Bu gün Xalq artisti Ələsgər Ələkbərovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.
Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar.
***
Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.
Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm" söyləyir... İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: “Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam...” Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.
Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.
Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.
***
Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. “Otello” tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.
1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.
***
Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qadam, mən ondan başqa Vaqif görmürəm – deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar “İsgəndərovsuz teatr həmin teatr deyil” deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.
Sənət yoldaşı Leyla Bədirbəyli öz xatirələrində Ələsgər Ələkbərov haqqında yazır: “Bir qüdrətli sənətkar kimi ona qarşı çox haqsızlıqlar olmuşdu. Son vaxtlar xəstələnmişdi, tez-tez ürəyindən şikayət edirdi. Təəssüf ki, buna inanan çox az idi. Axşam “Alov” tamaşası olmalı idi. Tamaşaya iki saat qalmış xəbər gəldi ki, Ələsgər xəstələnib, həkimlər yataqdan qalxmağa icazə vermirlər. Teatra getdim, hamı həyəcan keçirirdi. Əlbəttə, hamıdan çox rejissor Mehdi Məmmədov narahat idi. Biletlər satılmışdı, tamaşanı təxirə salmaq olmazdı. Tamaşa başlandı. Kamalov rolunu Mehdi Məmmədov özü ifa etdi. Evə çatan kimi ona zəng vurdum. “Xəstədir, yataqdadır” - cavabını verdilər. Görünür, mənim zəng vurduğumu eşidib, dəstəyi aldı, ani sükutdan sonra zəif səsini eşitdim.
- Olmasın azar, sənə nə oldu, gözə gəldin? - deyə zarafat elədim.
- Az qala, getmişdim - dedi.
***
İki gün sonra “Kirpi” jurnalında onun ünvanına layiq olmadığı yazı yazılır: “Ələkbərovun nazına görə minlərlə tamaşaçı narazı getdi.”
“Böyük dayaq” filmi çəkilərkən aktyorun böyrəklərində ciddi nasazlıq baş verib. Film boyu o, bir çox kadrlarda at üstündə olur. Lakin, Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır.
***
Deyilənə görə “Böyük dayaq” filmindəki Rüstəm kişi obrazında onu başından vurub Kürə atdıqları zaman, həqiqətən zərbənin ağırlığından başından zədə alıb. Amma həmin kadrda onun başına vurulan ağac olmayıb, yumşaq material olub.
Aktyor Rafiq Əzimovun dediklərinə görə, isə 1961-ci ildə SSRİ Xalq artisti adı alandan sonra həmin axşam Ələsgər Ələkbərov “Otello”nu oynayıb. Tamaşanın sonunda Otello yerə yıxılan zaman aktyor oyuna qapılıb özünü yerə möhkəm çırpıb və başı səhnənin döşəməsinə elə bir zərbə ilə dəyib ki, amfiteatrda əyləşənlər onun əks –sədasını eşidib: “Hamı özündən asılı olmayaraq heyrətlə ayağa qalxdı, elə bildik Ələsgərə nə isə oldu, pərdə dərhal bağlandı, sonra baş əyməyə gələndə gördük gülümsəyir, amma o zaman başı zədə almışdı”.
Aktyorun səhnədə aldğı zədə onu ölümünə qədər müşayət edib.
Ələsgər Ələkbərovun tacir oğlu olması ona çox əziyyət verib. Sovet vaxtı, xüsusən 30-cu illərdə və təkrar 50-ci illərdə onun da həyatında bu baxımdan çox keçməkeşlər olub. Çətinliklər, qorxulu günlər, yuxusuz gecələr. Hər yeni tamaşanın premyerası olan gecə aktyorun gözünə yuxu getmirmiş. Hər an Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayıb.
1963-cü il yanvarın 31-i səhər saat 6 radələrində böyük sənətkar Ələsgər Ələkbərov dünyasını dəyişir. Ələsgər Ələkbərov 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa ilk məhəbbəti Hökümə Qurbanova və köhnə dostu Adil İsgəndərov da gəlir. Dərin kədər və düşüncələr içində...