Gəlinini cavanlığına bənzədən Şövkət Ələkbərova – Maraqlı faktlar

Gəlinini cavanlığına bənzədən Şövkət Ələkbərova – Maraqlı faktlar
7 fevral 2023
# 21:00

Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür. Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

Atası onun musiqiçi olmasını çox istəyib. Şövkət xanımın ilk musiqi təhsili kamança aləti üzrə olub. 1937-ci ildə musiqi yarışmasında Qarabağ şikəstəsini ifa edir. Münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Səid Rüstəmov və Bülbül onun səsinə valeh olur. Şövkət Ələkbərova dövlət xoruna qəbul olunur. Həmin gündən onun musiqi karyerası başlanır.

***

Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: “O qız mənim cavanlığıma oxşayır.”

Gallery

Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazıb.

Gallery

Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb qızı ilə birgə yaşayıb. Deyilənə görə bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lakin, Lətif Səfərov bir müddət sonra intihar edib.

***

Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha mahnı oxumayıb.

Gallery

Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibəsində Şövkət xanımdan bəhs edir: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".

Gallery

Deyilənə görə Şövkət xanım qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: “Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama”.

***

Gəlini Gülarə xanım müsahibələrində deyir: “Övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mirələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona “qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, mənim doğma balamsan” deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü”.

Gallery

Şövkət Ələkbərova həm də gözəl müəllimə olub. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirib. Tələbəsi Aybəniz xanım deyir ki, Şövkət Ələkbərova çox əliaçıq insan olub: Bir dəfə eşitdim ki, Şövkət xanım xəstələnib. Gedib onların qapısının ağzında saatlarla əyləşdim ki, ondan bir xəbər bilim. O, özü də bunu biləndə çox təəccüblənmişdi. Sonralar biz tələbələri onun evinin tez-tez gedib gəlməyə başladıq. O, heç vaxt bizi ac-susuz buraxmazdı. Xalq da, dövlət də onu ürəkdən sevib.”

***

Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişir. Son müsahibəsini Rafiq Hüseynova verib: “Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”.

Gallery

Son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.

# 37875 dəfə oxunub

Oxşar xəbərlər

# # #