Azərbaycan xalqına atılan böhtan

Ağalar Qut

Ağalar Qut

9 fevral 2022
# 12:41

Kulis.az Ağalar Qutun “Oxumuram, əl çəkin!” yazısını təqdim edir.

Bizə öz maarifçilərimizin əliylə atılan böhtanlardan biri də “oxumayan xalq” olmağımızdır. Bununla bizim barbar xalqlardan biri olduğumuzu söyləmək istəyirlər. Barbarlıq anlayışı Avropa elmi və siyasi leksikonunda indi də işlək və aktualdır. “Oxumayan xalq” böhtanına öz içimizdə də inananlar çoxaldığı üçün bu basmaqəlib iddiaya cavab verməyin vaxtıdır.

On doqquzuncu əsr Avropa fəlsəfəsi öz keçmişi üzərində refleksiya etməyən (baş sındırmayan), yəni öz tarixini yazmayan, bir sözlə, yazısız və qeydiyyatsız xalqları tarixsiz, belə xalqların kulturasını isə primitiv elan etdi. Yazı və tarix – mədəni üstünlük, ardından da irqi üstünlük demək idi. Avropada maarifçi fəlsəfənin “idiot” (sarsaq, geri zəkalı) anlayışı indiyədək təhqirdir və məsələn, Almaniyada bu sözdən ötrü polisə şikayət etmək mümkündür. Lakin Şopenhauer elə o vaxt bu meyara etiraz etmiş və demişdi ki, cənnət oxumuşlara yox, mənəvilərə vəd edilmişdir. (M. Dostoyevskinin eyni adlı romanında mənəvi qəhrəman kimi yadda qalan Knyaz Mışkinə “İdiot” adı verməsinə diqqət!) İstər bir insanı, istər bir xalqı və kulturanı, istərsə də bir heyvanı koqnitiv (idraki) qabiliyyət və nailiyyətlərilə qiymətləndirmək birbaşa seksizm və irqçilik nümunəsidir. Məsələn, “Tarixdə qadın dahilər az olub” arqumentinin seksizmi və yaxud “Afrikalıların mədəniyyəti yoxdur” arqumentinin irqçiliyi kimi.

Doğrudanmı, Azərbaycan xalqı oxumayan xalqdır? Doğrudanmı, Azərbaycan xalqı kitab oxumadığı üçün cahildir? Doğrudanmı xalqı kitab oxumamaqda günahlandırmaq yoluyla o xalqın intellektual elitası olmaq mümkündür?

Yavaş, bu iddialar hələ yoxlanılmalıdır.

Azərbaycan xalqının yaratdığı və yiyə durduğu kultur keyfiyyətlərindən biri də onun çox zəngin mətbəxidir. Zəngin mətbəx isə sağlam və selektiv (seçici) qida qəbulu şüurundan xəbər verir. Yemək-içməkli bir muğam məclisində qulağımızda neçə-neçə incə səs titrəyişləri yarandığı kimi, ağzımızda da min bir dad resepsiyaları baş verir. Musiqi sahəsində olduğu kimi mətbəx sahəsində də usta olduğumuzu təmiz vicdanla söyləyə bilərik. Məsələn, ABŞ-da və bütövlükdə Avropada belə selektiv bir mətbəx şüuru yoxdur deyə onların cürbəcür xəstəlikləri sırf səhv qida qəbulundan meydana gəlir. Azərbaycan lüğət tərkibində “ruhun qidası” ifadəsi boşluq deyil, onun xüsusi mənası vardır. Belə ki, biz ruhumuza neqativ təsir edə biləcək materiallara da qida kimi selektiv yanaşırıq və hər şeyi yemədiyimiz kimi, hər şeyi də oxumuruq. “Dibini görmədiyin qabdan su içmə” deyə bir normativ yaratmış xalqa hər şeyi oxutdurmaq mümkün deyildir.

Özünü nələrisə oxumaqdan, eşitməkdən və görməkdən uzaq tutmaq sağlamlıq və özünümühafizə tədbiri olmaqla yanaşı, eyni zamanda mənəvi-asketik paklığın tələbidir. M. Heidegger analitik fəlsəfənin neqativ hesab etdiyi təsirinə düşməsin deyə o cərəyanın əsərlərini özünə yaxın qoymurdu.

Dilimizdə “oxu” feilinin ikili mənası kimsənin diqqətini cəlb etmir. Belə ki, “oxumaq” bir yandan nəğmə, mahnı oxumaqdırsa, o biri yandan da kitab oxumaqdır, mühazirə oxumaqdır. Başqa sözlə, qiraət dinləmək və mütaliə etmək anlayışları bizim dilimizdə tamamilə üst-üstə düşür. Yəni biz oxumaqla yazırıq, dinləməklə oxuyuruq. Dilimizin və kulturamızın bu özünəməxsusluğunun tarixi və fəlsəfi səbəblərinə burada toxunmayacağam. Lakin fakt bundan ibarətdir ki, Azərbaycan xalqının şifahi mütaliə anlayışı yazıdan da qədimə gedib çıxır. Yazının olmadığı və yaxud hələ kifayət qədər geniş yayılmadığı çağlarda da insanlarımız avropalılardan fərqli olaraq “oxuyurdular.”

Hər bir xalqın az-çox şifahi ədəbiyyatı, yəni folkloru olur. Şifahi xalq ədəbiyyatı bəsitlik mənasında “kəndçilik” demək deyildir, elmdə ona “oral filosofia” da deyilir, ağız fəlsəfəsi. Azərbaycanın oral yaradıcılığı kitablaşdırılmışdır. Tapmacalar, holavarlar, bayatılar, gəraylılar, nağıllar, əsatirlər, əfsanələr, rəvayətlər, inanışlar, məsəllər, dastanlar, lətifələr, zərb-məsəllər, atalar sözləri, xalq mahnıları sözləri, sayaçı sözlər, alqışlar, qarğışlar, adət-ənənələr… Qırx cild! Özü də bu qırx cild hələ ancaq Şimali Azərbaycanda toplanılmış folklorik materialdır. Cənubi Azərbaycanda belə folklor araşdırması aparılarsa, böyük ehtimalla azı yüz cildlik sərvətimiz üzə çıxar. Bu boyda folklorik sərvətin toylardakı, el yığnaqlarındakı dinləyiciləri oxucular deyildilər də, bəs kimlər idilər? Bir belə folklorik sərvət yetirmiş xalq necə oxumayan xalq ola bilər?! Azərbaycan xalqı öz anonim folklorik sərvətini böyük məmnuniyyətlə bu gün də dinləyərək oxuyur və artırır.

Azərbaycan folkloru 21-ci əsrdə bizə orijinal, aktual, maraqlı nəsə deyə bilərmi? Bu suala cavab vermək üçün gəlin, folklorumuzdan bir-iki misalla tanış olaq.

“Bullying” və yaxud “Mobbing” (araya qoymaq, gözüm-çıxdıya salmaq, gözüqıpıq etmək və s.) probleminə qarşı Qərbdə pullu hazırcavablıq kurs və seminarları təşkil edilir, sözlə sataşmalara qarşı özünümüdafiə məqsədli hazırcavab cümlələri təqdim edən kitablar yazılıb-satılır, yeniyetmələr və gənclər onları əzbərləyir. Bizim kulturamızda isə əvəzsiz və fövqəladə bir məktəb vardır – Molla Nəsrəddin hazırcavablığı. Hamımız az-çox dərəcədə belə bir “bullying” hücumuna məruz qala biləriksə və qalırıqsa, deməli, hamımız az-çox dərəcədə hazırcavab olmalıyıq. Molla Nəsrəddin hazırcavablığı – “bullying”ə qarşı bizim folklorik qalxanımızdır.

Başqa bir misal. Əsatirlərimizdən biri belədir ki, ilan cildinə girmiş bir pəri gözəl və gənc bir dul gəlinə aşiqdir. Bu pəri gecələr oğlana dönür və bu gəlinin yatağına gəlir… Gəlin bir gün ondan bunun sirrini soruşur. Oğlan gəlinə öz sirrini açıb deyir ki, o, ona eşqindən ilan cildinə girmiş bir pəridir, amma bu sirr gərək kimsəyə açılmasın. Gəlin isə əhvalatı qonşu qadına danışır. Qonşu qadın gəlinə belə deyir: “Özünü murdarla! O bir də sənə yaxın durmaz!” (Yəqin deyir gövdəni nəcisə bulaşdır, o gələndə üfunət iyi ver). Elə də olur. Gəlin özünü murdarlayır, oğlan bir də ona yaxınlaşmır. Deməli, bir ehtirası, lap sevginin özünü də özü-özünü murdarlamaqla, özündən iyrəndirməklə öldürmək olarmış. Bu üsuldan bir manyak tərəfindən təngə gətirilən və yaxud seksual qısnamaya məruz qalan qadınlar istifadə edə bilməzmi? Bilər. Üstəlik, bu əsatir bizə öz pis vərdiş və ehtiraslarımızdan da iyrənməklə qurtula biləcəyimizə eyham etmirmi? Edir. Nəhayət, bu əsatirdən məlum olur ki, sevməyin əksi nifrət deyilmiş, iyrənmək imiş, ikrah.

Yenə bir misal. “Ay qız” adlı məşhur xalq mahnımızda oxunur: “Səni mən istədim”. Təəssüf ki, burada “sən”in “mən”dən qabaq gəlməsi heç kimin diqqətini cəlb etmir. Mahnımızda “MƏN səni istəyirəm” demir, “SƏNİ mən istəyirəm” deyir. Görünür, “Mən səni sevirəm” əprimiş cümlə quruluşu ədəbi dilimizə bütün dünyada öz eqosentrizmi ilə məşhuri-cahan olan Hind-Avropa dil ailəsinə daxil edilmiş rus dilindən avtomatik tərcümələrlə keçmişdir. Xalq mahnımızın isə dediyi kimi, bizim özümüzünkü “Səni mən istəyirəm”, yəni “Səni mən sevirəm”dir. Sevəndə və özü də ancaq onda “sən” “mən”dən qabağa keçir. Məşhur “Leyli və Məcnun” adlandırmasında “Leyli”nin “Məcnun”dan qabaqda gəlməsi kimi.

Və yaxud, folklorik inanışlarımızdan biri belədir: “Uşağın üstünə bərk çığırıb yüyürsən, onda bizdən yeylər səndən qabaq çatıb uşağı vurarlar.” Bununla gənc valideynlərin diqqətinə çatdırılır ki, körpə psixoloji travma ala bilər! Müasir uşaq psixologiyasının ancaq 20-ci əsrdə öyrətdiklərini bizim xalqımız həmişə bilmişdir.

Azərbaycan folkloru yüzlərlə belə aktual, orijinal və gözlənilməz fəlsəfi dərinliklərlə doludur.

Folkloru və folklorun daşıyıcıları olan qocaların – nənə və babaların – sözlərini mövhumat, köhnəliyin qalığı deyib gözdən salan məhz maarifçilik oldu. Sovet dövləti maarifçi dövlət idi. Maarifçiliyin proqramına əsasən nənə və babaların dilindəki folklora ehtiram alim və müəllimlərin kitablarına hörmətlə əvəzlənməliydi. Beləcə, elm folklora, müəllim valideynə, ziyalı kəndliyə, gənclər qocalara qarşı qoyuldu. Bu qarşıdurmada kitab oldu maarifçiliyin təbliğat-təşviqat aləti. Yeri gəlmişkən, film də maarifçi alətlərdən biri idi. Məsələn, “Qayınana” filmi. Ssenari tamamilə böhtandır, çünki yoxdur bizdə elə qaynana-gəlin barışmazlığı. Sadəcə olaraq, baxdılar ki, keçmiş-gələcək qarşıdurmasını valideyn-övlad (“Atalar və oğullar”) qarşıdurması kimi təqdim etmək elə də uğurlu olmayacaq, onda mövzunu bizim üçün qaynana-gəlin davası kimi “milliləşdirdilər”. İndi obrazlı desək, “Qaynana” filminin əbədi qurbanlarıdır Azərbaycan xalqının kitab oxumadığını hələ də iddia edənlər.

Avropa xalqlarının folkloru bizimki ilə müqayisədə az qala yox dərəcəsində olduğundan, avropalılar üçün mədənilik və ziyalılığın meyarı ayrı-ayrı fərdlərin yazdığı kitabların mütaliəsidir. Bizdə isə ən böyük cahillər folklorumuzdan bixəbərlərdir.

Ədəbi-bədii yaradıcılıqla elmi-fəlsəfi yaradıcılığın fərqlərindən biri də birinci üçün xüsusi hazırlığa ehtiyacın olmaması, ikinci üçün isə ən azından ilkin baza biliklərinin vacibliyidir. Yəni, məsələn, şair meşədə qarşısına çıxan bir vələsə qəfil şeir yaza bilər, amma bir botanik vələs ağacı mövzusunda mütaliəsiz və hazırlıqsızdırsa bir cümlə də deyə bilməz. Mütaliə edərkən də bu belədir. Belə ki, siz ədəbi-bədii yaradıcılıq nümunələrini, məsələn, vələs ağacına qoşulmuş bir şeiri – hətta o şeir başqa bir şairin şeirinə nəzirə olmuş olsa belə – ilkin hazırlığınız olmadan da oxuyub anlaya bilərsiniz. Amma elmi, nəzəri və fəlsəfi bir əsərdə mövzu üzrə az-çox terminoloji hazırlığınız yoxdursa və tədqiqatın ən son vəziyyəti barəsində məlumatlı deyilsinizsə, bəzən söhbətin, ümumiyyətlə, nədən getdiyini belə anlamaya bilərsiniz. Sadə xalq bunu intuitiv olaraq bilir və çox düz edərək terminoloji dillə yazılmış elmi-fəlsəfi kitabların yox, olsa-olsa ədəbi-bədii əsərlərin tərcümələrini alıb oxumağa üstünlük verir. Elmi-fəlsəfi kitabların tərcüməsi biznesinə girişmiş nəşriyyatlarımız isə nədənsə bunu anlamaqda çətinlik çəkirlər.

Başqa bir problem Avropa dillərinin birində terminoloji dillə yazılmış elmi-fəlsəfi əsərlərin ana dilimizə tərcüməsi üçün bizdə gərəkli terminologiyanın oturuşmamış olması və ən başlıcası isə o cür əsərləri tərcümə edə biləcək mütəxəssislərimizin, demək olar ki, olmamasıdır. Nəticədə tullantı tərcümə kitablar meydana gəlir. O kitablardan bir fikir belə anlamaq mümkün deyildir. Özlərini xalqı savadlandıran fədailər olaraq qələmə verən nəşriyyatlar öz qazancları naminə təcrübəsiz gənclərdə öz anlaq imkanlarına qarşı inamsızlıq törətmiş olurlar.

Müasir cəmiyyətlərdə sistematik təhsil verən və elmi mütaliəyə faktiki olaraq rəhbərlik edən universitetlərin işini Azərbaycanda nəşriyyatlar öz öhdəsinə götürməyə cəhd etməməlidirlər.

İkinci dərəcəli elmi ədəbiyyat və yaxud spesifik əsərlər heç Avropada da kütləvi satılmır. Amma Avropada heç kim qalxıb deyinmir və yaxud əhalini kütbeyinlikdə suçlamır ki, niyə məsələn, İbn Rüşd-ün ərəbcədən və yaxud Lao Tse-nin çincədən alman dilinə birbaşa tərcüməsi kütləvi alınıb oxunmadı.

Mütaliə etməməyimizin sırf fəlsəfi səbəbinə gəldikdə, deyilməlidir ki, Azərbaycan xalqı bəşəri əqlə və təcrübi elmə çox haqlı olaraq güvənmədiyi üçün o kitablara yaxın durmur. Azərbaycan xalqı – Qərb sivilizasiyası istisna olmaqla – dünyanın qalan bütün xalqları kimi sözün də, biliyin də, həqiqətin də insana fövqəlbəşəri bir qüvvə tərəfindən – özü də şifahi olaraq – verildiyinə inanır. Bütün Qədim Şərq kimi Azərbaycan kulturası indi də bu mövqedədir ki, hamı bilə bilməz, hamının bilmək qabiliyyəti ola bilməz. Bilmək – təklərin bəxti və imtiyazıdır. Sənin bilik dalısınca yüyürməyinlə deyil, gərək bilik özü gəlib səni bula. Bilik halla baş tutur. Sən bu hala çatmalısan. Qədimdə bunun xüsusi yolları vardı, sərməst olmalı idin, yuxuda olmalı idin, bayılmış olmalı idin, aşiq olmalı idin, cəzbə qapılmış olmalı idin, günlərlə yuxusuz qalmalı, oruc tutmuş olmalı idin, təbiətin hansısa işarələrini tuta, onları yoza bilmiş olmalı idin, sənə əyan olmalı idi, yuxuda vergi, buta verilməli idi, mənəvi-vicdani baxımdan təmiz olmalı idin və s. Bilik – qeyri-təcrübi, qeyri-bəşəri və bütövə dair olmalı idi. Yeri gəlmişkən, avropalı filosofların ilk müəllimi sayılan Aristotel özü də biliyin xalis əqli olmadığını, əksinə, bizə əqldən qıraq bir yerdən sızdığını yazır.

Avropa maarifçiliyi – rasionalizm – isə bu modeldən və biliyin fövqəlbəşəri mənbələrindən imtina etdi. Bilik oldu tamamilə bəşəri və təcrübi məhsul. İndən belə bilik əldə etmək üçün, başqa sözlə, bilmək üçün təcrübi faktları toplamalı, saymalı və ümumiləşdirməlisən (induksiya metodu). Buna “elmi bilik” adı verildi və həqiqətlə eyniləşdirildi. Amma J. Habermas kimi vicdanlı bir filosof da çıxıb deyə bildi ki, heç bir bilik iradədən, mənfəət arzusundan, şəxsi istəklərdən azad deyildir, xalis və mütləq obyektivlik yoxdur, başqa sözlə desək, elmi bilik həqiqət deyildir, o, təsadüfidir, subyektivdir, tarixidir, iradidir, dəyişkəndir və s.

Qərbdə hansısa bir elm adamı “İdarəetmədə ən yeni demokratik üsullar”, yaxud “Uşaq tərbiyəsində heyvanlara sevgi aşılamağın yolları” kimi bir mövzuda kitab yazdıqda, hətta lap müsahibə verdikdə belə cəmiyyətin az qala bütün təbəqələri bu yeniliyə həssas reaksiya verirlər. Qərbdə fəlsəfi və elmi yeniliklər xüsusi ekspert qrupları tərəfindən diqqətlə müşahidə edilir, çünki heç kim gecikmək, geri qalmaq istəmir. Cəmiyyət əsas bilicilərdən gələcəkdən soraq verən məsləhətlər almağa tələsir. Niyə? Çünki avropalının gözündə yeni sözün, yeni biliyin, növbəti həqiqətin bəşəri instansiyadan başqa bir mənbəyi yoxdur, daha doğrusu, daha yoxdur. Allahın ölümü, bütün dəyərlərin altının üstünə çevrilməsi və nihilizmlə nəticələnən maarifçi təzələnmədən üzü bəri Avropa bəşər əqlinə (oxu: kitabına!) və müəlliflərə (oxu: filosof və alimlərə!) qarşı həssasdır. Humanizm budur. Avropalıların bütün dünyada hamıdan daha çox kitab alıb oxumasının səbəbi də elə bu humanizmdir.

Azərbaycan xalqı indilik öz folkloruna, başqa sözlə desək, anonim müdrikliyə inanır, ayrı-ayrı şəxslərin fərdi əqli nailiyyətinə yox. Azərbaycanda da sözün, biliyin, həqiqətin hansısa fövqəldünyəvi mənbədən verildiyinə yox, fərdi insan ağlından yarandığına inanılanda insanlarımız kitablara üz tutacaqlar. Azərbaycan xalqının yarımxumar halda bədahətən şeirlər qoşan meyxanaçılara dünyəvi təcrübələri rəqəmlərlə hesablayan bir alimdən daha çox əhəmiyyət və dəyər verməsi cahillikdən deyildir, idiotizmdən heç deyildir. Bu, bir xalqın fəlsəfi dünyagörüşüdür, metafiziki inamıdır, biliyə münasibətidir.

Kitab oxumamağımızın ictimai-siyasi səbəbi isə ölkəmizdə nəzəri biliyin real həyata təsir imkanlarının az olması, ya da heç olmamasıdır. Müasir Qərb cəmiyyətləri kimi ancaq bəşər ağlına arxalanan ateist Sovet cəmiyyətində yazılı mətnin real həyata təsir imkanları olduğu üçün o vaxt hər əlyazmanı nəşr etmək mümkün deyildi, nəşr edilənlər isə kütləvi oxunurdu. Kitabın (oxu: tək-tək şəxslərin) ictimai reallığa tətbiq və təsir mexanizmi yoxdursa, yəni kitab artıq cəmiyyətdə praktiki dəyişiklik aləti deyildirsə, dəyişikliklərin mənbəyi qlobal proseslər, dövlətlərarası nəhəng iqtisadi müqavilələr, siyasi iqtidarların və milyarderlərin qərarlarıdırsa, onda insanlarımızın kütləvi surətdə kitab oxuması gözlənilən və arzuolunandırmı?

# 7658 dəfə oxunub

Müəllifin son yazıları

# # #