Leyli və Məcnun rep tamaşası

Leyli və Məcnun rep tamaşası
26 dekabr 2014
# 16:07

Dekabrın 25-də Səda Tədrs teatrında “Leyli və Məcnun” hip-hop müzikli səhnəyə qoyulub. Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış tamaşanın rejissoru İradə Sayyadır. Oxşar müzikl bundan əvvəl Heydər Əliyev Sarayında reper Elşad Xos e və rəqqasə Oksananın ifasında təqdim olunmuşdu. “Səda”da təqdim olunan “Leyli və Məcnun yığcamlığı” (və daha səliqəliliyi), həm də tələbələrin ifası ilə yadda qaldı.

Əlbəttə bundan da qabaq əhvalata orijinal yanaşma ilə xatırlanacaq: İradə əsərdəki Zeyd və Zeynəb xəttini ön plana çıxarıb, onlar çağdaşımız olan gənclərdir, Leyli və Məcnun xətti isə tamaşada bir yuxu bir xəyal kimi iştirak edir. İlk növbədə bu tamaşaya temporitm, dirilik gətirir və “Leyli və Məcnun” əhvalatını ölüvay faciə ladından qopara bilir. Hip-hop musiqisi məhz bu temporitmin üzərində qərar tutur.

Dramturji baxımdan süjet (Zeydin sevgiyə inanmaması və “Leyli və Məcnun” əhvalatını yuxudan görəndən sonra Zeynəbi sevdiyini hiss etməsi) finalı happy-end-ə hazırlayır. “Sevgi yoxdur” deyənlərə birbaşa “Leyli və Məcnun”u nümunə göstərirlər. Tamaşa da bu ənənəyə sadiq qalır. Lakin bu nümunə “Leyli Məcnun” xətti- Zeyd və Zeynəb (Mehriban Sadıqova) əhvalatının leytmotivi kimi verilir. Bu qəhrəmanlar sevgi kabusları kimi qəhrəmanın – Zeydin (Ruslan İqnatenko) gözünə görünüb yox olurlar.

Leyli (Aynurə Ədilova), Məcnun (Əkbər Kərimli) və İbn Salam (İslam Əlizadə) o biri dünyanın sakinləridir: “Sevgi ilə özümə kəfən qazandım” nəqəratını təkrarlayan bu qəhrəmanlar ruh kimidirlər, onlar bədənsizdirlər çünki, fiziki anlamda şair onlar üçün vüsal düşünməyib. Onlarla bağlı səhnələr xüsusi işıq quruluşlarına möhtac idi - bu işıqlarla bu səhnələr tamam başqa təəssüratlar ötürərdi və “teatr doğrudan da xırdalıqlardan ibarətdir”. Amma deyəsən Tədris teatrından belə texniki imkanlar ummaq olmaz. Səhnə və zal – bir tədris teatrı üçün yetərli sayılır.

Təki, peşəkarlıq qaydasında olsun, yeni ideya və quruluşlar, rəngarəng üslublar olsun, nəinki, təhcizatlı bir zalda darıxdırıcı tamaşalar...

“Leyli və Məcnun” müzikli həyatın bu günkü ritmində sevgi mövzusuna toxunur, əsəri yeni ladlarda diriltməyə çalışır. Çalışır, lakin gücü “Leyli və Məcnun”dan deklamasiyalara çatır. Mistiklik işıqsızlıqdan itir batır, Zeyd və Zeynəb immitasiya qəhrəmanları kimi görünür. Sanki onlar “Leyli və Məcnun” “Havasına giriblər”- o sevgi hələ də əlçatmazdı. Bəlkə də sevginin mahiyyəti elə budur, sevdikcə əlçatmaz olur, getdikcə yol var....

Tələbələrin – Yolun əvvəlində olanların uğurları (ifalarda , rəqslərdə, mizanlardakı dəqiqlikdə) mütləq qeyd olunmalıdır. Məcnun divanəliyini onlar daha çox anlaya bilərlər.

P.S. Tədris teatrında premyera coşğusunun bir özəlliyi var idi: İncəsənət Universitetinin rektoru tələbələrlə bir arada söhbət edir, müzakirə aparır. Hələ deyilənə görə, rüşvət də yox olur Universitetdən. Çox qəribə və inanılmaz mənzərədir. Görüntü sözünü işlətmirik, çünki bunun görüntü olmasını istəmirik.

# 1322 dəfə oxunub

Müəllifin son yazıları

# # #