Onu repressiyadan tələbələri xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar

Abdulla Şaiq, şair

Abdulla Şaiq, şair

24 iyul 2023
# 18:00

Bu gün şair, yazıçı Abdulla Şaiqin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olub. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı olub. Onun əkiztayı olan qız övladı doğulandan az sonra ölüb.

Gallery

Atası Axund Mustafa Süleyman oğlu dövrünün sayılıb seçilən ruhanisi olub. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazi müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Abdulla və qardaşı Yusif ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində alıblar. Məktəbi bitirdikdən sonra Abdulla Şaiq anası və qardaşı ilə birgə Xorasana ziyarətə gedir. Şaiq burada dövrün qabaqcıl fikirli gənclərindən olan, Urmiyadan köçüb gəlmiş Yusif Ziya adlı bir müəllimlə tanış olur. Hər iki qardaşın fikri inkişafında, ədəbiyyata və yaradıcılığa olan maraqlarının qüvvətlənməsində Ziyanın xüsusi rolu və təsiri olub. Böyük qardaş Axund Yusif müəlliminə bəslədiyi ehtirama əsasən özünə “Ziya” təxəllüsü götürmüşdür.

Gallery

1889-cu ilin payızında Mehri xanım oğlu Yusiflə birlikdə Tiflisə geri dönür. Abdulla isə təhsilini tamamlamaq üçün Xorasandakı tanışlarının evində qalıb, bakılı Mirzə Abdulladan və gəncəli Mirzə Bağırdan məntiq və poetika, habelə ərəb şeirlərinin tarixinə dair dərs alır. O, Xorasanda mükəmməl təhsil alıb, tarix, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını mənimsəyir. Bir müddət sonra anası Xorasana gələrək Abdullanı da Tiflisə gətirir. Bir neçə ay burada qaldıqdan sonra əvvəlcə Yusif, sonra isə Abdulla Bakıya köçür. O, Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. 1901-ci il aprelindən müəllimlik fəaliyyəti ilə məşğul olur.

Gallery

Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə yanaşı "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazıb. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub. Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və vicdan" yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin huzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox hekayə, povest və romanlar yazıb.

Gallery

Abdulla Şaiqlə Səməd Vurğun həm yaxın dost, həm də bacanaq olublar. Abdulla Şaiq övladlığa götürdüyü Himmət Əlizadənin toy gününə Səməd vurğunu da dəvət edir. Səməd Vurğunun gələcək həyat yoldaşı on dörd yaşlı Xavəri həmin məclisdə görüb Abdulla Şaiqdən qızın kimliyini xəbər alır. Şaiq isə baldızımdır, amma övladımız kimidir cavabını verir. Ertəsi gün isə Səməd Vurğun Xavərlə evlənmək arzusunu Şaiqə bildirir. Ailə qəti sürətdə etiraz edir. Lakin Abdulla Şaiq öz evində Səməd Vurğunla Xavəri görüşdürür. Səməd Vurğun özündən on iki yaş balaca olan Xavərə bildirir ki, əgər ona ərə gəlməsə, özünü öldürəcək. Bir müddət sonra Abdulla Şaiqin köməkliyi ilə Xavərin anasından razılıq alan Səməd Vurğun 1934-cü il Xavərlə ailə qurur.

Gallery

Abdulla Şaiqin rəssamlıq bacarığı da olub. Şair Füzulinin təsiri ilə bir sıra qəzəllər də yazıb. İlk qəzəl yaradıcılığına Xorasanda olarkən başlayıb.

***

Deyilənə görə, Abdulla Şaiq kifayət qədər dindar adam olsa da, sovet rejiminə görə dini baxışlarını ört-basdır edib. Ondan fərqli olaraq, qardaşı Yusif Ziya dini təhsilini davam etdirib və axund rütbəsi alıb.

Gallery

Qardaşı Yusif Ziyanın acı taleyi olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Nəriman Nərimanov onu Naxçıvana hərbi komissar təyin edir. Amma Yusif Ziya orda çox işləyə bilmir, hiss edir ki, şura hökuməti ilə ulduzu barışmayacaq, Nərimanova müraciət edir, ölkədən getmək üçün icazə istəyir. Beləliklə, Yusif Ziya əvvəl Türkiyəyə, sonra Orta Asiyaya yollanıb basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur.

Gallery

Qardaşına görə Abdulla Şaiqə çox böyük təzyiqlər olub. Müəyyən dövrə qədər ev dustaqlığı yaşayıb. Ona heç yerdə iş verməyiblər. Ailəni ac qalmaqdan Şaiqin xanımının qızılları xilas edib. Əri işsiz qalan illərdə onun xanımı hər dəfə bir qızılını sataraq ailəni xilas edib.

Gallery

Repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur. Hətta ən yaxın dostu Hüseyn Cavid də repressiya olunur. Abdulla Şaiqin nəvəsi müsahibələrinin birində deyir: Atam danışırdı ki, bir gün səhər qapı döyüldü, anam qapını açdı. Bir nəfər dedi ki, Hüseyn Cavidi Sibirə aparırlar, vağzaldadı, mənə tapşırdı, Şaiqin evinə get, isti pal-paltar göndərsin. Atam deyir ki, bundan sonra baban məni Müşkinaz xalagilə göndərdi. Mən hər şeyi ona danışdım. Müşkünaz xala da bizim evə gəldi, birlikdə bağlama hazırladılar. Şaiq sovqatı götürüb özü tək gedir vağzala. Neçə saat gözləyir. Heç kəs gəlmir. Sən demə bu təxribat imiş. Abdulla Şaiqi Hüseyn Cavid bəhanəsi ilə ora aparmaq istəyirmişlər. Bir neçə gündən sonra Yazıçılar İttifaqında iclas keçirilir, bu məsələ də müzakirə olunur.

***

Şaiqi 37-ci ilin qanlı günlərindən tələbələri xilas ediblər. Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmazdan əvvəl Xalq komissarı işləyirdi. O, Abdulla Şaiqi Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun. Mirzə İbrahimov isə özünün ön sözü ilə Abdulla Şaiqin əsərlərini nəşr edir və onu sırf sovet yazıçısı kimi təqdim edir. Abdulla Şaiq 37-ci ilin repressiyasından bu cür xilas olur.

Gallery

Qırxıncı illərin sonlarında Abdulla Şaiq xəstə yatağında olanda onu oğlu ilə birgə KQB-ə çağırırlar. Şaiq xəstə olduğu üçün gedə bilmir. Ona xəbər göndərirlər ki, qardaşı ölməyib sağdır, Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Lakin Abdulla Şaiq bildirir ki, qardaşı ilə heç bir əlaqəsi olmayıb. Onun qanlı köynəyini və üstündə qanı olan Quranı o, dünyasını dəyişən il ona göndəriblər. Abdulla Şaiq həmin Quranı ölənə qədər özündə saxlayıb, sonra isə bacısına vəsiyyət edir.

***

Abdulla Şaiq 1959-cu il iyunun 24-də 78 yaşında Bakıda səhər saat doqquza iyirimi dəqiqə qalmış rəhmətə gedib. Ədibin ev muzeyindəki kəfkirli saat onun ölümü günü oğlu tərəfindən dayandırılıb.

# 25357 dəfə oxunub

Oxşar xəbərlər

# # #