Heç kəsə demədən döyüşə yollandı, universitetdən qovuldu, 32 yaşında qəzaya düşüb həlak oldu – Samir Qasımov haqqında bilmədiklərimiz...

Heç kəsə demədən döyüşə yollandı, universitetdən qovuldu, 32 yaşında qəzaya düşüb həlak oldu – Samir Qasımov haqqında bilmədiklərimiz...
29 sentyabr 2022
# 12:00

Kulis.az 32 yaşında dünyasını dəyişən aktyor, rejissor Samir Qasımov haqqında maraqlı faktları təqdim edir.


Samir Elxan oğlu Qasımov 20 mart 1973-cü ildə Bakı şəhərində aktyor ailəsində anadan olub. O, Xalq artisti, tamaşaçıların daha çox “Əhməd haradadır?” filmindən Şofer Əhməd kimi tanıdığı Elxan Qasımovun oğludur.

Ailədə bir bacı, bir qardaş olublar. Samir uşaq yaşlarından incəsənətə, bir də futbola böyük maraq duyur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil alan Samir elə məktəb illərindən futbola başlayır.

***

Hətta sonrakı illərdə futbol haqqında film də çəkir. Bu filmi Almaniyadakı film festivallarının birinə yollasa da, Samirin erkən ölümü filmin taleyini də yarımçıq qoyur.

Samir uşaq yaşlarından “Mahnı dağlarda qaldı”, “Köhnə bərə”, “Araqarışdıran” filmlərində epizodik rollara çəkilir. İncəsənətə olan marağı onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Bədii kino və televiziya rejissorluğu" fakültəsinə aparır. Samir rejissor Eldar Quliyevin kursunda təhsil almağa başlayır.

***

Eldar Quliyev tələbəsi haqqında danışarkən deyir:

"O, mənim ən sevimli tələbələrimdən biri idi. Ona görə yox ki, Samir yaraşıqlı, hündürboy oğlan idi. Ona görə ki, o, həm də istedadlı və yenilikçi idi".

Samir müsahibələrinin birində tələbəlik illəri haqqında deyir:

“Eldar müəllimin dərslərinə hazır olmayanda Aqil M. Quliyevlə oturub tədbir tökürdük. Eldar müəllim də çox demokratik dərs aparırdı. Siqaret çəkməkdən başqa çox şeyə icazə verirdi. Kofe içirdik, auditoriyada gəzirdik və.s. Dərsə hazır olmayanda da gedib institutun ən gözəl qızlarını tapıb onlara deyirdik ki, gəlin bizim dərsimizdə oturun. Qızlar bizim dərsimizə gələndən sonra biz yaddan çıxırdıq, Eldar müəllim onlara dərs keçirdi”.

***

Birinci Qarabağ müharibəsi başlayanda Samir heç kimə demədən kamerasını da götürüb Qarabağa yollanır. Samirin öz sözlərinə görə on doqquz yaşı olanda onu Qarabağa Aqil Abbas aparır. Aqil müəllim Samir haqqında çəkilən “Köçəri quşlar” filmində bu haqda deyir:

“Əlində kamera mənimlə birgə dağlara çıxırdı. Hətta o, məndən qabaqda gəzirdi. Çünki elə yerlər vardı ki, mən oralara girmirdim. Bəlkə də yaşım imkan vermirdi, bəlkə də qorxurdum. Amma Samir qorxmurdu, birbaşa atəşin, topun, tüfəngin altına girirdi. O adamda qorxu hissi yox idi. Heç nədən qorxmurdu. Həmişə deyirdi ki, əmi, kaş Şuşanı azad edib orda şəhid olaq”.

***

Ancaq Qarabağ döyüşlərindən qayıdandan sonra onu imtahana gəlmədiyi üçün universitetdən çıxarırlar. O, Müdafiə Nazirliyindən müharibədə iştirak etməsi haqqında sənədlər gətirsə də, bu sənədlərə məhəl qoyulmur. Məcburiyyət qarşısında qalan Samir bir illik məzuniyyət götürür. Bir ildən sonra yenidən universitetdəki təhsilinə davam edir. Ancaq bu vaxt ərzində boş dayanmır. Rus Dram teatrında Qabriel Qarsia Markesin “Dünyanın ən gözəl ölüsü” adlı hekayəsi əsasında tamaşa hazırlayır. O, bu tamaşa ilə ilin ən yaxşı debüt tamaşası kimi dövlət mükafatına təqdim edilir.

1999-cu ilin aprel ayında Samir Kosovaya hərbi xidmətə yollanır. O, hazırlıq keçidindən sonra sülhməramlılar qüvvələr bölüyünə düşür. Bir neçə aydan sonra isə o, Kanadadakı sülhməramlı təlimlərə yollanır. İki həftə orada təlimlərdə iştirak edir, kiçik çavuş rütbəsini qazanır. O, Yuqoslaviyada gedən döyüşlərdə iştirak edir. Hətta Priştina şosesində baş verən qarşıdurmada yaralıları çiynində daşıyır.

***

Samir çox gözəl şahmat oynayıb. Türkiyədə təlimlərdə olarkən taqımda olan heç kim onunla şahmat oyanmağa ürək etmirmiş. Çünki Samirə məğlub olacaqlarını bilirmişlər.

Müxtəlif qadınlarla eşq həyatı yaşayan Samir Validə adlı sevdiyi xanımla ailə həyatı qurur. Samirin ölümü bu evliliyi yarımçıq qoyur. O, ata olmadan dünyadan köçür.

***

Validə xanımın sözlərinə görə Samirin ən böyük arzusu atası Elxan Qasımovla birgə film çəkmək olur. Bundan başqa o, ata olmaq və Markesin “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək istəyib. Ancaq vaxtsız ölüm bu arzunun gerçəkləşməsinə imkan vermir. Samir 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişir.

Ölümündən sonra dostları onun haqqında “Köçəri quşlar” adlı sənədli film ekranlaşdırırlar. Oğlunun ölümü barədə Elxan Qasımova sual verərkən o, belə deyir:

“Mən o yerlərə toxuna bilmərəm. Dostları haqqında filmlər çəkirlər. Bu mənim öz taleyimdi, mənim dərdimdi”.

# 14835 dəfə oxunub

Oxşar xəbərlər

# # #