[b]Uşaqları kim döyməlidir və ya azərbaycansayağı tərbiyə metodu - SORĞU[/b]

[b]Uşaqları kim döyməlidir və ya azərbaycansayağı tərbiyə metodu - SORĞU[/b]
12 iyun 2018
# 17:30

“Biz uşağımızı bağçaya ona görə qoyuruq ki, uşaq sosiallaşsın. Davranış vərdişləri qazansın. Amma təəssüf ki, başqa bir nəticə ilə üzləşirik - Orada uşaqları döyürlər”.

Bu fikriləri bu günlərdə Yasamalda yerləşən özəl bağçadan yayılmış məlum video haqda danışarkən uşaq psixoloqu Aydan Nəzərova söyləyir. Dəfələrlə gündəmə gələn uşaq hüquqlarının müdafiəsi mövzusu bir daha qabardı. Uşaqları itələyən, silkələyib divara çırpan bağça müəlliməsinin video görüntüləri uşaq müdafiəsi sisteminin hansı vəziyyətdə olmasını bir daha silkələyib ortaya çıxardı. Bağçanın fəaliyyəti dayandırıldı. Müəllimə haqında hansı tədbirlərin görüləcəyini hələlik bilmirik. Uşaqların isə travması birdən-birə aradan qalxmır.

QORXAQ ŞƏXSİYYƏT TİPİ YETİŞDİRƏN BAĞÇA

Psixoloq Aydan Nəzərova bu halları sadalayır. Görünəni bunlar fiziki zədədən daha ciddidir: “Döyülməyə məruz qalmış uşaqda fobiyalar yarana bilir. Yuxu terroru ilə üzləşə bilər. Məsələn, uşaq əgər öz otağında yatırdısa, daha yatmayacaq, anasına sığınacaq, bütün bağçalardan, oxşar müəssisələrdən qorxacaq, getmək istəməyəcək. Qorxacaq ki, onu orada yenə döyəcək, yenə silkələyəcək. Bu psixoloji narahatlıqlar aradan qaldırılmasa artmağa doğru gedəcək. Qarabasmaları ola bilər, elə biləcək ki, arxasında kimsə onu izləyir və döyəcək. Çəkingənlik yaranacaq, ona güləcəklərindən, istehza olunacağından qorxacaq, özünə qapanacaq. Ünsiyyət probleminə gətirib çıxaracaq. Bu uşaqda qorxaq bir şəxsiyyət tipinin yetişməsinə səbəb olacaq”.

Sözügedən video bir çox problemləri ortaya çıxarıb. Məsələn, müəllimənin psixoloji durumunu.

“Siz diqqət edin ki, tərbiyəçi bilə-bilə ki, kamera qeyd aparır, amma uşaqla belə kobud rəftardan çəkinmir. Deməli, tərbiyəçinin özünün psixoloji durumu yerində deyil. Ona görə də bağça üçün seçilən tərbiyəçilər və müəllimələr, pedaqoqlar özləri xüsusi psixoloji testlərdən keçməlidirlər. Çünki işçilər yanma sindromu keçirə bilər, əvvəllər tab gətirdiyi davranış pozuntulu uşağa indi tab gətirə bilmir. İşindən bezib. Bu halı tənzimləmək lazımdır. O bağça özəl bağçadır. Bunu öz daxilində tənzimləməlidir. Dövlət bağçasındakı pedaqoqlar hansısa sertifikat imtahanları verir.” – deyə Aydan Nəzərova diqqəti bu problemə yönəldir.

CƏZA

Bəs qanun uşağa fiziki və psixoloji təzyiq göstərməyə hansı cəzalar nəzərdə tutur?

“Uşaqlara cismani cəzaların tətbiqi qanuna ziddir. Hanıssa müəssisədə, hansısa vəzifə tutan adamın bunu etməsi həm də səlahiyyətlərin aşmasıdır, həm də uşağın hüquqlarının pozulmasıdır. Burada həm fiziki zədələrdən söhbət gedir, həm də psixoloji zədədən söhbət gedir. Belə hallara yol verən məsuliyyətə cəlb olunmalıdır. Sadəcə işdən azad etmə ilə bu şəxsin cəzalanması ilə kifayətlənmək olmaz. Cərimə olunmalıdır, ağır psixi və psixoloji təzyiqlər varsa, cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmin adamların şəxsi işlərində də bu qeyd olunmalıdır ki, bu kateqoriyalarda adamların işə alınması qadağan olunsun. Bunlar hamısı törədilən halın ağırlığından asılıdır. Əgər uşağın üstünə qışqırıblarsa, bu hal yüngül ola bilər. Yox, əgər videodakı gördüklərimizdirsə, onda bu məsələ ciddidir.” - Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidov şərh verir.

MƏSUL ŞƏXSLƏR ORTADA YOXDUR

Sosial mediada və KİV-də məsələ ilə bağlı məsul şəxslərin ortaya çıxıb açıqlama verməməsinin şahidi oluruq. Bu artıq normadır. Məsuliyyət daşıyan insanların gizlənməsi, özünü izah etməyə, vəziyyəti danışmağa borclu bilməməsi. Araşdırma apardıqca bu işdə məsul yeni qurumların adlarını öyrənirik. Məsələn, icra hakimiyyəti strukturunda yetkinlik yaşına çatmamışların hüquqları ilə məşğul olan komissiya var imiş. Hələliksə ibtidai suallar veririk:

Məsələ ilə bağlı kim, hara necə müraciət etməlidir? Ümumiyyətlə, uşaq hüquqlarının pozulması ilə bağlı hansı qurumlar məsuldur? Bu suallara “Gənc Vətəndaş Maarifləndirmə” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova cavab verir:

“Cinayət məcəlləsinin 126-cı maddəsi - sağlamlığa yüngül xəsarət yetirmə maddəsi - varsa o müəlliməyə belə bir iş qaldıra bilərlər. Qanunvericiliyə görə KİV-də və elektron mediada yayılan hansısa qanun pozuntusu əsas verir ki, dövlət orqanları, prokurorluq və hüquq mühafizə orqanları məsələni araşdırmağa başlasın. Dövlət orqanları dedikdə, yerli icra strukturlarının tərkibində qəyyumluq və himayəçilik orqanları, yetkinlik yaşına çatmayanların hüquqları üzrə komissiya var. Həmin hadisə Yasamalda baş verib. Yasamal İcra Hakimiyyətindəki həmin qurumlar üç gün müddətində araşdırıb hüquqi müstəviyə çıxarmalıdırlar. Uşağın həyatına təhlükə olacaq mühit varsa, uşaq yeddi gün ərzində oradan uzaqlaşdırılmalıdır.

Bir də lisenziyanın ləğvi ilə bağlı məsələ qaldırıla bilər. Mənim bildiyim qədər Təhsil Nazirliyi lisenziya vermir, yalnız nizamnaməyə rəy verir. Cəzanın nə ola biləcəyi çox məsələdən asılıdır. Çünki hüquqi müstəviyə çıxanda hər xırda məqam əhəmiyyət daşıyır. Orada həm də psixoloji zorakılıq var...

Xarici ölkələrdə sosial işçilər var, ərazi üzrə bölünüblər. Nəzarət etdikləri ərazidə uşaqların hüquqlarını izləyirlər. Və ya risk altında olan ailələr var ki, onlarla iş aparırlar. Siz də Azərbaycanda yaşayırsınız, mən də. Nə vaxt hansımızın qapısını döyüb deyiblər ki, yerli icra strukturunun yetkinlik yaşa çatmayanlarla iş üzrə komissiyasından gəlmişəm, sizin uşağınızla maraqlanıram?”

UŞAQLARI SİRKƏLƏDİKCƏ TÖKÜLƏN PROBLEMLƏR

“Uşağa qarşı zorakılığı tərbiyə üsulu kimi cəmiyyətə yedirmək lazım deyil. Bu məsələ ilə bağlı tibbi hüquqi qiymətləndirmə aparılmalıdır, o adam məhkəməyə çıxarılmalıdır, bağçanın lisenziyası alınmalıdır ki, bu hadisə təkrarlanmasın, davam etməsin. O videoda da uşaqlar o döyülməyə adi reaksiya verir, görünür ki, bu təkrarlanan bir haldır. Bu itələmələr, silkələnmələr onu göstərir ki, bu hansısa zorakı hadisənin davamıdır. Məsələ həm də ondadır ki, bağçalarda pedaqoji təhsili olan insanlar işləməlidirlər, onlarınsa psixologiya təhsili var.” - Hüquqşünas Günel Səfərova idarə mexanizminin dəyişməsinin faydalı olacağını söyləyir: “Mən bu müəssisələrin Təhsil Nazirliyinin balansına qayıtmasının tərəfdarıyam. Belə olanda koordinasiya da bir tərəfdən baş verəcək. Onda koordinasiyaya məsul qurum kimi Təhsil Nazirliyi orada işləyənləri təlimatlandırsın, yoxlasın, hətta onlardan psixoloqdan sənəd gətirmələri tələb olunsun. Bir də dövlət çoxlu sayda bağçalar açmalıdır. Niyə özəl bağçalar çoxdu? Çünki dövlət əhatə edə bilmir. Biz də bu gün təhsildə məktəbəqədər təhsili önəm veririk. Lisenziya verən icra hakimiyyəti də, yetkinlik yaşa çatanların hüquqları ilə məşğul olan komissiyanın yoxlamalar, monitorinqlər etməyə hüququ var, getsin monitorinqlər etsin. Yerli icra strukturları öz sıralarına sosial işçiləri əlavə etsin, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birgə bunu koordinasiya etsin ki, yerli əhali ilə necə işləyə bilərlər, onu müəyyənləşdirsinlər.”

ANALAR DA UŞAQLARINI DÖYÜR

“Qızını döyməyən dizinə döyər”, “Əti sənin, sümüyü mənim” kimi atalar sözlərinin formalaşdırdığı toplum olaraq, atanın və ya ananın uşağa cismani cəza verməsinə normal yanaşırıq. Elə tərbiyəçinin “döyülən uşaq öz uşağımdır” deməsi də bu düşüncəyə söykənir. Madam ki, belədir, tərbiyəçinin uşağı döyməsində nə fərqlilik var?

Psixoloq Aydan Nəzərova fərq olduğunu söyləyir:

“Biz valideynin övladını döyməsinə haqq vermirik əlbəttə. Onlara “Uşaq mənimdir, özüm bilərəm” yanaşmasının səhv olduğunu da deyirik, uşaqla necə davranmaq lazım olduğunu öyrədirik. Amma ana ilə övlad arasında emosional bağ var. İndi övladını vuran ana az sonra onu əzizləyə bilər, öpər. Yad adamla belə bağ yoxdur. Ona görə də, kənar şəxsin göstərdiyi şiddətdən uşaq daha çox travma alır.”

Oysa ki, qanunda isə belə bir ayırma yoxdur. Hətta hüquqşünas Günel Səfərovanın sözlərinə görə, valideynin uşağa fiziki və ya psixoloji şiddət göstərməsi ağırlaşdırıcı haldır: “Uşaq mənimdir, necə istəyirəm davranaram” deyirlər, amma belə deyil. Konstitusiyanın özündə göstərilib ki, uşağın təlim və tərbiyəsində məsul olan onun bioloji ailəsidir, amma onun hüquq müdafiəçisi dövlətdir. O müəllimə “mənim öz uşağımdır” deyib məsuliyyətdən qaçmasın. Çünki, yaxın ailə üzvünə qarşı yüngül xəsarət yetirirsə, bu, ağırlaşdırıcı haldır. Qanunvericilikdə bu, aydın şəkildə göstərilir. Ağırlaşdırıcı haldır, ona görə ki, uşaq ona güvənir, müdafiəsi yoxdur, inandığı insan tərəfindən bu hərəkətə məruz qalıb.”

MİLLİ DÜŞÜNCƏ GENEZİSİ

“Bizim cəmiyyətdə uşaq zorakılığına əsaslandırmalar da var. Gənc valideynlər deyir ki, biz özümüz də döyülə-döyülə böyümüşük. Hətta bəziləri deyir ki, biz döyüldüyümüz günləri məhəbbətlə xatırlayırıq. Bu, ona görə deyil ki, onlar o günləri məhəbbətlə xatırlayırlar, ona görədir ki, başqa tərbiyə üsulu bilmirlər. Hamı deyir ki, uşağı döymək pisdir, amma ardınca da qeyd olunur ki, bəzi hallarda kötəkləmək olar. Bunu hətta atalar sözü ilə əsaslandırırlar” – deyə sosioloq Sənubər Heydərova məsələnin daha dərində sistemli olduğunu söyləyir:

“Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, faktiki olaraq uşaq müdafiə sistemi yoxdur. Hələ bağçada uşaqların döyülməsi yüngül haldır. Yadınızdadırsa, ötən il məktəbdə bir uşağı zorlayıb göndərmişdilər, uşaq olsa da artıq hamilə idi. Bir neçə təşkilat birləşdik ki, uşaq müdafiə sistemi quraq, amma heç birimiz heç yerə çıxa bilmədik. Çünki, bununla elə bil dost təşkilatların dövlətlə əməkdaşlığına mane olmuş oluruq. Bu dövlət orqanlarındakıların xoşuna gəlmir. Niyə? Çünki bu sistem işə başlayanda artıq valideynlər məsuliyyətə cəlb olunmalıdır. Bunun üçün polis sistemi, prokurorluq işləməlidir. Bu da mümkün deyil. Çünki adamların hamısı uşaqlara qarşı zorakılıq törədən sistemin içindədir. Hansı sistemdir o? Məsələn, azyaşlıların nikahını uşaqlar özləri etmir ki? Böyüklər edir, hətta həmin kəndin polisini də, icra nümayəndəsini də toya çağırır. Bu adamlar ki, bunun qarşısını almalıdırlar, həmin toyda oynayırlar da. Yəni, “papaq atdın yıxılmadısa ərə ver getsin” düşüncəsindən qaynaqlanaraq bunu normaya çeviriblər. Ona görə də əlimizdə bir rıçaq belə qalmayıb ki, polisi, ya da azyaşlıların hüquqları ilə məşğul olan komissiyadan kimlərisə çağırıb valideyni hüququndan məhrum edək. Görürsünüz, danışdıqca qurumların adları artır. Qanun vericiliyi icra etmək üçün bir tutarlı rıçaq tapa bilmirik”.

Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları Alyansının milli koordinatoru Nabil Seyidov gerçək mənzərənin qanunla tənzimlənməyinin mümkünsüz olduğunu söyləyir:

“Bu, Azərbaycanda nadir bir hal deyil. Valideynlər uşaqlarını vururlar. Hər bunu edən valideyni cəzalandırsalar, cərimə edib ya azadlıqdan məhrum edib, ya valideynlik hüquqlarını məhdudlaşdırsaq, onda ölkədə böyük bir problem yaranar. Real olan yalnız maarifləndirmədir.”

Hüquqşünas Günel Səfərova da maarifləndirmə aparılmasını vacib sayır:

“Maariflənmə aparmaq üçün, döyməyin tərbiyə üsulu olmadığını aşılamaq üçün bizim TV-lərdə mənasız şouları yığışdırıb bu mövzuları işləyən verilişlərin sayını artırmaq olar, KİV təbliğ etməlidir ki, uşağı sevgiylə böyütmək lazımdır, zorakılıq törədir. Biz valideyn məsuliyyətinin artırılması bağlı bir neçə quruma müraciət etmişik və bu məsələ Milli Məclisdə müzakirəsini gözləyir”.

Sosioloq Sənubər Heydərova sistemli problemdə sistemsizlik olmasını diqqətə çatdırır:

“Qanunverici baza olmalıdır və əslində bu, baza var. Amma bunu icra etməyə bir qurum yoxdur. Məsələn, uşaqlara qarşı zorakılıq qadağandır, bunu edən cəzalana bilər. Amma bunu kim edəcək? Bu, yazılmayıb. Hansı qurum bundan məsuliyyət daşıyır? Bu, dövlətin etməli olduğu işdir. İctimaiyyətin edəcəyini düşünürüksə bu işdə sosial məsuliyyəti olan adamlara güvənməliyik. Mən yolda uşağın döyülməsi hallarını görmüşəm və müdaxilə etmişəm. Əlimdən heç nə gəlmir, amma hədə-qorxu gəlmişəm ki, uşağı sizdən ala bilərlər.

İcra hakimiyyətinin icra strukturundakı yetkinlik yaşına çatmamışların hüquqları üzrə komissiyanın heç bir funksionallığı yoxdur. Adlarını sadəcə komissiyaya yazıblar, komissiya üzvlərinin siyahısına baxanda isə görürsən ki, biri icra başçısının müavinidir, biri katibədir, biri nəsə başqa bir işə baxır. Adlarını formal olaraq komissiyaya yazıblar.

Bizim edə biləcəyimiz məsul qurumları çağırıb açıqlama istəmək ola bilər. Təbii ki, açıqlama verən yoxdur. Böyük bir ümidsizlik var və o imkan vermir ki, işləyək”.

Uşaq hüquqlarının müdafiəsi yalnızca bayram deyil. O müəllimənin cəzalanması başqa müəllimlərə və analara dərs olsun deyə istənilir. Analar uşaqlarını döyməməlidir, uşaqlar onların şəxsi mülkiyyətində olan varlıq deyil. İcra strukturundakı və başqa məsul qurumlar məsuliyyətini dərk etməlidir. Bunun üçün ancaq sual verməliyik: Həmin qurumları niyə tanımırıq?

# 1493 dəfə oxunub

Müəllifin son yazıları

# # #