Təbrizli şair Qarabağdan poema yazdı – Mətn

Təbrizli şair Qarabağdan poema yazdı – Mətn
30 iyun 2021
# 15:00

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Rəsul Qədirinin Qarabağa həsr etdiyi "Xarıbülbül" poemasını təqdim edir. Materialı saytımıza AMEA-nın ədəbiyyat institutunun Güney Azərbaycan ədəbiyyatı üzrə tədqiqatçısı, filologiya elmləri doktoru Esmira Fuad təqdim edib.

Rəsul Qədiri 1969-cu ildə Təbrizdə dünyaya göz açıb. İlk və orta təsilini Miyanada alıb. Tehran Tibb Universitetini bitirib.

2016-ci ildə “Gül axıtdı” adlı ilk hekayələr kitabı işıq üzü görüb. Kitaba onun iyirmi üç adda minimal hekayəsi daxil edilib. İyirmi yeddi hekayənin yer aldığı “Dilmanc” adlı yeni toplusu Təbrizdə çap edilib.

Rəsul Qədiri yaradıcılığının ən məhsuldar dövrünü yaşayır və dərin anlam daşıyan şeir və nəsr əsərləri qələmə alaraq çağdaş dövr Güney Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə öz töhfələrini verir.

Səsin gəlir, XARI BÜLBÜL ! – “Ordumuzun zəfər simvoludur”

“Xarıbülbül”

İki ağa!
Öldürülmüş iki ağa...
Birisinin canın aldı düşmənləri,
Başqasısa vətən-vətən deyə-deyə,
ruhu gəzir vətənində...
Bəlkə indi belə, əsir kəfənində
İkisi də sonsuz idi.
Birincisi Kərim xanın sarayında axta olmuş...
Bəs ikinci?
Nədən o da sonsuz imiş?
Bu nisgilli hekayəni bəlkə duydunuz çoxunuz:

Ağa Məhəmməd şahın qoşunu,
çatmış idi qalaşəhər qapısına.
Şah çatırdı arzusuna.
Yenə xain ermənilər…
Tarix boyu qolçaq kimi,
böyük güclərin əlində,
muma dönən ermənilər
Pusqu qurub məğrur şahı öldürdülər,
Ərbabların güldürdülər…
Xanlıq ilə Qacarların əlaqəsi gərgin oldu,
Ortalıqda kin-küdurətlər doğuldu.
Şəhid şahın qardaşı oğlu -
Fətəli xan qacarların şahı oldu.
Fətəli şah arxayınlıq istəmişdi.
Qarabağın incisini,
İbrahimxəlil xanın qızını
Hərəmxanasına gəlin istəmiş,
İstəyinə yetişmişdi…
Tarix boyu olduğu tək,
yenə bir qız siyasətə qurban oldu.
Təzə gəlin içdən razı olmasa da,
Ürəyinin bucağında başqa bir ad yazılsa da,
atası ilə yeni şahin istəyinə boyun əydi.
Qızcığaz bəs nə edəydi?!
İxtiyarı varmı idi?!
Xan evindən şah evinə daşınırdı…

***

Yol uzunu dayanmadan düşünürdü,
Xudafərin körpüsündən keçə-keçə,
Gözlərindən inciləri tökə-tökə kövrəlirdi.
Bu sətirlər payızlamış yarpaq kimi,
Nakam qalan arzulartək ələndilər Araz içrə:

“Səndə məskən salan nə bəxtiyardır,
Səfalı qoynun, xoş ab-havan vardır.
Dəvənin boynunda səfərə çıxan,
Zəng kimi könlüm də sənə bağlıdır…”

Qəflə-qatır dayanmadan yürüyürdü,
Dəvələrin boynundakı zınqırovlar
səssiz köçən qızcığaza qəmli nəğmə oxuyurdu.
Gəlin çatdı dustağına,
Şah gəlmişdi qabağına.
Bəlkə gecə qurulacaq hicləsini düşünürdü,
O an qəlbi yeni qızın həvəsilə döyünürdü.
Gecə gəlib çatdı ancaq,
Baxaq görək nə olacaq…
Nadimələr mələkənin
şaha könül vermədiyin bilirdilər,
Göz yaşını silirdilər.
Çıxış yolu arayıban,
ona bir yol göstərdilər:
Gəlin şahın anasının donun geydi,
O don ilə çıxıb şahı qarşıladı.
Şah bir anlıq donub qaldı,
Düşünürdü, bu nə işdir?
Anasının donun geymiş bir qız ilə sevişilər?
Bunca iyrənc işi görsə,
hamı onun sifətinə tüpürməzmi?
Şaha o an aydın oldu,
Bu qız ona könülsüzdür.
Ona könül verməyəcək,
Sevməyibdir, sevməyəcək.
Qayıtdı gəldiyi yoldan
Bircə sual etdi ondan:
- Bu ədalar nədir, xanım?
Mən bu mülkün sultanıyam.
Hər bir qızın arzusudur bu sarayda xanım ola,
Mənə canım, canım deyə,
Can deyənlər canım ola -
Qız üzünə üz bağladı,
həzin-həzin ağlayaraq cavab verdi:

- Fətəli şah!
Bir ürəyə bircə sevgi sığışandır,
Könül təkcə bir könülə alışandır,
Sarayında beş yüz qadın saxlayırsan,
Sənin qəlbin tövlədirmi bunca qoyun sürüsünə? -
Şah başını yerə dikib çıxdı zifaf otağından…
Məhəbbəti bir idisə, yüz qat oldu
mələkənin bu ağıllı cavabından…

***

Günlər bir-bir ötüşürdü,
Təzə gəlin saray içrə qəmli-qəmli gəzişirdi.
Nə yazıq bu gəzişmələr,
Tutqun könlün ovutmurdu.
Onun dərdi vətən dərdi,
Qarabağın həsrətiydi.
Şah bircə an gözün qızdan çəkməyirdi.
Muradına çatmasa da,
məğrur qızın məhəbbəti ürəyinə hakim idi.
Tünd şərabı içənlər tək,
Eşqi başına vurmuşdu.

Yaxın gəlib bir gün qıza
- Nədir bu tutqunluq? - dedi.
Söylə görüm, dərdin nədir,
Kəmin nədir, kəsirin nə?

Xanım dedi:
- Şah sağ olsun, vətən çıxmır heç yadımdan.
Hər gün səhər mən yuxudan duran kimi,
“Şuşa!” gəlir gözlərimin qarşısına.
Qarabağın güllərinin qoxusuna həsrət qaldım,
Bülbüllərin avazına həsrət qaldım,
Bulaqların şırıltısın dinləməyə həsrət qaldım,
Cavan ikən, tez qocaldım…

Fətəli şah ona bir söz söyləmədən geri döndü,
Sarayına addımlayıb yetişincə çox düşündü,
Taxtda qərar tapan kimi, çağırtdırdı katibini
Diktə etdi fərmanını:

- Bir an öncə, hazırlaşsın görəvlilər…
Yubanmadan Qarabağa yola düşün!
Qala şəhər Şuşadakı əlvan güllər, ağaclardan gətirilsin,
Çeşid-çeşid o güllərin, ağacların bağbanları gətirilsin,
Burda bir bağ saldıracam Şuşadakı bağlar kimi…
O diyardan şux bülbüllər tutdurulsun,
Saldırdığım haman bağa ötürülsün.

***

Görəvlilər gedən kimi,
şah özü də geniş bir yer nişanlatdı
Qarabağın doğasından,
gətirilən bitkilərə hazırlatdı
Bir ay sonra yüzlər bağban
dəvələrlə gətirdilər istənilən o gülləri,
ağacları, bülbülləri…

Bağ bəzəndi Şuşa kimi!..
Hər şey ordan gətirildi, torpağına, daşınadək.
bir ay daha ötdü zaman,
bağ gülürdü asta-asta,
danışırdı yada, dosta…

Bülbül gülü dindirirdi,
Su torpağı güldürürdü.
Güllər çiçəklənirdilər,
Bülbüllər dillənirdilər.

Ağaclar da geyinmişdi yaşıl xələt,
Bircə dənə gül bitmədi burda əlbət!
Dönə-dönə həmin gülü gətirdilər,
Amma sanki bəyənmədi o, cənnəti...

***

Şah sevincək mələkəni çağırtdırdı,
Bağda birgə gəzişdilər,
Danışdılar, gülüşdülər.
Xanım öncə bağı görüb heyran oldu,
Yenə Şuşa!
Düşdü onun xəyalına,
Bir an üzü xəndan oldu,
Sevinc ilə Şahdan sordu:
- Nədir adı bu cənnətin?
Şah köksünü önə verib,
Sinəsini arıtlayıb cavab verdi:
- “Vətən bağı” adı verdim bu bağçaya,
Bəlkə sənin həsrətini unutdura.
Amma xanım, gerçəkdən də,
Bura da səninçün vətən!
Bəlkə sordun, axı, necə?
Axı nədən?
Deyəcəyəm:
- Bura da türk şəhəridir,
Qacarlar sülaləmizin,
ulu türkün məskənidir!

Xanım bağı şövqlə gəzdi
Hər bir gülü qoxladıqca,
Hər bir bülbül oxuduqca,
Axan suyun zümzüməsin dinlədikcə,
Şuşa düşürdü yadına.
Bütün bağı o baş-bu baş gəzişdilər,
Amma birdən xanım sordu:
- Şah sağ olsun!
“Xarıbülbül” sataşmadı gözlərimə!
Onu hara əkiblər bəs?!
Şah başını dikdi yerə,
Yavaş səslə cavab verdi:
- Bircə o gül göyərmədi!
O da bəlkə sənin kimi,
bu yerləri bəyənmədi!

Xanım yenə kədərləndi,
Gözlərindən yaş ələndi
Üzün tutub ağacdakı bülbüllərə.
Pıçıldadı həzin-həzin, asta səslə:

“Vətən bağı” al-əlvandır,
Yox içində Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı, sarı bülbül?!

Səhərin gülşən çağında,
Nə gəzirsən bağı, bülbül?!
Oxudun, ağlım apardın,
Oldun mənə yağı, bülbül!

Bülbül, sən nala çəkərsən,
Göz yaşın gilə tökərsən,
On bir ay cəfa çəkərsən,
Bir ayı da zarı, bülbül!

Bülbül, geyibsən al yaşıl,
Qolların boynumdan aşır.
Ağlamaq mənə yaraşır,
Qoy ağlayım, barı, bülbül!

Bülbül səni kim uçurtdu,
Kim daldan dala qaçırtdı,
Kim sənə badə içirtdi,
Kimlər oldu saqi, bülbül?”

Sonra şaha sarı çönüb,
bəlkə artırdı bunları:

Bura cənnət guşəsidir,
Cənnətin özüdür Şuşa!..
“Vətən bağı” qərib düşsə,
Bil ki, əmək gedib boşa…

Vətəni daşımaq olmaz,
Vətənsiz yaşamaq olmaz,
Qadın tək boşamaq olmaz,
Diləmə, ürəyim çaşa…

Könül, ömrün düşdü düyün,
Vətən həsrətilə döyün.
Xarıbülbül sevin, öyün,
Öz Şuşanda məğrur yaşa...

Xanım deyib bu sözləri,
dönüb bağdan çıxıb getdi.
Ancaq hərdən üzüləndə,
könlü qubar eləyəndə,
Şuşa yadına düşəndə,
O, bağçaya qayıdırdı,
Xarıbülbül səsləyərək ağlayırdı,
Dilaltı bu bayatını pıçıldayıb
Gözündən yaş ələyirdi:

“Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ…”

“Yari gecə gəlib gedən,
Necə gəlib, necə gedən,
ömrün dadın dadammayan” nakam qadın,
həyatının sonunadək vətən dərdi çəkə-çəkə,
Gözlərindən inciləri tökə-tökə,
yaşamağa məcbur olan
Bir gün həyat camı doldu
Cismi qürbtdə gömüldü
Xarıbülbül yad diyarı bəyənmədi,
Göyərmədi deyirdilər
Amma bəlkə,
Qərib yerdə yarım açan, vaxtsız solan,
Qəmli həyat yaşayan tək Xarıbülbül,
Ağabəyim ağa idi...

# 7967 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #