“Hamlet”-ana xəyanətini götürə bilməyən “ana uşağı”

“Hamlet”-ana xəyanətini götürə bilməyən “ana uşağı”
12 iyun 2015
# 11:53

Aliyə

Mədəniyyət və Turizm Nazirliyinin daha böyük zalla, daha dərin səhnə ilə inadkarca təmin etmədiyi Pantomima teatrından hər dəfə inadla daha dərin, daha böyük tamaşa gözləyirik. Teatrın və nazirliyin bir-birindən gözləntisi nədir, bilə bilmərik. Heç bilmək də istəmərik. Bizə yaxşı tamaşa olsun.

Budur bax, Pantomima teatrı təqdim edir. Həm də nə olsa yaxşıdır? Uilyam Şekspir, “Hamlet”. Daha nə olsun? İstedadları olsun, klassikanı dayaz səhnəyə sığdıra bilsinlər. Elə etsinlər ki, olsun. Deyəsən, bu tələbdə tamaşaçılarla nazirliyin mövqeyi üst-üstə düşür. Etsinlər!

Zil qaranlıq səhnə faciə məkanını vurğulayır - həm də bu qara rəng vur-tut 5-6 metr eni olan səhnəyə dərinlik verməyin yeganə çıxış yoludur. Deyəsən texniki məhdudiyyətlər teatrın işinə yarayır. Tamaşa boyu bütün aktyorlar da qara geyinib, bu, həm dərinliyi qoruyur, həm də tamaşaçını ayrıntılardan, detallarda ilişib qalmaqdan xilas edir. Fleyta musiqisi bu qaranlıqla əlbir olub faciə atmosferini gücləndirir. Nəyin faciəsidir? Bunu sonda biləcəyik. Hələliksə, kilsə zəngləri eşidilir. Qaranlıq səhnədə yeganə dekor taxtı əvəz edən qırmızı örtüklü kürsüdür. Addım səsləri yaxınlaşır. Azər Axşam eynəyini taxıb kitabdan deklamasiya edir:

....Nə alçaq, nə rəzil bir köləyəm mən

Dəhşətli deyilmi, şəhərbəşəhər

Gəzib pul toplayan bu aktyor

Uydurma hissləri ifa edərkən

Qan kimi qızarır boz yanaqları...

Hamletin faciəsinin miqyası, buna rəğmən bütün kinsizliyi, bəlkə də qorxaqlığı haqda, kənardan Hamletin komplekslərini göstərən parçanı bitirən kimi “sözlər... sözlər... sözlər...” deyib kitabı yerə atır...

Kral atasını əmisinin və anasının xəyanəti üzündən itirmiş, çaşqın, gah qisas xəyallarına dalan, amma daha çox fəlsəfə üyüdən prinsdən başqa kim bu sözlərə sahib çıxar? Saray yaltağı Poloni? Laert? Horatsio? Gertruda? Kral?

Pyes özü azmış kimi, tamaşa maksimal şəkildə Hamletin özünə fokuslanıb-mətn belə ixtisar olunub.

Hələ Azərpaşa Nemətin “Hamlet” tamaşası haqqında yazanda teatrşünas Aydın Talıbzadə təxminən belə bir fikir yazmışdı ki, Fuad Poladovun Hamleti hamletizmə məhkumdur. Əlbəttə o, bu fikri alınmayan aktyor ansamblı haqqında, müxtəlif ifaların tamaşanı bütövləşdirə bilməməsi haqqında yazmışdı.

Kontekstini dəyişib onu bu tamaşa üçün, Əli Əlizadənin “Hamleti” üçün yazmaq olur: Bu Hamlet özü hamletizmə məhkumdur. Çünki Pantomim teatrının, rejissor Bəxtiyar Xanızadənin tamaşasında Hamletin sözlərini tamaşaçıdan başqa kimsə eşitmir. Bu Hamlet səhnədə kim olursa olsun, yalnızdır, sözləri ilə-hamletizmi ilə baş-başadır. O bu sözlərlə, yerə boş giliz kimi tökülən sözlərlə qalıb. Sözlər ağızdan çıxan kimi ölür. Hamleti bu ölən sözlər daha bərk ağrıdır.

Tamaşaçı kimi bir Hamletin yerinə darıxanda, bir də öz yerinə darıxırsan. Bir Hamleti düşünəndə bir də aktyoru düşünürsən. Bunun nə demək olduğunu səhnədəki aktyor daha yaxşı bilir, daha yaxşı hiss edir. Yaxşı olan odur ki, bu, çox davam etmir.

Əli psixoloji faciəni oynayır. Divarlar qapqaradır- saray amansızlığını vurğulayan hər hansı detallarla diqqət yayınmır. Geyimlər də demək olar ki, eyni cür və qara rəngdədir.

Əlinin Hamleti anasının xəyanətini götürə bilməyən “ana uşağı”dır. Bunca hikmətli sözlərini, qisas hissini bircə ana sığalı silib ata bilər, amma “Mən səni atmaram” deyən Gertruda (Səbinə Hacıyeva) onun İngiltərəyə göndərilməsinə mane olmur. Hamlet anasının onu atdığını dəqiq anlayır. Bu, ilk sevgilini-dünyaya, dünyanın ən qorxunc həbsxanası olan Danimarka sarayına yeganə bələdçini itirmək deməkdir. Hər halda tamaşanın ən vacib səhnələrindən biri məhz bunu vurğulayır.

Bütün tamaşa boyu psixoloji faciə atmosferi qorunur. Hamletin çaldığı fleyta musiqisi tamaşanın leytmotividir. İroniya yalnız Hamletin Rozenkrants və Qildensternlə, Poloni ilə, kralla, Gertruda ilə, Ofeliya ilə söhbətlərindədir.

Bu psixoloji faciə parametrlərini aşan bir də Nurlanın Polonisidir. Bu günün saray yaltağını təqlid edən Nurlan qara tonun içində xeyli parlaq görünür, bu karikatura özlüyündə nə qədər dəqiq olsa belə tamaşanın ruhuna uyğun deyil, tamaşanı tamamlamaq yerinə məhdud edir.

Solmaz Bədəlova Ofeliyanı kuklalaşdırılan, ziddiyyətlər içində vurnuxan, daxilən narahat təqdim edir. Elə Ofeliya ki, Hamletin “Ruhunu xilas et” çağırışı ona aid olsun. Əlbəttə, Hamleti eşitmədiyini, anlamadığını Ofeliyanın da üzündən oxuyuruq, amma eşitməsə belə, Ofeliya ruhunu xilas etməyin monastırdan da qısa yolunu seçir – intihar. Dinə görə intihar edənlərin ruhu bağışlanmır, amma pyesdə bu məsələ dəqiq deyil-bu sadəcə versiyalardan biridir. Tamaşada onun ölüm səhnəsi göstərilmir-Ofeliya yalnız Hamletlə söhbətində və finalda ölülərin arasında görünür. O, Hamletin gördüyü Ofeliyadır.

İxtisar olunmuş mətn, seçilmiş səhnələr, musiqi və finala əsaslanıb deyə bilərik ki, rejissor tamaşaçıya iki rakurs təyin edib; biri Hamletin rakursudur, hətta onun olmadığı səhnələrə belə tamaşaçı Hamletin gözü ilə baxır. Tamaşaya dinamika gətirən siçan tələsi pantomiması maskaları, oyun plastikası ilə sanki Hamletin beynində oynanılır. Bu xəyalilik effekti yüksək peşəkarlıqla ötürülür.

O biri rakursu rejissor özü təklif edir: Final səhnədə bütün ölənlər, öldürülənlər səhnəyə səpəlidir. Hamlet həyatının son dəqiqələrini taxtda yaşayır. Bu qırmızı taxt bir anlıq fəlsəfə taxtı kimi yozulur: ölülərin əhatəsində taxtda oturub ağarmış Hamlet. Bu mənzərə bir şey deyir: “Bu qədər insan ona görə öldü ki, Hamlet nəhayət cəsarətlənib bir nəfəri öldürə bilsin, öldürüb səhərdən ətrafında dolandığı fəlsəfə taxtına çıxa bilsin”. Bu, Bəxtiyar Xanızadənin tamaşa sonrası söhbətində də təsdiqlədiyi, aşkar dediyi məqamdır: Hamletin cəsarətsizliyi; “Arxasında əməl dayanmayan sözlər mənim üçün qiymətli deyil”

Hərçənd Əlinin nəcib cizgili Hamleti bu yozumu yayındırır. O, taxtda şərəflə ölmək pozası alıb. Tamaşa Azərin deklamasiyası ilə başladığı kimi onunla da bitir. Hamletin məşhur monoloqunu oxuyub bitirir: “Sözlər...Sözlər... Sözlər...” deyərək kitabı taxtın –kürsünün oturacağındakı unitaza atır və çıxır...

Bu, rejissor Bəxtiyar Xanızadə özünün dediyinə kimi arxasında əməl dayanmayan sözə etirazıdır. Bir növ məlum manifestdir: Pantomimçilər əmələ inanırlar.

Amma bu həm də acizliyə etirazdır.

Fəlsəfə, ədəbiyyat acizliyin məhsuludur. Faciə də elə bundadır. Sənətin cövhərində faciəvilik olduğunu deyənlər bunu nəzərdə tutmayıblarmı? Hamlet əmisini öldürüb atasının intiqamını ala bilsə, anasını qaytarsa niyə bu qədər fəlsəfi sözlər deyəydi ki? Elə olsa dünyaca məşhur “Olum, ya ölüm?” monoloqu da söylənməzdi. Ədəbiyyat da olmazdı...

Xoşbəxtlik adama heç nə öyrətmir. Bədbəxtlik onca şey öyrədir adama, amma nəyinə lazımdı bədbəxt olandan sonra? Elə bu sözlər, sözlər, sözlər kimi...

Tamaşadan yazmaq ona ikinci dəfə baxmaq kimidir. Müzakirədə mimçilərin israrlı “Nə hiss etdin?” suallarına net cavab tapa bilmirdim: “Əvvəldə darıxdım, sonda təsirləndim filan.” Amma məni tamaşanın müzakirəsinə qaytaran məhz bu pessimizm oldu. Məşğul olduğun işin -ədəbiyyatın, sənətin acizliyini duyan və duyuran adamların pessimizmi. Məni bir tamaşaçı kimi tamaşadan sonrakı söhbətə çağıran “Getmə!” sözündə də məhz o pessimizm gizlənmişdi. “Getmə, sən də bir az bizdənsən...”

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #