“Anamdan soruşdum məni niyə dünyaya gətirib?”

“Anamdan soruşdum məni niyə dünyaya gətirib?”
29 aprel 2015
# 08:00

İmaməddin Həsənov Oda teatrında üç tamaşanın - “Arzular bağı”, “Suicide” (“İntihar”) və “Tikanlı məftillər”-rejissorudur. Şəhərin teatr cameəsi İmaməddini yaxşı tanıyır. Hərdən başına şlyapa qoyan, əcaib saqqal saxlayan bu gənc adam hazır “sənət məcnunu” obrazıdır. Amma İmaməddinin tamaşalarına baxan və ümumiyyətlə onunla ünsiyyət quran adam bilir ki, İmam obrazda-filanda deyil. Kamera teatrından, Oda teatrına qədər yaradıcılıq çabaları da özünün dediyinə görə, məhz buna görədir...

Kulis rejissor İmaməddin Həsənovla müsahibəni təqdim edir.

- İmam, ilk növbədə çəkdiyiniz filmdən danışın. Filmi niyə “Müqəddəs inək” adlandırdınız? Çəkilişlər bitibmi?

- Bir neçə çəkiliş günü və post-prodakşn işləri qalıb. Bu filmin ideyası mən hələ AzTV-də işləyəndə ağlıma gəlmişdi. Belə bir informasiya var idi: Azərbaycanda kəndlərdən birinə Avropadan inək gətirmişdilər. Bu, mənim diqqətimi çəkdi. İdeya və mövzu var idi, amma konflikt yox idi. Mövzuyla bağlı kənddə ağsaqqallarla danışanda onlar dedilər ki, bizə Avropadan inək-filan lazım deyil. Ola bilər o inək gözəl görünür, iri döşləri var, amma bizimkilər ondan daha yaxşıdır... Hansısa konflikt göründü və mən ssenarini yazdım. Layihə Çexiyanın Gürcüstanda keçirilən “Est of Documentary “ müsabiqəsindən keçdi. Best Pitch-ən yaxşı təqdimat aldı.

Praqaya getdik və layihəmizi oradakı satış menecerlərinə, prodüserlərə göstərmək imkanı qazandıq. Robert Bocsh bizim layihəyə namizəd oldu. Bu fond sənədli filmə, fikşna, animasiyaya maliyyə ayırır. Yarışmanı Rumıniyadan olan bir layihə qazandı. Amma mən öz layihəmin gerçəkləşməsi fikrindən əl çəkmədim. Qətərin Doha Film İnstitutu bizə maliyyə ayırdı. Yəni, film üçün maliyyəni bir neçə qurum təşkil etdi.

Qaldı ideyaya... Mən özümü sadə hesab edirəm. Sadə insanlardan təsirlənirəm. Bax elə bu gün, avtobusdan qoca, kasıb geyinmiş bir qadın düşür. Yerdəki qlamur qızlar gözləyir ki, o düşüb qurtarsın, onlar avtobusa minsinlər. Bax, o qoca qarı mənə daha çox yaxındır. Adi insanlar mənim üçün çox vacibdir. Mən bilirəm ki, kənddə kiminsə inəyi varsa, onu varlı hesab edirlər. İnək bərəkət simvoludur. Bərəkət bizim üçün müqəddəsdir. Ona görə filmi “Müqəddəs inək” adlandırmışam. Əslində mənim qəhrəmanımın həyatını inək dəyişib və mən buna çox sevinirəm. Onlar sadə insanlardır. Bilirsiniz kənddə yaşamaq həm də Lahıc kimi bir yerdə... Bu ən darıxdırıcı həyatdır. Mən bilmirəm orada necə yaşayaram. Mənim valideynlərim Qubada yaşayır. Mən 3-4 gündən artıq orada qala bilmirəm, darıxmağa başlayıram. Baxmayaraq ki, onlar səmimi insanlardır və onları çox sevirəm. Mənim ritmim, maraqlarım, həyatım başqadır. Onlar üçün normaldır, gündəlik həyatlarıdır.

Yəqin hər yerdə belədir. Yəni mən demirəm ki, mən belə geniş düşünürəm, yox. Amma məni bu düşüncə məsələsi narahat edir. İnsanların dar düşüncəli olması, məhdud fikirləşməsi. Bəzən adamlar mənə, mənim həyat tərzimə gülürlər. Vecimə də deyil. Onların öz həyatı var, mənim öz həyatım var. Heç nə etmək istəmirəm, sadəcə film çəkmək istəyirəm. O adamlar ki, şöhrət haqqında düşünürlər, onların axırı yoxdur. İndiki gənclər arasında kitab oxuyan varsa da, onlar sadəcə oxumaq xatirinə oxuyur: “Aha mən Turgenevi oxudum” desinlər.

Oxumaq vacib deyil, vacib anlamaqdır. Milan Kunderanın bir kitabını oxudum: “Vida valsı”. Bütöv bir ayı düşündüm ki, niyə o kitabının adını belə qoyub? Yalnız ona görə ki, orada vals səhnəsi var? Amma nəhayət ki, mən tapdım. Orada vals səhnəsində adam gəlib sevgilisini etiraf etmək istəyir. Amma deyə bilmir. Qız da demək istəyir. Amma deyə bilmir. Onlar tərəddüd edirlər. Halbuki onlar bir-birindən ötrü dəlidirlər. Valsda bu tərəddüd vəziyyəti, halı var: hə-hə-hə... yox-yox... Tam-taram-tam-tam... Bunu anlamaqla bütünlükdə kitabı başa düşdüm. Yəni məsələ onda deyil ki, biləsən filankəs filan əsərində filan mövzudan yazıb...

Bilirsiniz, niyə 2007-ci ildə teatrdan tamamən getdim? Ona görə ki, gördüm ki, insanlar saxtadırlar, pafoslu danışırlar. Mən özüm də münasibətlərdə saxta olurdum. Ona görə mən kinoya üz tutdum. Mənə elə gəlirdi ki, kinoda həyat teatrdakından daha realdır. Ona görə də sadə filmlər çəkməyə başladım. İnsanlar öz həyatlarını yaşamırlar, başqalarının həyatını yaşayır. Amma anlamırlar ki, həyat qiymətlidir və başqalarına sərf etdikcə itirirlər. Öz həyatları ilə məşğul olub özlərinə sual vermirlər.

Bir dəfə anamdan soruşdum ki, məni niyə dünyaya gətirib? Mənə pis idi, çox... Ondan soruşdum və o, ağladı. Qardaşlarımın heç biri ona bu sualı verməmişdilər.

- Niyə bu sualı verdin ki?

- Şopenhaueri oxudum. Oradakı bir cümlə məni vurdu: “Əgər insanlar ölməsəydilər, filosofluq etməzdilər”...

- Tamaşalarından stimul alırsan? Tamaşaçılar, onların reaksiyaları, bölüşmək...

- Çox böyük stimuldur. Hətta tamaşaçılara qədər olan proses böyük stimuldur. Gecə saat 4-də “Tikanlı məftillər”i məşq etdik. Ona qədər 3-4 dəfə oxumuşduq pyesi. Gecə oturub yeyib-içib söhbət edirdik; dedik elə indicə məşq edək və eləcə alındı... O stimul olmasa uzun-uzadı “çitka” etmək olar. Mən bilirəm ki, hər şey səhnədə olur; burada və indi...

İstəyərəm ki, fotoqraflar, rəssamlar, bəstəkarlar tanıyım, onların işləri ilə tanış olum. Amma mən onlar üçün heç kiməm. Onlar dahidirlər.... Mənə tamaşalarımda rəssamla işləmək çox vacibdir. Amma rəssam işini də özüm görürəm. Məsələn “Tikanlı Məftillər” tamaşasında rəssama tapşırıq vermişəm ki, bayrağın üstündə lazımi rəsmi çəksin. Amma adam dediyimi hərfi mənada anlayıb. Məcbur qalıb özüm işlədim. Amma hər işin peşəkarı olmalıdır. “Arzular bağı”nda Ayaz Qənbərli ilə işlədik, tamaşa üçün xüsusi musiqi yazdıq. Tam istədiyim olmasa belə, hər halda bəstəkarla iş görmüsən, o, öz ruhunu, enerjisini qoyub. O tamaşanın məğzi olan bir cümlə var; qəhrəmanlardan biri sonda deyir: “Biz xəyallarımızda da ölürük”. Mənim teatra qayıtmağımın səbəbi də bu idi ki, mən xəyallarımda ölmək istəmirdim...

Bilirsiniz, mənim görüşdüyüm bir xanım var idi. Artıq görüşmədiyimiz vaxtlarda gəldi və stolun üstünə 3-4 min manat pul qoydu. Dedi ki, indi pulu var. Ondan pullarını götürməsini istədim: pul hər şey demək deyil. İnanın mənə ki, deyil. Mən hər zaman xoşbəxt olmağı bacarıram. Hətta ağrıları ilə də, acısı ilə də, tənhalığı ilə də. Mən həm bəxti gətirmiş adamam, həm də yox...

- İmam, səni bundan xeyli əvvəl Kamera teatrında gördüm, daha sonra Aktyorlar Evində “Əli və Nino” tamaşasını hazırladınız. İndi “Oda”da. Bu teatrda rahatsan?

- Yüz faiz rahat deyiləm. Müəyyən şeylər var... Xırda şeylərdi, düzdür. Burada rahatam, ona görə ki, müəyyən qədər insanlar mənə inanır.

- Hazırda məşq etdiyiniz tamaşa varmı?

- “Klounada” qururam. 18+ tamaşa olacaq. Demək olar ki, tamaşanın 40 dəqiqəsi hazırdır. Bu ideya məndə çoxdan var idi. “Lütlər” tamaşasını düşünmüşdük. Amma çılpaq oynaya bilən aktrisa tapmadıq.

- Yaşıdın olan gənc yazarları oxuyursan?

- Çoxunu oxumuram, çünki onlardan nəsə gözləmirəm. Bakıda kafelər var ki, orada yaradıcı adamlar yığışır. Orada bəzilərini tanımışam da. Zvyaqintsevin filmini mənə tərifləyiblər, mən də treylerinə baxıb bəyənmədiyimi demişəm. Nə olsun ki, Zvyaqintsevdir? Guya Nuri Bilgənin “Qış yuxusu” super filmdir? Ya da Hanekenin “Sevgi” filmi... Məncə, insanlar ortaya daha yaxşı işlər qoyanda diqqəti çəkmirlər, amma yıprananda diqqətdə olur, mükafatlandırılırlar.

Nə isə... Yaşıdlarım olan yazarlardan danışırdıq. Mən bir çevrəni tanıyıram. Guya müxalifdirlər, alternativ fikirlidirlər... Çox olub ki, onlarla qonşu stolda onların müzakirəsini-söhbətini eşitmişəm. Bu söhbətlər mənə gülməli gəlib. Bu söhbətlərlə insanları bağlamağa nə var ki... Günel Mövlud yaxşı şairədir. Amma məsələn, futboldan və hər şeydən yazmaqla gündəmdə olmaq nəyə lazımdır? Bu şeylər teatrda da var. Gündəmdə olmaq üçün “qıcıq yaradan” məqamlara qaçmaq.

- Yəqin “Oda”çıların çılpaq fotosessiya aksiyasını nəzərdə tutursan...

- Nəinki soyunmaq... Bunlar mənasız bir şeydir. “İncəsənətdə inqilab etmək” fikrindən yaranır. Həm də bizim çevrəmizdəki incəsənətdə. Sənsən, mənəm, o biridir... Bunlar üçün, bu adamları təəccübləndirmək üçün. Məncə inqilab dağıdıb tökməkdir, devirmək deyil. İnqilab hansısa mədəniyyətin sona çatmağı deməkdir. Başqa bir mədəniyyətin başlanğıcı deməkdir. İnqilab etmək üçün yenilik gətirməlisən. Amma bunu “Mən bunu etdim” demək üçün etməli deyilsən. İndi adamların çoxu bu “qalıçka” üçün yaşayır. Aha, oldu, sonra? Tutalım mən Şəhriyar del Geranini oxuyub görürəm ki, o, şeirin axırını gətirə bilməyib. Özünə desəm deyəcək ki, sən bilmirsən mən nə yazmışam. Amma axı mən bilmək istəyirəm...

Ən populyarları Seymur Baycan, Günel Mövlud, Əli Əkbərdisə... Onlar da özlərini təkrarlayırsa... Hər dəfə ilk olmaq istəyirsə... Bilirsiniz, ilk olmaq məncə, bədbəxtlikdir. Düzdür, onlar kütlədən fərqlənirlər, amma özlərini də aldadırlar.

...Sizə bir şey deyim, mən öz filmimi Bakıda göstərməyəcəm. Rayonlarda göstərəcəyəm. Çünki burada hamı neqativ fikirlər deməyi xoşlayır. Sadə insanlar başqadır... Hələ uşaqlar...

...Bir dəfə uşaq evinə kloun getmişdim. Şən kloun sifəti ilə zala girdim; bütün uşaqlar donuq baxışlarla mənə baxırdılar. O baxışlar adama deyirdi ki, sən bizi aldadırsan? O baxışların arxasında elə böyük boşluq var idi ki... Mən dözə bilmədim. Qayıdıb qrimləndiyim otağa girdim və ağladım...

# 1939 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #