İkinci qatda səni öpdüm – Təbrizli şairdən modern şeirlər

İkinci qatda səni öpdüm – Təbrizli şairdən modern şeirlər
21 noyabr 2020
# 16:33

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Oxtay Vətənxahın modern şeirlərini təqdim edir.

Oxtay Vətənxah 1989-cu ildə Təbriz şəhərində dünyaya gəlib. 2011-ci ildə Təbriz Universitetinin inşaat mühəndisliyi fakültəsini bitirib. "Biz tarixin alzehymeriyik" və "Bilməzkən utanmamaq" adlı iki şeirlər kitabı çap edilib.

***

Həyat axmağa başlamışdı
İndi nə küçəmiz qaranlıqdır
Nə sən yoxsan
Bu qaranlıq otaqlarda bir şeyə fikirləşdiyimiz anlardır
Baş yastığımızın içində yumşaq bir qaranlıq
Bu çoxları düşünən qaranlıq deyil
Qara bir rəngdirsə
Korlar qaranlığı da görməz
Bu korların yuxusunda şirin bir daddır
İlıq bir sonsuz dənizdir
Dik yerimək duyğusudur boş küçələrdə
Korların yuxusunda bir səsdir
Karların oyaqlığında bir baxış
İndi nə küçəmiz səssizdir
Nə sən yoxsan
Sən özünü görə bilməyən göz deyilsən
Sən özünü eşidə bilməyən qulaq deyilsən
Sən hər an beynimdə danışan səsə bənzər bir görüntü
Bu məkansızlıq yoludur
Zamansızlıq çağıdır
İndi nə mən yoxam
Nə sən yoxsan

***

Bu şeirin yüzdə doxsanı spritdir
Yüzdə onu morfi
Gözlərimizi yumduq heç nə görməyək
Qaranlığı gördük
Qulaqlarımızı tutduq heç nə eşitməyək
Səssizliyi eşitdik
Dedik sonralar danışarıq
Susduq
Birisi qol bağı oldu qolumda
Birisi əlcək olub yırtıldı
Birisi rəsm olub asıldı divardan
Mən heç nə olmadım deyə
Utandım
Liftin önündən başlandı hər nə
İçəriyə girərkən o uşaq, qapı bağlandı
Dayandım
Qapı açılanda bir qoca gözlərimə daldı
Qorxdum
Sənlə bərabər liftə mindiyimdə
İkinci qatda səni öpdüm
Üçüncü qatda qocalmışdım
Sonralar başladım axşam saat altıda “günaydın” deməyə
Gecəni divara daldım
Heç zaman olduğum xiyabanda deyildim
Gözlərimi yumub yuxu adlı bir seriyanın keçmişinə baxıram
Çörəkxanalarda toyumdur
Düşünmüşəm su yumşaqdır
Yuxularım dişsiz
Saatlarım yatmış
Xalçalarımızı dəniz üstünə salmışdıq
İnanırdıq bir səhər yuxudan oyanacağıq
“Yaşamasın ölümsüzlər” qışqırırdıq saat qabağında
Dişlərim boynunuzda sırğa olmuşdu
Saatlarım qollarınızda işləməyə başlamışdı
Sürgünəm iç-içə yuxular içində
Düşünürəm su düşündüyümdən daha yumşaqdır
Bu şeirin yüzdə doxsanını içmişən
Yüzdə onunu çəkməliyəm

***

Sənsizəm
Və bu şeirə gözəl başlanğıc deyil
Bir gecə qucağımda yatmışdın
Yuxuda danışdın
“mən yatmışam” dedin
Yuxudaydın
Buna inanmadım
Sonralar əl-ələ xiyabanda gəzirdik
Dedim, “oyaq deyiləm”
Sənsə buna inanmadın
İkimiz də yuxu içində sədaqətə dolmuşduq
Çox sonralar bildim
o xiyaban sənin yuxularının bir parçasıydı
Sənsizəm
Və bu şeir ortasına gözəl bir misra deyil
Ruhumu başağrı tutub
Yuxularım qırıq-qırıq
Həyatsa ardıcıl olduğun uduzub
Səslər havada avara
İnsanlar günü-gündən çoxalır
Bu səni görmək ehtimalının xərçəngidir
Görüb sovuşuruq
Görməsək də getmək zorundayıq
Nə səni xatırladan mahnılar qaldı
Nə mənim qüruruma toxunan şeirlər
Səsimi rekord elədim
Və play düyməsini basanda hər an
Spikerlər sədaqətə dolur
“mən maşınam”
“mən maşınam”
Sənsizəm
Və bu heç bir yerdə gözəl bir şey deyil
Nə heyvanları dustaq eləyən qəfəsdə
Nə günəş qəfəsində
Və nə heç birimiz olmayan yerdə
Nə gözəl bir şeydir, nə gözəlliyə gedən bir duyğu
Hanki mənzərə bizi fikirləşdi ki
Hanki orman bizi gizlətmək həvəsində yarpaqladı ki
Hanki yol təkcə bizimkidir ki
Sənsizəm
Mənzərələri ormanları gedən yollarsız
Və bu şeirə gözəl bir qurtuluş deyil

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar, dağ, doğa ve açık hava

Fərqliydik
Sən sinsimək duyğusunu itirmişdin
Mənsə itirmək kəlməsini sinsitməkdə duyğulanırdım
Yəni!
Bunun yənisi yoxdur
Fərqliydik, sadəcə bu
Pelikanlar köçürdülər
Ara-sıra elektriklərimiz kəsilirdi
Susayırdıq
Acırdıq
Bunlar kiçik sözlər deyil
Normal sözlərdir
Qocalığa fırlanan treydmllar
Arzu nədir ki!
Sən arzunu beynində yaşadırsan da
Arzu bizdə yemək adıdır
Su adıdır
İşıq adıdır
Arzusuz su içmərik
Yemək yemərik
Onun üçün günü-gündən suya gedirik
Fərqliydik, sadəcə bu
Sənin üçün olmamaq kəlməsi, yəni yolunu dəyiş
Burda imkansızlıq, yəni sən

***

Ölümsüz arzuları sevərəm
Yalan deməsəm yasaq kanalların gecə yarısında
Abajorların boğulmuş həvəsindən doğuldu görkəm
Böyük dədəmin qarımış əllərinin qatında olan xatirələri düşünürəm
Burjua məhəllələrində zibilçilərin gülüşündə
Düzünü demək kəlmələrə sığınmaqdır
Yalan deməsəm yetər
İyirmi bir yaşımda doğulmuşam
Neçə yaşım olduğunu bilmirəm
Kiçik bir ehtimalla Təbrizdən sovuşsan səni də sevə bilərəm
Burda bütün girilməz küçələrin adı həyəcan
Çıxılmaz küçələrin adı qocalıq
Biz getdikcə yaxınlaşar
Hər yerə getsək ordadır
Yalqızlığı deyirəm
Heç kimsə yuxusunda ölməyib
Öldüyümüz an yuxudan oyanarıq
Kim nə bilir bir axşamüstü öldüyümüzdə hanki yuxudan oyanacağıq
İnsan bir vücud bir də fikirləşməkdən yaranar
Bunlardan üstün bir şeydən danışıram
Yalqızlığın ikinci seansı yoxdur
Ölüm yaşamağın nümunəsidir
Sevinc toplumun şans oyunu
Kədər içimizdə hər nə varsa
Bu Bermudun üç bucağı var
Mən
Sən
Vətən

***

Səni düşünməyə qafiyələrdən sovuşmalıydım
Səni düşünməyə kəpənəkləri fikirləşməməliydim
Sən avtobus “qluştel”ində tüstü
Sən cib telefonlarında həyata inad oyun
Sən üsyana doğru rok musiqisi
Sən klassik olmayan hər şey
Düzdür, təkik
Düzdür, heç kimsəyə verəcək heç nəyimiz yox
Səni olduğun kimi düşünürəm
Çirkinliyinlə birlikdə
Hər səhər yuxulu gözlərini
Qoxuyan ağzını
Olduğu kimi düşünürəm

***

Necə ki hər uzaqlaşmaq yaxınlıqdan doğulur
Sevmək də sevgisizlikdən doğuldu
Hanki göz görməyə açılarsa
Həmən özünü tanıyan düşüncə pəncərəsidir
Və nə qədər tanımamaq gözəl deyil
Hər boş kağız doğulmayan şeirdir
Hər çalınmayan saz doğulmayan mahnı
Və nə qədər yəqinsiz intizar çətindir hər nəyə
Necə ki toxum meyvə olmağı gözləyir
İpəkqurdu uçmağı
İnsan ölməyi gözləyir
Toxum meyvə olarkən
Kəpənək uçarkən
Və nə qədər dəyişilmək anlaşılmazdır
Gözlərimi yumub şeirə fikirləşirəm
Musiqini düşünürəm
Nə var mən fikirləşdiyimdir
Gözlərimi açıram
Kağız mənim şeirimə oxşamır
Sazsa mənim mahnıma
Və nə qədər oxşamamaq gözəl deyil
Boş kağız səni tanımamaqdır
Heç nəyə yaramayan səssizlik
Ulduz axmasında dəhşətli səslərin
eşidilməzliyidir tanımamaq
Və nə qədər tanımamaq gözəl deyil
Və nə qədər biz bilmirik
Və nə qədər bilməzkən utanmamaq gözəl deyil
Və nə qədər çox bir şey gözəl deyil
Və nə qədər gözəl deyil cümləsi gözəl deyil

# 6827 dəfə oxunub

Oxşar xəbərlər

# # #