Ər pencəyindəki qadın məktubları

Ər pencəyindəki qadın məktubları
30 aprel 2013
# 10:40

Üç qız idik. Sevda, Aygün, mən. Əzildik, büzüldük, bir sıraya düzüldük- Pantomim teatrında «Dejavü» tamaşasına baxdıq. Yeri gəlmişkən bu adı ona elə tamaşaçılar vermişdi-bir neçə il əvvəl teatr bir-birinin ardınca tamaşalar hazırladı və o zamanlar olduğu kimi adını Dədə Qorquddan, bəxtini Tanrıdan istəməmişdi- arxayınca adını da, bəxtini də öz sadiq tamaşaçılarına həvalə etmişdi.

“Dejavü” (rej: S.Hacıyeva) bir qadının yuxusudur: sevdiyi kişinin pencəyinin cibindən başqasının məktublarını, şəkillərini tapan qadın dəliyə dönür. Qəzəb və sevgisi bir-birinə qarışır. Sevgisi onu bu əhvalatı unutmağa, kişini bağışlamağa qədər gətirir, amma o məktubu, ordakı şəkilləri, bəlkə də ora yazılmış sözləri adlayıb keçə bilmir. Sıradan əhvalatdı, bu mövzuda yeni nəsə deyilmir, heç məqsəd də bu deyil, məqsəd sevgidən əzab çəkənlərin halını çatdırmaqdı.

Səbinənin (Hacıyeva) və Bəhruzun (Vaqifoğlu) qəhrəmanları əhvalatın kulminasiyasında (məktub məsələsi faş olanda) mexaniki marionetka oyuncaqları kimi şaşqın, statik pozalar göstərirlər. Bu stilizasiya olmuş pozalar ustalıqla seçilib. Qəhrəmanların halını dəqiq ifadə edir. Elə Qadın və Kişinin bir-birini ironik şəkildə parodiya etməsi də pantomim tamaşaya dinamiklik, rəngarənglik gətirir. Bu həm də qadın və kişi streotip obrazlarının yumorostik təqdimatıdır.

Tamaşanın sonunda məlum olur ki, bütün bu əhvalat qadının yuxusu imiş.

Çaşqın tamaşaçılar əl çalır. Yanımda əyləşən kişisə təəssüflə ah çəkir- «əhhh, yuxu görürmüş ee, bu...». Niyə təəssüflə? Yəqin könül istərdi ki, pul verib baxdığı əhvalat yuxu yox, doğrudan baş versin. Yəni iki dəfə aldanmış olmasın. Onsuz da bir dəfə bilet alıb teatra gəlib yəni, burada baş verənlərin şərti olduğunu qəbul edib, gəl bir də baxdığın əhvalat kiminsə yuxusu ola…

Bəlkə də o kişi tamaşadakı həmcinsinin xəyanətindən qürurlanırmış – bunu bir qanunauyğunluq sanırmış, birdən məlum olur ki bu, yuxudur. Adam necə təəssüflənməsin?

Başqa bir versiya ondan ibarətdir ki bəlkə həmin bu ah çəkən tamaşaçı üçün bu vəziyyət çox aktual imiş, eyni problemləri yaşayırmış və tamaşanı “bu işlərin axırı necə olur?” ümidi ilə izləyirmiş. Axırda ümidi puça çıxıb-tamaşadakı qadın diksinib yuxudan ayılıb... Kim bilir...

Üzü sahilə tərəf düşə-düşə söhbət edirik. Guya tamaşadan, onun mövzusundan olmalı söhbət tamam başqa yerdən başlayır; tamaşamı bizi tutmayıb, bizmi havalıyıq, türklər demişkən, dəngəsizik, ictimailəşmişik, ya nədir, bilmək olmur. Amma danışdıqlarımız xaric, etdiklərimiz tamaşanın davamı olaraq, sırf qadın vərdişləridir-endirimli geyim mağazalarına girib asqıları əlləşdirmək, tanıdıqlarımız haqqında “ictimai rakursdan qeybət” etmək...

Sevda ictimai sektordakı kişilərin azadlıq pərdəsi altında əslində mühafizəkar xislətini gizlətməsindən danışır; Adlar çəkilir, başqa zümrələrdəki «pərdələnmələr» sadalanır. Mövzuya evə qayıtmaq üçün qatar gözləyəndə yekun vurulur – Aygün kədərlə ah çəkir: «Bizim cəmiyyətimiz həddən artıq riyakar cəmiyyətdi». Qaranlıq tunelə baxa-baxa qəribə hiss keçirirsən-sanki bir vaxt Aygünlə eyni söhbəti etmisən və sonda Aygün eynən bu yerdə, sənin tunelə baxdığın zaman məhz bu sözü deyib.

Bu fikirdən adamın ürəyi sıxılır.

Buna fransızca nə deyirlər? Dejavü...

# 3352 dəfə oxunub

Müəllifin son yazıları

# # #