Gülbəslə yenicə işə başladığı emalatxanada, Caharşah yaradıcılıq mərkəzində görüşdük. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dekorativ və tətbiqi sənət” fakultəsini bitirən Gülbəsin bu mərkəzdə artıq nümayiş olunmuş bir çox işləri var. Qobelen, şüşə üzərində rəngkarlıq, güzgü üzərində rəsm kimi fərqli texnikalarda olan işlərilə tanış olandan sonra Gülbəs işini davam etdirir, ara sıra əl saxlayıb suallarıma cavab verir.
Kulis.az “Atamın xatirəsi” layihəsi çərçivəsində yazıçı Eyvaz Əlləzoğlunun qızı rəssam Gülbəs Ayvazla müsahibəni təqdim edir.
- Gülbəs, rəssamlığı seçməyiniz necə oldu?
- Məktəbdə oxuyanda müəllimim deyirdi ki, səni rəssamlıqda görürəm. Çəkdiklərimi qovluğa yığırdı. Mənsə buna məşğuliyyət kimi baxırdım. Hətta ilk dəfə birinci qrupa imtahan vermişdim, kəsildim. Sonra rəssamlığa iki dəfə imtahan verdim, qəbul olmadım. Məktəbi bitirəndən 6 il sonra nəhayət ki, dekorativ tətbiqi sənət fakültəsinə daxil oldum. Orada dörd seçim var idi, qobelen, xalça, metal, bir də keramika. Kimin əli hansına uyur, onu da seçir. Mən keramika ilə qobelen arasında qalmışdım, axırda qobelen texnikasını seçdim.
- Bir dəfə də azmısız şəhərdə imtahan verəndə, eləmi?
- Sahildən Həzi Aslanova qayıda bilməmişdim. O zaman telefon da yox idi. Polisə xəbər vermişdi evdəkilər. Tez də tapıldım. Saat beşdə evdəydim artıq. Amma evdəkilər çox qorxmuşdular. İçəri girən kimi atam qışqırdı, amma anam qucaqladı. Atam məni vura bilmədiyi üçün Oğuzu döydü. Əsəbini ondan çıxdı. Sonra başa düşdülər ki, depressiya əlamətidir. Həkimə apardılar, müalicə filan aldım. Hər imtahanımda yanımda olurdular, amma hər dəfə xəyal qırıqlığı... Qəbul ola bilmirdim. Bir dəfə atam mənə yuxusunu danışdı. Onda Razində olurduq. O hadisələr olan evdə. Danışdı ki, yuxuda görmüşəm ki, sən atamın şəklini yağlı boya ilə işləyirsən. Bilirəm, sən rəssam olacaqsan.
2011-ci ildə bu faciəni yaşadıq, 2013-cü ildə universitetə qəbul olundum. Müəllimim Nizami Atayev zəng etdi ki, səni hazırlaşdıracam. Elə də oldu, hazırlaşdıq qəbul oldum.
- Heç atanın ya babanın portretini işləməyə cəhd etmisən?
- Yox. İstəyərdim kitabının üzünə rəsm işləyim. Çünki çıxmayan kitabları çoxdur.
- Atanın hekayələrini oxuyurdunmu?
- Bəzilərini sağlığında oxumuşdum. Universiteti qazanmadığım üçün depressiyaya girmişdim. Atam halımı görüb kitabını verdi oxumağa. Bir neçəsini oxudum. Hekayələr haqqında fikrimi dinləyəndən sonra dedi ki, oxuma. Sənə fikir çatmır. Yəni çox dalğın idim...
- Hamının yazıçı kimi tanıdığı adamı sən ata kimi tanımısan...
- Bir əli yazıda idi. Bir də görürdün gəlirdi, qələm götürüb tələsik yazırdı. Ya da nəsə eşidirdi, qeyd edirdi. Əvvəllər anamla davaları olurdu. Bir vərəqi itəndə qiyamət qoparırdı. Get-gedə anam ona uyğunlaşdı. Onun kağızlarına əlini vurmurdu. Bilirdi ki, bir vərəqi it-bat olsa həmin gün evdə faciə olacaq.
- Bəs ananız oxuyurdu kitablarını?
- Oxuyurdu hərdən. Gündəliklərini oxumuşdu bir dəfə. Evdə dava düşmüşdü. O yadıma gəlir.
- Ayxan yazmışdı bunu deyəsən...
- Gündəlikləri hələ də durur. Qəribədir ki, gündəliklərində həm tarix yazıb, həm şeir yazıb, həm hekayə, həm də şəkil çəkib... Həmişə zarafatla deyirdi ki, yaradıcılıq istedadı sizə məndən keçib, ananızdan heç nə keçməyib sizə... Mənə deyirdi ki, rəssamlıq da sənə məndən keçib... Çünki o Gürcüstanda filologiyada oxuyanda rəssamlarla yaxın olub. Emalatxanalarına gedirmiş, fırça ilə rəsmlər işləyirmiş. Rəssam dostları ona deyirmişlər ki, burax başını yazı-pozunun, filologiyanın, gəl rəssamlığa, bacarığın da var. Amma atam getməyib. Hərçənd həmişə o caməeəyə yaxın olub, dərslərində də gedib oturub.
- Gülbəs, bəs ananız oxumuşdu?
- Tibb kursunu qiyabi oxumuşdu. Onu çox qoymayıblar bir yerə çıxsın. Heç işləməmişdi də.
- Ananız atanızı ədəbiyyata görə qısqanırdı?
- Yox, ədəbiyyata yox. Sadəcə o gündəlikdə atamın xəyanət etdiyini oxumuşdu, pis olmuşdu, bizi də götürüb xalamgilə gəlmişdi. Deyirdi, ayrılıram. Dumanlı yadıma gəlir ki, içmişdi atam, gəlib bizi geri, evə qaytardı.
- Sənin dumanlı yadına gəlir, amma səndən balaca Ayxan dəqiq xatırlayır, hətta yazıb da...
- Ola bilər də. İnsandan asılıdır. Bilirsiniz, atam da anamı qısqanırdı. Anam gülərüz, söhbətcil qadın idi. Atam çox vaxt özü dostlarını evə gətirirdi, sonra da qısqanırdı, niyə qonağa xoş üz göstərirsən. Evdə dava çıxarırdı.
- Gülbəs, ailələrdə yayğın bir hal var. Valideyn övlad arasında qəribə divar olur. Ata-ana uşağını tanımır. Onun dünyasına qoşula bilmir. Sizdə necə idi?
- Yəqin bizdə də fərqli deyildi. Bilirdim ki, anama nəsə desən bu, sirr deyildi, atama danışırdı. Bir dəfə ona kiməsə vurulduğumu danışdım. Səhəri atam söhbəti bilib məni sorğu-sual etməyə başladı. Amma hər ikisi ilə ünsiyyətimiz var idi. Atamla daha çox. Atamın işinə gedirdim, yolu söhbət edə-edə bərabər gəlirdik. Atam bizə dəhşətli bağlı idi. Bizdə yüngül bir şey olanda da həkimə aparırdı. Amma özü ağrısa da deməzdi. Adamı əzizləməzdi, soyuq görünürdü, əslindəsə hissini bəlirtmədiyini bilirdik. Amma anam əzizləyirdi. Mən atama oxşayıram. Sevgimi göstərə bilmirəm.
Atamla daha çox ünsiyyətim var idi. Harasa bərabər gedirdik. Depressiyaya düşmüşdüm, məni sərgilərə, tədbirlərə aparırdı. Amma atam da ən çox Ayxanla söhbət edirdi. Ümumiyyətlə, atam motivasiya edirdi, pozitiv insan idi. Anamsa depressiv idi son vaxtlar. Hər şeyi ölümə bağlayırdı.
Adicə çay içəndə bir yerdə deyirdi ki, baxın nə gözəl çay içirik birlikdə, mən öləndən sonra xatırlayarsız bu anları.
- Niyə belə deyirdi?
- Bilmirəm. Nəsə bədbin olmuşdu. Halbuki, atam da sağ salamat yanında idi. Amma mən də depressiyada olan vaxt özlərinə deyirdim ki, ikiniz də öləcəksiniz. Deyirdim, yuxuda görmüşəm. Deyirdilər ki, ömrümüzü uzadırsan belə yuxularla. Amma mən bilirdim. Qulağıma səslər gəlirdi. O səslər deyirdi ki, onlar öləcək.
- Bəs bunu onların özünə niyə deyirdin?
- Çox ciddi depressiyada idim. Kimə nə dediyimə baxmırdım da. Hətta özümü boğurdum. Bunu Sevinc Elsevərə danışdım, dəhşətə gəldi. Məhz həmin şalla özümü boğurdum. Sonradan anamın özünü asdığı şalla. Bunu indi də düşünürəm ki niyə? Əvvəllər belə şeylərə inanmırdım, amma indi düşünürəm ki, bir əlaqə var. Hətta indi Ayxanı “Master və Mareqerita”nı oxumağa qoymuram. Bilirsiniz, bir dəfə Ayxan dedi ki, mən bu kitabı oxuyanda ata-anamız öldü. Mən də qoymuram indi əlinə alsın. İnanmağa başlamışam bu mistikaya.
- Gülbəs, ana heç nəsə deyirdi sizə? Atanın ölümü ilə keçirdiyi hislərlə bağlı...
- Əvvəl deyirdi ki, ona bir şey olsa, mən yaşaya bilmərəm. Bir həftə, qırx gün, axır gedəcəm onun yanına. Bunu həmişə deyirdi. Dayıma da yasda demişdi. Amma biz inanmırdıq təbii. Amma intihardan əvvəlki axşam hərəmizi bir bibimizə tapşırdı. Biz ata tərəfə yaxın idik ona görə. Ana tərəfimiz soyuqqanlıdı. Mən acıqlandım ona ki, belə danışma. Başladı ki, yox, o mənada demirəm, yəni hamımız bir-birimizə dəstək olacağıq, mən də iş tapıb işləyəcəm...
Bilirsiz, onda Ayxan da, Oğuz da tələbə idi. Bəlkə bizi saxlamaq da onu qorxudub... Amma daha çox atamın səsinin gəlməməyinə dözə bilmirdi... Azadlıq radiosunun saytında səsi var idi atamın, müsabiqədə yer tutmuşdu, ondan müsahibə almışdılar. Atam öləndən sonra anam hər gün orada atamın səsinə qulaq asırdı. Məncə, o, atamın səsinin gəlməməyinə dözə bilmədi. Hiss edirdim ki, özündə deyil. Gözləri fərqli baxırdı. Yanında qohumları da olmadı ki, dəstək ola. Bacıları gəlmədi, onlardan da incimişdi...
Oğuzun ad günü gecəsi idi. Məncə, o, planlamışdı axşamdan. Hamıdan tez yatdı. Səhər saat 6-7 olanda da planladığını həyata keçirib... Soyuqdur e, bura...
Məhz indi soyuğun fərqinə varırıq. Gülbəs bayaqdan əlini çəkdiyi işi kənara sürüşdürüb davam edir.
- Hamı deyirdi, gələcəyik, narahat olmayın, sizi tək qoymarıq. Amma çoxu gəlmədi. Bir Allahverdi Təhləli həmişə bizi yoluxdu.
- Gülbəs, atanızın Gürcüstanda səfirlikdə işlədiyi dövr yadınızdadır?
- Atam niyəsə qarşı çıxmışdı, etiraz etmişdi, sonra oradan işdən çıxdı. Mən ikinci sinifdə oxuyurdum. Bir gündə qərar verdi, hər şey dəyişdi, Bakıya gəldik. İndi yaşadığımız bir otaqlıya köçdük - Əhmədliyə. Sonradan atam Razində kirayə ev tutdu, orada bir il qalmadıq heç. Olanlar da o evdə oldu. Qonum-qonşu evi də təqsirləndirirdi. Deyirdilər, bizdən qabaq yaşayan ailənin də oğlu ölübmüş o evdə. Deyirdilər, düşərsiz evdi. Biz də sonra o evi buraxıb Əhmədliyə qayıtdıq.
- Gülbəs evdə Ayxanın yazdıqlarını oxuyub müzakirə edirsiniz?
- Ona deyirəm ki, adamlara çox ilişmə. Haqlı olduğu da olur. Amma Sabir haqda yazısında haqlı deyildi, məsələn. Bir də, ölənin dalınca yazmaq düz deyil. Axı ölən cavab verə bilmir sənə... Heç dirilərin də haqqında danışmaqda məna yoxdur. Demaqoq kimi tanıyırlar adamı sonra. Nə bilim bəlkə də mənə elə gəlir. Arada dava-dalaş da olur bunun üstündə.. Mənim haqqımda çox yazır...
- Ayxan deyir Gülbəsi cırnatmağı sevirəm...
- Saçımın oxşanmasından xoşum gəlmir. O da qəsdən sığallayır...
- Oğuz da, sən də, Ayxan da yaradıcı sahəyə yönəlmisiniz. Maraqlıdır, evdə kim daha çox yaradıcı kimi qəbul olunur.
- Ayxan. Mən bu işlə son vaxtlar məşğul olmağa başladım. O da sağ olsun qrup yoldaşım bu yeri açdı, gəldim işləməyə. Yoxsa evdə çox darıxırdım. Bir ara depressiyaya düşdüm. Hətta bütün boyalarımı zibilliyə atdım. İndi lazım olur, yoldaşlardan alıb işləyirəm. Bu işdə rahatlıq tapıram. Bəzən əsəbi gəlirəm, işləyirəm, əsəbim keçir. Əgər iş uğurlu alınırsa xüsusən. Amma bəzən alınmır. Məsələn, dünən də, bu gün də yaxşı işləyə bilməmişəm.
- Maddi qazanc stimul verirmi?
- Heç bilmirəm ki. Olmayıb axı maddi qazanc. Amma maraq var. Fb-də paylaşıram, yazıb bəyəndiklərini bildirirlər, almaq istəyirlər. Bilirsiniz, material, boya bahadır, yer kirayəsi var, çox ucuz sata bilmərik. Həm də bizim işlər bir az satışa gedən işlər deyil. Sənət xatirinə ala bilərlər. Çünki suvenir kimi xırda şeylər alırlar, bir də məişətdə istifadə edəcəkləri işləri.
- Bu butulka üzərində rəsm işləmək təcrübəsi sizdən əvvəl varmı?
- Var yəqin ki. Olmamış olmaz. Sırf belə edirlərmi, onu bilmirəm. Pinterestdə olmamış olmaz.
- Evdə ümumiyyətlə işləmirdin?
- Yox evdə mümkün deyil. Bir otaqlı evdə yaşayırıq. Orda işləməyə şərait yoxdur.
- Mühit nə qədər vacibdir rəssam üçün?
- Mən tək işləyə bilmirəm. Evdə bu qədər tək oldum, əlimə karandaş alıb heç nə çəkmədim. Bura gələndən işləyirəm.
- Şüşə üzərində işlərin maraqla qarşılanır, dedin. Bəs müasir şair-yazıçılardan kimlərinsə portretini işləmək istərdin?
- Bu sadəcə təsvir deyil. Obraz gərək özündə tam hazır ola, sonra şüşəyə köçürəsən. Hələ mən indi-indi işləyirəm. Necə deyərlər, özümü axtarıram, kəşf edirəm... Müasirlərdən bircə Şəhriyar Del Geraninin rəsmini şərab şüşəsi üzərində işləmişəm.