Ölümünü qabaqcadan yazan, Nazim Hikmətin dul qadını ilə görüşən, partlayışda həlak olan rejissorumuz

Ramiz Əsgərov, rejissor

Ramiz Əsgərov, rejissor

9 fevral 2023
# 21:00

Bu gün rejissor Ramiz Əsgərovun doğum günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Ramiz Əsgərov 9 fevral 1937-ci ildə anadan olub. Ramizin müharibə illərinə təsadüf edən uşaqlığı çox çətinliklə, ağrılarla keçib. O, 1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində Mixail Rommun kursunda təhsil alıb.

***

Ramiz Əsgərov AzTv-də istehsal olunan filmlər şöbəsinin baş redaktoru, "Aygün" filminin ərsəyə gəlməsində müstəsna əməyi olan Elxan İbrahimovun bacısı Gülya ilə evlənmişdi, Lalə adlı qızı dünyaya gəlmişdi.

***

Ramiz Əsgərovun 30 yaşa sığdırdığı cəmi 4 filmi var. Tələbə vaxtı yoldaşlarıyla birgə “Yurka-dağınıq komanda” qısametrajlı filmini çəkib. Ramiz Əsgərov, Antonis Voyazos, Andrey Smirnov və Boris Yaşinin Anatoli Kuznetsovun "Yurka-dağınıq komanda" hekayəsi əsasında birgə çəkdikləri eyniadlı qısametrajlı debüt filmində baş rolu Vasili Şukşin oynamışdı. “Əzim Əzimzadə” sənədli filminin ssenaristi olub. “Yaşamaq gözəldir, qardaşım” tammetrajlı filmi isə rejissorun debütü idi. Qəribədir ki, rejissor filminin böyük ekranlarda premyerasını görə bilməmişdi. “Mən ki gözəl deyildim” filmi isə yarımçıq qalır...

***

Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa gedəndə başqaları operatorluğu seçmişdi, Ramiz Əsgərovu isə rejissorluq cəlb edirdi. Lakin Mixail Rommun emalatxanasında təhsil almaq hər kəsə nəsib olmurdu. Məşhur rus rejissoru yalnız işartı gördüyü və gələcəyinə inandığı şəxsləri öz tələbəsi edirdi. Ramizi tanıyandan sonra ona rəğbəti artdı. “Ramiz mənim ən istedadlı tələbələrimdən biridir. Mən ondan çox şey gözləyirəm” - M.Romm bir dəfə Ramiz haqda belə demişdi.

***

Tələbə dostu, operator Rasim İsmayılov onu bu cür xatırlayır:

"Orta məktəbi bitirdikdən sonra elə həmin il Bakı studiyasına işləməyə gələn Ramiz Əsgərovla tanış oldum. O, kinonun dəlisi idi”.

***

“Altı il Moskvada qalandan sonra o səs-küylü, şən şəhəri tərk etməli oldum. Ayrılığın belə çətin olacağını heç təsəvvürümə də gətirə bilməzdim. Çox darıxıram, o günlərin xiffətini çəkirəm. Qabaqda məni nə gözlədiyini bilmirəm, firavanlığa ümidim qalmayıb. Heç bir şansım da yoxdur. Mənə elə gəlir ki, gələcəkdə ancaq uğursuzluqlarla rastlaşacağam. Lakin taleyin belə gərginliyi ilə barışmayacağam. Gücüm çatdıqca mübarizə aparacağam. Çünki yaxşı yaşamaq istəyirəm! Uğur olsun, cavan oğlan! 01.10. 1964”. – Ramiz Əsgərov bu qeydi yazanda sanki irəlidə baş verəcək faciəni içdən-içə duyurdu.

***

“Yaşamaq gözəldir, qardaşım” filmi 1920-ci illərdə Yaxın Şərq ölkələrindən birində kommunistlərin fəaliyyətindən bəhs edir. Nazim Hikmətin “Yaşamaq gözəl şeydir, qardaşım” romanı əsasında ekranlaşdırılan filmin çəkiliş prosesini operator Rasim İsmayılov bu cür xatırlayır:

“Film üzərində işləməyə başlayanda ilk növbədə Nazim Hikmətin vaxtilə Peredelkinoda yaşadığı evdə onun dul qadını ilə görüşdük. Ramiz Nazim Hikmətin əyləşdiyi kürsüdə oturdu, onun əlyazmalarını vərəqləməyə və şəkilləri seçməyə başladı. Bütün bunlar ona böyük təsir göstərirdi. O, Nazim Hikməti çox sevirdi. Tez-tez Nazim Hikmətin tərcüməçisi və katibi olan Əkbər Babayevlə görüşürdü. Çəkilişlər çox mürəkkəb idi. Moskvaya, Kiyevə, Şuşaya qış ekspedisiyaları təşkil olundu. Təbii ki, filmin Türkiyəyə aid olan hissələrini biz Bakıda və onun ətraf kəndlərində – Fatmayidə, Qobustanda çəkdik”.

1967-ci ilin martında Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna filmlərinin kinofestivalında “Yaşamaq gözəldir, qardaşım” filmi ən yaxşı rejissor debütünə görə xüsusi mükafat qazanır.

Yaşamaq gözəldir, qardaşım! (film, 1966) — Vikipediya

***

Bu uğur Ramiz Əsgərova stimul verir. Ağarza Quliyevlə birgə Bayram Bayramovun "Mən ki, gözəl deyildim" povesti əsasındakı (ssenari müəllifləri Bayram Bayramov, İqor Strekov, Ağarza Quliyev) eyniadlı filmə quruluş verməyə başlayır.

***

O, çox erkən - 30 yaşında faciəvi şəkildə vəfat etdi. Özü də “Mən ki gözəl deyildim” filminin çəkilişi zamanı... Çəkiliş dövrünün on üçüncü günündə ehtiyatsızlıq ucbatından baş verən partlayış Ramiz Əsgərovun romantik arzularla lentə alacağı filmin üzərindən qara xətt çəkdi...

Mən ki gözəl deyildim (film, 1968) — Vikipediya

1967-ci ildə Lənkəranda çəkilişləri baş tutan "Mən ki gözəl deyildim" filminin birinci yaradıcı heyəti faciəli hadisə ilə üz-üzə qalmışdı. Hadisənin şahidi olan Xalq artisti Rasim Ocaqov o günü belə xatırlayırdı:

“Orda müharibə vaxtı bizim əsgərlər qayıqla üzürdü və ətrafda partlayışlar baş verməliydi. Birinci çəkiliş ərəfəsində biz pirotexniklərlə döyüşün təfsilatını, qamışlar arasından keçib gedəcək desant qayıqları arasındakı altı partlayışın hündürlüyünü, ölçülərini götür-qoy etdik. Sonra studiya adətiylə ilk günü şampanla “yumaq” üçün ziyafət verməyi də nəzərə aldıq. Budur, Port-İliç körfəzi, 21 iyul 1967-ci il. Səhər indi açılıb. Çəkiliş qrupu xüsusi hərbi sal üzərində öz yerini tutur. Aktyorların mindiyi qayıqlar görünür. Pirotexnikərə işarə verilir. “Çəkiliş başladı. Birinci kadr. Birinci dubl.” Birinci, üçüncü... beşinci partlayış - hər şey əladır. Altıncı! Ayaqlarımızın altında nəsə guppuldayır və tam sakitlik çökür. Özümə gələndə dəhşətli mənzərə gördüm. Gənc fotoqrafın gözləri hədəqədən çıxmışdı, içalatı əllərinə tökülmüşdü. Solda qıçı üzülmüş pirotexnik uzanmışdı. Hər şey tüstü içindəydi. Qana bulaşmış Ramiz yanımda idi. O, əlini mənə uzadıb dedi: “Rasim, bax barmağımın üçü yoxdu”. Ayağa durmağa çalışdı, ancaq qalxa bilmədi. Qıçlarının ikisi də üzülmüşdü, lakin bunu dərk etmirdi, ağlına yerləşdirə bilmirdi. Mən də qıçımdan yaralanmışdım, qanaxmanı saxlamaqçün yaramı dəsmalla bağlamaq istəyirdim. Birdən sükutu vahiməli bağırtılar pozdu. Xaos. Çaxnaşma. Kimsə kömək etməyə çalışır. “Desantlar” qayıqda avar çəkirlər. Onlara, deyəsən, heç nə olmayıb, təkcə aktyor Ələddin Abbasovun əlindən qan axırdı. Bizi vertolyotlarda apardılar. Dörd nəfər həlak oldu (üçü elə yerindəcə, Ramizsə ertəsi gün hospitalda). Dörd nəfər yaralandı. Sonra bizə dedilər, bədbəxt yoldaşlarımızın cənazələrini studiyadan götürüblər. Çoxlu adam varmış, hamı da şok vəziyyətində. Sonralar məlum oldu ki, pirotexnik partlayıcı qurğunu səhv salıb, üstünə mindiyimiz saldakı qurğunu partladıb”.

Baş vermiş faciədən sonra ciddi problemlər ortaya çıxır. Sağ qalan aktyorlar və kino heyəti yenidən başlayacaq çəkilişdən imtina edirlər. Yerli rejissorların çoxu yarımçıq qalmış işi boynuna götürmək istəmirlər. Digər tərəfdən filmə xeyli pul xərclənmişdi, kinostudiyada plan kəsiri yaranmışdı. Vəziyyətdən çıxmaq üçün Moskvada yaşayıb fəaliyyət göstərən, əslən iranlı olan Həsən Sasanpuru rejissor kimi dəvət edirlər. Lakin filmin heyəti onu acı zarafatlarla qarşılayır, bu isə rejissoru küsdürür. Üstəlik Həsən Sasanpurun filmin ruhunu hiss etmədiyini söyləyənlər də olur. Və filmi çəkmək bu dəfə Tofiq Tağızadənin öhdəsinə buraxılır. SSRİ Kinematoqrafiya komitəsi ilə yazışmalardan, kinostudiyanın Bədii Şuranın çoxsaylı müzakirələrindən sonra yenidən istehsalata buraxılan film bir il sonra hazır olur. Və həmin filmin titrlərində üçüncü quruluşçu rejissor gedən Ramiz Əsgərovun adı, soyadı qara çərçivədə verilir...

***

Onun yarımçıq qalan filmi təkcə “Mən ki gözəl deyildim” filmi deyildi. Ramiz Əsgərov Babək haqqında film çəkmək arzusundaydı. Eyni zamanda Mirzə Cəlilin “Ölülər”ini tamaşaya qoymaq istəyirdi. Ancaq həyat buna aman vermədi...

P.S. Yazının hazırlanmasında kinoşünas Aydın Dadaşovun “Rejissorların yetim qızları, yaxud ayaqsız cənnət quşları” məqaləsindəki faktlardan istifadə olunub.

# 5385 dəfə oxunub

Oxşar xəbərlər

# # #