnələr göstərməklə diqqəti cəlb etmək istəyir. Şəxsən mən bunun tərəfdarı deyiləm. Amma həqiqət budur ki, gənclərdə buna meyllilik var. Bu tendensiya 10 il əvvəl var idi. İndi yenidən başlayıb. Səhnədə seks, zorakı məqamlar, çılpaq bədən-filan göstərilir. Mən anlayıram, onlar bununla diqqət çəkmək istəyirlər. Amma mən bunu qəbul etmirəm.

10 il qabaq festivalda belə zorakı və açıq-saçıq səhnələr olan tamaşa göstərilmişdi. Onda böyük mübahisələr başladı: biz buna baxmalıyıq yoxsa yox? Bu tamaşalar daha çox performansdır, aksiyadır, nəinki tamaşa...

Başqa ölkələrdən fərqli olaraq, Fransada performanslarla tamaşalara fərq qoyulur. Performans başqadır, onun əhatə dairəsi daha genişdir, onun içində çox şey var. Fransız teatrında tamaşa əsasən mətnə əsaslanır. Mən özüm teatrda mətnsiz, zorakı səhnələri görəndə şok oluram. Bizim teatr yenidən geriyə, mətnə qayıdır. Məsələn, mən fransızdilli dramaturqların müsabiqəsində jüri idim və biz Fransız dilində yazılmış çoxlu sayda pyeslər oxuyub seçir, seçdiklərimizi redaktə edirdik. Dramatik mətn bizim üçün çox vacibdir. Artıq yeni formalar təklif edən teatrlara tamaşaçı getmək istəmir. Bu, fransızların qlobalizasiyaya qarşı daxili müqavimətidir. Fransada belə məsələlərə xüsusi diqqət var. Əgər İngiltərədə buna ciddi yanaşmırlarsa, Fransada fransız dilindən istifadədə –televiziyada, kinoda, teatrda, yazıda və s. Fransız Dili İnstitutunun qaydalarına əməl edirlər.

- Teatrın əsas personası zaman-zaman dəyişib: dramaturq, aktyor, rejissor... İndi isə əsas personanın tamaşaçı olduğunu yazırlar. Hələ ki, tamaşanın həmmüəllifi səviyyəsində...

- Bilirsiniz, bu, 20-ci əsrin postmodernizm ideyasından irəli gəlir. Yəni heç bir əsər bitkin deyil, o, oxunsa da bitməyib, həmişə yarımçıqdır, oxucu o prosesdə iştirak edir. Eyni şeyi teatra da aid etmək olar. Tamaşaçıda teatrı passiv görənlər var, bir də olur ki, quruluşda tamaşaçı qabaqcadan nəzərə alınır. Mən bu qədərini bilirəm.

- Teatrla bağlı sosioloji araşdırmalar vardır yəqin ki. Ölkənizdə teatr tamaşaçıları hansı təbəqədəndir? Yəni teatr tam təmin olunmuş təbəqənin lüksüdür, elitlərin tutduğu sənətdir, yoxsa?

- Fransada vəziyyət elədir ki, teatra çox az adam gəlir. Sosioloji araşdırmalara görə gedən o az faiz insan da müəyyən intellektual səviyyəsi olanlardır - tələbələr, müəllimlər və s. Ən çox məktəblərdən, universitetlərdən tələbə və şagirdlər gəlir. Bir hissəsi də siz deyən kimi, opera və balet teatrlarına daha çox özlərini göstərmək üçün gedənlərdi. Bir neçə il qabaq kiçik şəhərlərdə mədəniyyət mərkəzləri yaradılmağa başladı. Burada insanlar gəlib istədikləri janrla maraqlana, məşğul ola bilərlər. Bir də xüsusi abunəçilik sistemi var. Teatra abunə olan adamlar il ərzində seçdikləri müxtəlif janrda tamaşalara baxa bilirlər.

# 2550 dəfə oxunub

Müəllifin son yazıları

# # #