Bu gün Xalq yazıçısı Mirzə İbrahimovun anım günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatından maraqlı faktları təqdim edir.
Mirzə İbrahimov 3 yaşı olanda anası dünyasını dəyişib. Bu hadisədən sonra atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da faciə baş verir. Neft buruqlarındakı fontanda atasını itirir. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayır. Onda gələcək yazıçının vur-tut 7 yaşı vardı.
***
Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.
Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.
***
Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.
***
Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdi...
O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSRİ-nin dövlət dili haqqında Azərbaycan SSRİ-nin Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul olunmasına nail olub. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövlət idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm deputat mandatını itirir.
***
Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:
- Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?
Nazim Hikmət deyir:
- Çətindir.
Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:
- Belələri dönükdür, əclafdır!
Sonralar Mirzə İbrahimov bu məsələyə görə vəzifəsindən uzaqlaşdırılır, amma ittihamlar qarşısında Nazim Hikməti müdafiə edir, onu satmır.
Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:
- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.
Bağırov əsəbləşir:
- Əyləş, sən də onların tayısan!
***
Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.
Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.
Mirzə İbrahimov ilk azərbaycanlı pianoçu qadınla (Sara Pirimova – red) evlənmişdi. Qadın uzun müddət razılıq vermirmiş. Elçiliyi Səməd Vurğun edib. Deyib, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar.
***
Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:
“Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.
Mirzə İbrahimovu həbs etmək üçün ona iki dəfə iş açılıbmış. Bir dəfə cənublu olduğu, cənubdakı fəaliyyətinə görə, bir dəfə də “Böyük demokrat” əsərini yazdığına görə.
***
Ömrünün sonlarında əlindən “Qurani-Kərim” düşməzmiş...