Azərbaycanın ilk xalq yazıçısı erməni imiş- ARAŞDIRMA

Azərbaycanın ilk xalq yazıçısı erməni imiş- ARAŞDIRMA
17 fevral 2013
# 10:22

““Namus”u yoxdurmu Şirvanzadənin?” Bəxtiyar Vahabzadənin bu misrası ermənilərin etirazına səbəb olmuş, şairi millətçilikdə ittiham etmişdilər. Müəllif bu misraya görə təzyiqlərlə üzləşmişdi. Bəs kimdir bu Şirvanzadə, “Namus” əsərində nədən danışılır?

"Şamaxı ermənisi"

Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb.

1905-1910-cu illərdə Parisdə, 1910-1915-ci illərdə Tiflisdə yaşayıb, sonra isə ABŞ-a, Kaliforniyaya yollanıb.

1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi: “Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim...

Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb. Lakin gözlərimin xəstə olması dərhal gəlməyimə mane oldu”.

“Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir. Bu əsərlərdə əsasən Bakı və Şamaxıda gördükləri hadisələri qələmə alıb.

Şirvanzadə Azərbaycanın xalq yazıçısı imiş

Əkbər Yerevanlı adlı müəllif “Şirvanzadə və Azərbaycan mühiti” məqaləsində qeyd edir ki, Şirvanzadə Azərbaycanın xalq yazıçısıdır: ”Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona xalq yazıçısı adı verilmişdir”.

Şirvanzadə Azərbaycanın Xalq Yazıçısı adına 1930-cu ildə layiq görülüb. Şirvanzadə eyni ildə Ermənistan SSR-nın da Xalq Yazıçısı adını alıb.

İlk Xalq Şairimiz isə Səməd Vurğundur. O, bu ada 1956-cı ildə, ölümündən bir neçə ay əvvəl layiq görülüb. Maraqlıdır ki, 26 il ərzində heç kimə Xalq Yazıçısı və Xalq Şairi fəxri adı verilməyib. Səməd Vurğundan 4 il sonra, 1960-cı ildə Süleyman Rəhimova Xalq Yazıçısı adı verilib. Bir il sonra isə Mirzə İbrahimov bu adı alıb.

Nəriman Nərimanov Moskvaya təyinat aldığı 1922-ci ildən Mir Cəfər Bağırovun hakimiyyətə gəldiyi 1933-cü ilə qədər Azərbaycan SSR-ni qısamüddətə də olsa, qeyri-azərbaycanlılar idarə etmişdir. 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifəsində Nikolay Gikalo, 1930-1933-cü illərdə isə milliyyətcə yəhudi olan Vladimir Polonski çalışıb. Bu səbəbdən Şirvanzadəyə xalq yazıçısı adının hansı katibin zamanında verildiyini müəyyənləşdirmək çox çətin məsələdir.

Amma bir şey dəqiqdir: beynəlmiləlçiliyi əldə bayraq edən rəhbərlər çox böyük ədalətsizliyə yol veriblər.

Çünki Azərbaycan ədəbiyyatında adı belə qalmayan Şirvanzadəyə "Xalq Yazıçısı" adı veriləndə Azərbaycan nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə həyatda idi. Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli də sağ idi, ancaq onlar fəxri ad vermək heç kimin yadına düşməyib. Mirzə Cəlil evini qızdırmaq üçün əlyazmalarını yandırırdı, Şirvanzadə isə "Xalq Yazıçısı" olurdu...

Cəlil Məmmədquluzadə, Haqverdiyev, Abdulla Şaiqlə dostluq

O zamankı araşdırmaçılar Şirvanzadənin Cəlil Məmmədquluzadə və Abdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.

1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, Bakı və Tiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq “Haqverdiyev haqqında xatirələrim”də bu barədə yazır: “1929-cu ildə Gürcüstan və Ermənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Ə. Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. Yerevanda söhbət üçün bir gün Ə. Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: “Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız. Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. Ə. Haqverdiyev verdiyi vədi unutmadı. O, Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” (1931) adlı bir pyes yazdı. (“Azərbaycan gəncləri” qəzeti, 12/XII 1948. N149(4473).

Daha bir maraqlı fakt. 1883-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir.

Erməni dilinin böyük müdafiəçisi Azərbaycan dilində yazırdı

Əkbər Yerevanlı yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: “O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, X. Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi”.

Buna baxmayaraq Şirvanzadə öz yaradıcılığında Azərbaycan dilindən istifadə edib.

“Namus” əsərində nədən danışılır?

Hadisələr Şamaxıda baş verir. Süsən və Seyran bir-birlərini sevirlər. Qızın atası Barxadurun əmri ilə nişanlanırlar. Ancaq Süsənin atası Barxadur onların görüşməyinə icazə vermir və fikirlərini belə əsaslandırır:”Susana artıq balaca deyildir, bu gün sabah onu naməhrəm adamlardan gizlətmək üçün evə qapayıb bayıra buraxmamalıyıq. Bunu bizlərdə qıza qarşı olan münasibət və bizim adımız tələb edir”.

Ancaq Süsən və Seyran Barxadurun qadağalarına əhəmiyyət verməyərək görüşürlər.

Barxadur bunu biləndə əsəbiləşir, namusunun, ad-sanının tapdalandığını söyləyir, Süsəni döyərək ölümcül vəziyyətə salır. Barxadur Seyranın atası Harapetlə münasibətləri kəsir, namusunu bərpa etmək məqsədilə onu başqa bir gəncə- Rüstəmə ərə verir.

Seyran isə Rüstəmdən qisas almaq qərarına gəlir. Rüstəmə deyir ki, Süsəndən olacaq uşaq Rüstəmdən yox, özündən -Seyrandandır. Bir zamandan anasından eşitdiyi sözü-Süsənin sinəsində xalın olmasını Rüstəmin gözləri içinə deyərək onu namusa çağırdı, onu inandırdı...

Rüstəm isə Süsəni vəhşicəsinə öldürür. Seyran söylədiyi sözlərdən peşman olaraq Rüstəmin dalınca gəlsə də artıq gec idi.

“Xaos” yazılma səbəbləri

Şirvanzadə “Həyatın kürəsindən” adını verdiyi xatirələrində “Xaos”un yazılması səbəbləri haqqında bunları deyir: “”Xaos”un ideyası məndə on beş il əvvəl, yəni Bakıda yaşadığım vaxtlarda oyanmışdı. Bu ideya bir ailədə baş verən ziddiyyət idi ki, mənə böyük təsir bağışlamışdı. Uzun zaman bu ideya məni düşündürür, amma mən onu yazıya köçürməyə özümə etibar etmirdim, xüsusən ona görə ki, həmin ideyanın ilk çərçivəsi mənim fikrimdə çox genişlənirdi. Ümumiyyətlə, mən hadisələrin təsiri altında heç nə yazmamışam və yaza da bilmirəm”.

Azərbaycan yazıçıları nekroloqda nə yazmışdılar?

1930-cu ildə Şirvanzadənin ədəbi fəaliyyətinin 50 illiyi Azərbaycanda geniş şəkildə qeyd olunub.

1935-ci ildə Azərbaycan yazıçıları Şirvanzadənin ölümü münasibətilə yazdıqları nekroloqda onun yaradıcılığını belə qiymətləndiriblər: “Şirvanzadə yalnız ad deyildir; o, erməni xalqının feodal zülməti və kapitalizm zülmündən bu günə, gözəl və məsud Şuralar Ermənistanın doğuluşu günlərinə qədər keçirdiyi inkişafın bütün ziddiyyətlərini və bütün tarixi xüsusiyyətlərini əks etdirən erməni ədəbiyyatının tam bir epoxasıdır...” (“Ədəbiyyat qəzeti”, 9/VII-1935, N21 (41).

Aleksandr Şirvanzadə İrəvanda, Komitas adına Panteonda dəfn edilib. Ondan başqa bu məzarlıqda erməni əsilli amerikan yazıçısı Uilyam Saroyan, rejissor Paracanov, 1999-cu ildə Ali Sovetə hücum nəticəsində öldürülmüş siyasətçi Karen Dəmirçiyan dəfn edilib.

P.S. Kulis.az bu yazını bir neçə ay öncə dərc etmişdi.

# 16453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #