O dünyada gözəllik yarışması

O dünyada gözəllik yarışması
3 iyul 2014
# 15:33

Mister və missis cəsəd” tamaşası üzərində gəzişmələr

“Ölüm haqdır.”

“Mister və misis cəsəd” tamaşası

Markesin “Dünyanın ən gözəl ölüsü” hekayəsində əhvalat bir sahil qəsəbəsində baş verir. Dalğalar sahilə çox nəhəng və yaraşıqlı bir cəsəd atır. Qəsəbənin qadınları ona aşiq olur, o gözəl ölü öz ərlərini onların gözündən salır. Dənizlərdən, okeanlardan, bilinməz yerlərdən gələn ölü o qədər əziz olur ki, adamlar onun adını da düşünüb tapırlar-Esteban. Və bütün kənd, hətta qonşu kəndlər yığılıb ona dəbdəbəli bir dəfn mərasimi keçirirlər. Estebanın hələ uzun müddət unudulmayacağı bəlli olur.

“Gözlənilən bir qətlin tarixçəsi”ndə Santyaqo Nasarın qətlindən danışılır. Anhela böyük dəbdəbə ilə ərə gedir, amma bakirə olmadığı üçün əri onu geri qaytarır. Onda qızın qardaşları günahkarı tapıb öldürməyi qərara alır. Qızın dediyinə görə, onun “müəllifi” Santyaqo Nasardır. Qardaşlar Nasarı öldürür. Anhela isə ərinə qalaq-qalaq sevgi məktubları yazır…

Bu əsərlərin süjetini niyə yazıram? Çünki rejissor Ər Toğrul Kamal Yuğ Teatrında bu iki əsərin motivləri əsasında yeni tamaşa hazırlayıb. Adını da “Mister və Misis cəsəd” qoyub.

Hərçənd mən bu süjetləri yazmaya da bilərdim: Ər Toğrul “Dünyanın ən gözəl ölüsü” novellasının yalnızca adına eyham edib, onun tamaşasında bütöv bir qəsəbə sakinlərinə ölü halıyla belə əzəmətliliyi, möhtəşəmliyi, kişiliyi xatırladan, nümayiş edən Esteban görünmür. Heç qısqanc, ölü ilə müqayisədə bapbalaca kişilər, Estebanın həsrətini çəkən qadınlar da yoxdur.

Ər Toğrulun tamaşası ölülər səltənətində “dünyanın ən gözəl ölüsü”nü seçmək üçün “Yeraltı gözəllik yarışması” keçirənlərlə başlayır. Bu yarışmanın şərtlərinə görə, “Dünyanın ən gözəl ölüsü” adını qazanmaq üçün iştirakçılara dünyaya yenidən gəlmək imkanı verilir. Onlar burada etdikləri əməllərlə "dünyanın ən gözəl ölüsü" adına layiq olmalıdırlar.

“Bu yarışma nəyə lazımdır? Ölülər dünyası damı qlamur vərdişləri sevir? Bununla rejissor nəyə işarə vuracaq?” düşünürəm. Sualları orda unutsam daha yaxşı olar. Çünki tamaşa bunu xüsusilə vurğulamır. Buradan o yana o, “Gözlənilən bir qətlin tarixçəsi”ndən fraqmentlərlə davam edir. Bu fraqmentlərə “Markes nəsrindən həzz dəqiqələri” də demək olar.

Bu fraqment-gəzişmələr üzərindən rejissorun səsləndirdiyi və təəssüf ki, - personajın dilindən birbaşa şəkildə səsləndirdiyi “Dünyanın ən gözəl ölüsü bu dünyada yaxşı əməllərə sahib olan və öləndə cəsədi “sahibsiz” (yəqin Esteban kimi) qalmayan kəslərdir” mesajıdır.

Santyaqo Nasarın əhvalatında bu keyfiyyətlərə sahib ölü axtarmaq mənasızdır. Bu əhvalatda ölümün gözəlliyi onun diri ikən qazandığı mənəvi cəhətlərində yox, bədii keyfiyyətindədir. Bu barədə az sonra...

Hələlik tamaşadan yayınmayaq. Hərçənd tamaşadan “hərə” bir şəkildə yayınmışdı. Üç tərəfdə sütunlara söykənmiş –cansız insan bədənini vurğulayan manekenlər tamaşanın nəzəri-vizual həllində sadəcə boş yer tuturdular. Bəlkə də səhnədə qalmağı yaxşıdı: hər necə olsa, "fəlsəfi" görünür, “ağıllı və peşəkar bir teatrşünas” onu min yerə yoza bilər.

“Gözlənilən qətlin tarixçəsi”ndə dirilər qurulan mizanları, səpəliliyi, emosiyasız, daha doğrusu emosiyanı imitasiya edən aktyor oyunu ilə daha çox ruhlar dünyasına bənzəyir. Yeraltı dünya isə şou həvəsi, emosiyası, interaktivliyi ilə dirilər dünyasına oxşayır. Bilərəkdən olduğunu düşünmürəm. Çünki, bu, tamaşanın konsepsiyasına ziddir...

Tamaşanın “log-line”nı yəni, ana xəttini “Ölüm haqdır” fikrilə təyin ediblər. Bu yerdə Zeynəb Xanlarova nədənsə sevincək ifası ilə ideyaya qoşulur: “Ölüm haqdır, qaçmaq olmaz əmrdən...”. Bu misra Santyaqo Nasarın qətlinin “loq-line”ı ola bilər: “Ölüm haqdır, qaçmaq olmaz əmrdən...” Necə ki, Santyaqo Nasar qaça bilmədi... Amma yazıldığına görə, Toğrulun tamaşasında məsələ ölümün qaçılmazlığında yox, haqq olmasında, haqlı olmasındadır. “Ən gözəl ölü” yarışması sübut edəcək ki, ölüm haqlıdır və təqsir öləndə olur.

Amma Markes əsərdə bunu demir, heç sonadək bilinmir ki, o işdə Santyaqonun təqsiri var idi, yoxsa yox. Heç yazıçının dərdi də bu deyil.

“Ölüm ölüm deyil...”

“Aqirre, tanrının lənəti” filmi

Santyaqonun ölümünü Markes “bədii ölüm” kimi çatdırır. “Bədii ölüm” sözünü uydurmuram, söhbət yalnızca bədii təqdimatdan getmir, Markes oxucunu bədiiliklə sənədliliyin arasında qoyur. Yazıçı bədii cümlələri öz dilindən yox, obrazların dilindən verir, Məsələn, Santyaqo qapıdan girir və deyir: “Vene xala, məni öldürdülər” (Öz ölümü haqda xəbər verib ölmək hər adamın qisməti deyil). Ya da Anhela məhkəmədə Santyaqo haqda bir cümləlik ifadə verir: “O, mənim müəlifim idi”, ya da müstəntiq rəsmi sənədlərə bədii cümlələr yazır...

“Gözlənilən bir qətlin tarixçəsi”ndə belə cümlələr çoxdur. Əgər Ər Toğrul “Gözlənilən bir qətlin tarixçəsi”ndə belə bədii cümlələr səsləndirən qəhrəmanları ölülər səltənətindən gəlmişlər kimi təqdim edirsə, deməli, ölümdən o yana ədəbiyyat var.

Amma bir az əvvəl ölülər dünyasında da şou yarışmalar keçirildiyini gördük, ona görə, məncə, burada qalıb ədəbiyyatla burada məşğul olmaq lazımdır. Elə teatrla da. Şəxsən mən kiməsə ikinci dəfə yaşamaq şansı veriləcəyinə inanmıram.

Tamaşaya gəlincə, sonda bunu mütləq deməliyəm: “Mister və missis Cəsəd” bu cür obyektiv, subyektiv, operativ fikirlərə qətiyyən mane olmur. Bu tamaşanın sayəsində Yuğ Teatrına “düşünmək üçün” gedənləri axır ki, başa düşdüm.

# 4114 dəfə oxunub

Müəllifin son yazıları

# # #