Səhərə qədər toylarda oxudu, övladını itirdi, nişanlısı onu aldatdı – Məleykə Əsədova haqqında maraqlı faktlar

Səhərə qədər toylarda oxudu, övladını itirdi, nişanlısı onu aldatdı – Məleykə Əsədova haqqında maraqlı faktlar
26 sentyabr 2022
# 12:50

Kulis.az aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında maraqlı faktları təqdim edir.


Məleykə Əlifağa qızı Əsədova 23 aprel 1966-cı ildə Neftçala rayonunda anadan olub. Uşaqlıq illərindən musiqiyə marağı olduğundan balaca vaxtı rəfiqələrini başına yığar, onlar üçün səhnəciklər düzəldər, mahnılar oxuyarmış.

***

O, 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. İkinci kursda oxuyanda, atası 50 yaşında infarktdan dünyasını dəyişir. Həmin gündən sonra ailənin yükü Məleykənin və bacısının çiyinlərinə düşür. O, bacısı ilə birgə toylara getməyə, pul qazanıb ailəsini dolandırmağa başlayır. Bu barədə aktrisa müsahibələrinin birində deyir:

“Atalı-analı illərim həyatımın ən xoşbəxt illəridir. Universitet və gündəlik xərclərimi təmin etmək üçün toylara getməyə başladım. İlk evimi də toydan qazandığım pulla aldım. Əvvəl bir, sonra iki otaq… Hamısını əziyyətimlə əldə etmişəm. 17 yaşında şəhərdə tək-tənha idim. Ayaqda qalmağa çalışırdım. Özümə söz verdim ki, anamı gözü yaşlı qoymayacağam. O zamanlar anam da, bacım da işləyirdilər. Öz gücümlə təhsilimi başa vurdum. Yenə də hamıdan gözəl geyinib, yaxşı evdə kirayədə qalırdım. Amma heç kimin xəbəri yox idi ki, necə zəhmət və əziyyət çəkirəm. Hamı kinoteatra, gəzintilərə gedəndə, mən səhərə kimi Neftçalada ansamblla qız toyunda çıxış edirdim”.

***

Aktrisa 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olur. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayır. Teatrda ilk tamaşası “Aydın” olur. Müəllimi Lütfi Məmmədbəyovun təklifi ilə Gənc Tamaşaçılar teatrına üz tutur, orada Həsən Əblucla rastlaşır. Həsən Əbluc ona “Aydın” tamaşasında Gültəkin rolunu həvalə edir. Bu tamaşa ona böyük uğur gətirir.


Elə həmin dövrlərdə Lütfi Məmmədbəyov Orxan Kamalın “Yad qızı” əsəri əsasında televiziya tamaşası hazırlayır. 21 yaşı olan Məleykə bu tamaşada Jalə obrazını canlandırır. Aktrisa həmin tamaşa haqqında deyir:

“Mənim onda 20-21 yaşım vardı. Amma “Yad qızı”nda olan Jalə obrazı 30 yaşında olan bir qız idi. Hər şeyə rəğmən, ona da çəkildim. Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim “Aktyorlar evi”nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. “Yad qızı” mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair və ilaxır”.

***

Bir çox tamaşalarda Məleykəni izləyən Həsən Turabov 1993-cü ildə onu şəxsən “Azdrama”ya işə dəvət edir.

Elə həmin dövrlərdə Əlibala Hacızadənin “İtkin gəlin” tamaşası əsasında Lütfi Məmmədbəyov serial çəkir. Baş rol üçün bir çox aktrisalar sınaqdan keçsə də, Əlibala müəllim Məleykəni görən kimi deyir:

“Mənim aktrisam Məleykədir. O, Əfqanıstanda gördüyüm qıza bənzəyir”.

***

Bu serial aktrisaya inanılmaz uğur gətirir. Serialdan sonra nə qədər valideyn öz övladlarına Jalə, Əfsanə, Gültəkin adını qoyurlar.

***

2002-ci ildə o, “Fərhad və Şirin” tamaşasında Şirin rolunu canlandırır. “Fərhad və Şirin” tamaşasından sonra aktrisa Respublikanın Xalq artisti adına layiq görülür.

Məleykə Əsədova "Dadaşbala əməliyyatı", "Kral Lir", "Özümüzü kəsən qılınc", "Misir gecələri", "Mənim günahım", "Cəhənnəm sakinləri" kimi tamaşalarda maraqlı obrazlarla çıxış edib.

Başı sənətə qarışan aktrisa ailə qurmaq istəyində olmasa da, bir müddət sonra anasının arzusu ilə ailə qurur. Bu barədə o, müsahibələrinin birində xatırlayır:

“Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum”.

***

Aktrisanın adı bir çox qalmaqallarda hallansa da, onlardan ən yadda qalanı həmkarı Ramiz Məliklə olan davasıdır. Belə ki, şortik geyinməsi ilə bağlı Ramiz Məlikin ona qarşı dediyi sözlər qarşılıqlı deyişməyə və davaya səbəb olur. Məleykə Əsədova həmkarını məhkəməyə verərək, şərəf və ləyaqətini alçaltdığı üçün ondan 200 min manat təzminat tələb edir.

Bir neçə il əvvəl mətbuatda aktrisa nişanlısı tərəfindən aldadılmağı barədə xəbərlər yayılır. İddia olunur ki, Asif Vəliyev adlı şəxslə birlikdə yaşayan aktrisa bir müddət sonra Asif tərəfindən aldadılır. Özünü iş adamı kimi təqdim edən Asif aktrisadan 400 min manat borc alsa da, geri qaytarmır. Aktrisanın köməkçisi Çimnaz xanım deyir ki, bu hadisədən sonra aktrisanın səsində və əsəblərində ciddi problemlər yaranır.

***

Hazırda qızı Gülərlə birgə yaşayan aktrisa yeni bir evlilik və övlad haqqında düşünmədiyini açıqlayır:

"Oğlan övladı istəmirəm. İkinci övlad da istəmirəm. Bir neçə dəfə övladım oldu və itirdim. Oğlan idi... Hər zaman arzulamışam ki, qızım olsun. Gülər də Allahın mənə verdiyi ən böyük hədiyyədir".

# 24836 dəfə oxunub

Oxşar xəbərlər

# # #