Ad günündə həbs olundu, səbəbsiz yerə güllələndi, ölümü ailəsindən gizlədildi - Şərifzadənin faciəvi həyatı

Abbas Mirzə Şərifzadə. Aktyor

Abbas Mirzə Şərifzadə. Aktyor

16 noyabr 2022
# 21:00

Bu gün böyük aktyor Abbas Mirzə Şərifzadənin anım günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. 1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verdiyindən Abbas Mirzənin ailəsi Bakıya köçmək məcburiyyətində qalır. Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

***

2. Şərifzadənin teatr aləmində ilk müəllimi əmisi Mirzə Məmməd Tağı olur. O zaman Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayır və bu tamaşalarda qardaşı oğluna kiçik rollar həvalə edirdi. İlk dəfə əmisi ona “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu tapşırır. Özü isə Şümür rolunda çıxış edir. Tamaşanın ən qızğın çağında Şümür əlində qılınc əsir qızcığazın üstünə yeriyir. Rolu ifa edən Abbas Mirzə bu hərəkətdən möhkəm qorxur, qışqırıb səhnədən çıxır. İlk rolda “ayağı daşa dəyən” balaca aktyor dindarların mərasimini pozduğu üçün onların qəzəbinə tuş gəlir.

3. Abbas Mirzənin sənət yolundakı ikinci maneə atasının onun aktyorluq etməsinə etirazı olur. Mirzə Rəsul bu sənətin xalq arasında həqarətlə qarşılandığını bilirdi. O, ziyalı olsa da, hər halda dövrünün adamı idi. Ona görə də oğluna tez-tez camaatın aktyorluq sənətinə necə münasibət bəslədiyini xatırladır. Abbasa ya məmur, ya da tacir olmağı tövsiyə edir.

***

4. Aktyor 1921-ci ildə Hənifə Akçurina ilə ailə qurur. Bu evlilikdən onların iki oğlu olub. Abbas Mirzənin ikinci həyat yoldaşı isə aktrisa Mərziyyə Davudova olub. 1936-cı ildə onların hər ikisi Xalq artisti adına layiq görülüb. Cütlüyün Firəngiz adlı qızları doğulub. Firəngiz Şərifzadə də sonralar valideynlərinin yolunu davam etdirərək aktyorluq sənətini seçir.

5. Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulub. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi. Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.

5. Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Ona qarşı əsassız ittihamlar irəli sürülür. Qeyd olunanlara əsasən, o, həbsə alınıb Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilir”.

***

6. Adı artıq güllələnmiş repressiya qurbanları sırasında olan Ruhulla Axundov verdiyi ifadədə guya demişdi ki, o, “Azdrama”nın müdiri Əli Kərimovu özünün xidmət etdiyi təşkilatın işinə qoşub. Əli Kərimov da öz növbəsində Abbas Mirzə Şərifovu və Mirzağa Əliyevi təşkilata cəlb edib. Əlbəttə ki, Ruhulla Axundov bu ifadələri böyük təzyiqlər, işgəncələr altında vermişdi.

7. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə alırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanda yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası olur.

***

8. Dekabrın 3-də həbs olunan Abbas Mirzənin dindirmələri 1938-ci ilin yanvarında da davam etdirilir. Müsavatın əkskəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunur. Uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edir. 1938-ci il oktyabrın 30-da 44 yaşlı Abbas Mirzənin casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. Əmr isə noyabrın 16-da yerinə yetirilir.

9. Adının çəkilməsi uzun müddət hər yerdə qadağan olunur. Oynadığı bir çox rolların, çəkdiyi neçə-neçə filmin lentləri də qorunub saxlanılmır. Hətta adı filmlərin titrlərindən çıxarılır. 1955-ci ilə qədər ailəsi onun necə öldüyünü bilmir. Həmin il oktyabrın 15-də sənətkarın qızı, tanınmış aktrisa Firəngiz Şərifova Dövlət Təhlükəsizliyi Komitəsinə müraciət edərək atasının son taleyi haqqında məlumat verilməsini tələb edir. SSRİ Baş Prokurorluğu Abbas Mirzənin işini araşdırıb onun haqqında çıxarılmış qərarı ləğv edir və iş xətm olunur. Ancaq nədənsə Firəngiz xanıma atasının 1938-ci il noyabrın 16-da güllələndiyini deyil, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyini bildirirlər.

10. 1956-cı ildə Abbas Mirzə Şərifzadə bəraət alır. 1957-ci ilin oktyabr ayında Şərifzadənin vaxtilə müsadirə edilmiş mülkünün qiyməti - 720 manat son qəpiyinədək uşaqlarına qaytarılır. Azərbaycanın “Evrovision” qalibi Eldar Qasımov Abbas Mirzə Şərifzadənin nəticəsidir.

# 7279 dəfə oxunub

Oxşar xəbərlər

#
#
# # #